Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının 23 noyabr 2001-ci il tarixli № 219-IIQD saylı  Qanununa əsasən "Xarici investisiyanın qorunması haqqında" Azərbaycan Respublikası Qanununun  26-cı maddəsinin birinci hissəsindən "və ondan idxal vergisi tutulmur" sözləri çıxarılmışdır.

Eyni zamanda, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdirilir. Vergi Məcəlləsindən başqa digər normativ hüquqi aktlarda, o cümlədən Vergi Məcəlləsinin 2.4-cü maddəsində göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.

Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən isə, idxal olunan əmlak istisna olmaqla əmlakın müəssisənin nizamnamə kapitalına qoyulması ƏDV-dən azad olunan əməliyyat hesab edilir.

Xarici investisiyaların qoyulması barədə təfərrüatlı məlumatın alınması üçün adı qeyd olunan (http://www.e-qanun.az/framework/7000) qanunla tanış olmağınızı, əlavə suallarla bağlı isə İqtisadiyyat Nazirliyinin (195-2) Çağrı Mərkəzinə və gömrük rəsmiləşdirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə (195-6) müraciət etməyinizi tövsiyə edirik.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Müraciətinizdə qeyd olunan şəxs Kürdəmir rayonu, Babək küçəsi ünvanında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edərək uçota alına bilər.

Vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi üçün  vergi ödəyicilərinə xidmət mərkəzlərinə "Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə müraciət etməlisiniz. Yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur.

Əsas: “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Sorğunuza əsasən digər vergi ödəyicilərinə xidmət etdiyiniz üçün Sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmur və gəlir vergisi ödəyicisi kimi gəlirlərinizdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergi ödəməlisiniz.

Mikro sahibkarlıq subyekti (işçi sayı 1-10 nəfər, illik gəliri 200.000 manatadək) olan şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-cu, 218.5.10-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtı, həmin əməliyyat üçün  ödəmə 30 gündən sonra həyata keçirildikdə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır.

5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmədikdə və ödəmə 30 gündən sonra həyata keçirildikdə malların göndərildiyi və ya təqdim edildiyi vaxt vergi tutulan əməliyyatın vaxtı hesab olunur.

Sorğunuzda qeyd olunan A müəssisəsi qeyd olunan əməliyyatı aprel ayının ƏDV bəyannaməsində qeyd etməlidir. B müəssisəsi isə, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərini gözləməklə ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ əldə edir.

Əsas: Vergi Məcəlləsinin 166-cı, 175-ci maddələri.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Cavab 1. Dövlət orqanlarından, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdən, büdcə təşkilatlarından və publik hüquqi şəxslərdən əmlakların icarəyə götürülməsi halları istisna olmaqla, digər hallarda icarəyə götürən vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” Qanunun (bundan sonra – Qanun) 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq icarəyəverən fiziki şəxsə icarə haqlarını həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada ödəməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Cavab 2. Bildiririk ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada ödənilməlidir.

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsində Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən elektron ticarət qaydasında işlərin və xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında ƏDV üzrə vergiyə cəlb olunur.

Virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına sayından asılı olmayaraq yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.

Əsas: Vergi Məcəlləsinin 168.1.5-ci və 169-cu maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 101.3-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

İşəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, “Vergi ödəyiciləri ilə sual-cavab” elektron xidməti vergi ödəyicilərinin və ya vətəndaşların vergilərlə bağlı müraciətlərini vergi mütəxəssislərinə ünvanlayaraq qısa müddətdə cavab alma proseslərini əhatə edir.

Sorğunuzda qeyd olunan statistik məlumatların əldə edilməsi üçün Vergilər Nazirliyinə rəsmi qaydada müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikasında vergi növlərindən biri olan, məzmun etibarı ilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və prosedurlarına əsasən ƏDV konkret müəssisənin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prosesinin hər bir mərhələsində alğı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir.

Müraciətinizdə qeyd olunan halda xidməti təqdim edən şəxsin göstərdiyi xidmətlərə ƏDV tətbiq olunur və ƏDV dolayı vergi hesab olunduğu üçün alıcı tərəfindən ödənilir.

Əsas: Vergi Məcəlləsinin 153-cü maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Əmək Məcəlləsinin 32-ci fəsli.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Salam. Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə konkret və ətraflı məlumatla qeyri-anonim olaraq Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əmək qanunvericiliyinin pozulması halları ilə bağlı isə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi kimi uçotda olmadığınız təqdirdə sorğunuzda qeyd edilən fəaliyyət ilə məşğul olmaq üçün ilk növbədə VÖEN əldə etməli , daha sonra icarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna aınması üçün icarə müqaviləsi əlavə edilməklə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” ilə obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət etməlisiniz.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına və təsərrüfat subyektinizi (obyektinizi) qeydiyyata sala bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi öhdəlikləriniz isə vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV, icarəyə götürülən əmlaka görə icarəyə verənə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi, muzdlu işçi olduqda muzdlu işlə əlaqədar alınan gəlirdən ödəmə mənbəyində tutulan vergi və s.) ibarət olacaqdır.

İcarəyə götürülmüş obyektə görə ödənilməli vergilər barədə isə bildiririk ki, icarəyə verən fiziki şəxs olduqda icarəyə verənə icarə haqqı ödənilən zaman ödənilən haqdan 14 % dərəcə ilə vergi tutmalı, hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə bəyan etməli və büdcəyə ödəməlisiniz. İcarəyə verən hüquqi şəxs olduqda isə ödəmə mənbəyində vergi tutulmur, vergi öhdəliyini hüquqi şəxs özü yerinə yetirir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) və vergitutma sistemləri barədə ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, IX, X, XI və XVII fəsilləri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Buna əsasən, sorğuda qeyd olunan halda güzəşt hüququnu müəyyən edən sənəd tərəfinizdən iş yerinə təqdim edildiyi andan sizə hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 5/51
Qiymət ver: