Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Əhmədov Valeh Əmirxan oğlu mr***@gmail.com ID: 10305
Salam. Əgər fiziki şəxs olaraq VÖEN yoxdursa xaricdən sifariş ilə avtomobil gətirərkən qısa idxal bəyannaməsi (QİB) verilməlidirmi? Öncədən təşəkkürlər.
24/08/2025 Oxunub: 218 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində edilmiş 28 dekabr 2018- ci il tarixli dəyişikliyə əsasən malların gömrük ərazisinə gətirilməzdən əvvəl fiziki şəxslər (kommersiya məqsədləri ilə malları ölkəyə idxal edən fərdi sahibkarlar) tərəfindən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir. Bu qayda fiziki şəxslər tərəfindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan (qeyri-kommersiya) mallarının gömrük sərhədindən keçirilməsi hallarına şamil edilməyəcək.

Sualınıza bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə müraciət edin: https://customs.gov.az  ( Çağrı Mərkəzi (195-6) )

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Müzəffər Quluzadə Nizami oğlu mu***@gmail.com ID: 10297
Salam. 2025-ci ilin yanvar ayında sahibkar olaraq fəaliyyətim olub və işçilərimə əmək haqqı hesablamışam. Fevral ayında fəaliyyətim olmadığı üçün işçilərimə əmək haqqı hesablamamışam və işçilərimin hər birinin əmək müqaviləsinə fevral ayında xitam vermişəm. Sahibkar olaraq da mart ayında fəaliyyətimi dayandırmışam. Bilmək istəyirəm ki, VM-nin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə sahibkarlıq fəaliyyətindən əldə etdiyim gəlirimin 75 faizini gəlir vergisi bəyannaməsində güzəşt kimi göstərə bilərəmmi?
19/08/2025 Oxunub: 267 Orta qiymət: 5

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 106.1.20-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə  hüquqi şəxsin  mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Sorğunuza cavab olaraq bildiririk ki, vergi ödəyicisi fəaliyyətini dayandırdığı halda Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20 -ci maddələrinin tədbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir.  Mart ayında işçiniz olmadığı üçün orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olacaq və sizin  güzəştdən istifadə etmək hüququz olmayacaq. 

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Şahhüseyn Hüseynov sh***@gmail.com ID: 10282
Sual1: Vergi Məcəlləsinin 108.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərcləri təsdiqedici sənədlər əsasında gəlirdən çıxılan xərclərə aid edilir. Həmin maddədə ezamiyyə xərclərinin mütləq nağdsız şəkildə ödənilməli olduğu barədə birbaşa tələb və ya məhdudiyyət nəzərdə tutulurmu? Xahiş edirik, bu maddənin tətbiqi baxımından "nağd" və "nağdsız" ödənişin hüquqi nəticələrinin fərqləndirilib-fərqləndirilmədiyini açıq şəkildə izah edəsiniz. Sual2: Ezamiyyə bölgəsi (Zəngilan və Ağdam) bankomat və nağdsız ticarət infrastrukturu olmayan ərazi olduğu halda, işçilərin gündəlik və yaşayış xərclərinin nağd formada ödənilməsi Vergi Məcəlləsinin 108.4-cü maddəsinə əsasən gəlirdən çıxılmasına maneədirmi? Xahiş edirik, Vergi Məcəlləsində infrastruktur olmayan bölgələr üçün istisna və ya tətbiq qaydası barədə izah verəsiniz. Sual3: Ezamiyyə xərclərinin faktiki ödənilməsini təsdiqləyən kassa məxaric orderləri və işçi adlarına yazılmış ödəniş qəbzləri olduqda, lakin mehmanxana, yemək, yol bileti və s. üzrə ətraflı qəbzlər və ya fiskal sənədlər təqdim olunmadıqda, bu halda Vergi Məcəlləsinin 108.4-cü maddəsinə əsasən ezamiyyə xərclərinin 50 faizi gəlirdən çıxılmalıdırmı? Sualımız təcrübi vergi tətbiqi və ezamiyyə xərclərinin uçotu ilə bağlı olub, gələcək hesabatlarımızda düzgün tətbiqi təmin etmək məqsədi daşıyır. Xahiş edirik, göstərilən suallara aydın, maddə-maddə və hüquqi əsaslarla cavab verəsiniz.
08/08/2025 Oxunub: 205 Orta qiymət: 5

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4.4-cü maddəsinə əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçirilir. Belə ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər (işəgötürən) tərəfindən ödənilən ezamiyyə haqları yalnız nağdsız qaydada həyata keçirilir. Bu zaman işçilər tərəfindən həmin ezamiyyə məbləğinin bank hesabından nağd qaydada çıxarılması və nağd qaydada xərclənməsi qanunvericiliklə məhdudlaşdırılmır. Buna əsasən yuxarıda qeyd olunan istisna hal nəzərə alınmaqla vergi ödəyicisi tərəfindən işçilərə ezamiyyə haqları nağdsız qaydada ödənilir və işçilər nağd qaydada xərcləməsi üçün həmin ezamiyyə məbləğlərini nağdlaşdıra bilər.

Bununla yanaşı, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) rəsmiləşdirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilmiş norma daxilində ödənilmiş ezamiyyə xərclərinin məbləğləri vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır. Azərbaycan Respublikası ərazisində ezamiyyələr üzrə gündəlik xərclərin gəlirdən çıxılması zamanı həmin xərclərə dair təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmur.

Belə ki, Vergi Məcəlləsinin 108.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır. Əlavə olaraq bildiririk ki, işğaldan azad edilmiş ərazilərə ezamiyyəyə göndərilən şəxslərin həmin ərazilərə buraxılış qeydiyyatının olub-olmaması və işçilərin faktiki olaraq ezam edilməklə hər hansı işlərə cəlb edilib-edilməməsi ilə bağlı məsələlər vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı təsdiqedici sənədlər (ezamiyyə əmri, ödəniş sənədləri, kassa məxaric orderi, avans hesabatı və digər sənədlər) əsasında araşdırılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kanan Mammadov Məmməd ka***@mail.ru ID: 10281
Salam. Müəssisədə nisiyə mal satışı halları olur. Bu zaman müqavilə tərtib olunan zaman müştəriyə müqavilənin bir nüxsəsiylə bərabər müqavilədi əks olunan qiymətə nisyə satış çeki də təqdim edir. Müştəri bütün ödənişləri ya birbaşa nağd şəkildə müəssisənin bank hesabına keçirir, ya da terminalla həyata keçirir, bu qanunveriçiliklə nağdsız hesab edilən ödənişlərə görə NKA çeki verilməsi tələbi varmi, və ya müəssisə NKA aparatına istənilən halda ödənişi daxil etməlidi müştərinin tələbindən asılı olmayaraq, varsa nə vaxt vurulmalıdı? Misal üçün müştəri qeyri iş saatı və ya qeyri-iş günü terminal vasitəsiylə ödəniş edib, növbəti iş günü bank cıxarışı əsasında NKA bu ödənişlərin qeyd oluna bilərmi bele tələb varsa, qəbzin tarixiylə bank hesabına məbləğin tarixi fərqli olduğu təqdirdə müəssisəyə hər hansı bir maliyə sanksiyası və ya cərimə nəzərdə tutlub qanunvericilikdə? ƏDV hesabıtında dövr ərzində daxil olmuş vəsaiti bank cıxarışları əsasında edilsə və bu məbləğ NKA aparatından cıxan Z hesabatından fərqlənsə (məsələn ayın sonu günü iş vaxtı tamamlanandan sonrakı vaxtda alıçı tərəfindən terminal vasitəsiylə ödəniş olunarkən və bu məbləğ növbəti gün NKA çek vurularkən), vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qəbul edilib hər hansı bir cərimə, maliya sanksiyası tətbiq oluna bilərmi?
07/08/2025 Oxunub: 159 Orta qiymət: 5

Sualınıza cavab olaraq  bildiririk ki, dəyəri POS-terminal vasitəsilə ödənilən mallara görə alıcıya POS-terminal çıxarışı ilə yanaşı, Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd olunan məlumatları özündə əks etdirən nəzarət-kassa aparatı çeki də verilməlidir. Malların nisyə qaydada pərakəndə satışı zamanı alıcı tərəfindən ödəniş terminalı vasitəsilə və ya satıcının bank hesabına ödəniş edildikdə, satıcı tərəfindən müvafiq ödəniş sənədləri əsasında alıcıya Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd olunan məlumatları özündə əks etdirən nəzarət-kassa aparatı çeki verilməlidir. Qeyd olunan hallarda hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Belə ki, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin müddəalarına əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifəsidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. Bununla yanaşı, nəzarət-kassa aparatının çekinin tarixi ilə nağdsız ödəniş sənədlərinin tarixinin eyni olmamasına görə vergi orqanı tərəfindən maliyyə sanksiyasının tətbiq edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Aparılan əməliyyat üzrə ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxtın müəyyən edilməsi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 166.1.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarət-kassa aparatı çekinin vurulduğu tarix ƏDV tutulan əməliyyatın vaxtı hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 50-ci və 166-cı maddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Əliyev Ümid Nayim al***@gmail.com ID: 10277
Hörmətli Dövlət Vergi Xidmətinin əməkdaşları, Vergitutma məqsədləri üçün faizlə verilən borca münasibətdə vergilərin yenidən hesablanması ilə bağlı sizə sual ünvanlamaq istərdik. 2025-ci ildə Azərbaycan Respublikasının rezidenti olan A (bundan sonra – Müəssisə) tərəfindən onun qeyri-rezident törəmə müəssisəsi olan B-yə borc müqaviləsi əsasında 1.000.000 ABŞ Dolları illik 6% faizin geri qaytarılması şərti ilə vəsait verilmişdir (məbləğ şərti olaraq qeyd edilmişdir). Bildirmək istəyirik ki, borcverən A müəssisəsi törəmə müəssisəsinə borc vermək üçün, öz növbəsində həmin vəsaiti 6% dərəcə ilə yerli Bankdan kredit götürmüşdür. Görünən odur ki, A müəssisəsinin bu əməliyyatdan heç bir gəliri nəzərdə tutulmamışdır, yalnız faizlə kredit götürüb həmin məbləği eyni faiz dərəcəsi ilə öz törəmə müəssisəsinə ötürmüşdür. Mənfəət vergisi məqsədləri üçün A müəssisəsi B müəssisəsində aldığı faizləri vergi tutulan gəlirə, Banka ödədiyi faizləri isə gəlirdən çıxılan xərclərə aid etmişdir. Nəticədə müəssisənin bu əməliyyatdan mənfəəti və ya zərəri yaranmamışdır. Bildiyiniz kimi, Mülki Məcəlləyə edilmiş və 2023-cü ilin oktyabrın 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən bu Məcəllənin 37-ci fəslinin yeni redaksiyasında “Borc müqaviləsi” və “Kredit müqaviləsi” ayrı-ayrı paraqraflarda əks etdirilmişdir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Kredit müqaviləsinə dair müddəalar isə Mülki Məcəllənin 743-745-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, borc verən Müəssisə kreditlərin verilməsi fəaliyyətinin həyata keçirmədiyi üçün faizlə şərtləndirilən borclara münasibətdə transfer qiyməti nəzərə alınmaqla vergilərin yenidən hesablanması həyata keçirilməməlidir. Həmçinin onu qeyd edək ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrində Azərbaycan Respublikasının rezidentləri arasında və yaxud rezident və qeyri-rezident arasında olan borc münasibətlərini şərtləndirmir. Buna əsasən hesab edirik ki, qarşılıqlı sürətdə asılı olan şəxsə borc verilərkən borcverən şəxsin müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi qədər gəlir almaq hüququnun olmasına görə, Vergi Məcəlləsinin gəlirin tanınması ilə bağlı olan 135-ci maddəsinin tələbləri yerinə yetirilmir. Belə ki, Vergi Məcəlləsinin 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Müəssisə tərəfindən verilmiş faizsiz borca münasibətdə 2023-cü il oktyabrın 1-i tarixindən etibarən vergilərin hesablanması ilə bağlı öz mövqeyinizi bildirməyinizi xahiş edirik. Eyni zamanda Vergi Məcəlləsinin 14-1.2.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergilərin transfer qiyməti əsasında hesablanması həyata keçirə bilərmi? Öncədən təşəkkür edirik.
06/08/2025 Oxunub: 227 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa)arasındakı fərq mənfəətdir. Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin
hesablanması həyata keçirilə bilər. Bununla yanaşı, Vergi Məcəlləsinin 14-1.2.1-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında həyata keçirilən əməliyyatlardan vergilər transfer qiyməti əsas götürülməklə hesablana bilər. 
Qeyd olunanlara əsasən rezident şəxs tərəfindən öz törəmə müəssisəsi olan qeyri-rezident şəxsə faizlə şərtləndirilərək verilən borca münasibətdə əldə edilən faiz gəlirləri bazar qiyməti (transfer qiymətinin tətbiqinə əsas olduqda transfer qiyməti) nəzərə alınmaqla rezident vergi ödəyicisinin vergitutulan gəlirlərinə aid edilir.  Bu zaman qeyri-rezident törəmə müəssisəyə borc vermək üçün yerli bankdan götürülmüş kredit üzrə rezident vergi ödəyicisi tərəfindən ödənilən faizlər Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən rezident şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir. 
Sorğuda qeyd olunan əməliyyat üzrə rezident şəxslə öz törəmə müəssisəsi olan qeyrirezident şəxs arasında faizlə şərtləndirilən borclara münasibətdə transfer qiymətinin tətbiqi ilə bağlı aidiyyəti üzrə Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəyi alınmalıdır. 

Vergi Məcəllləsinin 135-ci maddəsinin tətbiqi ilə bağlı bildiririk ki, vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə əldə edilən faiz gəlirləri üzrə gəlirin əldə edilməsi vaxtı Vergi Məcəlləsinin 135.3-cü maddəsi ilə müəyyən olunur. Belə ki, həmin maddənin müddəalarına əsasən vergi ödəyicisinin faiz gəliri borc öhdəlikləri üzrə ödəmənin müddətininqurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. 
Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən halda vergi öhdəliyinin dəqiq müəyyən edilməsi baxımından aparılan əməliyyatların xarakteri tam açıqlanmaqla müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur. 
Əsas: Vergi Məcəlləsinin 14-cü, 14-1-ci, 104-cü, 108-ci və 135-ci maddələri

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İmanov Samir Natiq sa***@gmail.com ID: 10275
Vergi məcəlləsinin 102.1.8 maddəsində qeyd edilir ki, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə qeyri-dövlət sektoruna aid edilən işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları gəlir vergisindən azaddır. Qeyd edilən qeyri-dövlət sektoruna aid edilən işəgötürən sözləri yalnız pensiya sığortasına aiddir yoxsa həm yığım həm də pensiya sığortasını əhatə edir? Dövlət sektorunda çalışan həyatın yığım sığortasına qoşulan şəxsin də əməkhaqqından eyni qayda güzəşt tətbiq edilirmi?
04/08/2025 Oxunub: 120 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən  3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə qeyri-dövlət sektoruna aid edilən işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır. 

Sorğunuza cavab olaraq bildiririk ki,  həyatın yığım sığortası və həmçinin pensiya sığortası üzrə azadolma yalnız qeyri-dövlət sektoruna aid edilən işəgötürənlərə şamil edilir. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Şirinov Vüqar İsa oğlu v.***@mail.ru ID: 10274
Vətəndaşın VÖEN- nin olub-olmaması barədə məlumatı necə öyrənmək olar?
04/08/2025 Oxunub: 60 Orta qiymət: 0

“Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidmətindən  istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz.  https://new.e-taxes.gov.az/etaxes/taxpayer-info

Nəzərinizə çatdırırıq ki, "Ada" görə axtarış zamanı adınızda hərf səhvi olmamalıdır. Adınızın hər bir hərfi böyük hərflərlə yazılmalıdır. Hər ad özünə uyğun bölmədə yazılmalıdır. 
Məsələn; " ƏLİ - ƏLİYEV - ƏKBƏR "

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İmanov Heydər Mütalib im***@mail.ru ID: 10272
Salam! Birinci sualım işçilərə bayram və ad günlərində verilən birdəfəlik xarakterli ödəmələr "Sosial Sığorta Haqqları"-na cəlb olunurmu və ya əmək haqqının tərkib hissəsi sayılırmı? İkinci sualım qeyri-rezidendə ödənilən xidmət haqqlarından hansı formada 10% ÖMV hesablanır? Misal üçün 1000 dollar ödəməliyiksə 1000 dolların manat ekvivalentində tutulmalıdır yoxsa 1111,11 doların?
02/08/2025 Oxunub: 153 Orta qiymət: 0

Bildiririk ki, mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.  Sosial xarakter daşıyan birdəfəlik verilən mükafatlar əmək haqqının tərkib hissəsi hesab olunmur. 

Nərənizə çatdırıırıq ki, Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 

Birinci suala cavab olaraq bildiririk ki, alınan işçiyə verilən mükafat gəlir vergisinə və sosial sığorta haqlarına cəlb ediləcək. 

İkinci suala cavab olaraq bildiririk ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur. 

Bildiririk ki, müqavilənin şərtlərinə əsasən, qeyri-rezidentə ödəniləcək məbləğ Gross (ümumi) və ya Net (xalis) ola bilər. 

Net məbləğ 1000 dollar təşkil edirsə bu zaman  ÖMV qross məbləğdən 1111.11 dollar məbləğindən  hesablanacaq .

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Veronika İsayeva Yuryevna ve***@hotmail.com ID: 10270
Salam, Mən dizayner fəaliyyətinə başlamaq istəyirəm. Öyrənmək istərdim ki, VÖEN açdığım tədqirdə fəaliyyətimlə bağlı hansı vergi ödənişlərini həyata keçirməli olacam. Öncədən öz təşəkkürümü bildirirəm.
01/08/2025 Oxunub: 115 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rahim MUradov Cəfər mu***@bk.ru ID: 10269
Yüklülük haqqında arayışı və borcun olub olmaması haqqında arayışı necə ala bilərəm?
01/08/2025 Oxunub: 159 Orta qiymət: 2

Bildiririk ki, təsis paylarının yüklü olub-olmaması barədə arayışın və vergi ödəyicisinin vergi borcu barədə arayışın verilməsi üçün gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda, onlardan istifadə etməklə İnternet Vergi İdarəsindən elektron qaydada, poçt vasitəsi ilə və ya kommersiya hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzlərinə kağız daşıyıcısında sərbəst formada ərizə ilə müraciət edə bilərsiniz. 

Arayış elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Təsis paylarının yüklü olub-olmaması barədə arayış 15 gün müddətində, vergi ödəyicisinin vergi borcu barədə arayış isə 5 iş günü ərzində təqdim olunur.

2/5 (1 Orta qiymət)
Qiymət ver:
Ceyhun Məmmədov mj***@hotmail.com ID: 10263
Salam, hər vaxtınız xeyir, Fiziki şəxslərin bank depozitlərinə hesablanan faizlərə tətbiq edilən vergi ilə bağlı sual vermək istərdim. Vergi Məcəlləsinin 102.1.22-4. maddəsinə əsasən, yerli bank tərəfindən fiziki şəxslərin milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi vergidən azaddır. Bununla bağlı aşağıdakı suala cavab verməyinizi xahiş edirəm. Milli valyutada depozit məbləği yerli bankda 1 il müddətinə yerləşdirilib, və müqavilənin şərtlərinə əsasən 1 il başa çatdıqdan sonra tərəflər müqaviləni dayandırmırsa, depozitin müddəti avtomatik olaraq daha 1 il uzadılıb. Yəni mahiyyət etibarilə depozit 18 aydan artıq müddətə yerləşdirilib və həmin məbləğ 18 aydan tez ödənilməyib. Müqavilənin şərtlərinə görə faiz gəlirləri illik ödənilir. Bu halda: - 1-ci il başa çatdıqda ödənilən faiz məbləğindən vergi tutulurmu? - 2-ci il başa çatdıqdan sonra, yəni ikinci dəfə ödənilən faiz gəlirlərinə vergi tətbiq olunurmu? - 1-ci il başa çatdıqda ödənilən faiz məbləğinə vergi tətbiq olunmuşsa, depozitin müddəti 18 ayı keçdikdən sonra həmin vergi məbləği geri qaytarılırmı? Cavabınıza görə öncədən təşəkkür edirəm.
30/07/2025 Oxunub: 226 Orta qiymət: 4

Vergi Məcəlləsinin 102.1.22-3-cü maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Bank əmanətləri ilə bağlı Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.22-4-ci maddəyə əsasən isə yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmadan ödənildikdə, hesablanmış faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.

Misal üçün vergi ödəyicisi 40.000 manat məbləğində vəsaiti illik 10 faiz olmaqla 1 il müddətinə banka depozit kimi yerləşdirib. Bu zaman həmin vəsait üzrə hesablanan aylıq gəlirin 200 manatlıq hissəsi gəlir vergisindən azaddır. Vətəndaş həmin depoziti 1 ilin sonunda əldə edərsə, bu zaman hesablanmış faiz 4.000 manat təşkil edəcək. Güzəşt məbləği aylıq 200 manat olduğu üçün illik məbləğ 2.400 manat olacaq. Bu zaman bank vətəndaşa ödənən faizin 1.600 (4.000-2.400=1.600) manat hissəsindən ödəmə mənbəyində vergi hesablayacaq. (Sadalanan məbləğlər praktiki deyil, nəzəri xarakter daşıyır.)

Misal üçün vətəndaş banka 2 il müddətinə 40.000 manat məbləğində illik 10 faiz olmaqla vəsait yerləşdirib. Həmin vəsait müqavilə müddəti başa çatdıqdan sonra əldə edilərsə, o zaman hesablanan tam faiz üzrə gəlir vergisi tətbiq edilməyəcək. (Sadalanan məbləğlər praktiki deyil, nəzəri xarakter daşıyır.)

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, sualınızla bağlı ətraflı məlumat almaq üçün Çağrı Mərkəzinə (195-1),  xidmət mərkəzlərinə və ya Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsində "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsinə müraciət etməyiniz tövsiyə olunur.

 

4/5 (5 Orta qiymət)
Qiymət ver:
Rəsulova Ülkər Cavid ul***@gmail.com ID: 10259
Salam. Valideynin evin tək, 1-ci qrup əlilliyi uşağı (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına) varsa, bu zaman əməkhaqqından tutulan vergiyə güzəşt tətbiq olunurmu? Əgər olunursa, bunun üçün hansı sənədləri təqdim etməliyəm?
28/07/2025 Oxunub: 221 Orta qiymət: 5

Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun əməkhaqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədləri təqdim etdiyi halda tətbiq olunur:

  • Himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;
  • Ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yeri üzrə işəgötürənin arayışı;
  • Uşağın doğum haqqında şəhadətnamənin surəti;
  • Birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • Övladlığa götürmə barədə məhkəmə qərarının surəti.

 

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Sənan Məmmədov sa***@outlook.com ID: 10247
Xarici ticarət platformalarından sifariş zamanı 18% komissiya tutulur. Banka müraciətimdə cavab olaraq "VM 168.1.5-ci maddəsinə əsasən elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən xidmətlərin təqdim edilməsi zamanı, həmin xidmətlərin göstərildiyi yer, xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer sayılır. Həmçinin, Məcəllənin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən həmin maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir." yazılıb. Bilmək istəyirdim ki, alınan mallar - istehsal, yaxud kommerasiya məqdəsli üçün nəzərdə tutulmayıbsa, 18% vergi tutulmalıdırmı?
23/07/2025 Oxunub: 267 Orta qiymət: 4

Bildiririk ki, xidmət (iş) malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. Mal hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və sudur. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

 

 

4/5 (5 Orta qiymət)
Qiymət ver:
İbrahim İsmayıllı Səməd ii***@gmail.com ID: 10234
Salam. Hörmətli Dövlət Vergi Xidməti, Xahiş edirəm, mənə dəqiq məlumat verəsiniz: Əgər mən Azərbaycan ərazisində olduğum zaman, xarici (məsələn, Dubayda yerləşən) bir vebsaytdan onlayn şəkildə xidmət (məsələn, muzey bileti) alıram, bu əməliyyat üzrə 18% ƏDV tutulur — bu mənə məlumdur. Əgər eyni əməliyyatı (məsələn, eyni vebsaytdan muzey bileti alışı) mən Dubayda olduğum zaman həyata keçirsəm, həmin əməliyyata görə Azərbaycan tərəfindən 18% ƏDV tutulacaqmı, yoxsa tutulmayacaq?
17/07/2025 Oxunub: 298 Orta qiymət: 5

ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 168-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə ƏDV məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. Bu maddədə “digər analoji xidmətlərin göstərilməsi” dedikdə bu maddədə sadalanan xidmətlərə oxşarlıq (uyğunluq) təşkil edən xidmətlər nəzərdə tutulur. 

Siz Dubayda olduğunuz zaman həmin ölkədə fəaliyyət göstərən muzey tərəfindən faktiki olaraq orada göstərilən bir xidmətə görə ödəniş etmisinizsə, bu zaman xidmətin göstərildiyi yer Azərbaycan ərazisi sayılmır. 

Fiziki şəxslərin ödəmələrindən ƏDV-nin tutulması Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq elektron ticarət qaydasında alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

5/5 (8 Orta qiymət)
Qiymət ver:
Mehman Ağayev me***@gmail.com ID: 10232
Salam. Bizim müəssisə kənd təsərrüfatı məhsullarının (meyvə, tərəvəz) topdan satışı ilə məşğul olur. Bu məhsulları, Vergi Məcəlləsinin tələblərinə əsasən rəsmiləşdirməklə, kənd təsərrüfatı məhsullarının istehsalçılarından alıb, topdan satırıq. VM-nin 155.1 maddəsinə əsasən ƏDV qeydiyyatına dayanma öhdəlimiz nə zaman yaranır - ümumi dövriyyə (təqdim edilmiş malların tam dəyəri) 200000 manatı keçdikdə, yoxsa ticarət əlavəsi 200000 manatı keçdikdə?
17/07/2025 Oxunub: 324 Orta qiymət: 4

Sorğunuza cavab olaraq bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən  Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən  ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Bu maddənin məqsədləri üçün vergi tutulan əməliyyatların həcmi dedikdə  ümumi dövriyə nəzərdə tutulur.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci , 159-cu maddələri

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Rövşən Mehdiyev Mehdi oğlu me***@mail.ru ID: 10231
Salam, Hörmətli vergi orqanı, sualım ezamiyyə və digər işgüzar xərclər ilə bağlıdır. Qeyd etmək istərdim ki, A MMC-nin işçisi ölkədaxilində rayona ezamiyyətə göndərilir, bu zaman işçi şəhərlərarası taksidən və ya şəxsi minik avtomabilindən istifadə edir. Bu halda şəhərlərarası taksi xidmətindən istifadə etdikdə təsdiqedici sənəd təqdim edə bilmir. Lakin şəxsi minik avtomabilindən istifadə etdikdə yanacaq ilə bağlı təsdiqedici çeklər təqdim olunur. Bu zaman hər iki halda işçinin ezamiyyə xərcindən artıq olan yanacaq xərci və şəhərlərarası taksi xərcləri ödənilən zaman işçinin muzdlu işdən gəlirinə aid edib etməməyimizi və gəlir vergisinə cəlb edib etməməyimizi və məcburi sosial sığorta haqlarının hesablanıb hesablanmayacağını misal üzərindən izah etməyinizi xahiş edirəm. Əlavə olaraq qeyd etmək istərdim ki, əgər işçi şəhərlərarası taksi xidmətindən istifadə ilə bağlı çek təqdim olunsada eyni prosesi izah eləməyinizi xahiş edirəm.
16/07/2025 Oxunub: 234 Orta qiymət: 0

Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98.3-cü, 102.1.14.2-ci, 109.7-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəcmin Cəbiyev ne***@gmail.com ID: 10229
Salam. 2025-ci il 2-ci rübü üzrə vahid hesabatın necə verilməli olduğunu bilmirəm. Necə köməklik göstərə bilərsiniz?
15/07/2025 Oxunub: 172 Orta qiymət: 0

Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elmağa Orucov Yəhya oğlu el***@gmail.com ID: 10227
Salam. Bakıda yaşayıram və buradan onlayn qaydada xaricə imtahan vermək istəyirəm. İmtahanın qiyməti 330$-dır. Məndən bu imtahan ilə bağlı ƏDV tutulacaq mı?
15/07/2025 Oxunub: 288 Orta qiymət: 3

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. 

Elektron ticarət dedikdə isə, informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət növü nəzərdə tutulur. 

Göründüyü kimi vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron ticarət istisna olmaqla digər hallarda ödəmələr həyata keçirilərkən banklar tərəfindən ƏDV-nin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.

 Əsas: Vergi Məcəlləsi 169.3, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu 

3/5 (5 Orta qiymət)
Qiymət ver:
Elbəyli Vüsal Rasim vu***@gmail.com ID: 10221
Salam. Vergi məcəlləsi 124.3 maddəsində "Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə AR-da ödənilmiş məbləğlər ödəmə mənbəyində icarə haqlarından vergitutma obyekti deyil" yazılmışdır, bu halda icarəyə götürən hüquqi şəxs və fərdi sahibkarların hüquqi şəxslərə (icarəyə verən) ödədiyi məbləğlər, icarə haqqları necə ÖMV-yə cəlb olunur?
11/07/2025 Oxunub: 226 Orta qiymət: 1

Vergi Məcəlləsinin 150.1.6-cı maddəsində bildirilib ki, 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İcarə haqqından ödəmə mənbəyində vergi tutulmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Bildiririk ki, hüquqi şəxlər üçün icarədən gəlir sahibkarlıq gəliri  hesab edilir. Obyekti icarəyə verən hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına “Mənfəət vergisinin bəyannaməsi”ni təqdim etməli, hesablanmış mənfəət vergisini həmin müddətədək dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 124.3-cü maddəsində əsasən, rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Daşınar və daşınmaz əmlakın icarəsinə görə gəliri əldə edən rezident müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi isə öz növbəsində həmin gəlirdən 20 faiz dərəcəsi ilə mənfəət vergisi ödəyir və bunu öz illik mənfəət vergisi bəyannaməsində bəyan edir.

İcarədar hüquqi şəxsdirsə, icarəçi isə fərdi sahibkardırsa, icarədar hüquqi şəxs olduğu üçün ödəmə mənbəyində vergi tutulmur, mənfəət vergisi ödəyir və bunu illik mənfəət vergisi bəyannaməsində bəyan edir. İcarədar hüquqi şəxsdirsə, icarəçi hüquqi şəxsdirsə, icarədar ödəmə mənbəyində vergi tutulmur. Hüquqi şəxs mənfəət vergisi ödəyir və bunu illik mənfəət vergisi bəyannaməsində bəyan edir. 


 

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Elnur Atakisiyev at***@gmail.com ID: 10207
Salam, qarşı tərəf ƏDV depozit hesabımıza aprel ayında 18 azn ədv avans məbləği köçürüb, əsas 100 azn avans məbləğ isə bank hesabımıza may ayında köçürülüb. Yazılanları nəzərə alıb yuxarıda qeyd olunan halda avans ödənişi aprel yoxsa may ayında qeyd etməli olduğumuzu deyərdiniz.
30/06/2025 Oxunub: 251 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır

Bu maddənin məqsədləri üçün  ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.

Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən isə ödəmə malların göndərildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi müddət başlananadək həyata keçirilirsə, yəni ƏDV ödəyicisi malları, işləri və xidmətləri göndərəcəyi qarşı tərəfdən avans məbləğ alırsa, vergi tutulan əməliyyatın vaxtı avansın ödənildiyi tarix sayılır.

Sorğunuza cavab olaraq bildiririk ki, aprel ayı vergi tutulan əməliyyatın vaxtı hesab ediləcək. 

 

Əsas: Vergi Məcəlləsinin 166-ci maddəsi. 

5/5 (4 Orta qiymət)
Qiymət ver: