Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən 21 fevral 2025-ci il tarixdə təsdiq olunmuş “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı olaraq “Vergi və hesabatlılıq” İşçi Qrupu tərəfindən rüblük olaraq iclaslar təşkil olunmaqdadır. 07.02.2025-ci il tarixdə “Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilmişdir. Görüşdə Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tapşırıqlar müzakirə olunmuş, cari il üçün Yol Xəritəsinin vergi qanunvericiliyi və inzibatçılığının aydınlığı, vergitutmaya dair qaydalarda dəyişikliklərin şəffaflığı, ətraf mühit vergiləri, vergi inzibatçılığının rəqəmsallaşdırılması, vergi auditi, mübahisələrin həlli mexanizmi alt indikatorları üzrə nəzərdə tutulmuş tədbirlər barədə məlumat verilmiş, müzakirələr aparılmışdır.
Dövr ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 144 337 şəxs qəbul edilmiş, onlara 225 364 sayda xidmət göstərilmişdir. O cümlədən, 76,6 minə yaxın sayda şifahi xidmət göstərilərək müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualları cavablandırılmış, 51,1 minə yaxın sayda elektron xidmət göstərilərək bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilmişdir. Vergi ödəyicilərindən daxil olmuş 8,3 minə yaxın sayda yazılı müraciət cavablandırılmış, 5,4 milyondan çox sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilmişdir.
Dövr ərzində 1128 vergi ödəyicisinin iştirakı ilə 93 görüş keçirilmiş, 1184 vergi ödəyicisinə ünvanlı xidmət göstərilmişdir.
Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 525 minə yaxın sayda SMS göndərilmişdir.
Dövr ərzində ümumilikdə 75 488 müraciət üzrə 111 838 Asan İmza sertifikatı verilmişdir.