Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Nərmin Feyziyeva Babək ne***@mail.ru ID: 6947
Salam. MMC-nin təsisçisi şirkətin mal alışı üçün öz şəxsi pulunu şirkətin bank hesabına qoyub. Bu məbləğ şirkət tərəfindən öhdəlik kimi qəbul edilir və təsisçiyə borc kimi qeydə alınır. Lakin, borc faizsiz verilib. Belə olduğu halda məsələn 10 000 borc verilibsə, 10 000 yenidən təsisçiyə geri qaytarılanda təsisçidən vergi hesablanır? Hesablanırsa əsaslandırın, zəhmət olmasa. Çünki ortada gəlir yoxdur. Və bu müqavilə sırf təsisçi ilə şirkət arasında bağlandığı üçün faizsiz bağlamaq da azad seçimdir.
23/09/2022 Прочитано: 221 Средняя стоимость: 5

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllə, maddə 739.2).

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir (Vergi Məcəlləsi, maddə 14.3).

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi, maddə 18).

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Hüseyn Paşazadə Miraslan oğlu la***@gmail.com ID: 6799
Salam. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 7-ci bəndinə əsasən İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. İcarəçi hüquqi şəxs və icarəyə verən isə fiziki şəxs olmaqla, torpaq icarəsi müqaviləsinin icarə haqqı kimi icarəçinin icarə obyektindən əldə etdiyi məhsulun 10 faizi müəyyən edilir. İcarə haqqının bu qaydada müqavilədə şərtləndirdiyi təqdirdə, ödəmə mənbəyi olmadığına görə ödəmə mənbəyindən tutulan 14% vergi tutulmalıdır mı? Tutulmalıdırsa, hansı əsaslara görə və hansı qaydada tutulmalı və necə hesablanmalıdır?
23/09/2022 Прочитано: 217 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən icarəyə verən fiziki şəxs olduğu halda, onun vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olub-olmamasından asılı olmayaraq vergi ödəyicisi tərəfindən ona ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.

İcarə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir. 

Sorğunuzda qeyd olunan halda, icarə haqqı formasında ödənilən məhsulun bazar qiymətindən ödəmə mənbəyində 14 faiz dərəcə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 99-cu, 124-cü və 150-ci maddələri.

5/5 (4 Средняя стоимость)
Оцените:
Günay Cəfərzadə Elxan gu***@bk.ru ID: 6942
Salam, mən tarix müəllimiyəm və noyabrın 20-si keçirilən imtahanda iştirak etmək istəyirəm. Bilmək istəyərdim ki, əgər imtahandan keçsəm Dövlət Vergi Xidmətində hansı peşə üzrə işləyə bilərəm?
22/09/2022 Прочитано: 64 Средняя стоимость: 0

Sorğunuzla bağlı bildiririk ki, vakant yerlərin mütəmadi yenilənməsini nəzərə alaraq müsabiqədə uğur qazanan namizədlər həmin dövr üzrə vakant olan vəzifələr üzrə dəyərləndiriləcək.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rüfət Mirzəyev ru***@gmail.com ID: 6941
Salam, vergi orqanında işləmək üçün hərbi xidmət lazımdır?
22/09/2022 Прочитано: 59 Средняя стоимость: 0

Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. 

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhədov Asif Təzəxan oglu as***@gmail.com ID: 6940
Salam. Sualım çoxdan gözlədiyimiz işə qəbulla baglı verilmiş elanla baglidir. Mən 1997-2002 ci illərdə vergilər nazirliyinin Sabirabad rayon şöbəsində dvm vəzifəsində işləmişəm. Rayon Vergilər şöbəsi ləğv edildiyi üçün tutdugum vəzifədən azad olunmuşam. 2003-cü ildə ehtiyatda olan zabit kimi hərbi xidmətə çağırılmışam və 2022 ci ilin 01 fevral tarixində ehtiyata buraxılmışam. Ali təhsilli maliyyəçiyəm. Polkovnik-leytenant hərbi rütbəsindəyəm, 47 yaşım var. 19 sentyabr tarixli elanla Əsasnamənin 17 ci maddəsində nəzərdə tutumuş yaş həddini nəzərə almamaq şərtilə sənəd verə bilərəmmi və test imtahani mənə də şamil olunurmu? Xahiş edirəm cavablandırın.
22/09/2022 Прочитано: 155 Средняя стоимость: 4

Bildiririk ki, "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında" Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. 

Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Həmçinin, Əsasnamənin 1.7-ci maddəsinə əsasən aşağıda göstərilən namizədlər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər:

  • maliyyə, büdcə və iqtisadi sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;
  • prokurorluq orqanlarında və hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər;
  • əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən vergi orqanlarında xidmətinə xitam verilmiş şəxslər istisna olmaqla) şəxslər;
  • ali təhsil tələb olunmayan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər;
  • iqtisadiyyat və ya hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər;
  • Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almış şəxslər.

Həmin Əsasnamənin 1.7-ci bəndində göstərilən şəxslər üçün “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 8-ci maddəsində müəyyən olunmuş yaş həddi tətbiq edilmir. 

Vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqə ilə bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsinə aidiyyəti  üzrə rəsmi qaydada və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla müraciət edə bilərsiniz.

4/5 (2 Средняя стоимость)
Оцените:
Elvin Fərzəliyev fa***@list.ru ID: 6937
Salam mən şəhid oğluyam. Şəhid ailəsi üçün xarici ölkədən minik avtomobili gətirdikdə Gömrük Komitəsində endirim olunur?
21/09/2022 Прочитано: 111 Средняя стоимость: 0

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Средняя стоимость)
Оцените:
Müstəcəbov Üzeyir Əlisahib oğu uz***@mail.ru ID: 6936
Salam! 35 yaşı keçmiş şəxs vergi orqanlarında işləyə bilər?
21/09/2022 Прочитано: 74 Средняя стоимость: 0

Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 19.09.2022-ci il tarixdə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.

Yuxarıda qeyd olunan müsabiqədə iştiraka ali təhsilə malik (qeyri-hüquq sahələri üzrə müraciət edən namizədlər üçün ixtisas tələbi yoxdur), yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar. 

Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elanı ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış ola bilərsiniz:
(https://www.taxes.gov.az/az/post/2090

0/5 (0 Средняя стоимость)
Оцените:
Zeynəb Abdullazadə Bayraməli ze***@icloud.com ID: 6935
Vergilər departamentinin iş saatı nədir?
21/09/2022 Прочитано: 60 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzləri iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz xidmət göstərir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Ziya Mayılov Əlibaba zi***@gmail.com ID: 6858
Salam. İşlə bağlı sualım var. Necə müraciət edə bilərəm işə girməyə?
21/09/2022 Прочитано: 154 Средняя стоимость: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 19.09.2022-ci il tarixdə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.

Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elanı ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış ola bilərsiniz: (https://www.taxes.gov.az/az/post/2090).

5/5 (2 Средняя стоимость)
Оцените:
Mehriban Nəbiyeva Ilqar na***@gmail.com ID: 6932
Salam, "edvgerial" saytından qeydiyyatdan keçib 31 manat vəsait qaytarmışam. Lakin, əvvəl qeydiyyat etdiyim mobil nömrə hal-hazırda məndə deyil və nömrə sahibi ilə də əlaqəm yoxdur. Mobil nömrəni hal-hazırda istifadə etdiyim nömrə ilə necə dəyişə bilərəm və ya məbləği kartıma necə ata bilərəm?
20/09/2022 Прочитано: 52 Средняя стоимость: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Hafiz Əliyev Abdulrəhim oglu ha***@gmail.com ID: 6927
Qardaşım Əliyev Qabil Abdulrəhim oğlu DİN-in Daxili Qoşunlarında MAXE vəzifəsində xidmət edirdi. 1998-ci ildə ürək xəstəliyindən qəfil rəhmətə getdi. Bilmədiyimizdən dəfn pulu və sığortası haqqında heç hara müraciət etməmişdik. Biz indi onun dəfn pulunu və sığortasiını ala bilərik?
20/09/2022 Прочитано: 81 Средняя стоимость: 4

Sosial müavinətlər üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

4/5 (2 Средняя стоимость)
Оцените:
Скрипников Глеб Алексеевич sk***@gmail.com ID: 6926
Добрый день! Хотел бы узнать, могу ли я, как иностранный гражданин (гражданин Украины) получить ИНН (или его местный аналог) в Азербайджане? У меня есть разрешение на проживание, работаю удаленно в иностранной компании. ИНН мне нужен для открытия счета в банке.
19/09/2022 Прочитано: 60 Средняя стоимость: 0

Доводим до вашего сведения, что иностранцы и лица без гражданства, желающие осуществлять предпринимательскую деятельность в качестве физического лица, могут встать на налоговый учет путем обращения в налоговый орган по месту жительства до дня начала осуществления предпринимательской деятельности. Для этого они должны подать в налоговый орган «Заявление о регистрации физического лица» и копию разрешения на временное или постоянное проживание, выданного Государственной миграционной службой Азербайджанской Республики.

Обоснование ответа: статьи 33 и 34 Налогового кодекса Азербайджанской Республики.

0/5 (0 Средняя стоимость)
Оцените:
Arzu Davud oğlu Xamiyev ar***@mail.ru ID: 6922
Salam. Bilmək istəyirəm ehtiyatda olan hərbi qulluqçulara verilən kirayə mənzilə görə vergi pulu varmı və nə qədərdir? Əgər ödənişi kirayə verən ödəyəcəksə hara ödəməlidir?
19/09/2022 Прочитано: 108 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Ödənilməli olan vergi məbləğini onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə ödəyə bilərsiniz. Bu barədə daha ətraflı məlumatı səhifəzimin “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 99.3.3-cü və 124-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Akif Məmmədov Ələkbər oğlu me***@gmail.com ID: 6920
Salam. Məlumat almaq istəyirəm ki, tikinti-təmir işləri üzrə lisenziyası olmayan, tenderdə qalib gəlmiş şirkət 12 ildən artıq müddətdə tikinti-təmir-quraşdırma işləri üzrə fəaliyyət göstərən MMC ilə müqavilə bağlayaraq təmir işləri gördürərsə, həmin MMC-yə bu iş üçün lisenziya sənədi tələb olunurmu?
17/09/2022 Прочитано: 97 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyətlə məşğul olmaq üçün lisenziya və ya icazənin alınıb-alınmaması barədə məlumat almaq üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə (Çağrı Mərkəzi 195-1, www.economy.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Orxan Qurbanov Elxan or***@gmail.com ID: 6918
Hər vaxtınız xeyir. Mənim sualım hüquqi şəxsin avans dividend ödənişi ilə bağlıdır. Cari ilin mənfəətindən dividend ödənişi zamanı bank məndən hər hansı bir sənəd tələb edə bilərmi? Cari ilin mənfəətindən bəyannamə təqdim edilmədən avans dividend məbləğini necə təyin etmək olar? Bunun xüsusi hesablama üsulu varmı?
16/09/2022 Прочитано: 139 Средняя стоимость: 5

Bildiririk ki, kommersiya hüquqi şəxslərinin xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi qaydaları mülki qanunvericiliklə tənzimlənir.

Belə ki, Mülki Məcəllənin 90-1-ci maddəsinin müddəalarına əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir.

Mülki Məcəllənin 106-3-cü maddəsinin müddəalarına əsasən səhmdar cəmiyyətin xalis mənfəətinin onun maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. 

Göründüyü kimi məhdud və səhmdar cəmiyyətlər tərəfindən xalis mənfəətin bölüşdürülməsi qaydası həmin cəmiyyətlərin təsisçilərinin (səhmdarlarının) ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında və nizamnamələrində müəyyən edilmiş qaydada həyata keçirilir.

Əsas:  Mülki Məcəllənin 90-1-ci 106-3-cü maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Əsədullayeva Bağdagül Balabəy qızı Gu***@mail.ru ID: 6915
Təsisçinin dəyisdirilməsi ücün hansi sənədlər təqdim olunmalıdır?
16/09/2022 Прочитано: 134 Средняя стоимость: 0

Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim eilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 104.6-cı, 125.1.5-ci, 142.1-ci, 143-cü, 149.1-ci, 164.1.17-ci maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nərgiz Hüseynli Abbas na***@gmail.com ID: 6914
Maddə 21. Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ ə) ixtisas üzrə işə düzəlmək imkanının olmadığı yerlərdə ər (arvad) ilə birlikdə yaşamağın bütün müddəti sığorta stajına daxildir; [67] mənbu qanunun tətbiqi üçün nə etməliyəm, hansı müraciətlər və sənədlər lazımdır? Qeyd edim ki, artıq işləyirəm, lakin işləmədiyim ayların bu qanuna əsasən sosial sığorta stajıma aid edilməsi mümkündür?
16/09/2022 Прочитано: 54 Средняя стоимость: 0

Sosial sığorta stajı ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ilkin Karimov Adil oğlu il***@mail.ru ID: 6913
Salam. Müəssisə yüklərin saxlanılması və yükləmə-boşaldılması fəaliyyəti ilə məşqudur. Bu fəaliyyət üzrə ƏDV ödəyicisidir. Eyni zamanda ƏDV ödəməklə nəqliyyat vasitəsi alıb və fərqlənmə nişanı alaraq daxili yük daşıma fəaliyyətinidə həyata keçirir. Hər iki fəaliyyətləri üzrə gəlir və xərclərinin uçotunu ayrı-ayrılıqda aparır. Sual 1: Müəssisə yüklərin saxlanılması və yükləmə-boşaldılması fəliyyəti üzrə ƏDV ödəyicisi olaraq, eyni zamanda daxili yük daşıma fəaliyyətini həyata keçirirsə onun bu fəaliyyət üzrə sadələdirilmiş vergi ödəyicisi olmaq (fərqlənmə nişanın alaraq) hüququ varmı? Sual 2: Müəssisə daxili yük daşıma fəaliyyətini həyata keçirmək üçün alınan nəqliyyat vasitəsinə görə ödənilmiş ƏDV məbləğini əvəzləşdirə bilərmi? Sual 3: Müəssisə daxili yük daşıma fəaliyyətində istismar etdiyi həmin nəqliyyat vasitəsinə amortizasiya hesabalaya bilərmi?
16/09/2022 Прочитано: 232 Средняя стоимость: 0

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 221.6-cı maddəsinə əsasən bu Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. 

Cavab 2. Bildiririk ki, ƏDV ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilmiş xərclər üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə həyata keçirilir. Ölkə daxilində yük daşıma fəaliyyəti ƏDV-yə cəlb edilməyən əməliyyat olduğundan bu əməliyyat üzrə ödənilən ƏDV məbləğləri əvəzləşdirilmir. Qeyd edilənlər, yəni ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməməsi Vergi Məcəlləsinin 175.6-cı maddəsində təsbit edilmişdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir.

Cavab 3. Vergi Məcəlləsinin 108.2-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Tural Sadıqov Rafael oğlu ts***@outlook.com ID: 6909
Salam. Mənim sənədlərimlə hər hansı yaxınım özüm iştirak etmədən, vergi idarəsinə və ya asan xidmətə yaxınlaşaraq rüblük hesabatı verə bilərmi? Yeni olduğum üçün onlayn hesabat verə bilmirəm.
13/09/2022 Прочитано: 73 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzlərinə şəxsən və ya müvafiq etibarnamə əsasında səlahiyyətli nümayəndəniz vasitəsilə müraciət edərək xidmətlərdən istifadə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Musa Xatınov Alı mu***@gmail.com ID: 6908
Salam. Himayəsində 3 nəfər işsiz olan biri gəlir vergisində güzəşt olunur. Həyat yoldaşı işsizlik haqqında sənəd alır. Bilmək istərdim ki, övladlar atanın qeydiyyatda olduğu ünvanda və həyat yoldaşı digər ünvanda qeydiyyatda olsa olurmu? Bunlardan başqa digər sənədlər də tələb olunurmu ? Zəhmət olmasa məlumat verərdiniz.
13/09/2022 Прочитано: 110 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Xatırladırıq ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Sorğunuzda qeyd olunan şəxs yuxarıda qeyd olunan təsdiqedici sənədləri iş yerinə təqdim etməklə, vergi güzəştindən yararlana bilər.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Средняя стоимость)
Оцените: