Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Vüqar Yaqubov Qabil vu***@gmail.com ID: 5633
Salam. Bildiyimiz kimi müəssisələr Vergi Məcəlləsinin 197.1.3 cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyərinə əsasən əmlak vergisi ödəyirlər. Eyni zamanda Vergi Məcəlləsinin 13.2.17. maddəsinə əsasən Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. Torpaq sahəsi amortizasiya olunmayan maddi aktiv sayıldığı üçün demək olarmı ki torpaq sahəsi əmlak verigisinin hesablanmasında nəzərdə tutulan əsas vəsait anlayışına zidd olduğu üçün əmlak vergisi hesablanması zamanı nəzərə alınmamalı və yalnız torpaq vergisinə cəlb olunmalıdır. Bütün bunları nəzərə alaraq bilmək istərdim ki, əmlak vergisi üçün torpaq sahəsinin dəyəri vergitutma predmeti sayıla bilərmi?
09/12/2021 Oxunub: 188 Orta qiymət: 5

Bildiririk ki, hüquqi şəxsin əmlak vergisinin vergitutma obyektini müəssisələrin balansında olan əsas vəsaitlərin, yəni  istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər təşkil edir.

Torpaq amortizasiya olunmadığından əsas vəsaitlərə aid edilmir və əmlak verigisinin vergitutma obyektini təşkil etmir. 

Əsas: Vergi Məcəlləsinin 13.2.17-ci, 114.2-ci və 197.1.3-cü maddələri.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Samir Abdulov Zaib sa***@gmail.com ID: 5632
Salam. Tikinti materiallarına görə ƏDV geri qaytarılırmı ?
09/12/2021 Oxunub: 125 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan tikinti materialları satıcısı pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicisi olduqda və kassa çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verdiyi halda, ƏDV-nin müəyyən edilmiş hissəsi geri qaytarılır.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Abdullayev Seymur Nurəli oğlu ab***@mail.ru ID: 5631
Salam. Mən 2-ci Qarabağ müharibəsi iştiraçkısıyam. 21.09.2020-ci ildən - 30.12.2020-ci ilədək N saylı hərbi hissədə qulluq etmişəm. Hal-hazırda H.Əliyev adına neft emalı zavodunda işləyirəm. Nəzərə alsaq ki, dövlət tərəfindən müharibə iştiraçkılarından heç kimə veteranlıq vəsiqəsi verilməyib, lakin tərəfindən çağırıldığım Səfərbərlik idarəsində həqiqətən müharibə iştirakçısı olduğum barəsində sənəd almaq mümkündür. Müharibə iştirakçıları dövlət vergisindən əmək haqqının 400 manatına qədər məbləğinin azad olunmalıdır. Müəssisəmizin mühasibatlıq şöbəsindən isə mütləq şəkildə veteranlıq vəsiqəsi tələb olunduğunu söyləyirlər. Sualım belədir : Mən Səfərbərlik və hərbi xidmətə çağırış idarəsindən sənəd alıb müəssisəmizə təqdim edərək həmin vergidən azad ola bilərəmmi ? Yoxsa, mütləq şəkildə veteranlıq vəsiqəsi tələb olunur həmin vergidən azad olmaq üçün ? Əvvəlcədən təşəkkür edirəm. Sağ olun, işlərinizdə uğurlar.
09/12/2021 Oxunub: 105 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Eyni zamanda fiziki şəxsin Vergi Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulan güzəşt hüququ güzəşt hüququnu təsdiq edən müvafiq sənədlər təqdim edildiyi andan yaranır.

Buna əsasən müəssisənizin ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş əməkdaşlarının müharibə veteranı olması qeyd edilən müvafiq sənədlərlə təsdiq edildiyi halda onlara Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən vergi güzəşti tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fazil Cabbarov fa***@gmail.com ID: 5630
Salam. Şirkət 20 ilə yaxın fəaliyyət göstərir və 2016 ilə qədər Bank Standard QSC-də hesabı olmuşdur. Lakin 01.09.2016 tarixdə Bank Standard QSC müflis elan olunmuş və şirkətin hesabında qalan vəsaiti götürmək mümkün olmamışdır və 01.12.2016 tarixdə kreditor tələbi ilə banka müraciət olunmuş və kreditorlar siyahısına salınmışdır. Artıq 5 il keçib və Bank Standard QSC müflis olduğu üçün həmin vəsaiti bizə ödəyə bilməyəcək. Hesabda qalan məbləği mənfəət vergisi bəyannaməsində ümidsiz borc kimi nəzərə ala bilərikmi?
08/12/2021 Oxunub: 123 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Buna əsasən, vergi ödəyicisinin müflis elan edilmiş bankda hesablaşma hesabında olan pul vəsaitləri ümidsiz borc hesab edilmir və gəlirdən çıxılan xərclərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci. 109-cu və 111-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Zərifə Həsənova Məhyəddin qızı ha***@mail.ru ID: 5629
İşçi xarici ölkəyə ezamiyyətə gedir. Ezamiyyə xərcləri nağd şəkildə kassadan ödənildiyi halda xarici valyuta ilə ödənilməlidir. Azərbaycan manatı ilə ödənilsə qanun pozuntusudur və hər hansı bir cərimə tətbiq olunur ya yox? Əvvəlcədən öz minətdarlığımı bildirirəm.
08/12/2021 Oxunub: 152 Orta qiymət: 0

Bildiririk ki, ezamiyyənin rəsmiləşdirilməsinə, o cümlədən vəsaitin hansı qaydada ödənilməsinə dair izahatın verilməsi Dövlət Vergil Xidmətinin səlahiyyətlərinə aid olmadığından, ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mehdiyev Elşən Əhməd el***@mail.ru ID: 5628
Salam. ƏDV ödəyicisi olan A müəssisəsi 11 800 ədv daxil AZN dəyərində B müəssisəsinə mal təqdim edib. B müəssisəsi ƏDV ödəyicisi deyil və ödənişi nağd edir, tam olaraq. Belə olan halda A müəssisəsi əvəzləşmə edə biləcək? Və ƏDV öhdəliyini nə cür olacaq, xahiş olunur cavablandırasınız.
08/12/2021 Oxunub: 157 Orta qiymət: 5

Cavab 1. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 166.5-ci maddəsinə əsasən, vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır.

Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan əməliyyat üzrə B müəssisəsi ƏDV-yə cəlb olunan mallar üzrə malların ƏDV-siz dəyərini tam ödədikdə vergi tutulan əməliyyat hesab olunur. Malların dəyəri hissə-hissə ödənildikdə isə  hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır.

Cavab 2. ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Eyni zamanda, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.

Əsas: Vergi Məcəlləsinin 166-cı və 175-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Zaur Məmmədov Yusif za***@gmail.com ID: 5626
Salam hörmətli DVX əməkdaşları. Müəssisənin əsas fəaliyyəti hüquqi və fiziki şəxslərə və əhaliyə xidmətlər göstərilməsidir. Müəssisə istehsal müəssisəsi deyil və pərakəndə və ya topdansatış qaydasında malların təqdim edilməsini həyata keçirmir. Yəni konkret olaraq, xidmət sahəsində fəaliyyət göstərir. Bununla bağlı müəssisənin AR VM ilə gəlirdən çıxılan xərclərinin əsas hissəsi əldə etdiyi xidmətlərlə bağlıdır ki, bura elektrik enerji, qaz, su və kanalizasiya, internet, telefon, hüquq xidməti, bank xidməti, əmək haqqı və icbari sosial ödəmələr, mühafizə xidməti, kassa aparatlarına aylıq servis xidmətləri, reklam, sığorta, rabitə və sair bu tipli xidmətlər aiddir. Qeyd olunan xidmətlər gəlirin əldə olunması ilə bağlı xərclər olaraq AR VM uyğun olaraq müqavilə, aktlar, elektron qaimələr ilə səndələşdirilərək AR VM tələblərinə uyğun olaraq gəlirdən çıxılır. Xərclər Mənfəət Vergi bəyannaməsinin gəlirdən çıxılan xərclər bölməsinin müvafiq sətrlərində əks olunur. Lakin, hər il təqdim olunan Mənfəət Vergi bəyannaməsinə uyğunsuzluq gəlir ki, “ baxmayaraq ki, il ərzində sizə təqdim olunan elektron qaimələr əsasında XXXXX manat məbləğində mal, iş, xidmət almısınız bu Mənfəət Vergisi bəyannaməsinin 1 saylı əlavəsində “Ehtiyatlar” sətrində müvafiq alt sətirlərdə qeyd olunmayıb”. Qeyd edim ki, Mənfəət Vergisi bəyannaməsin 1 saylı əlavəsində işlərin və xidmətlərin əks olunması ilə bağlı hər hansı sətir yoxdur. Beləki, “Ehtiyatlar” sətri özü “Hazır məhsul”, “Mallar”, Bitməmiş istehsal” və “Sair ehtiyatlar” adlı alt sətrlərdən ibarətdir. Yəni burada əladə olunan maddi ehtiyatlar əks olunur. Beləki, 8 saylı “Ehtiyatlar” üzrə Milli Mühasibat Uçotu Standartlarında qeyd olunub ki: Ehtiyatlara aşağıdakı aktivlər aiddir: (a) müəssisənin adi fəaliyyəti zamanı satış məqsədilə saxlanılan; (b) satış üçün istehsal prosesində hazırlanmaqda olan; və ya (c) istehsal və ya xidmlərin göstərilməsi prosesində sərf edilən xammal və materiallar formasında çıxış edən aktivlər. Bunu nəzərə alsaq iş və xidmət ehtiyat sayılmır. Eyni zamanda “AR VM 13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət.” olaraq qeyd olunub. Yuxarıda qeyd olunanları nəzərə alaraq yaranan aşağıdakı suallarımı cavablandırmağınızı xahiş edirəm: 1. Müəssisənin AR VM ilə gəlirdən çıxılan xərclərinə aid olan aldığı (əldə etdiyi) iş və xidmətlər (məbləğ ifadəsində) Mənfəət Vergisi Bəyannaməsinin 1 saylı əlavəsində hansı sətirdə əks olunmalıdır ? 2. Mənfəət Vergisi Bəyannaməsin əsas hissəsində xərclər bölməsində əks olunan iş və xidmətlərə aid olan xərclərin (elektrik enerji, qaz, su və kanalizasiya, internet, telefon, hüquq xidməti, bank xidməti, əmək haqqı və icbari sosial ödəmələr, mühafizə xidməti, kassa aparatlarına aylıq servis xidmətləri, reklam, sığorta, rabitə və sair bu tipli xidmətlər) Mənfəət Vergisi Bəyannaməsinin 1 saylı əlavəsində əks olunmadığı ilə bağlı uyğunsuzluq məktubu gəldikdə buna nə cavab verək?
08/12/2021 Oxunub: 173 Orta qiymət: 0

Bildiririk ki, Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsinin 2-ci bölməsində vergi uçotu məqsədləri üçün aktivlər, öhdəliklər və kapital haqda məlumatlar qeyd olunur. Sorğunuzda qeyd olunan xərclərin Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsində qeyd olunması nəzərdə tutulmur. 

Həmçinin bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır. Bu səbəbdən sorğunuzda qeyd olunan məlumatları kameral vergi yoxlamasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qorxmaz Ağayev ga***@gmail.com ID: 5625
Nizamnamə kapitalı 30 000 AZN olan hüquqi şəxsin 2 təsisçisi vardır və hər biri təsisçi cəmi 15 000 AZN olan 50% iştirak payına sahibdirlər. Hüquqi şəxs taksi xidmətləri göstərmək üçün 3 ədəd nəqliyyat vasitəsi əldə etmişdir, onlardan 1 bank krediti ilə alınmışdır. Həmçinin şirkətin gəlirləri hesabına (mənfəət yox) 40 kv/m sahəli obyekt alınmışdır. Təsisçilər qərara gəlmişlər ki, hüquqi şəxsə mülkiyyəti hüququ ilə məxsus bu əmlaklar hesabına hüquqi şəxsin nizamnamə kapitalını və müvafiq olaraq özlərinin təsisçi paylarını artırsınlar. Qeyd olunan halda şirkətin əmlakı hesabına nizamnamə kapitalı və təsisçilərin paylarının artırılması hansı vergi öhdəliklərinə səbəb ola bilər? Dividend, mənfəət və ƏDV vergisi baxımından bu sual daha aktualdır. Aşağıdakı maddələrin tətbiqini necə görürüsüz? Xüsusilə də Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə görə, hüquqi şəxsin ləğv halı yoxdursa, xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi dividend sayılmır. Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə görə, idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-dən azaddır. Çox sağ olun.
07/12/2021 Oxunub: 288 Orta qiymət: 0

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur.  Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər.

Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir. 

Vergitutma baxımından bildiririk ki, Vergi Məcəlləsinin 146-cı maddəsinin müddəalarına əsasən şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə) aktivlərin verilməsi vergiyə cəlb olunan təqdim etmə sayılmır.

Eyni zamanda, Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən isə, idxal olunan əmlak istisna olmaqla əmlakın müəssisənin nizamnamə kapitalına qoyulması ƏDV-dən azad olunan əməliyyat hesab edilir.

Bununla yanaşı bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin mülki qanunvericiliklə bağlı ziddiyyət yaradıb-yaratmadığı haqda məlumat almaq üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət edə bilərsiniz.  

Əsas: Vergi Məcəlləsinin 104-cü,146-cı və 165-ci maddələri və Mülki Məcəllənin 90-cı maddəsi. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aygün Mamedova ay***@gmail.com ID: 5624
Bakı şəhəri Xətai rayonu M.Rustəmov 11mənzil 72 də fəaliyyət göstərən dükan, heç bir qəbz vermədən fəaliyyət göstərir. Obyektin sahibi özündən çox razıdır. Şikayətlərə kobud cavab verir. Xahiş edirəm ciddi yoxlanılsın.
07/12/2021 Oxunub: 78 Orta qiymət: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İntiqam Seyfulla Mirzəhüseyn si***@gmail.com ID: 5623
Salam. Xahiş edirəm, 2022-ci ildə baş verəcək dəyişiklikləri nəzərə alaraq dövlət və qeyri-dövlət müəssisələrində əmək haqqının hesablanması kalkulyatorlarını saytda yerləşdirəsiniz.
07/12/2021 Oxunub: 96 Orta qiymət: 5

Məlum olduğu kimi, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Bu maddədə nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilirdi. Qeyd olunanlara əsasən, 2022-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta üzrə sığorta haqları güzəşt təqbiq olunmadan hesablanır və bu da saytımızda yerləşdirilən kalkulyatorda nəzərə alınmışdır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ülvi Səfərov Polad se***@mail.ru ID: 5621
Vergi orqanlarına necə işə qəbul ola bilərəm?
06/12/2021 Oxunub: 61 Orta qiymət: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. Bu haqda ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rövşən Bəbişov Əlibala ro***@g.mail ID: 5619
Salam, mənim qardaşım mərhum əsgər Bəbişov Namiq Əlibala oğlu düşmənlə üzbəüz posta xidmət edərkən naməlum partlayıcı predmetin partlaması nəticəsində həlak olub. Amma, qardaşıma şəhid statusu verilməmişdir. Mənə vergi güzəştləri şamil ola bilərmi? Yevlax TKQ qovşağında elektrik işləyirəm
06/12/2021 Oxunub: 129 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Bundan əlavə, Vergi Məcəlləsinin 102.4.1-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynlərinin, 102.4.2-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadlarının (ərlərinin) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Göründüyü kimi, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin qardaşı üçün vergi qanunvericiliyində xüsusi vergi güzəştu nəzərdə tutulmamışdır.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Bilal Osmanov Azər bi***@mail.ru ID: 5618
Salam, dövlət sektorunda və qeyri-dövlət sektorunda ayrı-ayrılıqda məzuniyyət kompensasiyası ödənildikdə konkret olaraq gəlir vergisinə necə cəlb olunur? O gəlirə ayrıca gəlir kimimi baxılır yoxsa ödənildiyi ayda olan qazancla bərabərmi hesablanılır? Bu nüansı həm gəlir vergisi tətbiq olunan təşkilat nəzərdən, həm də gəlir vergisi olmayan yalnız 200 manat güzəşt MDSS haqlarında istifadə olunan qeyri-dövlət sektoru təşkilatı tərəfdən cavablandrılmağınızı xahiş edirəm. Zəhmət olmasa qanuni əsas da qeyd edərək cavablandırın.
06/12/2021 Oxunub: 210 Orta qiymət: 0

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və  məcburi dövlət sosial sığorta haqqına cəlb edilir.

Əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda isə məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur.

Eyni zamanda, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə,  8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci maddələri və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rüstəm Qa***@gmail.com ID: 5617
Salam. Mən xaricdən 2 ədəd "iphone" gətirmişəm, gömrükdə məndən vergi alıblar. Mən sizə telefonların markası və qiymətlərini aşağıda bildirəcəm, mənə neçə manat vergi ödəyəcəyimi bildirə bilərsiniz?
06/12/2021 Oxunub: 112 Orta qiymət: 3

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Gülnar Ağayeva Vüqar qızı gu***@gmail.com ID: 5635
Salam, mənim yoldaşım Ağayev Tural Teymur oğlu "3 chef" və "Köz plus" restoranında anbardar vəzifəsində çalışır. Amma maaşını vermirlər və xəbərsiz onun yerinə işçi götürüblər. Biz bununla bağlı nə etməliyik?
04/12/2021 Oxunub: 83 Orta qiymət: 3

Bildiririk ki, işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri daxilində göstərişlər vermək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətlərinə aid edilmişdir. Bu səbəbdən, sorğunuzda qeyd olunan məsələ ilə bağlı qeyd olunan quruma müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Mürsəl Həmzəyev he***@mail.ru ID: 5614
Bilirik ki, müəsissələr yol vergisindən azad olunur. Ancaq "SOCAR petrolium QSC" yanacaq alınan zaman hər 1 litr yanacaq üçün 0.02 azn pul ödəyirik. Həmin vəsait ilin yekununda mənfəət vergisi bəyannaməsi tərtib edilən zaman vəsait hansı sətirdə qeyd olunmalıdı.
04/12/2021 Oxunub: 212 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydalarının “Ehtiyatlar” bölməsinin 22.29-cu bəndinə görə ehtiyatlar əldə edilən zaman ilkin dəyəri ilə qiymətləndirilir. Ehtiyatların ilkin dəyərinə alış qiyməti, gömrük idxal rüsumları və digər vergilər (vergi orqanları tərəfindən müəssisəyə sonradan əvəzləşdirilən vergilər istisna olmaqla), daşınma, boşaldılma və hazır məhsulların, xammal-materialların və xidmətlərin əldə edilməsi ilə birbaşa bağlı olan digər məsrəflər daxildir.

Göründüyü kimi, alınmış malların dəyəri əvəzləşdirilən vergilər istisna olmaqla bütün vergi və rüsumlar daxil olmaqla müəyyən edilir. Bu səbəbdən alınmış yanacağa görə ödənilən yol vergisi həmin malın dəyərinə daxil edilir və gəlirin əldə olunması ilə bağlı olduqda gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 143-cü və 209-cu maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Mahirə qu***@gmail.com ID: 5443
Salam. Qızım xaricdə təhsil alır və mən kirayə ev və yaxud yataqxanada yer tuturam. Bir çox banklardan kartla pul ödəmişəm, heç vaxt ƏDV 18% tutulmayib. Çünki Vergi Məcələsində də nəzərdə tutulmayıb. Amma Premiumbank 20.10.2021 ci ildə 449 Avro kirayə ev pulundan 161.96 qəpik 18% ƏDV tutmuşdur. Xahiş edirəm, köməklik göstərəsiniz.
03/12/2021 Oxunub: 206 Orta qiymət: 4

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda ev kirayə götürülməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddələri.

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Samir Mirzəyev Əkbər oglu sa***@gmail.com ID: 5609
Salam. Mən VÖEN-in şifrə və parolunu öyrənmək istəyirəm.
03/12/2021 Oxunub: 79 Orta qiymət: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mustafayev İlkin ea***@gmail.com ID: 5608
Salam. Müəssisə 2021-ci ilin iyul ayında 100 000 azn dəyərində əsas vəsait (avtomobil) almışdır. Və 2021-ci ilin dekabr ayında 500 azn təmir xərci çəkmişdir. Bu təmir xərci gəlirdən çıxılmalı, yoxsa əsas vəsaitin dəyərinə əlavə olunmalıdır? Ümumi olaraq bu əsas vəsaitin keçən ilin sonu olmadiğina görə qalıq dəyəri 0 olubsa, bu cur hallarda təmir xərcinin gəlirdən çıxılan norması necə muəyyən olmalıdır?
02/12/2021 Oxunub: 154 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan halda, Vergi Məcəlləsinin 115.7-ci maddəsinə əsasən əsas vəsaitlərin hər bir kateqoriyasının ilin sonuna qalıq dəyəri sıfıra bərabər olduqda, təmir xərclərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyərinə aid edilir və bu Məcəllənin müddəalarına uyğun olaraq amortizasiya hesablanır.

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Tural Musayev Fazil t_***@yahoo.com ID: 5606
Salam. İşçi 3 Avqust 2021 tarixində işə qəbul olubdu və 13 Sentyabr 2021 tarixində ödənişli məzuniyyətə çıxa bilərmi? Əvvəlcədən təşəkkürlər.
02/12/2021 Oxunub: 80 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver: