Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, E-sosial portalı haqda məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur. 

Vergi ödənişləriniz haqda ətraflı məlumatı isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya Çağrı Mərkəzinə (195-1) müraciət etməklə, eyni zamanda gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) əldə edə bilərsiniz.   

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərinə aiddir. Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. 

Qeyd olunanlara əsasən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlərin fiziki şəxs tərəfindən nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 99-cu və 220-ci maddələri.      

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, qanunvericiliyə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq xidməti üzrə əldə olunan gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar maliyyə xidmətlərinə aid edilmişdir. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur. 

Eyni zamanda qeyd olunan fəaliyyət növü üzrə xüsusi icazə və ya lisenziyaların alınması ilə bağlı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə (195-1)  müraciət edilməsi tövsiyə olunur.

Əsas:  Vergi Məcəlləsinin 13.2.14.2-ci, 104.1-ci, 164.1.2-ci və Mülki Məcəllənin 655-ci maddələri 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki (hüquqi) şəxslərin dividend gəlirləri gəlir (mənfəət) vergisindən azaddır.

Sorğunuzda qeyd olunan müəssisə ƏDV ödəyicisi olduğu üçün, yuxarıda qeyd olunan vergi azadolması müəssisənin ödədiyi dividendlərə tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-1-ci, 106.10-cu və 122.1-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Vergi ödəyicisinin dövriyyəsi barədə və vergi ödəyicisinin fəaliyyətinin aktiv olub-olmaması barədə arayışların verilməsi sərbəst formada müraciət ərizəsi əsasında (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) 5 iş günü ərzində vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən təqdim edilir. 

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Həmçinin, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. 

Müraciətinizdə qeyd olunan halda məbləğ müştəridən və ya hər hansı digər şəxsdən alınmalı məbləğdən (66 000 manat) 18 faiz dərəcə ilə ƏDV hesablanmalıdır.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 161-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi tərəfindən əldə olunmuş elektron qaimə-faktura üzrə ƏDV-nin əvəzləşdirilməsi, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvəzləşdirmə hüququnun yarandığı ay üzrə təqdim edilən ƏDV bəyannaməsində əks etdirilir. Əvəzləşdirmənin sonrakı hesabat dövrləri üzrə ƏDV bəyannamələrində nəzərə alınması və həyata keçirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Eyni zamanda Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 72-ci və 175-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan proqram təminatı qeyri-maddi aktivlərə aid edilir.

Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 114.3.6-cı maddəsində istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə illik amortizasiya ayırmalarının hesablanması müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 118.2-ci maddəsinə əsasən qeyri-maddi aktivlərə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır. 

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya ayırmalarının gəlirdən çıxılmasına Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmamışdır. 

Əsas: Vergi Məcəlləsinin 114-cü və 118-ci maddələri.
 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Əsədova Minurə Araz qızı adına VÖEN müəyyən edilməmişdir. 

Məlumat üçün bildiririk ki, saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN-ini əldə edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Buna əsasən sorğuda göstərilən halda xidmətlərə görə qeyri-rezidentə ödəniş aparılarkən bank alıcının vəsaiti hesabına ƏDV-ni hesablayır və dövlət büdcəsinə ödəyir. 

Əsas: Vergi Məcəlləsinin 168-ci və 169-cu maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, mobil telefon nömrənizə SMS səhvən gəldiyi halda, bu haqda Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz xahiş olunur. 

Məlumat üçün bildiririk ki, saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Sorğunuzdan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərəcəyiniz qənaətinə gələrək bildiririk ki, sahibkarlıq fəaliyyətinə başladığınız günədək vergi uçotuna alınmalı (VÖEN əldə etməli), təsərrüfat subyektini (obyektini) uçota qoymalı və nəzarət-kassa aparatı quraşdırmalısınız.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Həmçinin seçdiyiniz vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergiləri (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) hesablayıb dövlət büdcəsinə ödəməli və bəyannamələri vergi orqanına təqdim etməlisiniz.

Əlavə olaraq bildiririk ki, yaşayış sahəsini kommersiya məqsədləri üçün istifadə edilməsinə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Mənzil Məcəlləsinin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Bununla bağlı ətraflı məlumat üçün yaşadığınız ərazi üzrə şəhər (rayon) icra hakimiyyətinə müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 97-ci, 218-ci maddələri və Mənzil Məcəlləsinin 21-ci maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, cəmiyyətin rəhbər və təsisçisinə ayrı-ayrı şəxslər kimi baxıldığından hüquqi şəxsin təsisçisinin eyni zamanda həmin hüquqi şəxsin rəhbəri olması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yaxud tələb nəzərdə tutulmamışdır. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Əlavə olaraq bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxs fəaliyyətə başladığı günədək, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq yaşadığı yer üzrə vergi orqanında uçota alınmaq üçün ərizə verməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan əsas vəsaitlərin amortizasiya olunmasına vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Zeynalov Rauf Ruslan oğlu (VÖEN 1003435382) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır. 

Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunacaq və bu barədə uçotda olduğunuz vergi orqanı tərəfindən Sizə məlumat veriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi tərəfindən satmaq, yaxud istehsalda, işlərin görülməsi və ya xidmətlərin göstərilməsində istifadə etmək məqsədilə alınan (idxal edilən) mallarının uçotunun aparılması qaydası Vergi Məcəlləsinin 139-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin müddəalarına əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Məhsulun maya dəyərinin mühasibat uçotu məqsədləri üçün hesablanması ilə bağlı müvafiq sahədə funksional idarəetməni həyata keçirən qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu maddəsi.

Ümumi qiymət: 1/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.           

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.4.3-cü maddəsinə əsasən Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu maddədə qeyd olunan vergi güzəşti hərbi vəzifəlilərin ailə üzvlərinə şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 0/50
Qiymət ver: