Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 2/53
Qiymət ver:

Bildiririk ki, 1 yanvar 2024-cü il tarixindən etibarən vergi ödəyicilərinin e-taxes.gov.az portalındakı şəxsi elektron kabinetlərindən istifadəsi yalnız gücləndirilmiş elektron imza ilə mümkündür. Vergi ödəyiciləri əməliyyatlar üçün gücləndirilmiş elektron imza əldə etməlidir.

“ASAN imza” sertifikatı almaq üçün vergi ödəyiciləri istənilən mobil şəbəkə operatorundan aldığı biznes tipli “ASAN İmza” mobil SİM kartı və şəxsiyyəti təsdiq edən sənədlə birgə KOB evlərinə də müraciət edə bilərsiniz.

"ASAN İmza” mobil SİM kartını KOB evlərində xidmət göstərən mobil operatorlara müraciət etməklə də əldə etmək olar.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlakvergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2017-ci il tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsinin 4.4-cü bəndinə əsasən Agentlik açıq məkanda reklam yerləşdirməyə icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu, Nizamnamənin 4.4-1-ci bəndinə əsasən açıq məkanda reklam yayımına görə müvafiq məbləğdə haqq tutur.

Vergi Məcəlləsinin 164.1.6-cı maddəsinə əsasən tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar, xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə) və onların tutulması müqabilində göstərdiyi xidmətlər ƏDV-dən azaddır.

Göründüyü kimi, reklam yayımına görə reklam yayıcılarından tutulan haqlar ƏDV-dən azad deyildir.

Qeyd olunanlara əsasən Agentliyin tutduğu dövlət rüsumu istisna olmaqla, Agentliyin açıq məkandan reklam yayımına görə reklam yayıcılarından tutduğu haqlar ümumi qaydada ƏDV-yə cəlb edilir və Agentlik tərəfindən həmin haqq məbləğində reklam yayıcısına elektron qaimə-faktura təqdim olunur.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 164-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul 1566 nömrəli Fərmanı.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, malların əvəzsiz olaraq digər şəxsə hədiyyə verilməsi Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi hesab edilir. 
Eyni zamanda, Vergi Məcəlləsinin 142.1-ci maddəsinin müddəalarına əsasən aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir. 
Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir.
Qeyd olunanlara əsasən Cəmiyyət tərəfindən hədiyyə olaraq əvəzsiz qaydada təqdim edilən mallar bazar qiyməti əsas götürülməklə Cəmiyyətin vergitutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.
Bununla yanaşı, Vergi Məcəlləsinin 159.4-cü maddəsinin müddəalarına əsasən vergi ödəyicisinin əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi ƏDV tutulan əməliyyat sayılır.
Sorğuda göstərilən halda, malları əvəzsiz qaydada əldə edən ƏDV qeydiyyatında olan vergi ödəyicisi həmin malların elektron qaimə-faktura əsasında əvəzsiz olaraq aldığı bazar dəyəri ilə (ƏDV daxil) vergi uçotunda əks etdirməklə mənfəət vergisinə cəlb edir və əvəzsiz qaydada əldə olunan həmin malların dəyəri sonradan təqdim edildiyi halda Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılır.
Belə ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər satışdankənar gəlirlərə aid edilir. 
 Əsas: Vergi Məcəlləsinin 13-cü, 108-ci, 142-ci və 159-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, elektron qaimə-fakturanın tərtibi və tətbiqi ilə bağlı qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə tənzimlənir.

Həmin Qaydaların 2.3-cü bəndində elektron qaimə-fakturada əks etdirilməli məlumatlar öz əksini tapmışdır və malın (işin, xidmətin) vahidinin satış qiyməti və cəmi dəyəri (manatla, ƏDV və yol vergisi istisna olmaqla) elektron qaimə-fakturada əks etdirilir.

Buna əsasən alınmış avans ödənişlər üzrə mallar, işlər və xidmətlər təqdim edildikdə tərtib olunan “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturada malların, işlərin və xidmətlərin tam dəyəri əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, bazar qiymətinin tətbiq olunduğu hallar Vergi Məcəlləsinin 14.3-cü maddəsində qeyd olunmuşdur. Həmin hallardan biri təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi haldır. Vergitutma məqsədləri üçün, qarşılıqlı surətdə asılı olan şəxslər Vergi Məcəlləsinin 18.2-ci maddəsində qeyd olunmuşdur. Şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətində olduqları halda, həmin şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunur.

Eyni zamanda qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bununla yanaşı, bağışlanmış borcun məbləği vergi ödəyicisinin qeyri-sahibkarlıqdan əldə etdiyi gəlir hesab olunur və vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 99.3.5-ci və 123.1-ci maddələri.

Ümumi qiymət: 4/56
Qiymət ver:

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Məlumat üçün bildiririk ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisinin fəaliyyyət növü haqda məlumat vergi sirri hesab edilir və “Sual-cavab” bölməsində kommersiya (vergi) sirri təşkil edən məlumatlar verilmir.

Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin vergi uçotundan çıxarılıb-çıxarılmaması, vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvan haqqında məlumat səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət orqanlarına (qurumlarına) verilə bilər. 

Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə) haqqında məlumat hesabların açılması məqsədilə bank əməliyyatı aparan şəxslərə verilə bilər.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) olduğu təqdirdə, həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Belə ki, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunan təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınması qanunvericiliyin tələbidir.

Vergi ödəyicisi tərəfindən təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınmamasının vergi ödəyicisinin gəlir vergisindən azadolma hüququnu məhdudlaşdırması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Bununla belə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə Vergi Məcəlləsində nəzərdə tutulmuş müvafiq azadolmalardan yararlanmaq üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədləri), habelə kənd təsərrüfatı məhsullarının ailə kəndli təsərrüfatından istehsal edildiyi halda bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti və digər zəruri sənədlər mövcud olmalıdır.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 58.15-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü və 58-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Qeyd olunanlara əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə olunmaqla müddət məhdudiyyəti qoyulmadan gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ilə əlaqədar yerinə yetirilməli olan proseduralarla bağlı ətraflı məlumat əldə etmək üçün qeyd olunan linkə daxil ola bilərsiniz https://www.youtube.com/watch?v=HCXDfORFvnk

Müraciətiniz barədə ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Salam. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;

Əlavə olaraq gəlir vergisindən azadolmalar və güzəştlər üçün Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan meyarlardan yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri

Ümumi qiymət: 0/50
Qiymət ver:

Fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin müraciəti əsasında 2 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Xidmət mərkəzində şəhadətnamənin yeni nüsxəsi ilə bağlı müraciətlər emal olunduqda, yeni nüsxə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. Bu zaman verilən nüsxənin üzərində fiziki şəxsin uçotu haqqında şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. 

Fiziki şəxsin uçotu haqqında şəhadətnamənin itirilməsinə görə hər hansı cərimə və ya ödəniş nəzərdə tutulmamışdır. 

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, bu haqda ətraflı məlumat almaq üçün Çağrı Mərkəzinə (195-1), xidmət mərkəzlərinə və ya Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsində "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsinə müraciət etməyiniz tövsiyə olunur.

Rəsmi qaydada müraciət üçün link: "Dövlət Vergi Xidmətinə müraciət"

Ümumi qiymət: 1/51
Qiymət ver:

Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.

Məlumat üçün bildiririk ki, şəxsiyyət vəsiqənizin FİN kodunu və ya seriya və nömrəsini daxil etməklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqda məlumatı əldə edə bilərsiniz. Xidmətdən istifadə üçün bu linkdən istifadə edə bilərsiniz. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Müraciətinizdə qeyd olunanlara əsasən, fiziki şəxs tərəfindən göstərilən xidmətin alıcısı əhali deyil, vergi ödəyicisi kimi uçotda olan şəxslər  olduğu üçün müəssisənin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur. Qeyd olunan fəaliyyət mənfəət vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Bildiririk ki, mikro sahibkarlıq subyekti dedikdə dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur. 

Vergi Məcəlləsinin 106.1.20 maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinə güzəşt tətbiq olunur. 

Əsas: Vergi Məcəlləsinin 104-cü, 106-cı, 218.5.10-cu və 218.6.2-ci maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver: