Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Aysel Əlövsət qızı Nadirova an***@tisa.az ID: 648
Salam, mən 2019-cu ilin mart ayının 21-də VOEN hesabımı bağlatdırmışam. Lakin mənə 195-dən SMS gəlib ki, Sizin İnternet Vergi İdarəsində olan elekton qutusunda 10 ədəd oxunulmamış sənədiniz var. Mən elektron qutunu aça bilmirəm. Hesab bağlanıbsa, onu necə aça bilərəm? Nəcə dəqiq bilmək olar ki, mənim VOEN hesabım bağlanıb, ya yox? Mənə bu barədə məlumat yazmağınızı xahiş edirəm.
03/02/2020 Oxunub: 79 Orta qiymət: 5

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, Nadirova Aysel Əlövsət qızının (VÖEN 1903553572) fəaliyyəti hazırkı tarixə dayandırılmışdır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kərimova Elyanə Qaraxan ke***@mai.ru ID: 643
Salam, mən IV rüb üzrə online boş hesabat göndərmək istəyirəm. Yerli orqana getməyə vaxtım yoxdur. Zəhmət olmasa kömək edərdiniz.
03/02/2020 Oxunub: 77 Orta qiymət: 0

Vergi ödəyicisinin Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi İnternet Vergi İdarəsi portalının E-bəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən aparılır. Açılan pəncərədən:

- “e-Bəyannamə” siyahısından “Online sadələşdirilmiş bəyannamə” seçilir və bəyannamə forması açılır;

-  Açılmış online sadələşdirilmiş bəyannamə formasına məlumatlar daxil edilir;

- Məlumatlar daxil edildikdən sonra “Göndər” düyməsi sıxılaraq bəyannamə yüklənilir;

Yüklənmiş bəyannamələrin sistem tərəfindən avtomatik yoxlanılması üçün “Yoxla” düyməsinə basılır;

- Bəyannamədə səhv tapıldıqda bu barədə müvafiq mesaj çıxır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses davam etdirilir;

- Bəyannamədə səhv tapılmadıqda “təsdiq et” düyməsi sıxılır;

- Təsdiqdən sonra Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana Bildiriş çıxır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abdulla Asəf as***@mail.ru ID: 641
VÖEN və MMC açılması hansı qayda ilə aparılır? Bu barədə mümkünsə məlumat verərdiniz.Əvvəlcədən təşəkkür edirəm.
03/02/2020 Oxunub: 72 Orta qiymət: 0

Hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədilə saytımızın “Vergi bələdçisi” bölməsinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı” hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs “Fiziki şəxsin uçotu haqqında ərizə”ni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə yanaşı, tərəfinizdən şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti təqdim edilməlidir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cavad Sadiqi ja***@gmail.com ID: 631
Salam. Mən də hüquqi şəxs vöen açmışam. İndi Taksi işləmək istəyirəm. Vergi necə olacaq?
03/02/2020 Oxunub: 103 Orta qiymət: 5

Bildiririk ki, taksi fəaliyyətini fərdi sahibkar  kimi və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxs sadələşdirimiş vergi ödəyicisi hesab olunur və daşımanın xarakterindən, nəqliyyat vasitəsinin növündən, oturacaq yerlərinin sayından və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq Vergi Məcəlləsinin 220.5-ci və 220.6-cı maddələri ilə müəyyən edilən qaydada vergini hesablayaraq öz istəyinə uyğun təqvim ayının sonunadək növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" alarkən dövlət büdcəsinə ödəməlidir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, "Fərqlənmə nişanı" mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Natiq Hüseynov Məmməd na***@gmail.com ID: 780
Salam. 2019-cu ilin yanvarın 1-dən etibarən alınmış mallara, işlərə, xidmətlərə görə istehlakçılara ƏDV qaytarılmalı idi. 1 ildən artıq vaxt keçməsinə baxmayaraq bu məsələ hələ də icra olunmur. Mənim kimi bir çox istehlakçılar da kassa çeklərini saxlayırlar ki, bəlkə nə vaxtsa çeklər üzrə ƏDV-nin hər hansı hissəsi qaytarılacaq. Məlumat verə bilərsinizmi, hansı tarixdən ƏDV qaytarılmağa başlayacaq? Və keçən ildən saxladığımız çekləri artıq ataq, yoxsa onlar üzrə də qaytarma olacaq? Təşəkkür edirəm.
30/01/2020 Oxunub: 66 Orta qiymət: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər yekunlaşma mərhələsindədir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

Müvafiq qaydalar təsdiq edildikdə bu haqda səhifəmizdə, o cümlədən sosial media hesablarımızda ictimaiyyətə məlumat veriləcək.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlhamlı İlkin İlham oğlu il***@mail.ru ID: 773
Salam. Mən bu sualı 195 çağrı xidmətinin əməkdaşlarına müxtəlif vaxtlarda təqribən iki dəfə ünvanlamışam. Lakin, cavablar eynidir və də əsassızdır. Cavablar verilən sualı əhatə edirmiş kimi görünür, amma sualın cavabı tam olaraq verilən cavablar deyildir. Sual belədir:Mövcud Kommersiya Hüquqi şəxsin direktorunun (və ya rəhbərinin) kim olması nə VÖEN də, nə çıxarış da, nə də nizamnamə də qeyd edilmir. Niyə? Yuxarıdakı suala hər dəfəsində verilən cavablar isə təqribən belədir? Hüquqi şəxsin çıxarışında Qanuni təmsilçi deyə adı yazılan şəxs müəssisənin rəhbəridir. Bu və bu səpgidə cavabları yalnış hesab edirəm. Əsasım isə aşağıdakı kimidir: -Qanuni təmsilçi anlayışı Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU n 2.0.14-cü yarımbəndində belə qeyd edilmişdir: "Qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər" dir. Burdan da göründüyü kimi qanuni təmsilçi bir deyil, bir neçə nəfər ola bilər. Bu halda kommersiya hüquqi şəxsin çıxarışında qeyd edilən qanuni təmsilçilərdən (tutaq ki, 3 nəfərin adı yazılıb) hansının direktor (rəhbər) olmasının dəqiqləşdirilməsinə ehtiyac yaranır. Bu Vergilər Nazirliyinin (köhnə) rəsmi elektron səhifəsində axtarış verildiyi zamanda da qanuni təmsilçi olaraq göstərilir. Gəlin etiraf edək ki, nizamnamələrin əksəriyyətində də müəssisənin idarərə edicisi direktor (rəhbər) hesab edilir (yəni qanuni təmsilçilər deyil). Yuxarıda qeyd etdiklərimi nəzərə alsanız, təklif edirəmki, kommersiya hüquqi şəxsin çıxarışında mütləq "Müəssisənin direktoru (rəhbəri)" xanası yaradılsın. Bununlada müəssisənin bir neçə qanuni təmsilçisi olsa da onun direktorunun (rəhbərinin) kimliyi məchul qalmayacaqdır və birbaşa çıxarışda öz əksini tapmaqla da sizə ünvanlanacaq bu kimi sualların qarşısını almış olacaqdır. Bu məsələ qanunvericilik aktlarında da öz əksini tapmalıdır. Bununla da bağlı sizin təşəbbüskar kimi çıxış etməyiniz daha doğru olar. İşlərinizdə uğurlar.
30/01/2020 Oxunub: 84 Orta qiymət: 0

Bildiririk ki, Dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır.

Dövlət reyestrindən çıxarış hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqanlar tərəfindən verilən, qurumun dövlət qeydiyyatına alınmasını təsdiq edən, qeydiyyata alınmış faktları, o cümlədən təsis sənədlərində edilmiş dəyişikliyi və qeydiyyata alınmış faktların sonrakı dəyişikliyini özündə əks etdirən hüquqi sənəddir.

Vergilər Nazirliyi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların və ictimaiyyət nümayəndələrinin fikir və təklifləri mütəmadi olaraq öyrənilir. Buna əsasən, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair konkret, əsaslandırılmış təkliflərinizi aidiyyəti üzrə saytımızın “Onlayn müraciətlər” bölməsinə göndərə bilərsiniz.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 755
ƏDV ödəyicisi olan müəssisənin 70135 man (ƏDV ilə birlikdə) debitor borcu var, VHF 18.12.2019 tarixində təqdim olunub, amma ödənişlər müəssisəyə hissə-hissə daxil olur, 09.01.2020 tarixində 17500 man (ƏDV ilə birlikdə), 28.01.2020 tarixində 20000 man (ƏDV ilə birlikdə) daxil olur, amma borc tam bağlanmamışdır. Yuxarıda göstərilən misal əsasında təqdim olunan VHF tarixinə əsasən müəssisə dekabr 2019 və yanvar 2020 üçün ƏDV bəyannaməsində hansı məbləğləri göstərəcəkdir?
28/01/2020 Oxunub: 107 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin hesablanması həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Xatırladırıq ki, 2020-ci ilin 1 yanvar tarixinədək qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsində nəzərdə tutulan ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması, Vergi Məcəlləsinin 166.2-ci maddəsində nəzərdə tutulan ödəmə dedikdə isə malların (işlərin, xidmətlərin) əsas məbləğinin (ƏDV-siz dəyərinin) həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına avans qaydasında ödənilməsi nəzərdə tutulurdu.

Əsas: Vergi Məcəlləsinin 166.1-ci, 166.5-ci və 166.7-ci maddələri, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cavad Cavadzadə Maarif ca***@mail.ru ID: 748
Salam. Bir VÖEN də bir neçə obyekt kodu olan hallarda həmin obyekt koduna görə gələn qaimələri görmək mümkündür?
27/01/2020 Oxunub: 36 Orta qiymət: 0

Bildiririk ki, elektron qaimə-fakturanın “Təqdim edən” rekvizitində elektron qaimə-fakturanı göndərən vergi ödəyicisinin tam adı və VÖEN-i, “Alıcı” rekvizitində isə elektron qaimə-fakturanı qəbul vergi ödəyicisinin tam adı və VÖEN-i göstərilməlidir.

Malı (işi və ya xidməti) qəbul edən vergi ödəyicisinin təsərrüfat subyekti haqda məlumatın qeyd olunması nəzərdə tutulmamışdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yunus Orucov Paşa oglu em***@mail.ru ID: 746
Kənd təsərrüfatı məhsulunu müqavilə əsasında istehsalçıdan alıb ixrac etmişəm. Müqavilədə istehsalçının şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilmiş və imzalarla təsdiq olunmuşdur.Sonradan bilmişəm ki alış aktı ilə malı almaq lazımdır.Bilmək istəyirəm ki vergi qanunçuluqda hansı cəza tədbiri nəzərdə tutulur?
27/01/2020 Oxunub: 95 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 58.8.3-cü maddəsinin müddəalarına əsasən, qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda –  alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Arif Gülgəzov Fərhad ar***@gmail.com ID: 745
Salam. Xidməti müqaviləylə işləyən fiziki şəxslər barəsində qanunda edilmiş dəyişiklər barəsində məlumatı hardan və necə əldə edə bilərik. Zəhmət olmazsa bu barədə köməklik edəsiniz.
27/01/2020 Oxunub: 69 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Eyni zamanda, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə  əsasən, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Əsas: Vergi Məcəlləsinin 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Allahverdiyeva Sevil İsmayıl al***@inbox.ru ID: 736
Mən "Yataş" və "Bellona" mebel mağazalarından "full-ortopedik" kravat və matras aldım. Övladım ortopedik-əzələ problemləri üzrə sistem xəstəsidir. Onun spesifik sağlıq problemlərinə görə bahalı kravat almağa məcbur qaldım. Qeyd edim ki, nəqd olaraq ödədim və "Bellona"dan telefonuma gələn SMC-lə, nəqd ödədiyim məbləğə görə mənə təşəkkür etdilər. " Vergi haqda Qanunvericiliyə görə, (169 mad.) ödədiyim məbləğin ƏDV müəyyən faizi mənə geri qaytarılır. Mənim öhdəmdə əlil övladım var, sosial müdafiəyə ehtiyacı olan adamam. Xahiş edirəm, mənə izah edərdiz, ödəniş qəbzlərimi hara, kimə, hansı quruma, necə, hansı formada təqdim edim ki, mənə, qanunla müəyyən olunan istehlakçı hüquqları tanınsın, yəni ƏDV-mi geri alım? Qeyd edim ki, "Bellona"da, onlayn-kassa nəzarət aparatı olduğuna əminəm, ona görə ki, mənim telefonuma "Bellona" SMS göndərdi ki, "ödəniş etdiz, təşəkkürlər" . Həmçinin "YATAŞ" mebel mərkəzi də onlayn-nəzarət kassa sisteminə qoşulub. Xahiş edirəm, sadə və anlaya biləcəyim cümlələrlə, mənə cavab verin. Təşəkkürlər!
26/01/2020 Oxunub: 70 Orta qiymət: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər yekunlaşma mərhələsindədir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

Müvafiq qaydalar təsdiq edildikdə bu haqda səhifəmizdə, o cümlədən sosial media hesablarımızda ictimaiyyətə məlumat veriləcək.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mustafayev Elvin Elçin el***@mail.ru ID: 734
Salam. Fiziki şəxslərə yerli bələdiyyələr tərəfindən əmlak vergisi hesablanarkən onların həyətyanı sahəsində yerləşən yardımkı tikililərə ( tövlə, eyvan və s.) görə əmlak vergisi hesablanırmı?
25/01/2020 Oxunub: 59 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Yaşayış sahəsi anlayışı ilə əhatə edilməyən digər sahələr qeyri-yaşayış sahəsinə aid edilir.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Vüsal Yusifov Rəfael vu***@mail.ru ID: 759
Salam. Şəxsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs (maqazin) nə qədər vergi ödəməlidir. Zəhmət olmasa istinat etdiyiniz maddəni qeyd edin.
25/01/2020 Oxunub: 40 Orta qiymət: 5

Vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi  (mikro sahibkarlıq subyekti olduqda 5 faizi) həcmində ödənilir.

Əsas: Vergi Məcəlləsinin 101.4-cü, 102.1.30-cu, 108-ci, 219-cu, 220.1-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Abdulova İlahə il***@mail.ru ID: 730
Salam. Bizim tərəfimizdən qarşı tərəfə göndərilmiş və qarşı tərəfdən təsdiqlənmiş e-qaiməni ləğv etmək istədikdə bu əməliiyatı bizim şirkət yox qarşı tərəf edir. Ləğvə göndərir və ləğvi təsdiqləyir. İndi bilmək istəyirəm ki, bu əməliyyatdan sonra mən nə etməliyəm? Həmin qaiməni silməliyəm yoxsa yox? Təlimatda 1 ay ərzində təsdiqlənməzsə ləğv olunacaq deyilir
24/01/2020 Oxunub: 56 Orta qiymət: 1

Bildiririk ki, elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır.

Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Xəyal Tağıyev Rəşid Ta***@mail.ru ID: 728
Salam mən 2-ci qrup əliləm neçə ildi ki, işsiz idim sonra ƏƏSMN-nin sayəsində avadanlıq aldım foto studiya açdım düzdü qazancım olmur amma fəaliyyətimi dayandırada bilmərəm yoxsa əlimdən alınar aparatlar. Sizə yazmaqda məksədim budur ki. Bayaq qeyd etdiyim kimi mən 2-ci qrup əliləm bu pensiya fonduna məndə pul ödəməliyəm ? yəni mən özüm pensiya alıram amma onuda deyim ki, mənim 5 il stajım vardı 2013 cü ildə məni əmək pensiyasına çıxartmadılar stajım batdı indi pensiya fonduna pul keçirməyin nə mənası var axı.
23/01/2020 Oxunub: 67 Orta qiymət: 0

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət həyata keçirən şəxslər aylıq 15 manat məbləğə müvafiq əmsalı tətbiq etməklə sadələşdirilmiş vergi ödəyirlər. Sadələşdirilmiş verginin ödənilməsi barədə sabit qəbz əldə edən şəxslərin vergi öhdəliyi yerinə yetirilmiş hesab edilir.

Həmçinin bildiririk ki, sığortaolunan şəxs qanunla müəyyən edilmiş dərəcələrlə sosial sığorta haqqını ödəməli və vergi orqanına hesabatı təqdim etməlidir.

Pensiya təminatı ilə bağlı ətraflı məlumat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsinin 220.10-cu maddəsi

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Babayeva Aydan ay***@mail.ru ID: 727
Salam. Mənim sualım fiziki şəxslərin gəlir vergisi bəyannaməsi ilə bağlıdır. Belə ki, fiziki şəxs 2019-cu il ərzində cari arayışlar təqdim edib və orada müvafiq olaraq avtomatik hesablanan vergi məbləğləri büdcəyə ödənilib (artıq ödəmədə var). Cari arayışlarda 296, 297 və 298-ci sətrlər doldurulub. Bəyannamədə bu rəqəmlər harada qeyd olunmalıdır? Vergi məbləği fərqli alınır.
23/01/2020 Oxunub: 52 Orta qiymət: 4

Bildiririk ki, cari vergi ödəmələri rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir.

Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Hesablamalar sistem tərəfindən avtomatik aparıldığından bəyannamədə cari vergi ödəmələri haqda məlumatın qeyd olunması nəzərdə tutulmamışdır.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Əli Ramazanlı ra***@mail.ru ID: 726
Salam. Biz ailədə 3 nəfərik. Ailəm və mən işləyirəm. Mən hərbi qulluqçuyam, ailəm isə tibb sahəsində işləyir. Bilmək istəyirəm ki hərbi qulluqçuların ailələri işləyirsə onlar vergidən azad edilir və vergi güzəşti tətbiq olunur.
23/01/2020 Oxunub: 47 Orta qiymət: 0

Bildiririk ki, hərbi qulluqçuların ailə üzvləri üçün nəzərdə tutulmuş vergi güzəştləri yalnız vəfat etmiş döyüşçülərin maddədə qeyd olunan ailə üzvlərinə aid edilir.

Məlumat üçün bildiririk ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102.1.6-cı,102.2.5-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülnar Həsənova Namazalı go***@bk.ru ID: 720
Salam. DSMF-yə işçinin əmək haqqından ayrılan vergini hansı təsnifat koduna yükləmək lazımdır zəhmət olmasa köməklik edəsiniz. Öncədən təşəkkür.
23/01/2020 Oxunub: 64 Orta qiymət: 0

1 yanvar 2020-ci il tarixdən qüvvədə olan büdcə təsnifat kodlarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayırmaları hüquqi şəxslər üzrə 121111, fiziki şəxsləri muzdlu işə cəlb edən sahibkarlıq faəliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 121112, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzdla işləyənlərin əməkhaqlarından sosial ayırmalar hüquqi şəxslər üzrə 121211, fiziki şəxsləri muzdlu işə cəlb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 121212 təsnifat kodları üzrə köçürülməlidir.

Aşağıdakı keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə təsnifat kodları ilə tanış ola bilərsiniz. Faylda sosial ayırmalar və vergi ödənişləri üçün 2 vərəq yerləşdirilmişdir.

https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Faina Vahidova Əli qızı fa***@gmail.com ID: 714
Təsisçi tərəfindən təsis olunan hüquqi şəxsə 01.04.2018-ci il tarixində qaytarmaq şərti ilə faizsiz 50000 azn borc verir. 10.01.2020-ci il tarixində müəssisə bu borcun bir hissəsini (20000azn) təsisçiyyə qaytarır. Sualım belədi: 1. 01.04.2018-ci ildən faizi hesablanmalıyıq və bu faiz məbləğindən ödəmə mənbəyindən 10 faiz dərəcə vergi tutmalıyıq? 2.Təsisçiyə 20000azn qaytarılan zamanda borcun məbləğindən ödəmə mənbəyindən 10 faizi tutur və qalan məbləği təsisçiyə köçürür? Yoxsa bütöv 20000azn ona qaytarmalıyıq?
22/01/2020 Oxunub: 108 Orta qiymət: 5

Bildiririk ki, müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi halda verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi və borcun alındığı müddət nəzərə alınmaqla faizlər borcun qüvvədə olduğu günlər üçün hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə və ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar.

Məlumat üçün bildiririk ki, ödəmə mənbəyində tutulan vergi borcun əsas məbləğindən deyil, borc məbləğinə görə hesablanan faizdən tutulur.

Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əsas:  Vergi Məcəlləsinin 14.3-cü, 18-ci, 58.7-1-ci, 110-cu, 123.1-ci və 150-ci maddələri, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mahmud Sahmuradov Gulam oglu Sa***@mail.ru ID: 701
Salam. Mən bir neçə ay əvvəl özümə VÖEN hesabı açdırdım. Təzəlikcə isə Moskvaya getdim, hesabımı dondurmaq isə yadımdan çıxdı. Mən indi onu necə dondura bilərəm? Və ya nə edə bilərəm?
20/01/2020 Oxunub: 40 Orta qiymət: 0

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Fiziki şəxsin gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda fəaliyyətinin Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Respublikamızdan kənarda olduğunuz təqdirdə müvafiq qaydada etibarnamə verməklə səlahiyyətli şəxs təyin edə və onun vasitəsilə sözügedən ərizəni vergi orqanına göndərə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.09.2016-cı il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Orta qiymət)
Qiymət ver: