Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Topdansatış ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən həyata keçirilir.

Həmin qaydalara əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir.

Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın  “Əsas” rekvizitində öz əksini tapır.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Məlumat üçün bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən tutularaq büdcəyə köçürülməlidir. Hüquqi şəxslərə ödənilən icarə haqqından isə ödəmə mənbəyində vergi tutulmur.

Qeyd olunan məlumatlar, sadələşdirilmiş vergi bəyannaməsinin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” adlanan 3-cü bölməsi hesabat dövründə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində vergitutma öhdəliyi yaranan sadələşdirilmiş verginin ödəyiciləri tərəfindən tərtib edilir.

Hesabat dövrü üzrə vergi ödəyicisinin ödəmə mənbəyində tutulan vergilər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqından başqa öhdəliyi yaranarsa, bu halda bəyannamənin bu bölməsi doldurulmur və vergi ödəyicisi tərəfindən hesabat dövrü üçün daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı əks olunmaqla tərtib edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” tərtib edilərək təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 37-ci, 99.3.3-cü və 124-cü maddələri, Azərbaycan Respublikası Vergilər nazirinin 10.01.2020-ci il tarixli 1917040101750800 №-li Əmri ilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun (bundan sonra - Qanun) 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Göründüyü kimi, vergi ödəyicisi tərəfindən Qanunun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq, təqvim ayı ərzində qanunla müəyyən olunmuş hallarda yalnız nağdsız qaydada hesablaşmalar üzrə ödəmələr istisna olmaqla digər məxaric əməliyyatları üzrə ödənişlər həmin maddədə göstərilən hədlər daxilində (15 000 manat və 30 000 manat olmaqla) nağd qaydada ödənilə bilər.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Aşağıda qeyd olunan güzəşt hüququnu təsdiq edən sənədlərdən birini təqdim etdiyiniz halda, sizin əməkhaqqınızdan gəlir vergisi tutulmur. 

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən elektron vergi hesab-fakturası və elektron qaimə-faktura vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz edilmişdir və həmin tarixdən etibarən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi elektron qaimə-faktura əsasında həyata keçirilir.  

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində olan hissəsi mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Xidməti təqdim edən şəxs tərəfindən xidmətin alıcısına təqdim edilmiş ciddi hesabat blankları xərci təsdiq edən sənəd hesab olunur.
Əsas: Vergi Məcəlləsinin 108-ci və 109.7-ci maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir. Fiziki şəxslərə ödənilən icarə haqqı isə vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən ödənildiyi halda ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. İcarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı halda, fiziki şəxs əldə etdiyi gəlirdən 14 faiz gəlir vergisini özü ödəyir və bəyannnamə təqdim edir.

Müraciətinizdə qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan icarə haqqı fiziki şəxsə ödənildikdə yuxarıda qeyd olunan qaydada ödəmə mənbəyində vergi tutularaq vergi orqanıan hesabat təqdim edilməlidir. Göründüyü kimi vergitutma obyekti təsərrüfat subyektinin ölçüsü əsasında deyil, icarə haqqı kimi əldə olunan gəlir əsasında müəyyən edilir. 

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 104-cü, 124-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətləri ƏDV-dən azaddır. Maliyyə xidmətlərinin siyahısı isə Vergi Məcəlləsinin 13.2.14-cü maddəsində təsbit edilmişdir.
Qeyd olunanlara əsasən beynəlxalq kart təşkilatları (MasterCard və Visa) tərəfindən banklara göstərilən xidmətlər Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi ilə əhatə olunan maliyyə xidmətlərinə aid edildiyi halda bu xidmətlər müqabilində ödənilən xidmət haqları ƏDV-dən azaddır. Həmin xidmətlər maliyyə xidmətlərinə aid oldmadığı halda isə bu xidmətlər ƏDV-yə cəlb olunan əməliyyat hesab olunur və bu xidmətlərin müqabilində ödənilən haqdan ƏDV tutulur.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən patentlərin, lisenziyaların mülkiyyətə verilməsi, məsləhət, habelə digər analoji xidmətlərin göstərildiyi yer həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer hesab olunur.
Əsas: Vergi Məcəlləsinin 13.2.14-cü, 164-cü və 168-ci maddələri.

Ümumi qiymət: 5/54
Qiymət ver:

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Ticarət fəaliyyətindən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 50 faizi miqdarında ödənilir. Eyni zamanda, işçinin gəliri 200 manatadək olduqda işəgötürən tərəfindən ödənilən sosial sığorta haqqı 22 faiz, 200 manatdan çox olduqda isə 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi həcmində müəyyən edilmişdir.

Ümumi qiymət: 0/50
Qiymət ver:

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Sorğunuzda qeyd olunan halda işçinin 250 manat əməkhaqqından gəlir vergisi tutulmur və 11 manat sosial sığorta haqqı gəliri ödəyən şəxs tərəfindən tutulur.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Gəlir vergisi bəyannaməsinin 1 saylı Əlavəsində “Dövr ərzində daxil olmuşdur”, “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütunlarının xanalarında vergi ödəyicisi tərəfindən hesabat dövrü ərzində müvafiq aktivlərin hərəkəti (dəyəri ilə) yazılır və “Hesabat dövrünün sonuna” sütununun xanalarında hesabat dövrünün sonuna aktivlərin dəyəri aşağıdakı qaydada göstərilir:
Aktivlərin ilin əvvəlinə dəyəri, üstəgəl “Dövr ərzində daxil olmuşdur” sütunun xanalarında göstərilən daxil olmuş aktivlərin məbləğləri, çıxılsın “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununun “təqdim edilmişdir”,“silinmişdir” və “ləğv edilmişdir” sətirlərində göstərilən aktivlərin dəyəri.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.  Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 123.1-ci və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü və 3.4.6-cı maddələri.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin hesablanması həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında (sorğunuzda fevral ayı) həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 166.1-ci, 166.5-ci və 166.7-ci maddələri.

Ümumi qiymət: 5/58
Qiymət ver:

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu qeyd olunmuşdur.

Gəliri ödəyən şəxslər gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və  bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.

Əsas: Vergi Məcəlləsinin 101.6-cı, 150.1.14-cü, 150.3-4-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Ümumi qiymət: 4/54
Qiymət ver:

Bildiririk ki, Nazirlər Kabinetinin 26 avqust 2019-cu il tarixli 370 nömrəli qərarına əsasən, “Büdcə gəlirlərinin Təsnifatı"nda bir sıra dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən, Muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti üzrə ödənilən sosial ayırmalar 121300 altbölməsində fəaliyyət sahələri üzrə aşağıdakı qaydada təsnifləşdirilmişdir:
121310      Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üzrə ödənilən sosial ayırmalar
121320      Xüsusi notariuslar üzrə ödənilən sosial ayırmalar
121330      Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121340      Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121350      Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121360      Ailə kəndli təsərrüfatları üzrə ödənilən sosial ayırmalar
121370      Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121380      Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
Bu keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə təsnifat kodları ilə tanış ola bilərsiniz. 

Ümumi qiymət: 5/52
Qiymət ver:

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 102.2.6-cı maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Yəni Siz sonuncu iki güzəştdən yalnız birindən, müvafiq təsdiqedici sənədi təqdim etməklə istifadə edə bilərsiniz.

Qeyd olunanlara əsasən, Sizin əsas iş yerinizdə muzdlu işdən əldə etdiyiniz gəlirlərdən 600 (400+200) manat çıxıldıqdan sonra qalan məbləğdən Vergi Məcəlləsinin 101.1-ci və ya 101.1-1-ci maddəsinə əsasən gəlir vergisi hesablanır.

Əsas olmayan iş yerində isə verilən əmək haqqının tam məbləğindən ümumi qaydada gəlir vergisi tutulur.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, 102.2.7-ci, 102.7-ci və 102.8-ci maddələri,  Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” formasında edilir. Bu zaman müraciət edən ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və kommersiya hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını) və VÖEN-nin, habelə nizamnamənin dəyişiklik edilmiş məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilməlidir.

Aparılan dəyişiklik nəticəsində qurumun adı və ya hüquqi ünvanı dəyişikliyə məruz qalırsa, bu halda reyestrdən çıxarışla birgə qeydiyyat şəhadətnaməsi də vergi orqanı tərəfindən yenidən hazırlanıb təsdiq olunur.

Cəmiyyətin yeni adının dövlət qeydiyyatına alınması üçün qeyd edilənlər nəzərə alınmaqla hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən,  kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” altbölməsindən əldə edə bilərsiniz.

Ümumi qiymət: 5/52
Qiymət ver: