Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Shixmet Shixmetov Atluxan sh***@gmail.com ID: 9830
Mən VÖEN ilə fəaliyyət göstərirəm. Əldə etdiyim gəlirin 20 faizini ödəməliyəm? Yoxsa sosial sığorta haqqı çıxıldıqdan sora qalan məbləğin 20 faizini?
08/01/2025 Oxunub: 224 Orta qiymət: 0

Bildiririk ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

Vergi Məcəlləsinin  96.1-ci maddəsinə əsasən  rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Vergi məcəlləsinin 108.1-ci maddəsinə əsasən   bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Nəzərinizə çatdırırıq ki, Vergi məcəlləsinin 116.1-ci maddəsinə əsasən öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığorta haqları üzrə, həmçinin təkrarsığorta müqavilələrinə münasibətdə təkrarsığorta haqları üzrə öhdəliklər gəlirdən çıxılır. Sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə çəkilən sığorta haqqı xərcləri həmin hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülür.

Sorğunuza əsasən cavab olaraq bildiririk ki, sosial sığorta haqları gəlirdən çıxılan xərclərə aid edilir. Əldə etdiyiniz gəlirdən sosial sığorta haqlarını çıxdıqdan sonra qalan məbləği gəlir vergisinə cəlb edirsiniz. 

Əsas: Vergi Məcəlləsinin 98-ci, 108-ci, 116-cı maddələri. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Turqut mo***@gmail.com ID: 9828
Salam. 75%-lik vergi güzəşti hansı fəaliyyət kodlarına tətbiq edilir? Saytda hardasa qeyd olunub? 2024-cü ilin 4-cü rübündə olan gəlirə tətbiq olunur ya bu 2025-ci ildən başlayır? Qeyd olunan fəaliyyətlərə aiddi ? 6312002 - KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ SAYTLARI KİMİ PORTAL FUNKSİYALI SAİR WEB SAYTLARINDAN İSTİFADƏ 6201003-KOMPÜTER SAHƏSİNDƏ FƏALİYYƏT
07/01/2025 Oxunub: 240 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin  102.1.30-1-ci maddəsinə əsasən bir sıra fəaliyyət növləri  ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi 2025-ci ilin yanvarın 1-dən  gəlir vergisindən azad edilib. 

Həmin  fəaliyyət növlərinin siyahısında  proqram təminatının işlənməsi sahəsində xidmətlər qeyd olunub.   

6201003 - iqtisadi fəaliyyət kodu  proqram təminatının işlənməsi  fəaliyyət növünün alt fəaliyyət növünə aid edilir və güzəşt hüququna malikdir.  

Link vasitəsi ilə ətraflı məlumat əldə edə bilərsiniz. www.taxes.gov.az/az/page/bir-pencere

Əsas: Vergi Məcəlləsi 102-ci maddəsi. 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sədaqət Yareliyeva Fərzəri fa***@icloud.com ID: 9816
Mənə ,dayandırılmış sahibkarlıq fəaliyyətimin 07.01.2025-ci il tarixindən avtomatik olaraq aktivləşəcəyi haqqında məktub gəlib. Sakibkarlıq fəaliyyətimin aktivləşməsini istəmirəm, bunun üçün hansı sənədlərlə və hara müraciət etməliyəm?
01/01/2025 Oxunub: 186 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və   fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Sorğunuza cavab olaraq bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülbəs Sadıqova Mehman gu***@mail.ru ID: 9802
Salam. 01.09.2024 tarixində yeni yaradılan şirkət (sadələşdirilmiş vergi ödəyicisi) 25.11.2024 tarixində könüllü ədv qeydiyyatına düşmüşdür. Hazırda şirkətin ədv qeydiyyatına düşmə tarixini daha əvvəlki tarixə qeydiyyata almaq mümkündür? Mümkündürsə, 01.10.2024 və ya 01.11.2024 tarixinə ədv qeydiyyatına alınması üçün nə etməliyik? Qeydiyyat ərizəsini 25.11.2024 tarixində verdiyimiz üçün yenidən verə bilmirik. Əvvəkli tarixə qeydiyyat üçün necə müraciət etmək olar ?
24/12/2024 Oxunub: 298 Orta qiymət: 1

Bildiririk ki, Vergi Məcəlləsinin 157.1-ci maddəsinə əsasən  ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi forma üzrə verilməlidir.

Vergi Məcəlləsinin 157.2-ci maddəsinə əsasən  şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur.

Nəzərinizə çatdırırıq ki, əvvəlki tarixə könüllü qeydiyyat zamanı  Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən  bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə ƏDV ödəyici kimi qeydiyyata alınır. 

Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir.

Bu maddənin müddəaları bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslərə , habelə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərə tətbiq edilmir.

Elektron sisteminizə daxil olaraq vergi orqanına sair ərizə formasında  müraciət edə bilərsiniz. 

https://new.e-taxes.gov.az/etaxes/

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Sultan Ömərov Möhübbət oğlu Om***@gmail.com ID: 9799
Vergi Məcəlləsində 13.2.17-ci maddəsində yazılır ki, əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. Bəs istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan qeyri maddi aktivlər nə sayılır? Niyə amortizasiya edilir ?
23/12/2024 Oxunub: 251 Orta qiymət: 4

Bildiririk ki, amortizasiya uzunmüddətli aktivə sərf edilmiş vəsaitin hissə-hissə gəlirdən çıxılmasıdır.  Aktivlər xarakterinə görə iki böyük qrupa bölünür: maddi aktivlər və qeyri maddi aktivlər.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən  əsas vəsaitlər dedikdə istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur. 

Vergi Məcəlləsininin 13.2.9-cu maddəsinə əsasən qeyri-maddi aktivlər dedikdə isə  intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar nəzərdə tutulur. 

Sorğunuza cavab olaraq bildiririk ki, qeyri maddi aktivlər  əsas vəsait hesab edilmir.

Vergi Məcəlləsində yalnız  əsas vəsaitlər amotizasiya olunur anlayışı qeyd edilməyib, Vergi Məcəlləsinin 114.3.6-cı maddəsinə əsasən  qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə amortizasiya olunur. 

 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 114-cü maddələri. 

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Lamiyə Hacıyeva Eldar qızı ha***@gmail.com ID: 9796
Salam. Mən daşınmaz əmlak almışam. ƏDV-nin geri qaytarılması üçün hara müraciət etməliyəm?
20/12/2024 Oxunub: 260 Orta qiymət: 4

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Xalıqov Elnur Rəhman oğlu El***@yahoo.com ID: 9792
Salam. Bildirmək istərdim ki mən musiqi alətində çalçığıçıq işi ilə məşğul oluram. Fəaliyyətimi ölkə ərazisində qeydiyyatdan keçmiş hüquqi şəxslərə və vöeni olan fiziki şəxslərə elektron qaimə tərtib edərək xidmət göstərirəm. Fəaliyyətim olduğu aylarda sabit qəbz əldə edirəm. Bilmək istərdim ki elektron qaimə tərtib edib xidmət göstərməyim mənim vergi öhdəliyimdə hər hansı bir dəyişiklik yaradırmı?
19/12/2024 Oxunub: 239 Orta qiymət: 0

Bildiririk ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən çalğıçılıq fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. 

Buna əsasən həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək, Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. 

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən  vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyil. 

Vergi Məcəlləsinin 218.4.4-cü maddəsinə əsasən  fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər mütləq sadələşdirilmiş vergi ödəyicisi hesab edilir. 

Həmin şəxslər ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" alaraq fəaliyyət göstərirlər. 

Sorğunuza əsasən, fərdi qaydada çalğıçılıq fəaliyyəti ilə   məşğul olan şəxslər (muzdlu işçi cəlb etmədən) mütləq qaydada sadələşdirilmiş vergi ödəyicisidir. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
FATİMƏ f.***@mail.ru ID: 9791
Salam. Kirayə verilmiş yaşayış sahəsinə görə dövlət vergisi ödənilmədikdə bu zaman hansı tədbirlər görülür?
19/12/2024 Oxunub: 284 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. 

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən  Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

 

Əsas: Vergi Məcəlləsinin  13-cü, 58-ci, 59-cu, 124-ci maddələri. 

 

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Vafa Haciyeva va***@gmail.com ID: 9790
Salam. Mən 2024-ci ilin sentyabr ayında fəaliyyətə başlamışam. Hər ay müntəzəm olaraq 4 işçim olub. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən 75 faiz güzəştdən istifadə edə bilərəm?
19/12/2024 Oxunub: 263 Orta qiymət: 1

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tədbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə  hüquqi şəxsin  mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Sorğunuza cavab olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20 -ci maddələrinin tədbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir. 

 

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Bayramov Ramil Vaqif oğlu ba***@gmail.com ID: 9777
Salam. Mən işlədiyim müəssisədə yemək xərcinin əvəzi (5 manat) birbaşa işçilərə ödənilir. Ödənilmiş məbləğlər Vergi Məcəlləsinin 109.3-cü maddəsinə və Qaydaların 2.1.3-cü bəndinə əsasən gəlirdən çıxılan xərclərə aid edilir. Sual: qeyd etdiyim ödənişlər üzrə (işçilərə ödənilən 5 manat yemək xərci məbləğindən) işçilərdən gəlir vergisi tutulmalıdır ?
13/12/2024 Oxunub: 370 Orta qiymət: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Vergi Məcəlləsinin 98.2.3-ci maddəsinə əsasən  bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği muzdlu işdən gəlir hesab edilir. 

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 119.2-ci maddəsində   Nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər qeyd olunub. 

Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları Azərbaycan Republikası Nazirlər Kabinetinin 2024-cü il  22  noyabr tarixli 492 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Qaydanın 2.1-ci bənd inə əsasən  İşçilərlə bağlı yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər  norma daxilində vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Qaydaya əsasən işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə - 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində təyin olunub. Həmçinin  yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə gəlirdən çıxılan xərclərə aid edilir. 

Nəzərinizə çatdırırıq ki, norma daxilində ödənilən yemək xərcləri işçinin gəliri hesab edilmir. 

Əsas: Vergi Məcəlləsinin 98-ci, 119-cu maddələri, Azərbaycan Republikası Nazirlər Kabinetinin 2024-cü il  22  noyabr tarixli 492 nömrəli Qərarı

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Nicat Həsənli Mehti ni***@gmail.com ID: 9776
Salam.Mən Fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyət göstərirəm və sabit qəbz ödəyicisiyəm, Mən vöenli fiziki şəxslərə və hüquqi şəxslərə göstərdiyim xidmətlərə əsasən təqdim etdiyim elektron qaimələrə görə sabit qəbz ödəyicisi olmaq hüququmu itirirəm ? Ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olarsa mən ədv ödəyicisi oluram ?
13/12/2024 Oxunub: 368 Orta qiymət: 4

Bildiririk ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən foto fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. 

Buna əsasən həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək, Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. 

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən  vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyil. 

Vergi Məcəlləsinin 218.4.4-cü maddəsinə əsasən  fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər mütləq sadələşdirilmiş vergi ödəyicisi hesab edilir. 

Sorğunuza əsasən, fərdi qaydada foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində  məşğul olan şəxslər (muzdlu işçi cəlb etmədən) mütləq qaydada sadələşdirilmiş vergi ödəyicisidir. 

Bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən  sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Burada diqqət etməli olduğunuz məqam vergi tutulan əməliyyatlarının həcminin 200.000 min manatı keçməsidir.  Sabit qəbz ilə  fəaliyyət göstərən şəxslərin əldə etdikləri gəlirləri onların vergi tutulan əməliyyatları hesab edilmir. 

Sorğunuza əsasən, fərdi qaydada foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində  məşğul olan şəxslər (muzdlu işçi cəlb etmədən) ƏDV ödəyici kimi ərizə verməyə borcu deyillər. 

 

Əsas: Vergi Məcəlləsinin 155- ci ,218-ci, 220-ci maddələri. 

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Əlixan Mürvətov ba***@inbox.ru ID: 9771
Müəssisənin qanuni təmsilçisi dəyişir. Müraciət zamanı hansı sənədləri təqdim etməliyik?
12/12/2024 Oxunub: 116 Orta qiymət: 5

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır. Ərizə yeni qanuni təmsilçi tərəfindən təqdim olunmalıdır. 

Kommersiya qurumunun rəhbərinin dəyişdirilməsi ilə bağlı ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Tamerlan Hacıyev Məhəmməd oğlu te***@gmail.com ID: 9755
Salam. Şirkəti üç həmtəsisçi təsis etmişdir. 34 faiz pay sahibinə malik olan həmtəsisçilərdən biri öz payını 17/17 olmaqla digər iki həmtəsisçiyə bağışlamaq istəyir. Bu məsələnin prosedur-tənzimlənmə qaydasını izah etməklə geridönüş etməyiniz xahiş olunur. Təşəkkürlər.
02/12/2024 Oxunub: 426 Orta qiymət: 5

Bildiririk ki, Kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında” ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Kommersiya və publik hüquqi şəxsin nizamnaməsindəki məlumatlarda baş vermiş dəyişiklik faktının dövlət qeydiyyatına alınması zamanı sənədlər təqdim olunur. Sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz .

Eyni zamanda rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim edilməsi (satılması) anlamını verir. 

Belə ki, Vergi Məcəlləsinin 96.5-ci və 104.6  maddəsinə əsasən  şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Təsisçi fiziki olduqda Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz, təsisçi hüquqi şəxs olduqda isə vergi məcəlləsinin 105.1 maddəsinə uyğun olaraq 20 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Qeyd olunanlara əsasən iştirak payı xalis aktivlərin iştirak payına mütənasib dəyərindən aşağı qiymətə (əvəzsiz) təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur.

Əlavə olaraq bildiririk ki, Vergi məcəlləsində qeyd olunan vergi güzəştlərinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir və mənfəət vergisindən azaddır

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 102.1.27-ci, 104.6-cı, 106.1.19-cu  maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Hüseyn Həsənağa Hüseynli hu***@gmail.com ID: 9753
Salam. Mən ustalıq fəaliyyəti ilə əlaqədar vergi orqanında uçota alınmışam. Vergi öhdəliklərimlə bağlı necə məlumat əldə edə bilərəm ?
29/11/2024 Oxunub: 191 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.  

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü,  “Sosial sığorta haqqında”, “Tibbi sığorta"  Azərbaycan Respublikasının Qanunları.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mehdi Asadov me***@mail.ru ID: 9750
Müəssisə məhsul istehsal edib satış ücün ticarət obyektinə göndərir. Müqaviləyə əsasən ticarət obyektlərində əmtəəni çox miqdarda və tez satılması üçün 10% bonus verir . Misal olaraq vəkalət verən 10000 man mal göndərib və göndərilən mala 10000 man EQF yazılıb. Ticarət obyeti də 1000 bonus üçün EQF göndərib. Sonra qarşiliqlı razilaşmaya əsasən alıcı 9000 manat ödəyir. Bu əməliyyat ƏDV bəyənnaməsində öz əksini necə tapmalıdır ?
28/11/2024 Oxunub: 319 Orta qiymət: 5

Bildiririk ki, qanunvericiliyə əsasən malların komissiya qaydasında satışının həyata keçirilməsi zamanı satıcı ilə komitent arasında komissiya müqaviləsi bağlanılır, komitent tərəfindən malların agentə verilməsi “malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə” elektron qaimə-faktura əsasında rəsmiləşdirilir.

Nəzərinizə çatdırırıq  ki, Vergi Məcəlləsinin 172.1-ci maddəsinə əsasən  digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi vəkalət verənin həyata keçirdiyi əməliyyat sayılır.

Vergi məcəlləsinin 172.4.1-ci mad d əsinə əsasən  digər şəxs agent vasitəsilə malları təqdim etdikdə, işlər gördükdə və ya xidmətlər göstərdikdə, həmin malların (işlərin, xidmətlərin) dəyəri vergi tutulan əməliyyatların dəyəri və vergitutma bazası hesab edilir.

Sorğunuza əsasən təqdim olunan 10000 min manat  məbləğindəki mallar vəkalət verənin həyata keçirdiyi əməliyyat sayılır.

Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar (mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

Yəni ödənilən 10 faiz komisyon  haqqı olan 1000 manat məbləğ agentin gəliri hesab edilir. Həmçinin 1000 manat məbləği vəkalət verən öz xərcinə sala bilər . 

Agentin vəkalət verəndən  aldığı elektron qaimə-faktura ona ƏDV məbləğini əvəzləşdirmək hüququ vermir.

Vergi Məcəlləsinin 172.4.3-ci maddəsinə əsasən agent ƏDV üzrə vergi ödəyicisi olduqda, vəkalət verənə  göstərdiyi xidmətlərə görə elektron qaimə-faktura verir. Elektron qaimə-faktura ƏDV ödəyicisi olan vəkalət verən  tərəfindən agentə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verir.

Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. (https://www.taxes.gov.az/az/page/beyanname

Əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 172-ci maddəsi 

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əmin Fətəliyev İlyas am***@yahoo.com ID: 9747
Müraciətim işlədiyim şirkətlə bağlıdır. Şirkət Quba rayon qeydiyyatındadır. Şirkətin bütün fəaliyyəti işğaldan azad olunmuş torpaqlarda, işçilər də həmin yerlərdə qeyd olunmaqla işə götürülüb. Vergi Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan güzəşt və azadolmalardan faydalanmaq üçün qeydiyyat ünvanının işğaldan azad olunmuş torpaqlarda olmağı şərtdirmi? Bu mövzuda ətraflı məlumat verməyinizi xahiş edirəm.
27/11/2024 Oxunub: 204 Orta qiymət: 5

Bildiririk ki, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib.

Vergi məcəlləsinin muddəalarına əsasən  vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.

Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Vergi məcəlləsinin müddəalarına əsasən  işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da (Azərbaycan Respublikası ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir . Bu halda vergi ödəyicisi işğaldan azad edilmiş ərazidə göstərilən fəaliyyətlə həmin ərazilərdən kənarda göstərilən digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparır.

Əsas: Vergi Məcəlləsinin 226-cı, 227-ci maddəsi.

 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Alcanov Samir Elşad oğlu sa***@mail.ru ID: 9744
Salam. Qeyri rezidentdən xidmət məsləhət xidməti alınır. Heyvanların yetişdirilməsi , xəstəlikləri və qulluq qaydaları haqqında məlumata ehtiyac olduqda qeyri-rezidentdən bu haqda məsləhət (məlumat ) xidmtəi alırıq. Xidmətin göstərilməsi qeyri-rezidentin yerləşdiyi xarici ölkədən video danışıqlar üzərindən aparılır və buna uyğun ödəniş edilir. Bu xidmət haqqı ÖMV və ƏDV-ə cəlb edilməlidirmi və hansı əsaslarla cəlb edilir? Ümumiyyətlə qeyri-rezidentdən alınan hansı online göstərilmiş xidmət (e-mail yazışması , telefon danışığı, online hər hansı hesabatların hazırlanması və.s.) ÖMV-ə cəlb edilir?
26/11/2024 Oxunub: 364 Orta qiymət: 1

Nəzərinizə çatdırırıq ki, qeyri-rezidentin Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən   Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.

Azərbaycan mənbəyindən əldə olunan gəlirlər  dedikdə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsində qeyd olunan gəlirlər nəzərdə tutulur. 

Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması Vergi Məcəlləsinin 125.1-ci maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Azərbaycan Respublikasının rezidenti olan ƏDV ödəycisinin respublikamızın hüdudlarından kənarda göstərdiyi xidmətlər, işlər ƏDV-nin vergitutma obyekti deyil.

Lakin,   Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir.

Əlavə olaraq bildiririk ki, sorğuda qeyd olunan əməliyyatla bağlı işin faktiki halları, o cümlədən göstərilən xidmətlərin mahiyyəti və komissiya məbləğinin necə müəyyən olunması barədə məlumatlar və təsdiqedici sənədlərlə (müqavilə, ödəniş sənədləri və s.) vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 168-ci maddələri.

 

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Məhəmməd Axundzadə Elxan oğlu me***@gmail.com ID: 9720
Salam, müraciətim onunla əlaqədardır ki, bəzən ictimai iaşə obyektlərində və ya digər xidmətlərdən istifadə edərkən ödəniş olunur, lakin ƏDV tələb olunanda bildirilir ki, biz ƏDV ödəyicisi deyilik. Bu halda biz xidmət aldığımız yerin həqiqətən ƏDV ödəyicisi olub-olmadığını dəqiqləşdirə bilmirik (hər hansı QR kodlu çek təqdim edilmir). Sualım budur ki, hər bir halda xidmət göstərən bizə çek təqdim etməlidirmi? Xahiş edirəm bu mövzuda yardımçı olasınız.
16/11/2024 Oxunub: 156 Orta qiymət: 0

Bildiririk ki, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər lə bağlı nağd pul hesablaşmaları aparılan zaman alıcıya kassa çeki təqdim etməli və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etməlidir. 

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydalarına əsasən satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür. https://www.taxes.gov.az/az/page/edv-geri-al

Ədv ödəyici olmayan satıcılar tərəfindən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil. 

Link vasitəsilə vergi ödəyiciləri barədə məlumat əldə edə bilərsiniz https://www.taxes.gov.az/az/page/vergi-odeyicileri-uzre-axtaris

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bayramov Telman Nurəli te***@mail.ru ID: 9695
ƏDV ödəyicisi mikrosahibkar ola bilərmi?. Ola bilərsə hansı halda ola bilər? Öncədən təşəkkürlər!
30/10/2024 Oxunub: 232 Orta qiymət: 0

Bildiririk ki, illik gəliri 200000 min manat və 200000 manatadək olan və işçilərinin orta siyahı sayı 10 və 10 nəfərdən az olan sahibkarlıq subyekti mikro   sahibkarlıq subyekti sayılır. 

İllik gəlirə hesabat ili  (təqvim ili)  ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

Vergi məcəlləsinin 154.1-ci maddəsinə əsasən  ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs isə ƏDV-nin ödəyicisidir.

Bildiririk ki, Vergi məcəlləsinin 155.1-ci maddəsinə əsasən  Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən  ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. 

Diqqət etməli məqam ondan ibarətdir ki,  şəxslər   ardıcıl 12 aylıq dövrün vergi tutulan əməliyyatları 200000 min manatı  keçdiyi halda ədv ödəyicisi sayılırılar.  Bu təqvim ili ( yanvar ayının 1-dən başlayır və dekabr ayının 31-də bitir. ) hesab edilmir.  Həmçinin bəzi hallar var ki, şəxslər  əməliyyatlarının həcmindən  aslı olmayaraq ədv ödəyicisi sayılırlar.

Vergi Məcəlləsinin 154.6-cı maddəsinə əsasən  aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və  bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər  ƏDV-nin ödəyiciləri sayılır. Əməliyyatlarının həcmindən aslı olmayaraq bu fəaliyyət növləri mütləq ədv ödəyici hesab edilirlər. 

Qeyd olunanlara əsasən  bildiririk ki, ədv ödəyiciləri mikrosahibkarlıq subyekti ola bilərlər.                 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rauf Ibrahimov es***@gmail.com ID: 9680
Salam ! Azərbaycan Respublikasında yerləşən, bələdiyyənin mülkiyyətində olan, ölçüsü 20 ha olan kənd təyinatlı torpaq sahəsi bələdiyyə tərəfindən 2005-ci ildə bir vətəndaşın uzunmüddətli (99 illlik) icarəsinə verilmişdir. Yerli (rezident) Azərbaycan Respublikasının vətəndaşı 2007-ci ildə notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinin bağlanması yoıu ilə yuxarıda qeyd olunmuş torpaq sahəsinin üzərində olan icarə hüquqlarını əldə etmişdir, onun tərəfindən qeyd olunmuş alqı-satqı müqaviləsi Daşınmaz Əmlakın Dövlət reyestrinə təqdim olunmuşdur və həmin , icarə hüquqlarını əldə edən yerli (rezident) Azərbaycan Respublikasının vətəndaşı öz adına 2007-ci ildə müvafiq daşınmaz əmlakının çıxarışını almışdır . Həmin çıxarışda yuxarıda qeyd olunmuş torpaq sahəsinin mülkiyyətçisi müvafiq bələdiyyə, torpaq sahəsinin üzərində isə yüklülük –uzunmüddətli icarə -xeyrinə edilmiş qismində adı çəkilən vətəndaş göstərilmişdir. Beləliklə, yuxarıda qeyd olunmuş 20 ha kənd təyinatlı torpaq sahəsinin icarəçisi yerli (rezident) Azərbaycan vətəndaşıdır, həmin bu vətəndaş 2007-ci ildə bu günədək,-2024-cü ilədək, icarəyə verən olan bələdiyyəyə hər il vaxtında icarə haqqını ödəmişdir. Yuxarıda qeyd olunmuş torpaq sahəsi üzərində olan icarə hüquqlarının başqa bir yerli (rezident) Azərbaycan Respublikasının vətəndaşına satılması barədə hal-hazırda mövcüd icarəçi işgüzar danışıqlara başlamışdır. Uzunmüddətli icarə hüquqlarının satılmasına bələdiyyə etiraz etmir, satış notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinin bağlanması yolu ilə rəsmilləşdirilməsi planlaşdırılır, satış qiyməti isə 2007-ci ilin alış qiymətindən təğribən 2 (dəfə) və 100 % yüksək olması, məbləği isə 200.000 manatdan artıq olması gözlənilir. Qeyd olunmalıdır ki, hal-hazırda uzunmüddətli icarə hüquqlarını satışa çıxaranşın adına 2005-ci ildən VÖEN şəhadətnaməsi var, lakin 2006-cı ildən sonrakı illərdə sahibkarlıq fəaliyyəti ilə məşqul olmamışdır, həmin fəaliyyəti dayandırmışdır. Suallar : 1.Məlumdur ki, Vergi Məcəlləsinin 13.2.8.-ci maddəsinə əsasən, Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Torpaq sahəsinin üzərində olan uzunmüddətli icarə hüquqlarının satışına dair Vergi Məcəlləsinin 13.2.8.-ci maddəsi tətbiq olunur , yaxud yox. ? 2. Məlumdur ki, Vergi Məcəlləsinin 218.4.5.-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Torpaq sahəsinin üzərində olan uzunmüddətli icarə hüquqlarının satışına dair Vergi Məcəlləsinin 218.4.5.-ci maddəsi tətbiq olunur , yaxud yox ?
27/10/2024 Oxunub: 95 Orta qiymət: 0

Birinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir.

Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün torpaq mal sayılmır.

Eyni zamanda Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin müddəalarına əsasən torpağa mülkiyyət hüququnun başqasına verilməsi ilə yanaşı, torpaqdan istifadə hüququnun başqasına verilməsi və torpağın icarəyə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) anlayışında istisna edilməklə ƏDV-yə cəlb olunan əməliyyat hesab edilmir.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, vergi orqanlarında uçotda olan fiziki şəxs tərəfindən uzun müddətli müqavilə üzrə torpaqdan istifadə hüququnun başqasına verilməsi ƏDV-yə cəlb edilən əməliyyat hesab edilmir.

İkinci suala cavab olaraq bildiririk ki, Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinin tətbiqi ilə bağlı bildiririk ki, sözügedən maddə fiziki şəxslər tərəfindən mülkiyyətində olan torpaq sahələri üzrə mülkiyyət hüququnun başqasına təqdim edilməsi halında tətbiq edilir. Müraciətdə göstərilən halda torpaq sahəsi üzrə istifadə hüququnun uzun müddətli müqavilə əsasında təqdim edilməsi həyata keçirildiyindən həmin şəxslərə Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinin müddəaları şamil olunmur.

Əlavə olaraq bildiririk ki, vergi orqanlarında uçota alınmış fiziki şəxs tərəfindən torpaq üzərində istifadə hüququnun təqdim edilməsindən əldə olunan gəlirlər Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada gəlir vergisinə cəlb edilir.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver: