Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
İlqar Abbasov Adil oğlu il***@inbox.ru ID: 9183
Salam. Məlumdur ki, Mənfəət Vergisinin Bəyannaməsinin 1 N-li əlavəsində Debitor və kreditor borc məbləğləri ƏDV-siz dəyərlə qeyd olunur. Bilmək istərdim ki, Bəyannamənin 1 N-li əlavəsində debitor və kreditor borcların ƏDV-si hansı sətirlərdə qeyd olunmalıdır?
26/03/2024 Oxunub: 236 Orta qiymət: 4

Bildiririk ki, Azərbaycan Respublikası Vergilər nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 1-in tərtib edilməsi Qaydası”na əsasən ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsi tərtib edilən zaman əlavənin 1.4 kodlu (Debitor borcları) və 2.2.1 kodlu (Kreditor borcları) sətirlərində məbləğlər ƏDV daxil olmaqla qeyd edilir.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Ramal Qəmbərli Rauf qm***@gmail.com ID: 9172
Salam. Mən bu yaxınlarda kiçik həcmli onlayn biznes platformasına başlayacam, bu platforma isə "Youtube"dir. Sadəcə olaraq bilmək istəyirəm ki, fiziki şəxs gəlirin neçə faizini vergiyə ödəmiş olacaq? "Youtube" platformasına başlayan fiziki şəxs gəlirinin neçə faizini vergiyə ödəmiş olacaq? Bunu rəsmi olaraq Dövlət Vergi Xidmətindən dəqiqləşdirmək istəyirdim ki, hər hansısa bir problem yaranmasın. Öncədən Təşəkkürlər.
22/03/2024 Oxunub: 144 Orta qiymət: 5

Salam. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;

Əlavə olaraq gəlir vergisindən azadolmalar və güzəştlər üçün Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan meyarlardan yararlana bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Şirxan İbrahimov Asif oğlu gg***@gmail.com ID: 9162
Mən Xocalı rayonu ərazisində antiterror əməliyyatlarında iştirak etmişəm. Bununla bağlı hansı güzəştlər var?
17/03/2024 Oxunub: 242 Orta qiymət: 5

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Polad Ələsgərov Laçin po***@gmail.con ID: 9159
Salam bank kartı ilə nağdsız ödəniş etmişəm, lakin ƏDV qaytarılmayıb. Bankla əlaqə saxladıqda DVX ilə əlaqə saxlamağım tövsiyyə olundu. Zəhmət olmasa köməklik göstərərdiniz.
17/03/2024 Oxunub: 256 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ƏDV-nin müvafiq qaydada qaytarılması Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə aid edilir.

Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qFaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Eyni zamanda bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Rəsmi qaydada müraciət üçün link: "Dövlət Vergi Xidmətinə müraciət"

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Pərvin Mamedov Səxavət pe***@gmail.com ID: 9158
Salam, mən hazırda Mingəçevir Dövlət Universitetinin Biznesin təşkili və idarə edilməsi üzrə magistr təhsili alıram.Mən təhsil aldığım müddətdə vergi imtahanlarına müraciət edə bilərəm?
15/03/2024 Oxunub: 97 Orta qiymət: 4

Bəli, müraciət edə bilərsiniz. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/qaydalar

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Həsən Zeynalov Xalıq he***@mail.ru ID: 9154
Salam, Sədərək TM dən mal alıram və e-qaimə mənə təqdim etmədən, onlayn satış etmək üçün sosial şəbəkədə satış göstərirəm. Müştərilər bankla bağladığım müqavilə əsasında kreditlə malı alır. Bank malın satış dəyərini hesablaşma hesabına ödəyir. Vergi öhdəliklərimlə bağlı məlumat verərdiniz.
15/03/2024 Oxunub: 377 Orta qiymət: 3

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyətini həm hüquqi şəxs kimi, həm də hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz. 

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Həmçinin bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz. Təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə və ya gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Elektron qeydiyyat haqda istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Subhan Memmedov su***@gmail.com ID: 9153
Salam. Men sağlamlıqla bağlı "Google play"a proqram təqdim etməyi düşünürəm. Bu proqramdan əldə etdiyim gəlirlər üzrə hansı vergiləri ödəməliyəm?
14/03/2024 Oxunub: 192 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət ilə məşğul olmaq üçün ilk növbədə vergi orqaninda uçota durmaqla VÖEN əldə etməli, daha sonra icarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna aınması üçün icarə müqaviləsi əlavə edilməklə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə”ni obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına təqdim etməlisiniz.
Fiziki şəxs vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilər. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığda müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Vergi orqanlarında uçot prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı rəsmi internet səhifəmizin “Vergilərin ödənilməsi və bəyannamələrin verilmə müddətləri”, “Vergi bələdçisi” bölmələrindən və ya Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) müraciət etməklə əldə edə bilərsiniz.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Sevdimov Əli Gülhüseyn oğlu al***@gmail.com ID: 9148
Salam. Müraciətim qanunvericiliklə bağlıdır. 26.10.2022-ci il tarixdə vətəndaş Əli Sevdimova (müraciətin məzmunundakı ad, soyad şərtidir) "Fiziki şəxsin uçotu haqqında" şəhadətnamə (VÖEN) verilmişdir. 26.12.2022-ci il tarixdə isə fəaliyyət və əməliyyatlar 2027-ci il tarixədək dayandırılmışdır. Hazırda vətəndaş Əli Sevdimova məxsus qeyri-yaşayış sahəsiləri "VÖEN"-i olan lakin ədv ödəyicisi olmayan fiziki şəxsə və ƏDV ödəyicisi olan hüquqi şəxsə icarəyə verildiyi halda, 1.Vətəndaş Əli Sevdimovun gəlirləri barədə vergi bəyannaməsi təqdim edilməsi öhdəliyi yaranırmı? 2.Notarial qaydada obyektin icarəyə verilməsi haqqında müqavilə bağlandıqdan sonra "Təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn qeydiyyatı ərizəsi" (obyekt kodu almaq məqsədilə) yazılmalıdırmı? Bunun üçün vergi orqanına hansı sənədlər təqdim olunmalıdır? 3. Daha öncədən vətəndaş Əli Sevdimov özəl bankdan biznes krediti almışdırsa və həmin bankda kreditə görə hesab açılmışdırsa, bu hal obyek kodunun alınmasına mane olurmu? Öncədən təşəkkürlərimi bildirirəm.
13/03/2024 Oxunub: 234 Orta qiymət: 0

Salam bildiririk ki, İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı üçün tələb olunan sənədlər.

Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə*
- təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin) surəti (PDF formatında)

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dən məhdudlaşdırılıb. Həmin tarixdən etibarən elektron kabinetdən yalnız elektron imzadan istifadə etməklə istifadə etmək mümkündür.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 124-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
mirzəyeva gülər şirin Gu***@mail.ru ID: 9147
Salam. Vergi ödəyicisinin bank hesabına sərəncam daxil olduqda minumum hansi məbləğ dondurula bilər?
13/03/2024 Oxunub: 366 Orta qiymət: 4

Bildiririk ki, Vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər 5 gün ərzində ödənilmədikdə, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə, məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq və ya vergi ödəyicisinin yazılı razılığı olduqda Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

Vergi Məcəlləsinin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödə yicisinin ödəmə tapşırıqları icra edilir.

Əsas: Vergi Məcəlləsinin 65-ci maddəsi

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Timur Qəhrəmanov Arnold oğlu ti***@gmail.com ID: 9127
Mən hüquqi şəxs yaratmadan vergi ödəyicisi kimi qeydiyyatdan keçib fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirəm. Mənim illik dövriyyəm 200 min manatdan aşağı olacaq. Fəaliyyətim növü idarəetmə üzrə məsləhət xidmətləri olacaqdır. Məsləhət xidmətinin alıcıları Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər olacaq. Mən əldə edəcəyim gəlirdən sadələşdirilmiş vergi, yoxsa fiziki şəxslərin gəlir vergisini ödəyəcəm? Müvafiq verginin hansı stavkası mənə tətbiq ediləcək? Öncədən təşəkkür edirəm.
05/03/2024 Oxunub: 230 Orta qiymət: 0

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Sorğunuza əsasən, gəlirlərinizin yalnız hüquqi şəxslərdən formalaşdığını nəzərə alsaq,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

Vergi məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyil. 

Əlavə olaraq nəzərinizə catdırırıq ki, vergi məcəlləsinin  218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquna malikdir. 

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə  hüquqi şəxsin  mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Həmçinin  vergi məcəlləsinin 152.3 maddəsinə əsasən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
HƏSƏNOVA ZƏRİFƏ MƏHYƏDDİN QIZI ha***@mail.ru ID: 9121
2022-2023 cü ilin Devidenti 2024 cü il tarixdə ödənilir o halda 5 faiz və ya 10 faiz ödənilməlidir.Xahiş edirəm bu haqqda məlumat verəsiniz. Əvvəlcədən təşəkür edirəm
01/03/2024 Oxunub: 136 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur. Həmin maddənin 2024-cü ilin yanvarın 1-dək qüvvədə olmuş müddəalarında dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin tutulması nəzərdə tutulmuşdur.

Buna əsasən sorğuda göstərilən halda, 2022-2023-cü ilin yekunları üzrə bölüşdürülməmiş mənfəətin hesabına dividendin 2024-cü ilin yanvarın 1-dən sonra elan edilərək ödənilməsi zamanı ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 122-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abbasov Elgün Etibar el***@gmail.com ID: 9118
Salam mən Elgün Abbasov 2 ci Qarabag muharibesi Veteranıyam mən hal hazırda Zəhmət Ruzi MMC SAB ət və süd məhsulları zavodunda işləyirəm . Mənim sizdən Müraciətim bununla baglıdrki mən Vergi qanunun 102.2.7 maddesinə əsasən Veteranların vergi vermə güzestləri var .Mənde bununla baglı fikr bildrdm rehbərlərə onlar dedilərki biz özel müəsseyik dövlət işinde olsa hə. Fərqi nədirki. Aformutlu sgortalı qurumdu Sizden xaişm odrki. Özəl vəya Dövlət fərqi var Nuharibə Veteranının vergi verməməsi vəya güzəştli vergi ilə təmn olunması üçn. Oxudugunza göre minnətdaram xaiş edirəm qsa zaman içərisnde mənə geri dönüş edəsiniz Təşəkkür!
29/02/2024 Oxunub: 340 Orta qiymət: 4

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Abbaslı Orxan or***@gmail.com ID: 9115
Camaşırxana və kimyəvi təmizləmə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin hansı öhdəlikləri var və hansı vergi ödəyicisi qrupuna daxildirlər
29/02/2024 Oxunub: 228 Orta qiymət: 2

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

2/5 (4 Orta qiymət)
Qiymət ver:
Vəfa Ağazadə Mübariz qızı ve***@gmail.com ID: 9095
Salam mən vöeni dondurmuşdum 3 illik.01.03.2024 il tarixdə fəaliyyətimin aktivləşəcəyi ilə bağlı sms aldım.Lakin kod parolu unutduğum üçün ləğv edə bilmədim vöeni.Qeydiyyat yerim Ağdaş rayonu olduğu üçün kod parolu bərpa etmək mümkün olmadı Qəbələ şəhərində.Nə edə bilərəm zəhmət olmasa köməklik göstərərdiniz.
22/02/2024 Oxunub: 291 Orta qiymət: 5

Bildiririk ki, 1 yanvar 2024-cü il tarixindən etibarən vergi ödəyicilərinin e-taxes.gov.az portalındakı şəxsi elektron kabinetlərindən istifadəsi yalnız gücləndirilmiş elektron imza ilə mümkündür. Vergi ödəyiciləri əməliyyatlar üçün gücləndirilmiş elektron imza əldə etməlidir.

“ASAN imza” sertifikatı almaq üçün vergi ödəyiciləri istənilən mobil şəbəkə operatorundan aldığı biznes tipli “ASAN İmza” mobil SİM kartı və şəxsiyyəti təsdiq edən sənədlə birgə KOB evlərinə də müraciət edə bilərsiniz.

"ASAN İmza” mobil SİM kartını KOB evlərində xidmət göstərən mobil operatorlara müraciət etməklə də əldə etmək olar.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Aida Nezerova Bayram na***@inbox.ru ID: 9094
Vergilər Məcəlləsinin 198.1.1 maddəsi , yəni əmlak vergisinin mənzil sahibinə aidiyyatı var?
21/02/2024 Oxunub: 376 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlakvergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Vəli Əliyev Əkbər oğlu ve***@mail.ru ID: 9093
ADRA-ya odənilən, açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği ƏDV-yə cəlb olunmalıdırmı? ADRA tərəfindən əldə olunan haqqa görə elektron-qaimə tərtib olunmalıdırmı?
21/02/2024 Oxunub: 188 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2017-ci il tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsinin 4.4-cü bəndinə əsasən Agentlik açıq məkanda reklam yerləşdirməyə icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu, Nizamnamənin 4.4-1-ci bəndinə əsasən açıq məkanda reklam yayımına görə müvafiq məbləğdə haqq tutur.

Vergi Məcəlləsinin 164.1.6-cı maddəsinə əsasən tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar, xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə) və onların tutulması müqabilində göstərdiyi xidmətlər ƏDV-dən azaddır.

Göründüyü kimi, reklam yayımına görə reklam yayıcılarından tutulan haqlar ƏDV-dən azad deyildir.

Qeyd olunanlara əsasən Agentliyin tutduğu dövlət rüsumu istisna olmaqla, Agentliyin açıq məkandan reklam yayımına görə reklam yayıcılarından tutduğu haqlar ümumi qaydada ƏDV-yə cəlb edilir və Agentlik tərəfindən həmin haqq məbləğində reklam yayıcısına elektron qaimə-faktura təqdim olunur.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 164-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul 1566 nömrəli Fərmanı.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kənan Qırxiyev Arif oğlu ke***@mail.ru ID: 9092
Salam, Sualım əvəzsiz və hədiyyə olaraq verilən iş, mal və xidmətlərlə bağlıdır. Sualımı nümünə üzərindən vermək istəyirəm: ƏDV və mənfəət vergisi ödəyicisi olan orta sahibkarlıq subyekti "A" MMC ƏDV və mənfəət vergisi ödəyicisi olan orta sahibkarlıq subyekti "B" MMC-yə 118 manatlıq (100 manat + 18 manat ƏDV məbləği) qaimə kəsərək, əvəzsiz şəkildə təqdim edilən malları və göstərilən xidmətləri rəsmiyyətə salır. 1) Bu halda "A" MMC hədiyyə verilən maların maya dəyərini vergitutma məqsədləri üçün xərcə salmalıdırmı? 2) "A" MMC bu malları ƏDV ödəyicisi olmayan şəxsdən aldığı təqdirdə, hədiyyə verilən malların ƏDV-si büdcəyə ödənilməlidirmi? 3) "B" MMC aldığı hədiyyənin ƏDVdaxil ya ƏDV-siz dəyərini mənfəətə aid etməlidir? (VM 143) 4) "B" MMC aldığı hədiyyənin dəyərini vergitutma məqsədləri üçün xərcə salmalıdırmı?(Səbəbini də qeyd edin xaiş edirəm). Salınmalıdırsa ƏDVdaxil yoxsa ƏDV-siz məbləğ? (VM 136.1.3) 5) Bu əməliyyatlar bazar dəyəri yoxsa faktiki dəyərlə rəsmləşdirilməlidir?
21/02/2024 Oxunub: 357 Orta qiymət: 5

Bildiririk ki, malların əvəzsiz olaraq digər şəxsə hədiyyə verilməsi Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi hesab edilir. 
Eyni zamanda, Vergi Məcəlləsinin 142.1-ci maddəsinin müddəalarına əsasən aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir. 
Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir.
Qeyd olunanlara əsasən Cəmiyyət tərəfindən hədiyyə olaraq əvəzsiz qaydada təqdim edilən mallar bazar qiyməti əsas götürülməklə Cəmiyyətin vergitutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.
Bununla yanaşı, Vergi Məcəlləsinin 159.4-cü maddəsinin müddəalarına əsasən vergi ödəyicisinin əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi ƏDV tutulan əməliyyat sayılır.
Sorğuda göstərilən halda, malları əvəzsiz qaydada əldə edən ƏDV qeydiyyatında olan vergi ödəyicisi həmin malların elektron qaimə-faktura əsasında əvəzsiz olaraq aldığı bazar dəyəri ilə (ƏDV daxil) vergi uçotunda əks etdirməklə mənfəət vergisinə cəlb edir və əvəzsiz qaydada əldə olunan həmin malların dəyəri sonradan təqdim edildiyi halda Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılır.
Belə ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər satışdankənar gəlirlərə aid edilir. 
 Əsas: Vergi Məcəlləsinin 13-cü, 108-ci, 142-ci və 159-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Allahverən İbrahimov Mirzə oğlu mu***@gmail.com ID: 9089
Vergi Məcəlləsinin 71-1.5.12.--ci maddəsinə əsasən alınmış avans ödənişləri üzrə elektron qaimə faktura avansı alan şəxs tərəfindən ekektron qaimə təqdim edilir. Məcəllənin 71-1.1.5.-ci maddəsinə əsasən elektron qaimə faktura avansın alındığı gün təqdim edilir. Avans üzrə mallar, işlər və xidmətlər tam təqdim edildikdə elektron qaimə faktura təqdim edilmiş mal , iş və xidməti yekun məbləği üzrə və ya ödənilməmiş məbləğ üzrə təqdim edilməsi Vergi Məcəlləsinin 71-1 -ci maddəsində göstərilməmişdir. Bu barədə ətraflı məlumat verməyini Sizdən xahiş edirəm.
19/02/2024 Oxunub: 186 Orta qiymət: 0

Bildiririk ki, elektron qaimə-fakturanın tərtibi və tətbiqi ilə bağlı qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə tənzimlənir.

Həmin Qaydaların 2.3-cü bəndində elektron qaimə-fakturada əks etdirilməli məlumatlar öz əksini tapmışdır və malın (işin, xidmətin) vahidinin satış qiyməti və cəmi dəyəri (manatla, ƏDV və yol vergisi istisna olmaqla) elektron qaimə-fakturada əks etdirilir.

Buna əsasən alınmış avans ödənişlər üzrə mallar, işlər və xidmətlər təqdim edildikdə tərtib olunan “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturada malların, işlərin və xidmətlərin tam dəyəri əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 9088
Salam, Hər hansı bir şəxs A və B müəssisələrin təsiscisidir. A müəssisəsi B müəssisəsinə 1(bir) illik 20000 manat borc verə bilər ya yox. Əgər borc verilərsə bu borc hansı vergiyə cəlb olunar. Qabaqcadan təşəkkür edirəm.
17/02/2024 Oxunub: 458 Orta qiymət: 4

Bildiririk ki, bazar qiymətinin tətbiq olunduğu hallar Vergi Məcəlləsinin 14.3-cü maddəsində qeyd olunmuşdur. Həmin hallardan biri təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi haldır. Vergitutma məqsədləri üçün, qarşılıqlı surətdə asılı olan şəxslər Vergi Məcəlləsinin 18.2-ci maddəsində qeyd olunmuşdur. Şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətində olduqları halda, həmin şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunur.

Eyni zamanda qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bununla yanaşı, bağışlanmış borcun məbləği vergi ödəyicisinin qeyri-sahibkarlıqdan əldə etdiyi gəlir hesab olunur və vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 99.3.5-ci və 123.1-ci maddələri.

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Ramin Tağızadə Əşrəf ra***@gmail.com ID: 9083
Salam. Yeni tikili olan mənzil almağı planlayıram, xahiş edirəm məlumat verərdiniz ƏDV-nin geri qaytarılması Bakı şəhərində bütün MTK-lara şamil olunur?
16/02/2024 Oxunub: 271 Orta qiymət: 5

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

5/5 (1 Orta qiymət)
Qiymət ver: