Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur

Ümumi qiymət: 0/50
Qiymət ver:

Cavab 1. Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq Vergi Məcəlləsinə uyğun olaraq müəyyən olunan gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Vergi qanunvericiliyinə əsasən həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsini nəzərdə tutulmuşdur.

Belə ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi nəzarəti tədbirləri keçirilənədək təqdim edilmiş mallara görə Vergi Məcəlləsinin 71-1-ci maddəsində müəyyən edilmiş müddətlərdən gec elektron qaimə-fakturanın verilməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Cavab 2. Bildiririk ki, Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Sorğunuzda qeyd olunan halda, səyyar vergi yoxlaması zamanı aşkar edilmiş və il ərzində təkrarlanan qanun pozuntusuna bir hal kimi baxılaraq satış qiymətinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58-ci və 71-1-ci maddələri.

 

 

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” (bundan sonra Bəyannamə) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər,  “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, “Tibbi sığorta haqqında” Qanunun 15-2.2-ci maddəsinə əsasən icbari tibbi sığorta üzrə sığorta haqqının ödəyicisi sayılan sığortalılar tərəfindən tərtib edilir və vergi orqanına təqdim edilir.

Vergi ödəyiciləri uçotda olduqları vergi orqanına bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.

Göründüyü kimi, vergi ödəyicisinin muzdlu işçisi olmadığı halda belə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ilə bağlı qeyd olunan bəyannaməni vergi orqanına təqdim etməlidir.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Eyni zamanda Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Həmin şəxslər üçün sadələşdirilmiş vergi şəxsin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin yükgötürmə qabiliyyəti üçün hər tona görə 1,0 manat məbləğinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 35-ci, 218-ci və 220-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Eyni zamanda bildiririk ki, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra, 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədlər əlavə etməklə elektron kabinet vasitəsilə müraciətini portala göndərməlidir.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası" 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqənin keçirilməsi ilə bağlı elan olmadığından, müsabiqənin tarixi ilə bağlı informasiyanın verilməsi imkan xaricindədir.  

Dövlət vergi orqanlarına işə qəbulla bağlı əlavə məlumatı səhifəmizin “İşə qəbul, xüsusi layihələr” bölməsindən əldə edə bilərsiniz.  

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.4.1-ci maddəsinə əsasən vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynlərinin və arvadlarının (ərlərinin) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.4.1-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.           

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin ərinin (arvadının) vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçu olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Fəaliyyətiniz hüquqi şəxs olaraq və ya hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz.

Hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədi ilə saytımızın “Vergi bələdçisi” bölməsinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı” hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.

Hüquqi şəxs anlayışı və onun növləri ilə bağlı ətraflı məlıumatla Mülki Məcəllənin 4-cü fəslində tanış ola bilərsiniz.

Bundan əlavə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs “fiziki şəxsin uçotu haqqında ərizə”ni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” ilə yanaşı tərəfinizdən şəxsiyyətini təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti təqdim edilməlidir.

Eyni zamanda, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

 Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri və Mülki Məcəllənin 4-cü fəsli.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 %-i, nağd ödənişlər üzrə 5 %-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Sorğunuzda qeyd olunan geri qaytarılmalı ƏDV məbləğinin ikiqat mislinin geri qaytarılması bank tərəfindən həyata keçirildiyi və Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün, bu məsələ ilə bağlı aidiyyəti banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” 

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Qeyd olunan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunduqda, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Bu zaman rezident fiziki şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Tərəfinizdən əldə olunan gəlir, muzdlu işdən deyil, sahibkarlıq fəaliyyətindən əldə olunduqda gəlir vergisi ödəyicisi kimi gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilməlidir.

Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 99-cu, 101-ci, 127-ci və 149-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir. Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-ni və mənfəət vergisini tətbiq edə bilər.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər ƏDV qeydiyyatına alındıqdan sonra öz fəaliyyətlərini ƏDV-nin və mənfəət (gəlir) vergisinin ödəyicisi kimi davam etdiridklərindən onların “Fərqlənmə nişanı” almaqla sabit şəkildə vergi ödəmək öhdəlikləri yaranmır.

Cavab 2. Vergi ödəyicisi ƏDV ödəyicisi kimi qeydiyyatda olduğu halda, müştərilərin ƏDV ödəyicisi olub-olmamasından asılı olmayaraq, təqdim olunan xidmətlərin dəyərinə ƏDV hesablanmalıdır.

Cavab 3. Sorğunuzda qeyd olunan halda, müştərilərin elektron-qaimə fakturalar üzrə ödədiyi ƏDV məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə əməl olunmaqla əvəzələşdirilə bilər. 

Belə ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 

Bununla belə, fəaliyyətinizlə bağlı vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 156-cı, 175-ci, 218-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Həmçinin bildiririk ki,  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir.

Sorğunuzda qeyd olunan halda Sizin muzdlu işdən əldə etdiyiniz aylıq gəlir 2500 manatadək olduqda 300 manat (200 + 100) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. 

Müraciətinizdə qeyd olunanlara əsasən, Sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar hesabat ili ərzində əldə etdiyi gəlirdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə gəlir vergisini hesablamalıdır. Hesablanmış verginin məbləği "Gəlir vergisinin bəyannaməsi" ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir.

Gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar hesabat ili ərzində rübdə bir dəfə olmaqla Vergi Məcəlləsinin 151-ci maddəsində qeyd olunan qaydada gəlir vergisi üzrə hesablanmış cari vergi məbləğini büdcəyə ödəməli, hesabat ili başa çatdıqdan sonra isə bəyannamənin təqdim olunmasınadək büdcə ilə son haqq-hesabı aparmalıdır.

Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslə isə 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu halda vergi ödəyicisi tərəfindən təqdim etdiyi malların (xidmətlərin) dəyərinə 18 faiz dərəcə ilə əlavə dəyər vergisi hesablanmalı və müvafiq qaydada bəyan edilməlidir.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Muzdlu işçisi olmayan fərdi sahibkarlar tərəfindən isə işsizlikdən sığorta haqqının ödənilməsi tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 101-ci, 108-ci, 149-cu, 151-ci, 155-ci, 218-ci maddələri, “Tibbi sığorta haqqında”, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Ümumi qiymət: 5/56
Qiymət ver:

Bildiririk ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. Sorğunuzda qeyd olunan müraciət üzrə ƏDV-nin geri qaytarılması təmin edilmişdir. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Qeyd olunan maddədə səhm və istiqrazların emissiyasını həyata keçirən emitent şəxsdən asılı olmayaraq, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış istənilən səhm və istiqrazlar üzrə ödənilən gəlirlərə vergi güzəştinin tətbiqi nəzərdə tutulmuşdur.

Eyni zamanda kütləvi təklif edilmiş və tənzimlənən bazarda səhmlərin və istiqrazların ticarətə buraxılması Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğuda göstərilən halda onlayn resurslardan istifadə və ya platformadan istifadə edilməsi üzrə ödənilən abunəlik haqlarına görə qeyri-rezidentə aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi və 18 faiz dərəcəsi ilə ƏDV tutulur.

Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin keçirilməsi üzrə xidmətlərin göstərildiyi yer həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, yer hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vətəndaşın xüsusi mülkiyyətində olan yaşayış sahəsinə əmlak vergisinin hesablanması zamanı binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə Lənkəran şəhəri üzrə müəyyən olunan 0,2 manat vergi dərəcəsi tətbiq edilir ((240 – 30) x 0,2 =42 manat).

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir.

Əsas: Vergi Məcəlləsinin 197-ci və 198-ci və 200-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver: