Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib.

Vergi məcəlləsinin muddəalarına əsasən  vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.

Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Vergi məcəlləsinin müddəalarına əsasən  işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da (Azərbaycan Respublikası ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir . Bu halda vergi ödəyicisi işğaldan azad edilmiş ərazidə göstərilən fəaliyyətlə həmin ərazilərdən kənarda göstərilən digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparır.

Vergi məcəlləsində  müəyyən edilən vergi azadolmaları aşağıdakı fəaliyyət növləri və əməliyyatlara şamil edilmir

1.Maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət

2.Avtonəqliyyat vasitələri ilə yük daşıma xidmətləri

3.Dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi.

Əlavə olaraq nəzərinizə çatdıdırrıq ki, muzdlu işdən əldə edilən gəlirlər üzrə sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı  2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək  100 faizi miqdarında, 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək  80 faizi miqdarında, 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək  60 faizi miqdarında, 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək 40 faiz miqdarında azad olunur.  

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edərək, işlədiyiniz sektoru seçməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, ƏDV qeydiyyatında olan vergi ödəyicisi tərəfindən idxal edilmiş mallara görə idxalda ödənilmiş ƏDV-nin məbləğləri idxal sənədləri əsasında Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.

Eyni zamanda vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi Vergi Məcəlləsinin 87-ci maddəsində təsbit edilmişdir.

Vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin onun sonrakı öhdəliklər üzrə ödəmələrinin hesabına aid edilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 87-ci və 175-ci maddələri.

Общая цена: 5/52
Оцените:

Salam. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;

Əlavə olaraq gəlir vergisindən azadolmalar və güzəştlər üçün Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan meyarlardan yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri

Общая цена: 3/52
Оцените:

Bildiririk ki, müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar maliyyə xidmətlərinə aid edilmişdir. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur.

Bununla yanaşı qanunvericiliyə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq xidməti üzrə əldə olunan gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.  

Eyni zamanda qeyd olunan fəaliyyət növü üzrə xüsusi icazə və ya lisenziyaların alınması ilə bağlı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə (195-1)  müraciət edilməsi tövsiyə olunur.

Əsas:  Vergi Məcəlləsinin 13.2.14.2-ci, 104.1-ci, 164.1.2-ci və Mülki Məcəllənin 655-ci maddələri 

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, hüquqi şəxsin ləğvi qaydası və bu zaman kreditorlarla hesablaşmalar vergi qanunvericiliyi ilə deyil, Mülki Məcəllə ilə tənzimlənir.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlir hesab edilir.

Belə ki, təsisçilər tərəfindən müəssisəyə verilmiş faizsiz borc məbləğləri müəssisənin ləğvi zamanı kreditor tələbləri irəli sürülməyərək müəssisəyə bağışlanıldığı halda, həmin məbləğlər müəssisənin satışdankənar gəlirlərinə aid edilməklə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilərə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi və Mülki Məcəllə.

Общая цена: 3/51
Оцените:

Bildiririik ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Buna əsasən Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər üzrə ödənilən dividend gəlir vergisindən azaddır.

Eyni zamanda, Mülki Məcəllənin 100.1-ci maddəsinə əsasən səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.

Bununla yanaşı, Azərbaycan Respublikasında investisiya qiymətli kağızlarının buraxılışının, dövlət qeydiyyatının, kütləvi təklifinin, depozitar və ticarət sonrası sistemlərin, qiymətli kağızların və törəmə maliyyə alətlərinin tədavülünün, qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın təşkilinin, idarə edilməsinin və ləğvinin prinsip və qaydalarını, investorların hüquqlarının müdafiəsi sahəsində münasibətlərin, habelə qiymətli kağızlar bazarında tənzimlənmə və nəzarətin hüquqi və iqtisadi əsasları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununu (bundan sonra – Qanun) ilə müəyyən edilir. 

Qanunun 1-ci maddəsinin müddəalarına əsasən tənzimlənən bazar – fond birjasının daxili qaydalarına uyğun olaraq ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə üçüncü şəxslərin alğı-satqı maraqlarını özündə əks etdirən fond birjası tərəfindən təşkil və idarə olunan sistemdir.

Qanunun 8-ci maddəsinin müddəalarına əsasən investisiya qiymətli kağızlarının kütləvi təklifi onların qeyri-müəyyən sayda şəxsə, yaxud kütləvi informasiya vasitələri ilə və ya 50 nəfərdən artıq şəxsə təklif edilməsidir. İnvestisiya qiymətli kağızlarının (dövlət müəssisələri özəlləşdirilərkən yaradılan səhmdar cəmiyyətlərinin səhmləri istisna olmaqla) kütləvi təklifi fond birjası vasitəsilə həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, Mülki Məcəllənin 100-cü maddəsi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununu.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, mikro sahibkarlıq subyekti dedikdə dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur. 

Vergi Məcəlləsinin 106.1.20 maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinə güzəşt tətbiq olunur. 

Əsas: Vergi Məcəlləsinin 106-cı maddəsi

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, Əmək Məcəlləsinin 140-cı – “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi” maddəsinin birinci hissəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir.

Müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

işçi 12 aydan az işlədikdə məzuniyyət haqqı necə hesablanmalıdır? Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci hissəsində qeyd edilir ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Bildiririk  ki, kompensasiyalar ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır.

 

Общая цена: 5/51
Оцените:

Nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz dövrdə sahibkarlıq fəaliyyəti həmin dövr üçün qüvvədə olacaq qanunvericilik aktlarına əsaslanacaqdır. 
Mövcud qanunvericiliyə görə, məhsulun satışından əldə edilən gəlir sahibkarlıq fəaliyyəti hesab olunur. "Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.

Ə sas: Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu

Общая цена: 5/51
Оцените:

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, bu haqda ətraflı məlumat almaq üçün Çağrı Mərkəzinə (195-1), xidmət mərkəzlərinə və ya Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsində "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsinə müraciət etməyiniz tövsiyə olunur.

Rəsmi qaydada müraciət üçün link: "Dövlət Vergi Xidmətinə müraciət"

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, qeyri-rezident şirkət tərəfindən iştirak payı vergi orqanında uçotda olan rezident şəxsə təqdim edildiyi halda həmin rezident şəxs tərəfindən ödənilən məbləğ qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlirlərinə aid edilməklə Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə  mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergiyə cəlb edilir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.16.6-cı maddəsinin müddəalarına əsasən rezident hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 149.1.3-1-ci maddəsinə əsasən qeyri-rezident şəxsin təyin etdiyi vergi agenti tərəfindən bəyannamənin təqdim edilməsi qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlir əldə etdiyi və əldə etdiyi gəlirdən ödəmə mənbəyində verginin tutulması mümkün olmadığı hallarda həyata keçirilir.

Qeyri-rezident şirkət tərəfindən Azərbaycan Respublikası ərazisində iştirak payının digər qeyri-rezident şəxslərə və Azərbaycan Respublikasında vergi orqanında uçotda olmayan şəxslərə təqdim edilməsi zamanı qeyri-rezident şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən Azərbaycan Respublikasında vergi orqanında uçota alınaraq mənfəət vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.

Bu zaman vergi əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasındakı fərqdən hesablanır.

Eyni zamanda, Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 125-ci və 149-cu maddələri.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Eyni zamanda bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir və ya mənfəət vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20 maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan  şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinə güzəşt tətbiq olunur. 

Bildiririk ki, mikro sahibkarlıq subyekti dedikdə dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət ilə məşğul olmaq üçün ilk növbədə vergi orqaninda uçota durmaqla VÖEN əldə etməli, daha sonra icarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna aınması üçün icarə müqaviləsi əlavə edilməklə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə”ni obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına təqdim etməlisiniz.
Fiziki şəxs vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilər. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığda müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Vergi orqanlarında uçot prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı rəsmi internet səhifəmizin “Vergilərin ödənilməsi və bəyannamələrin verilmə müddətləri”, “Vergi bələdçisi” bölmələrindən və ya Çağrı Mərkəzinə (195-1) müraciət etməklə əldə edə bilərsiniz.

 

Общая цена: 4/54
Оцените:

Bildiririk ki, vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imzadan (o cümlədən Asan İmza)  istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər. 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikası Vergilər nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 1-in tərtib edilməsi Qaydası”na əsasən ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsi tərtib edilən zaman əlavənin 1.4 kodlu (Debitor borcları) və 2.2.1 kodlu (Kreditor borcları) sətirlərində məbləğlər ƏDV daxil olmaqla qeyd edilir.

Общая цена: 4/52
Оцените:

Salam. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;

Əlavə olaraq gəlir vergisindən azadolmalar və güzəştlər üçün Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan meyarlardan yararlana bilərsiniz.

Общая цена: 5/51
Оцените:

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ƏDV-nin müvafiq qaydada qaytarılması Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə aid edilir.

Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qFaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Eyni zamanda bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Rəsmi qaydada müraciət üçün link: "Dövlət Vergi Xidmətinə müraciət"

Общая цена: 0/50
Оцените:

Bəli, müraciət edə bilərsiniz. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/qaydalar

Общая цена: 4/52
Оцените:

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyətini həm hüquqi şəxs kimi, həm də hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz. 

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Həmçinin bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz. Təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə və ya gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Elektron qeydiyyat haqda istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.

Общая цена: 3/52
Оцените: