Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız. 

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Həmçinin bildiririk ki, müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Eyni zamanda ƏDV-nin məqsədləri üçün vergi tutulan gəlirin müəyyən edilməsi üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 168-ci maddəsi ilə və qeyri-rezidentin gəlirlərinin ƏDV-yə cəlb edilməsi Vergi Məcəlləsinin 169-cu maddəsi ilə tənzimlənir.

Həmçinin bildiririk ki, sorğuda qeyri-rezident şəxsin göstərdiyi xidmətlər haqda əsaslı məlumatlar qeyd edilməmişdir. Bu səbəbdən, sorğuda qeyd edilən məsələ ilə bağlı əməliyyatların xarakteri tam açıqlanmaqla bu əməliyyatlar üzrə müvafiq təsdiqedici sənədlər qeydiyyatda olduğunuz vergi orqanına  təqdim edilməklə müraciət edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 168-ci və 169-cu maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, qeyd olunan dövrlər üzrə sual-cavab bölməsində yerləşdirilən məlumatlar aktuallığını itirdiyi və saytın versiyası yeniləndiyi üçün, həmin məlumatların əldə olunması imkan xaricindədir. 

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, fəaliyyətinizi aktivləşdirmək üçün vergi orqanına müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz. 

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya vergi orqanı tərəfindən verilən kod-parol olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzlərinə şəxsən və ya müvafiq etibarnamə əsasında səlahiyyətli nümayəndəniz vasitəsilə müraciət edərək xidmətlərdən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və Vergilər Nazirliyi Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, uçota alınarkən vergi orqanına təqdim edilən ərizədəki əlaqə məlumatlarının dəyişdirilməsi vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirildiyindən yeni məlumat müvafiq xanada qeyd etməklə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyat elektron qaydada yerinə yetirilə bilər. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki “Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Eyni zamanda, elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) araşdırılması üçün internet səhifəmizin  "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə təqdim edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07 oktyabr 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament”.

 

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 

Buna əsasən sorğunuzda qeyd olunan, işçilərə verilən maddi yardımlar muzdlu işlə əlaqədar alınan gəlirlərə aid edilməklə ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

Ümumi qiymət: 4/510
Qiymət ver:

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir. 1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqına nisbətdə aşağıdakı miqdarda hesablanması nəzərdə tutulur:
- 5 hektaradək olduqda - 2 faiz miqdarında;
- 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;
- 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur. 

Bundan əlavə kənd təsərrüfatı torpaqlarına görə torpaq vergisi onların təyinatı üzrə istifadə edilməsindən asılı olaraq aşağıdakı qaydada hesablanır:

Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır (şərti ballar ilə http://www.e-qanun.az/framework/233 internet ünvanı üzrə tanış ola bilərsiniz). Bir şərti bal üçün müəyyən edilmiş qiymət 6 qəpikdir. Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə fiziki şəxslərin torpaq vergisi istisna olmaqla digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməlidir.

Torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 206-cı maddəsi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən X fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 119.1.2-ci maddəsi ilə gəlirin əldə edilməsi ilə şərtləndirilərək mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmamışdır.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Vergi Məcəlləsinin 156.1-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

Könüllü qeydiyyat zamanı ƏDV məqsədləri üçün qeydiyyat - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə qüvvəyə minir:

ƏDV-nin məqsədləri üçün qeydiyyatın qüvvəyə minmə tarixi Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarix sayılır.

Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə və onun doldurulma qaydası ilə Buradan tanış ola bilərsiniz. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin XI fəsli.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, onlayn medianın subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər. 

Eyni zamanda, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 33-cü maddələri və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanunu.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 218.1-ci maddəsi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olan şəxslərin dairəsini müəyyən edir. 

Həmçinin, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (Vergi Məcəlləsinin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.

Əsas: Vergi Məcəlləsinin 218-ci maddəsi.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin I hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

Eyni zamanda, Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Qeyd olunanlara əsasən, vergi ödəyicisinin vəfat etməsi ilə bağlı hər hansı yardımın göstərilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Bununla yanaşı, sosial müavinətlər üzrə məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət edə bilərsiniz.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin müddəalarına əsasən “müəllif” dedikdə əsərin yaradıcısı olan fiziki şəxs başa düşülür. Adıçəkilən Qanunun 4-cü maddəsinə əsasən müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda incəsənət əsərlərinin müəllifi olan fiziki şəxslərə (vergi uçotunda olub-olmamasından asılı olmayaraq) ödənilər haqlardan (müəlliflik qonararlarından) müəssisə tərəfindən “Sosial sığorta haqqında” 14.5.4-cü maddəsinə əsasən hesablanmış məbləğin 15 faizi miqdarında ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqları tutulur. Ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqqı tutulmuş incəsənət əsərlərinin müəllifi tərəfindən həmin ödəmələr üzrə bir daha məcburi dövlət sosial sığorta haqqı öhdəliyi yaranmır.

Bununla yanaşı, incəsənət əsərlərinin istifadə hüququnun verilməsinə görə müəssisə tərəfindən incəsənət əsərlərinin müəllifi olan fiziki şəxslərə ödənilən haqdan ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Bu halda müəllifin vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmaq öhdəliyi yaranmır. Bu cür ödənişlərdən gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Əlavə olaraq bildiririk ki, incəsənət əsərlərinin müəllifinə ödənilən haqlardan icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 124-cü maddələri, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, mediasiya təşkilatına dair tələblər, habelə mediasiya təşkilatı tərəfindən mediasiya fəaliyyətinin həyata keçirilməsinin əsasları “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.

Qeyd olunanlara əsasən mediasiya təşkilatının göstərdiyi mediasiya xidmətlərinə görə alınmış haqlar təşkilatın gəlirlərinə aid edilməklə ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Bununla yanaşı, mediasiya təşkilatı tərəfindən mediasiya xidmətlərinin göstərilməsi qeyri-kommersiya fəaliyyəti olduğundan bu fəaliyyət üzrə aparılan əməliyyatlar ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 155-ci və 159-cu maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələ ilə əlaqədar olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət etməyiniz məsədəuyğundur. 

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğuda göstərilən halda, qanunvericiliyə uyğun olaraq hər biri ayrılıqda dövlət qeydiyyatına alınmış publik hüquqi şəxslər (törəmə publik hüquqi şəxs olub-olmasından asılı olmayaraq) vergitutma məqsədləri üçün ayrıca vergi mükəlləfiyyətləri olan müstəqil şəxslər hesab olunur və həmin şəxslərin hər biri tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş ümumi qaydada hesablanmış vergilər üzrə qeydiyyatda olduğu vergi orqanına vergi hesabatları təqdim edilir.

Belə ki, Vergi Məcəlləsinin 33.1-ci maddəsinin müddəalarına əsasən publik hüquqi şəxslərə qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar.

Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatlarını vergi orqanlarına təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Həmçinin Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər.

Eyni zamanda, müraciətdə qeyd olunan publik hüquqi şəxsin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları təqdim edib-etməməsi ilə bağlı mühasibat uçotu məqsədləri üçün müvafiq sahədə funksional idarəetməni həyata keçirən qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü və 72-ci maddələri, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Həmin Qaydaların 5.4-cü bəndinə əsasən məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən “Zay məhsullara dair akt” tərtib edilir.

“Zay məhsullara dair akt” ciddi hesabat blankı hesab edilmir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 108.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən istehsal prosesində norma daxilində baş verən təbii itkilər gəlirdən çıxılan xərclərə aid edilir. İstehsala buraxılmayan zay xammal vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmuş qaydada sənədləşdirildiyi halda, zay xammal istehsal prosesində iştirak etmədiyi və cəmiyyət tərəfindən təqdim edilmədiyi üçün həmin zay xammalın dəyəri vergitutma məqsədləri üçün vergi tutulan gəlirlərə və gəlirdən çıxılan xərclərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, təsisçi tərəfindən cəmiyyətin mal-materialların pay şəklində nizamnamə kapitalına qoyulması həmin malların alışına və ya idxalına dair sənədlər əsasında həyata keçirilməlidir.

Bununla əlaqədar bildiririk ki, vergi orqanı tərəfindən həyata keçirilən səyyar vergi yoxlamaları zamanı bu əməliyyatlar üzrə vergidən yayınma sxemi aşkar edildikdə, faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanması həyata keçirilə bilər.

Əlavə olaraq bildiririk ki, sorğuda qeyd olunan əməliyyatlara dair ətraflı məlumatlar göstərilməklə və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 23-cü maddələri.

Ümumi qiymət: 3/59
Qiymət ver: