Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulan vergi güzəştləri işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.

Buna əsasən işğaldan azad edilmiş ərazidə uçota alınmayan vergi ödəyicilərinin sonradan vergi uçotunun dəyişməsi onun işğaldan azad edilmiş ərazinin rezidenti statusunun olmasına əsas vermir və həmin vergi ödəyicilərinə münasibətdə müvafiq vergi güzəştləri tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 226-cı maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Mülki Məcəllənin 90.8-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitammı, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Təsisçi fiziki şəxs tərəfindən cəmiyyətin nizamnamə kapitalında olan mayasına uyğun əmlakın alınması cəmiyyət üçün vergi öhdəliyi yaratmır. Fiziki şəxsə münasibətdə isə alınmış əmlakın bazar dəyəri ilə nominal dəyəri arasındakı müsbət fərq 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 101-ci və Mülki Məcəllənin 90-cı maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri 6 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir.

Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən halda qeyri-rezident hüquqi şəxsin nümayəndəsi kimi çıxış edən digər şəxs vasitəsilə xidmətin dəyərinin nağd qaydada ödənilməsi ilə bağlı işin faktiki hallarını özündə əks etdirən məlumatlar, tərəflər arasında bağlanılmış müqavilələr və digər təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin Mərkəzi Banka müraciət etməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.  

Sorğunuzda qeyd olunan halda, işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2800 manat olduğu üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt tətbiq olunmur və   400 manat çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Məlum olduğu kimi, vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Saytımızda mövcud olan “Əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru”nda qeyd etdiyiniz izah hər bir vergi güzəşti üçün ayrıca nəzərdə tutulmadığı və istifadəçilər üçün asan anlaşılan olması üçün mövcud formada qeyd olunmuşdur. 

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Sorğunuzda qeyd olunan halda, müəssisə və onun törəmə müəssisələrinin vergi öhdəlikləri, o cümlədən gəlir və xərcləri ayrılıqda müəyyən edilir.

Həmçinin bildiririk ki, müəssisə və onun törəmə müəssisəsi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 16-cı, 103-cü, 104-cü və 130-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsin fəaliyyəti ilə əlaqədar olaraq digər əraziyə getməsi isə ezamiyyə hesab olunmur.

Bununla yanaşı bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Bu səbəbdən vergi ödəyicisi gəlirin əldə olunması ilə bağlı olan xərclərini müvafiq qaydada rəsmiləşdirməklə gəlirdən çıxa bilər. 

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Müharibə veteranı olan şəxslər üçün Vergi Məcəlləsində bir sıra güzəştlər nəzərdə tutulsa da, onlar tərəfindən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər ümumi qaydada vergiyə cəlb olunur. 

Əsas: Vergi Məcəlləsinin 16-cı,101-ci, 102-ci, 199-cu, 207-ci, 218-ci, 218-1-ci və 220-ci maddələri. 

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, müəssisə tərəfindən qeyri-rezidentə (Assosiasiyaya) ödənilən üzvlük haqları icbari ödəniş hesab olunmadığından həmin ödənişlər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılan xərclərə aid edilmir.

Eyni zamanda, Assosiasiyaya müəssisə tərəfindən ödənilən üzvlük haqları Assosiasiya tərəfindən göstərilən iş və xidmətlərlə bağlı olduğu halda ƏDV-yə və ödəmə mənbəyində vergiyə cəlb edilir.

Müəssisə tərəfindən Assosiasiyaya üzvlük haqqının ödənilməsi Assosiasiya tərəfindən göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığı halda həmin ödənişlər vergiyə cəlb olunmur.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 125-ci və 169-cu maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Həmin Qaydanın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki verilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 50.8.14-cü maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş) barədə məlumatlar olmalıdır.

Əsas: Vergi Məcəlləsinin 50-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, nəzarət-kassa aparatının qeydiyyata alınması üçün “NKA-nın qeydiyyata alınması haqqında ərizə”, e-kassa istifadəçisi ilə e-kassa operatoru arasında bağlanmış müqavilənin PDF formatı, e-kassanın təsərrüfat subyektində (obyektində) quraşdırılması üçün onun NMQ-sinə göndərilmiş sertifikat faylının yazılması barədə Akt (e-kassa operatorunun İnternet Vergi İdarəsi portalında olan elektron kabinetinə sertifikat faylı göndərildikdən sonra) vergi orqanına elektron qaydada təqdim edilir. 

Yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz. Müraciətiniz barədə əlavə məlumat və metodiki köməklik üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi tərəfindən nəqliyyat vasitəsinin vergi ödəyicisi olmayan fiziki şəxslərdən (vətəndaşlardan) alınması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.  

Həmçinin bildiririk ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinin müddəalarına əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 

Bunlarla yanaşı əsas vəsaitin balansa daxil edilməsi və balansda əks etdirilməsi ilə bağlı ətraflı məlumat üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-2-ci, 130-cu maddələri.

Ümumi qiymət: 4/52
Qiymət ver:

Birinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 96.4-cü maddəsinə əsasən məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növ ümumi gəlirin bu Məcəllədə müəyyənləşdirilən, həmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.10-cu maddəsinə əsasən məşğulluq - Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir.

Həmin qanunun 4.1-ci maddəsinin müddəalarına əsasən muzdla işləyənlər, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əsasən məşğul şəxslərə aiddir.

Həmçinin Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və sudur.

Vergi Məcəlləsinin 13.2.16.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir Azərbaycan mənbəyindən gəlir sayılır.

Sorğunuzda qeyd olunan halda, Vergi Məcəlləsinin 96.4-cü maddəsi qeyri-rezident şəxslərin Azərbaycan Respublikasında məşğulluqdan, o cümlədən sahibkarlıq fəaliyyətindən, həmçinin mal təqdim edilməsindən əldə etdiyi gəlirləri üzrə vergitutma obyektini müəyyən edir.

İkinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

Eyni zamanda Vergi Məcəlləsinin 12.4-ci maddəsinə əsasən vergitutma bazası vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda muzdlu işdən əldə edilən gəlirin tam məbləği (500 manat) gəlir vergisinin vergitutma obyekti, müvafiq azadolma məbləği çıxıldıqdan sonra qalan məbləğ (300 manat) isə vergitutma bazasıdır.

Beləliklə, qaldırdığınız məsələ üzrə Vergi Məcəlləsinin 96.1-ci maddəsi üzrə gəldiyiniz qənaət doğrudur.

Əsas: Vergi Məcəlləsinin 12-ci, 13-cü və 96-cı maddələri, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu.

Ümumi qiymət: 5/55
Qiymət ver:

Bildiririk ki, sorğuda göstərilən halda müəssisə tərəfindən malların təchiz edilməsi üzrə göstərilən gömrük rəsmiləşdirilməsi xidmətlərinin dəyəri onun vergi tutulan gəlirlərinə aid edilir və həmin gəlirdən gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxılmaqla mənfəət vergisi hesablanır. Müəssisəyə malların təchiz edilməsi üçün idxal zamanı çəkilən xərclərə görə köçürülən vəsaitin dəyəri müəssisənin gəlirlərinə və xərclərinə aid edilmir.

Eyni zamanda ƏDV-nin məqsədləri üçün müəssisə tərəfindən malların təmin edilməsi üzrə göstərdiyi xidmətlərin dəyəri ƏDV-yə cəlb edilir.

Sifarişçi tərəfindən malların alıcısı olan müəssisəyə elektron qaimə-faktura malların təchiz edilməsinə görə verildiyindən, malların təmin edilməsi üzrə göstərilən xidmətlərin dəyəri elektron qaimə-fakturada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyat kimi qeyd edilməlidir. Malların dəyərinin müəssisə tərəfindən sifarişçiyə ödənilməsi tərəflər arasında bağlanmış müqavilə, ilkin uçot sənədləri (ödəmə tələbnaməsi, hesab faktura) və ödəniş sənədləri ilə rəsmiləşdirilir.

Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün əməliyyatın tam xarakteri açıqlanmaqla, işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 108-ci, 159-cu və 175-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Cavab 1. Bildiririk ki, Mənfəət vergisi bəyannaməsinin 247-ci “VM-in 114.4-cü maddəsi ilə hesablanmış, lakin növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği” adlı sətrinin A4 xanalarında hesabat ilində Vergi Məcəlləsinin 114.4-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş amortizasiya normalarından aşağı norma tətbiq olunması nəticəsində növbəti vergi ilində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna biləcək yaranmış fərqin məbləği göstərilir.

Misal: 2020-ci il üzrə müəssisə nəqliyyat vasitələri kateqoriyasına aid 100.000,0 manat dəyərində aktivlərə Vergi Məcəlləsinin 114.3.3-cü maddəsində nəzərdə tutulmuş 25 faiz əvəzinə 20 faiz dərəcəsi ilə 20.000,0 manat amortizasiya hesablamışdır. Bunun nəticəsində yaranmış 5.000,0 manat (25.000,0-20.000,0) fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Bu halda 247 sətrinin A4 xanalarında 5.000,0 manat növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği yazılır.

Əsas: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli 2217040100103500 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

Cavab 2. Bildiririk ki, kommersiya hüquqi şəxslərinin xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi qaydaları mülki qanunvericiliklə tənzimlənir.

Belə ki, Mülki Məcəllənin 90-1-ci maddəsinin müddəalarına əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir.

Mülki Məcəllənin 106-3-cü maddəsinin müddəalarına əsasən səhmdar cəmiyyətin xalis mənfəətinin onun maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. 

Göründüyü kimi məhdud və səhmdar cəmiyyətlər tərəfindən xalis mənfəətin bölüşdürülməsi qaydası həmin cəmiyyətlərin təsisçilərinin (səhmdarlarının) ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında və nizamnamələrində müəyyən edilmiş qaydada həyata keçirilir.

Əsas:  Mülki Məcəllənin 90-1-ci 106-3-cü maddələri.

Cavab 3. Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinin müddəalarına əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir və müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, müəssisə tərəfindən alınmış daşınmaz əmlaklar əsas vəsaitlər kateqoriyasına aid olmaqla satıldığı dövrədək Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada əmlak vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 197-ci maddələri.

Ümumi qiymət: 4/55
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalıdır.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi Məcəlləsinə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir. Həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi  orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. İşğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Həmçinin bildiririk ki, digər ərazilərdə fəaliyyət göstərən qeyd olunan sahibkarlıq fəaliyyətilə bağlı ödəmələrdə məcburi köçkünlər üçün güzəşt və ya azadolma qanunvericilikdə nəzərdə tutulmamışdır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 218-ci və 220-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Göründüyü kimi, qeyd olunan azadolma yalnız həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin ailə üzvlərinə aid edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 5/51
Qiymət ver:

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Yəni Siz yuxarıda qeyd olunan iki güzəştdən yalnız birindən, müvafiq təsdiqedici sənədi təqdim etməklə istifadə edə bilərsiniz. 

Bununla yanaşı, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Sorğunuzda qeyd olunan halda sizin muzdlu işdən əldə etdiyiniz aylıq gəlir 2500 manatadək olduqda 650 manat (400 + 200 + 50) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi. 

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan hər iki halda fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olduğu halda icarə haqqı məbləğində ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutmalı, büdcəyə ödəməli və bəyannamə təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver: