Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Eyni zamanda Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir. 

Qeyd olunanları nəzərə alaraq, hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan halda hüquqi şəxs onlayn qeydiyyatda keçdiyi üçün hüquqi şəxsin ləğv edilməsi ümumi qaydada həyata keçirilir. 

Hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında, o cümlədən təqdim olunan sənədlərin siyahısı və sənədlərin təqdim olunduğu vergi orqanı hadqa ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, avtomobil nəqliyyat vasitələrinin pərakəndə satışı ilə məşğul olan fiziki şəxslərin vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarətdir.

Fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur və həmin şəxslər sadələşdirilmiş vergi ödəyici olmaq hüququnu itirir. Bu halda fiziki şəxslər əldə etdikləri gəlirlərindən xərclər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlidirlər.

Sorğunuzda qeyd olunan fəaliyyət növü təsərrüfat subyekti (obyekt) və NKA tələb olunan fəaliyyət növlərinə aid edilir. İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartlarında hər bir fəaliyyət növü üzrə ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Əsas: Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 34-cü, 97-ci, 101-ci, 102-ci, 155-ci və 220-ci maddələri. 

 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, sözügedən maddədə qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən malların idxalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-dən azad edilir.

Onu da qeyd edək ki, Mərkəzi Bankın vəzifələri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəzifələri isə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə” ilə müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 164.1.10-cu maddəsi,  “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli 802-IIQ nömrəli Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli, 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi uçotunda olan fiziki şəxs eyni zamanda torpaq mülkiyyətçisi kimi vergi orqanında uçota alındıqda, ərizədə bu haqda məlumatlar qeyd olunmalıdır. Bu zaman, Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir. 1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqına nisbətdə aşağıdakı miqdarda hesablanması nəzərdə tutulur:
- 5 hektaradək olduqda - 2 faiz miqdarında;
- 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;
- 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur. 

Müraciətiniz barədə daha ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları" və “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Bununla yanaşı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qeyd olunanlara əsasən, sorğuda qeyd olunan halda şəhid adını almış şəxsin övladına 800 manat güzəşt tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi.

Ümumi qiymət: 1/51
Qiymət ver:

Məlumat üçün bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

 

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Birinci sual ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən nəqliyyat vasitələrinin sənədləşdirilməsinə çəkilən xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, həmin əsas vəsaitin dəyərinə daxil edilmədən birbaşa gəlirdən çıxılan xərclərə aid edilir.

İkinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Buna əsasən sorğuda qeyd olunan halda, vergi ödəyicisi tərəfindən icra vərəqələrinə əsasən işçilərin əmək haqlarından tutulan vəsaitlərin köçürülməsi zamanı bank tərəfindən tutulan xidmət haqqı (xidmət haqqının vergi ödəyicisi tərəfindən işçinin əmək haqqından tutulmasının qanunvericilik aktlarında nəzərdə tutulduğu hal istisna olmaqla) vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı, əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması Əmək Məcəlləsinin 176-cı maddəsi ilə tənzimləndiyindən bank tərəfindən tutulan müvafiq xidmət haqqının işçinin əmək haqqından tutulması məsələsi ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Üçüncü sualla bağlı bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılmışdır və altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində müharibə veteranı statusu almış şəxslər barədə məlumatların həmin altsistemə daxil edilməsinin təmin olunması aidiyyəti dövlət qurumlarına tapşırılmışdır.

Buna əsasən müharibə veteranı adı almış şəxslər barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir və “Müharibə veteranı” vəsiqəsi verilənədək Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində müəyyən edilmiş güzəşt hüququ Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilən arayışlar və DOST mərkəzinin arayışı əsasında fiziki şəxslərin muzdlu işdən gəlirlərinə tətbiq edilir. 

Əsas: Vergi Məcəlləsinin 102-ci, 108-ci və 143-cü maddələri, Əmək Məcəlləsinin 176-cı maddəsi, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı.
 

Ümumi qiymət: 5/56
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 113-cü maddəsinə əsasən gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə xərclərin çəkilməsi nəticəsində işlərin uğursuz olması və ya işlərə müəyyən müddət fasilə verilməsi səbəbi ilə gəlir əldə olunmasa da, çəkilmiş həmin xərclər gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 3-cü və 113-cü maddələri.

Ümumi qiymət: 5/57
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Sözügedən maliyyə sanksiyası tətbiq edilərkən təqdim edilmiş malların ƏDV ilə birlikdə satış qiyməti əsas götürülür.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Əlavə olaraq bildiririk ki, vergi orqanı tərəfindən həyata keçirilmiş vergi nəzarəti tədbirləri zamanı ortaya çıxan məsələlərlə əlaqədar işin faktiki halları qeyd edilməklə Cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 58-ci maddələri.

Ümumi qiymət: 4/55
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.2019-cu il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş "Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları"nın 2.1.2.1-ci bəndinə əsasən mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə neft-qaz sahəsində fəaliyyət sayılır.

Vergi qanunvericiliyinin müddəalarına əsasən gəlir dedikdə, malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir hesab olunur.

Qeyd olunanlara əsasən vergi ödəyicilərinin satışdankənar gəlirləri adıçəkilən meyarların 2.1.2.1-ci bəndində nəzərdə tutulan məcmu gəlirlərə daxil edilmir.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.2019-cu il tarixli 56 nömrəli qərarı.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, vergi qanunvericiliyinin müddəalarına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsini təqdim edən fiziki şəxsin vergi uçotunda olub-olmamasından asılı olmayaraq sadələşdirilmiş vergi öhdəliyi notarius tərəfindən tutulmaqla yerinə yetirilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən malları təqdim edən vergi orqanında uçotda olan şəxs mallar göndərilən vaxt elektron qaimə-faktura təqdim etməlidir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, vergi orqanında uçotda olan fiziki şəxs tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış sahəsinin hüquqi şəxsə təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 218-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi  qanunla müəyyən edilmiş vergiləri, o cümlədən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəməli və müvafiq hesabatları vergi orqanına təqdim etməlidir. 

Həmçinin bildiririk ki, vergi ödəyicisinin yuxarıda qeyd olunan ödənişlər üzrə borcu yarandıqda, yaranmış borcun ödənilməsi ilə bağlı vergi ödəyicisinə vergi orqanları tərəfindən bildiriş  (o cümlədən SMS bildiriş) göndərilir. 

Sorğunuzda qeyd olunan borcun yaranmasının səbəbini vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edərək aydınlaşdıra bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Belə ki, vergi ödəyiciləri tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) uçotu sənədləşdirilmiş məlumat əsasında vaxtlı-vaxtında dəqiq uçotu aparılmalıdır.

Müraciətdə göstərilən halda, vergi qanunvericiliyinin müddəalarına əsasən xidməti birbaşa göstərən filial tərəfindən göstərilən xidmətlərdən əldə olunan gəlirlər filialın vergitutulan gəlirlərinə, həmin xidmətlərin göstərilməsi ilə bağlı çəkilən xərclər isə filialın gəlirdən çıxılan xərclərinə aid edilir. Bununla yanaşı, filial tərəfindən xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərdən vergi öhdəlikləri yerinə yetirildikdən sonra qalan xalis mənfəətindən qeyri -rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə vergi tututub dövlət büdcəsinə ödənilir.

Eyni zamanda, xidmət göstərən filial ƏDV qeydiyyatında olan vergi ödəyicisi olduğu halda, göstərilən xidmətlərin dəyərindən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq, müraciətdə qeyd olunan əməliyyatlar üzrə vergi öhdəliyinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 126-cı, 130-cu və 159-cu maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin müddəalarına əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Buna əsasən sorğuda qeyd olunan halda, hüquqi şəxs tərəfindən rezident fiziki şəxsə beynəlxalq daşıma xidmətlərinin göstərilməsi müqabilində nağd qaydada pul vəsaitinin qəbulu qanunla nəzərdə tutulmuş qaydada ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir.

Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən halda qeyri-rezident hüquqi şəxsin nümayəndəsi kimi çıxış edən digər şəxs vasitəsilə xidmətin dəyərinin nağd qaydada ödənilməsi ilə bağlı işin faktiki hallarını özündə əks etdirən məlumatlar, tərəflər arasında bağlanılmış müqavilələr və digər təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin Mərkəzi Banka müraciət etməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ƏDV-nin müvafiq qaydada qaytarılması Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə aid edilir.

Sorğunuda qeyd olunan avtomobillərə texniki xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Müraciətiniz barədə ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 51.4-cü maddəsində vergi ödəyicisinə vurulan ziyanın ödənilməsi zamanı vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri nəticəsində vurulan ziyan istisna edilir.

Vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri dedikdə, Vergi Məcəlləsi və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq həyata keçirilən hərəkətlər nəzərdə tutulur.

Belə ki, Vergi Məcəlləsi və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərəkətlərin Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirilməsi zamanı vergi ödəyicilərinə ziyan vurulduqda, həmin hərəkətlər qanuni hesab olunur və vurulmuş ziyan ödənilmir.

Əsas: Vergi Məcəlləsinin 51-ci maddəsi.

Ümumi qiymət: 4/57
Qiymət ver:

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir. Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi. 

Ümumi qiymət: 3/52
Qiymət ver: