Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Emil İsmayılov Salman em***@hotmail.com ID: 622
Salam. Vergi məcəlləsinin "13.2.17. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər." bəndi ilə bağlı sual yaranmışdır. Belə ki məcəllədə qeyd olunur ki, 500 manatdan ÇOX olan maddi aktivlər əsas vəsaitlərə aid edilir. Bəs aldığımız noutbuk tamamən 500.00 manat dəyərində olarsa, o zaman necə olmalıdır. Bu noutbuku biz əsas vəsait kimi tanımalıyıq, ya birbaşa xərcə salınmalıdır. 13.2.17 maddəsindən görünür ki, 500 manat 01 qəpik olduqda əsas vəsait hesab edilir. Mənim sualım isə sırf 500.00 manat olduqdadır. Hörmətlə.
29/12/2019 Oxunub: 85 Orta qiymət: 0

Bildiririk ki, dəyəri 500 manat və daha çox olan və istifadə müddəti bir ildən artıq olan maddi aktivlər əsas vəsaitlərə aid edilməklə amortizasiya hesablanır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cavid Qasımov Nazim oğlu ga***@gmail.com ID: 620
Hörmətli vergi mütəxəssisləri, xarici valyuta ilə aparılan əməliyyatlardan yaranan müsbət və mənfi məzənnə fərqlərinin vergidən azad olan gəlir və xərclər üzrə mənfəət vergisi bəyannaməsində 2017 və 2018-ci illərdə qüvvədə olan AR VM-nin maddələri ilə , digər qanunlarda , normativ hüquqi aktlarda və qaydalarda göstərilməsi barədə aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm : 1. Rezident şirkət il ərzində vergidən azad olan və vergiyə cəlb olunan fəaliyyət çərçivəsində xarici valyuta ilə aparılan əməliyyatlardan yaranan müsbət və mənfi məzənnə fərqlərini mənfəət vergisi bəyannaməsində necə və hansı sətrlərdə göstərməlidir ? 2. Mənfəət vergisi bəyannaməsinin 219.4.17 ( Qanunla təsbit olunmuş əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və ya qanunlar çərçivəsində göstərilən fəaliyyətdən əldə olunan gəlir) və 235.1 (Vergidən azad olunan fəaliyyəti ilə bağlı olan xərclərin cəmi) sətrlərində xarici valyuta ilə aparılan əməliyyatlardan yaranan müsbət və mənfi məzənnə fərqləri göstərilməlidirmi ? Yuxarıda qeyd edilən suallara ətraflı, qanun maddələri ilə cavablandırmağınızı xahiş edirəm.
29/12/2019 Oxunub: 115 Orta qiymət: 0

Bildiririk ki, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilməklə ümumi qaydada vergiyə cəlb olunur. Eyni zamanda xarici valyuta əməliyyatları üzrə azalan məzənnə fərqi vergi ödəyicisinin gəlirdən çıxılan fərqlərinə aid edilir.

“Xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi” 214-cü sətrdə qeyd olunur. “Xarici valyutalarının manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq" 219.3-cü sətrdə qeyd olunmalıdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nizami Süleymanov ni***@gmail.com ID: 421
Salam Sualım belədir: 1) mənə məxsus şirkət güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezidentdən mal almışdır. Həmin qeyri-rezident işgüzar fəaliyyətini dayandırmış və Çexiya respublikasında Çexiya respublikasının qanunvericiliyinə uyğun olaraq eyni adlı müəssisə təsis etmişdir. Hər iki müəssisənin benefiserləri eyni olan şirkətlərdir. Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş müəssisə hüquq və öhdəliklərini Çexiya respublikasında qeydiyyatda olan müəssisəyə ötürmüşdür. Ödəniş Çexiya respublikasında olan müəssisəyə həyata keçirilən zaman ödənilən məbləğdən 10% həcmində ödəmə mənbəyində vergi tutulmalıdırmı? 2) Mənə məxsus olan şirkətə güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri-rezident tərəfindən iş və xidmət göstərilmişdir. İş və xidmət yerinə yetirilən zaman həmin xidmətin dəyərindən büdcəyə ƏDV hesablanmışdır. Həmin qeyri rezident işgüzar fəaliyyətini dayandırmış və Çexiya respublikasında Çexiya respublikasının qanunvericiliyinə uyğun olaraq eyni adlı müəssisə təsis edilmişdir. Hər iki müəssisənin benefiserləri eyni olan şirkətdir. Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş müəssisə hüquq və öhdəliklərinin Çexiya respublikasında qeydiyyatda olan müəssisəyə ötürmüşdür. Ödəniş Çexiya respublikasında olan müəssisəyə həyata keçirilən zaman göstərilmiş iş və xidmətin dəyərindən 10% və güzəştli vergi tutulan ölkələrdə təsis edildiyinə görə ödənişdən 2-ci dəfə 10% ödəmə mənbəyində vergi tutulmalıdırmı?
29/12/2019 Oxunub: 202 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilərək ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur.

Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir.

Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır.

Buna əsasən sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla və rəsmi sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 13-cü və 128-ci maddələri

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Yunus Orucov Paşa oglu yu***@mail.ru ID: 581
Salam ,bilmək istəyirdim ki.Vergi Məccələsinin 16.1.8.2-ci maddəsi idxal olunmuş kənd təsərrüfatı məhsulların bazarlarda səyyar satışına şamil edilirmi?
28/12/2019 Oxunub: 205 Orta qiymət: 5

Bildiririk ki,  kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı fəaliyyəti nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməli olmayan fəaliyyət növlərinə aid edilmiş və belə fəaliyyətlə məşğul olan vergi ödəyicisi nağd hesablaşmalarını forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blankları ilə rəsmiləşdirməlidir.

Qeyd olunan maddədə məhsulların yerli istehsal və ya idxal olunmuş məhsul olması şərtləndirilmir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Azer Allahverdiyev Cerkez a.***@gmail.com ID: 547
Salam, • Vergi qanunvericiliyi imkan verirmi fiziki şəxs eyni zamanda hüquqi şəxs təsisçisi olsun? • Hüquqi şəxs olaraq dövriyyəsi az olanlara vergi güzəşti varmı? • Hüquqi şəxsin yaradılması və verilməli olan vergi barəsində məlumat verərdiniz zəhmət olmasa.
28/12/2019 Oxunub: 184 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, hüquqi şəxs və təsisçi mülki hüququn fərqli subyektləri hesab olunur. Hüquqi şəxsin təsisçisinin eyni zamanda fərdi sahibkar kimi fəaliyyəti göstərməsi ilə bağlı qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Cavab 2-3. Bildiririk ki, kommersiya hüquqi şəxslər vergi orqanında qeydiyyata alınarkən fəaliyyət növləri nəzərə alınmaqla sadələşdirilmiş və ya mənfəət (o cümlədən ƏDV) vergisinin ödəyicisi olmaq seçimini edirlər. 

Qeyd olunan vergi növlərinin özünəməxsus vergitutma obyektləri, vergi dərəcəsi və vergi güzəştləri mövcuddur. Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxslər əldə etdikləri hasilatdan 2 faiz dərəcə ilə vergi ödəyir. Mənfəət vergisinin ödəyiciləri isə əldə etdikəri gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergi ödəməlidirlər. Mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin isə əldə etdikləri gəlirlərin 75 faizi mənfəət vergisindən azad edilmişdir.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün ,saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Aytac Rüstəmova Arif ru***@gmail.com ID: 553
Salam, Vergiler Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarliqla Iş üzrə Baş Idarəsi tərəfindən verilmiş borcun olub-olmaması haqqında arayışın etibarlılıq müddəti nə qədərdir?
28/12/2019 Oxunub: 134 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanı tərəfindən təqdim olunan vergi borcunun olub-olmamasına dair arayışın etibarlılıq müddəti nəzərdə tutulmamışdır və təqdim olunma tarixinə mövcud vəziyyəti özündə əks etdirir.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Ağa Şəfaqətov Ag***@gmail.com ID: 557
Salam. İşlədiyim təhsil müəssiəsinə vergi güzəşti olması barədə (vəfat etmiş döyüşçülərin övladlarına her hansı muzdlu işdə vergi güzəşti) arayışı 2019-cu ilin dekabrında təqdim etmişəm, amma bu qanun 01.01.2019-cu il tarixindən qüvvəyə minib. Bilmək istərdim ki, mən əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisini, yəni 11 ay ərzində artıq hesablanmış məbləği ala bilərəm?
28/12/2019 Oxunub: 144 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Emil Ahmadov ah***@mail.ru ID: 555
Salam, Azərbaycanda fəaliyyət göstərən "X" MMC-yə Türkiyə Respublikasındakı "Y" müəssisəsi dizayn işləri görürsə, müvafiq MMC tərəfindən "Y" müəssisəsinə köçürmə edərkən, ƏDV və ÖMV yaranırmı və ya bu tip əməliyyatda vergi münasibətləri necə tənzimlənir, köçürmə edən müəssisənin hansı növ vergi öhdəlikləri yaranır?
28/12/2019 Oxunub: 223 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilən xidmətlər bu xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda isə həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir.

Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda isə bu maddənin məqsədləri üçün işlərin görüldüyü və xidmətlərin göstərildiyi yer sayılır.

Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən dizayn xidmətlərinin Azərbaycanın rezidenti olan hüquqi şəxsə təqdim edilməsi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsi ilə müəyyən edilmiş hüquqların mülkiyyətə verilməsi xidmətlərinə aid edilməli və bu Məcəllənin 169-cu maddəsinə uyğun olaraq vergi agenti proqram təminatından istifadə hüququnun alınmasına görə qeyri-rezidentə ödəməli olduğu məbləğə ƏDV hesablamalı və dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan Azərbaycan mənbəyindən olan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan müvafiq dərəcə ilə vergi tutulur.

Buna əsasən dizayn xidmətlərinin göstərilməsi ilə bağlı qeyri-rezidentə ödənilən məbləğdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalı və dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Fazil Cəfərov fa***@mail.ru ID: 563
Salam, mənim 3 gözdən ibarət maşın sexim var. Hər gözünü 50 manata arendaya vermişəm, onlar da hər biri ayrı-ayrılıqda sabit vergi verirlər. Onlardan əlavə mən də sahibkar olaraq vergi verməliyəm? Xahiş edirəm sualımı cavablandırasınız. Öncədən təşəkkür edirəm.
28/12/2019 Oxunub: 198 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Müraciətinizdə qeyd olunanlara əsasən, əmlakı icarəyə götürən şəxslər vergi ödəyicisi kimi uçotda olduqları üçün həmin şəxslər icarə haqqını Sizə ödəyərkən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutmalı, büdcəyə ödəməli və hesabat təqdim etməlidir.

Əlavə olaraq bildiririk ki, fərdi sahibkar kimi avtomobil təmiri fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə sabit vergi ödəmək hüquqları yoxdur. Həmin şəxslər vergi orqanında uçota alınarkən seçdikləri vergitutma metodundan asılı olaraq sadələşdirilmiş və ya gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü, 220.10-cu maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Tural Əhmədov İlqar Te***@bk.ru ID: 564
Salam. Mən bilmək istəyərdim ki, ər vəya arvad ( biri işləmədiyi halda) həmçinin himayəsində 2(iki) azyaşlı uşaq oldugu halda vergi güzəştindən yararlana bilərmi?
28/12/2019 Oxunub: 157 Orta qiymət: 5

Bildiririk ki, sorğuda göstərilən halda fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəlirin vergi tutulmalı olan hissəsi himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi andan etibarən 50 manat məbləğində azaldılır.
Əsas: Vergi Məcəlləsinin 102.5-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mahir Musayev Bəhərçin ma***@gmail.com ID: 579
Salam. Tikinti materiallarının satışı üzrə fəaliyyət göstərən dükan Sosial sığorta haqları üzrə borcu hansı təsnifat kodu üzrə ödəməlidir və bir rüblük neçə manat təşkil edir? 2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınıb Saray qəsəbəsində fəaliyyət göstərir.
28/12/2019 Oxunub: 144 Orta qiymət: 5

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyət göstərdikləri ay üçün “Sosial sığorta haqqında” Qanunun 2019-cu il yanvarın 1-dək qüvvədə olan müddəalarına uyğun olaraq, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir. 2020-ci il yanvar ayının 1-dən isə bütün respublika ərazisində minimum aylıq əmək haqqının 50 faizi məbləğində sosial sığorta haqqı ödənilməlidir.

Həmçinin bildiririk ki, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, hər ay üçün sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim olunur .

Muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirlərindən sosial ayırmalar 121300 təsnifat kodu ilə ödənilir.

Əsas: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Cavidan Faiq oğlu Hüseynov hu***@gmail.com ID: 565
Salam, özəl kargo və poçt xidməti göstərən şirkət kassa aparatı qoymalıdırmı? Qoymalıdırsa bu VM-nin hansı maddəsi ilə tənzimlənir?
28/12/2019 Oxunub: 168 Orta qiymət: 5

Bildiririk ki, nəzarət-kassa aparatları Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi nəzərə alınmaqla pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün tələb olunur.

Sorğunuzda qeyd olunan fəaliyyəti həyata keçirən şəxslər tərəfindən nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forması Malliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş ciddi hesabat blankı olan mədaxil qəbzi təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.8-ci, 16.1.8-ci, 16.1.9-cu maddələri

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Bəhruz Gulmətov Nemət be***@mail.ru ID: 567
Salam. Mən vergi güzəştləri ilə bağlı yazılı məlumat istərdim. Hansı vergilərə güzəşt olunursa, misal, mən müəllim işləyirəm. Həm himayəmdə 3 nəfər var, həm də 2-ci qrup əliləm. Ancaq mənim maaışma hər ikisi tətbiq edilmir, deyirlər ən yüksəyi hansıdırsa, o 102.5 maddəsinə tətbiq olunmur axı o, yalnız 102.2; 102.3; 102.4 maddələrinə uyğundur.
28/12/2019 Oxunub: 153 Orta qiymət: 5

Bildiririk ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxsin eyni zamanda Vergi Məcəlləsinin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, həmin şəxsə sözügedən güzəştlərdən yalnız biri, məbləğcə ən böyük olanı verilir.

Sorğunuzda qeyd olunan halda, yəni fiziki şəxsin Vergi Məcəlləsinin 102.3-cü və 102.5-cü maddələrində nəzərdə tutulan güzəştlərə hüququ olduqda, həmin şəxs hər iki güzəştdən yararlana bilər.

Əsas: Vergi Məcəlləsinin 102.7-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Göyüşov Fərid Feyzi go***@gmail.com ID: 578
Xahiş olunur geniş şəkildə izah verəsiniz və əsaslandırasınız. Alınan və ya idxal edilən yararsız malların (təchizatçıya qaytarılmırsa) malın uçotdan silinməsi, ləğv edilirsə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılan xərcdir, yoxsa sərbəst mənfəət hesabına silinir? Eyni zamanda istehsal prosesi zamanı zay olan məhsul və ya istifadə müddəti bitmiş, satılmayan hazır məhsul utilizasiya olarsa ləğv edilən malın dəyəri gəlirdən çıxılan xərcdirmi? Xahiş olunur ətraflı izah verəsiniz.
28/12/2019 Oxunub: 215 Orta qiymət: 5

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müraciətinizdə qeyd olunan yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Əlavə olaraq, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu, 159.5-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
MƏHƏRRƏMOV ETİBAR HƏSRƏT me***@mail.ru ID: 552
Salam. Mən öz şəxsi avtomobilimlə mağaza və bazarlardan kənarda (səyyari qaydada ) ərzaq məhsulları sataraq pərakəndə ticarətlə məşğul oluram. Mən fərqlənmə nişanı və ya xüsusi fərqlənmə nişanı almalıyammı?
28/12/2019 Oxunub: 168 Orta qiymət: 5

Bildiririk ki, şəxs mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” almalıdır.

“Xüsusi fərqlənmə nişanı” mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyicilərinin müraciətindən sonra beş iş günü ərzində  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir və bunun alınması üçün hər hansı haqq ödənilmir.

Əsas: Vergi Məcəlləsinin 221.4.9-cu maddəsi.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Fuad Kərimov bm***@mail.ru ID: 551
Müəsisənin 2017-ci ildə amortizasya hesablanması qanunvericiliyə əsasən 200 000 manat 2018-ci ildə isə 175 000 manat edir.Lakin 2017-ci il üçün 100 000 manat , 2018-ci il üçün isə 75 000 manat amortizasya hesablanıb hesabatlara daxil edilib.2019-cu il üçün müəssisə 2017-ci və 2018-ci ildə hesablanmayan amortisayanı hesabalayıb 2019-cu ilin xərcinə sala bilərmi ?
28/12/2019 Oxunub: 171 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı normalar tətbiq edildiyi halda yaranan fərqin sonrakı illərdə gəlirdən çıxılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 114.4-cü maddəsi.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Günay Abasova Xanoğlan qızı g.***@inbox.ru ID: 548
Salam. İşçinin əmək haqqısından gəlir vergisi tutulduğu zaman öncə ondan aliment məbləği tutulur yoxsa əmək haqqından öncə gəlir vergisi çıxılır sonra aliment tutulur? Zəhmət olmasa cavab verdiyinizdə AR qanunvericilik aktlarına istinad edin. Öncədən dərin təşəkkürümü bildirirəm.
28/12/2019 Oxunub: 197 Orta qiymət: 5

Bildiririk ki, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli Qərarının 7-ci maddəsinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Əmiraslanova Aliyə Həsən qızı al***@mail.ru ID: 460
Xahiş edirəm aşağıdakı mövzu ulə bağlı ətraflı məlumat verəsiniz. 102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır "102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının " maddəsi 1941-1945 müharibəsində iştirak etmiş və sonralar vəfat etmiş döyüşçünün övladına aid edilirmi? Aid edilirsə də hansı sənədlər tələb olunur. Əvvəlcədən təşəkkür edirəm!
27/12/2019 Oxunub: 113 Orta qiymət: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Orucova Gülarə Eynulla gu***@mail.ru ID: 457
İctimai iaşə ilə məşğul olan hər hansı "X" MMC şirkətinin iki təsisçisi: 1 - Türk vətəndaşı olan hər hansı bir şəxs 2 -Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri ilə məşğul olan hər hansı hüquqi "X" MMC şirkəti. Bu halda iki sual meydana çıxır. 1- Azərbaycan Respublikasında türk vətandaşı hər hansı bir fəaliyyətlə məşğul olan şirkətin təsisçisi ola bilər? 2- Tikinti fəaliyyəti ilə məşğul olan hüquqi MMC şirkəti ictimai iaşə ilə məşğul olan MMC şirkətinin təsisçisi ola bilər (şirkət kimi)?
27/12/2019 Oxunub: 85 Orta qiymət: 4

Cavab 1-2. Mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Qeyd olunanlara əsasən, hüquqi şəxsin təsisçisi olan hüquqi və fiziki şəxslərin digər fəaliyyət növləri ilə məşğul olması ilə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır.

Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24-cü maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.

Qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında xarici investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istədiyi halda, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Əliyev Səbuhi Osman oğlu sa***@mail.ru ID: 472
Sualım belədir: AR Vergilər Məcəlləsinin 106.1.7. maddəsinə əsasən, təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti – mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla mənfəət vergisindən azaddır. Əgər özəl təhsil müəssisəsinin tərkibində özəl tələbə yataqxanası təşkil olunursa bu fəaliyyətdən gələn mənfəət təhsil müəssisəsinin ümumi mənfəətinə aid edilməklə mənfəət vergisindən azaddırmı? Əgər təhsil müəssisəsinin tərkibində belə bir yataqxana təşkil olunarsa dividendlərin ödənilməsi istisna olmaqla bu fəaliyyət hər hansı digər vergi növünə cəlb edilirmi?
27/12/2019 Oxunub: 110 Orta qiymət: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti vergidən azaddır (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla).

Buna əsasən özəl təhsil müəssisəsinin əldə etdiyi mənfəətin, o cümlədən özəl təhsil müəssisəsinin tərkibində olan yataqxanadan əldə olunan mənfəətin dividendin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla, mənfəət vergisindən azad edilir.

Əsas: Vergi Məcəlləsinin 106.1.7-ci maddəsi.

5/5 (3 Orta qiymət)
Qiymət ver: