Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicsinin vəzifəsidir. 

Göründüyü kimi, mediasiya təşkilatları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə elektron qaimə-fakturanın təqdim edilməsi vergi qanunvericiliyində istisna edilməmişdir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 71-1-ci maddələri, Nazirlər Kabinetinin-nin 02.02.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, Mülki Məcəllənin 53.3-cü maddəsinin müddəalarına əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.

Eyni zamanda Mülki Məcəllənin 64.5-ci maddəsinin müddəalarına əsasən təsərrüfat cəmiyyətlərinin iştirakçıları fiziki və hüquqi şəxslər ola bilərlər.

Qeyd olunanlara əsasən xarici hüquqi şəxsin daimi nümayəndəliyi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılan təsərrüfat cəmiyyətinin təsisçisi ola bilməz.

Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən halda aparılan əməliyyatların xarakteri tam açıqlanmaqla müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Mülki Məcəllənin 53-cü və 64-cü maddələri.

Ümumi qiymət: 4/54
Qiymət ver:

Bildiririk ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir.   

İşəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əmək haqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan vergi güzəştlərinin məbləğləri ümumi qaydada çıxılır. 

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

Ümumi qiymət: 5/55
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsulların özünə məxsus təsərrüfat subyektləri (obyektlər) vasitəsilə satışı həyata keçirildikdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 6.4-cü bəndinin müddəalarına əsasən həmin məhsulların bu təsərrüfat subyektlərinə (obyektlərə) göndərilməsi “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

Vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsullar (mallar) vergi ödəyicisi olan digər şəxslərə təqdim edildikdə, malların alıcısına Vergi Məcəlləsinin 71-1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə elektron qaimə-faktura təqdim edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən hazır məhsulların (malların) təsərrüfat subyektlərində pərakəndə qaydada satışı nəzarət-kassa aparatı tətbiq etməklə həyata keçirilməli və alıcılara nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti:
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • övladlığa götürmə barədə məhkəmə qərarının surəti

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Bununla belə, yerli vergilərin yuxarı həddi Vergi Məcəlləsində təsbit edilmiş hədlər daxilində müəyyən edilir.

Belə ki, Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən, yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Əsas: Vergi Məcəlləsinin 4-cü maddəsi.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq Vergi Məcəlləsinə uyğun olaraq müəyyən olunan gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Müvafiq olaraq, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı müvafiq elektron qaimə-faktura verilir, malların sahibkarlıq subyektlərindən alışı qanunvericiliklə müəyyən edilmiş sənədlərlə (elektron qaimə-fakturalar, idxal gömrük bəyannamələri, müqavilələr və s.) təsdiqlənir, vergi uçotunda olmayan (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) ayrı-ayrı fiziki şəxslərdən alışı “Malların alış aktı” ilə sənədləşdirilir və  həmin aktda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatları (FİN, seriyası və nömrəsi) əks etdirilir. Vergi Məcəlləsinə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir

Həmçinin, Vergi qanunvericiliyinə əsasən həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsini nəzərdə tutulmuşdur.

Eyni zamanda bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci, 71-1-ci, 71-2-ci, 130-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 38.3.9-cu maddəsinə əsasən aşağıdakı hallarda Vergi Məcəlləsinin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər:

  • vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə;
  • vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə;
  • vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. 

Eyni zamanda vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə məlumatların verilməsi qaydası “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 5-ci hissəsi ilə tənzimlənir. Sorğunuzda qeyd olunan “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Qərar”ların sahibkarlıq subyektinə təqdim edilən Reyestrdən çıxarışda əks etdirilməsi Əsasnamədə nəzərdə tutulmamışdır.

Qeyd olunan Əsasnamənin 3.4.18-ci bəndində qeyd olunmuşdur ki, yoxlamanın nəticəsi barədə məlumatlar Reyestrə daxil edilməlidir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə yoxlamanın son nəticəsi kimi qiymətləndirilmir. Belə ki, Vergi Məcəlləsinin 49.1-2-ci maddəsinə əsasən bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz.

Əsas: Vergi Məcəlləsinin 49.1-2-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli  Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə. 

Ümumi qiymət: 5/59
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

Sorğunuzda qeyd olunan təşkilat anlayışının Vergi Məcəlləsində xüsusi mənası nəzərdə tutulmadığından, sorğunuzla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi.

Ümumi qiymət: 5/59
Qiymət ver:

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini və mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir. 

Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. 

Bununla yanaşı, fiziki şəxslərin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. 

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Müharibə veteranı olan şəxslər üçün Vergi Məcəlləsində bir sıra güzəştlər nəzərdə tutulsa da, onlar tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim  edilməsi ümumi qaydada vergiyə cəlb olunur. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas:  Vergi Məcəlləsinin 102-ci, 199-cu, 207-ci, 218.4-cü, 218-1-ci və 220.8-ci maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, Vergi Məcəlləsinin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Bununla yanaşı, sorğunuzda qeyd olunan halda vergi ödəyicisinin ƏDV qeydiyyatı qüvvəyə mindiyi tarixdən etibarən əldə etdiyi mallar (xidmətlər) üzrə ödədiyi ƏDV  Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzələşdirilə bilər. 

Belə ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 163-cü, 174.2-ci və ya 175-ci maddələri.

 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, təsis paylarının yüklü olub-olmaması barədə arayışın və vergi ödəyicisinin vergi borcu barədə arayışın verilməsi üçün gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda, onlardan istifadə etməklə İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən elektron qaydada, poçt vasitəsi ilə və ya kommersiya hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzlərinə kağız daşıyıcısında sərbəst formada ərizə ilə müraciət edə bilərsiniz.

Arayış elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Təsis paylarının yüklü olub-olmaması barədə arayış 15 gün müddətində, vergi ödəyicisinin vergi borcu barədə arayış isə 5 iş günü ərzində təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. 

Əlavə olaraq bildiririk ki, qeyri-kommersiya təşkilatlarının (dini qurumlar istisna olmaqla) dövlət qeydiyyatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir və bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə, vergi uçotuna dair məlumat almaq üçün isə (195-1) Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ədliyyə Nazirliyi tərəfindən dəyişiklik dövlət qeydiyyatına alındıqdan sonra təşkilat vergi orqanına "Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması haqqında ərizə" formasını və dəyişikliyi təsdiq edən sənədləri təqdim etməlidir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edildiyi halda, ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Eyni zamanda, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 

Buna əsasən sorğunuzda qeyd olunan işçilərə verilən maddi yardımlar muzdlu işlə əlaqədar alınan gəlirlərə aid edilməklə ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

Ümumi qiymət: 4/54
Qiymət ver:

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.  

Sorğunuzda qeyd olunan halda, işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2900 manat olduğu üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt tətbiq olunmur və 400 manat çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Həmçinin bildiririk ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. Bu halda isə, qeyd etdiyiniz şəxsin əməkhaqqından gəlir vergisi hesablanmır.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

Ümumi qiymət: 5/51
Qiymət ver: