Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması proseslərinin elektronlaşması, asanlaşması və reyestrin proaktivliyinin təmin edilməsi məqsədilə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna dəyişiklik layihəsi hazırlanmışdır. Layihədə təsis payının özgəninkiləşdirilməsi (alqı-satqı, bağışlama müqavilələri və s.) və yüklü edilməsi ilə bağlı müqavilələrin proaktiv olaraq qeydiyyat orqanı tərəfindən notariat orqanından alınması və reyestrdə müvafiq dəyişikliklərin qeydə alınması nəzərə alınmışıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi və əlaqəli fərman layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
13 mart 2025-ci il tarixdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilmişdir. İclasda 2025-ci il üzrə müvafiq yol xəritəsi ilə bağlı qarşıda duran vəzifələr barədə müzakirələr, biznesin təsis edilməsi proseslərinin daha da yaxşılaşdırılması ətrafında fikir mübadiləsi aparılmışdır.
24 fevral 2025-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə onlayn görüş keçirilmişdir. Görüşdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bu sahədə aparılan islahatlar barədə müzakirələr aparılmışdır.
6 fevral 2025-ci il tarixdə mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüş keçirilmişdir. Görüşdə sahibkarlar, biznes subyektlərinin nümayəndələri və yerli şirkətlərin rəhbərləri iştirak etmişdir.