Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Aida Nezerova Bayram na***@inbox.ru ID: 9094
Vergilər Məcəlləsinin 198.1.1 maddəsi , yəni əmlak vergisinin mənzil sahibinə aidiyyatı var?
21/02/2024 Oxunub: 368 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlakvergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Vəli Əliyev Əkbər oğlu ve***@mail.ru ID: 9093
ADRA-ya odənilən, açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği ƏDV-yə cəlb olunmalıdırmı? ADRA tərəfindən əldə olunan haqqa görə elektron-qaimə tərtib olunmalıdırmı?
21/02/2024 Oxunub: 180 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2017-ci il tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsinin 4.4-cü bəndinə əsasən Agentlik açıq məkanda reklam yerləşdirməyə icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu, Nizamnamənin 4.4-1-ci bəndinə əsasən açıq məkanda reklam yayımına görə müvafiq məbləğdə haqq tutur.

Vergi Məcəlləsinin 164.1.6-cı maddəsinə əsasən tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar, xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə) və onların tutulması müqabilində göstərdiyi xidmətlər ƏDV-dən azaddır.

Göründüyü kimi, reklam yayımına görə reklam yayıcılarından tutulan haqlar ƏDV-dən azad deyildir.

Qeyd olunanlara əsasən Agentliyin tutduğu dövlət rüsumu istisna olmaqla, Agentliyin açıq məkandan reklam yayımına görə reklam yayıcılarından tutduğu haqlar ümumi qaydada ƏDV-yə cəlb edilir və Agentlik tərəfindən həmin haqq məbləğində reklam yayıcısına elektron qaimə-faktura təqdim olunur.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 164-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul 1566 nömrəli Fərmanı.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kənan Qırxiyev Arif oğlu ke***@mail.ru ID: 9092
Salam, Sualım əvəzsiz və hədiyyə olaraq verilən iş, mal və xidmətlərlə bağlıdır. Sualımı nümünə üzərindən vermək istəyirəm: ƏDV və mənfəət vergisi ödəyicisi olan orta sahibkarlıq subyekti "A" MMC ƏDV və mənfəət vergisi ödəyicisi olan orta sahibkarlıq subyekti "B" MMC-yə 118 manatlıq (100 manat + 18 manat ƏDV məbləği) qaimə kəsərək, əvəzsiz şəkildə təqdim edilən malları və göstərilən xidmətləri rəsmiyyətə salır. 1) Bu halda "A" MMC hədiyyə verilən maların maya dəyərini vergitutma məqsədləri üçün xərcə salmalıdırmı? 2) "A" MMC bu malları ƏDV ödəyicisi olmayan şəxsdən aldığı təqdirdə, hədiyyə verilən malların ƏDV-si büdcəyə ödənilməlidirmi? 3) "B" MMC aldığı hədiyyənin ƏDVdaxil ya ƏDV-siz dəyərini mənfəətə aid etməlidir? (VM 143) 4) "B" MMC aldığı hədiyyənin dəyərini vergitutma məqsədləri üçün xərcə salmalıdırmı?(Səbəbini də qeyd edin xaiş edirəm). Salınmalıdırsa ƏDVdaxil yoxsa ƏDV-siz məbləğ? (VM 136.1.3) 5) Bu əməliyyatlar bazar dəyəri yoxsa faktiki dəyərlə rəsmləşdirilməlidir?
21/02/2024 Oxunub: 310 Orta qiymət: 5

Bildiririk ki, malların əvəzsiz olaraq digər şəxsə hədiyyə verilməsi Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi hesab edilir. 
Eyni zamanda, Vergi Məcəlləsinin 142.1-ci maddəsinin müddəalarına əsasən aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir. 
Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir.
Qeyd olunanlara əsasən Cəmiyyət tərəfindən hədiyyə olaraq əvəzsiz qaydada təqdim edilən mallar bazar qiyməti əsas götürülməklə Cəmiyyətin vergitutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.
Bununla yanaşı, Vergi Məcəlləsinin 159.4-cü maddəsinin müddəalarına əsasən vergi ödəyicisinin əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi ƏDV tutulan əməliyyat sayılır.
Sorğuda göstərilən halda, malları əvəzsiz qaydada əldə edən ƏDV qeydiyyatında olan vergi ödəyicisi həmin malların elektron qaimə-faktura əsasında əvəzsiz olaraq aldığı bazar dəyəri ilə (ƏDV daxil) vergi uçotunda əks etdirməklə mənfəət vergisinə cəlb edir və əvəzsiz qaydada əldə olunan həmin malların dəyəri sonradan təqdim edildiyi halda Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılır.
Belə ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər satışdankənar gəlirlərə aid edilir. 
 Əsas: Vergi Məcəlləsinin 13-cü, 108-ci, 142-ci və 159-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Allahverən İbrahimov Mirzə oğlu mu***@gmail.com ID: 9089
Vergi Məcəlləsinin 71-1.5.12.--ci maddəsinə əsasən alınmış avans ödənişləri üzrə elektron qaimə faktura avansı alan şəxs tərəfindən ekektron qaimə təqdim edilir. Məcəllənin 71-1.1.5.-ci maddəsinə əsasən elektron qaimə faktura avansın alındığı gün təqdim edilir. Avans üzrə mallar, işlər və xidmətlər tam təqdim edildikdə elektron qaimə faktura təqdim edilmiş mal , iş və xidməti yekun məbləği üzrə və ya ödənilməmiş məbləğ üzrə təqdim edilməsi Vergi Məcəlləsinin 71-1 -ci maddəsində göstərilməmişdir. Bu barədə ətraflı məlumat verməyini Sizdən xahiş edirəm.
19/02/2024 Oxunub: 165 Orta qiymət: 0

Bildiririk ki, elektron qaimə-fakturanın tərtibi və tətbiqi ilə bağlı qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə tənzimlənir.

Həmin Qaydaların 2.3-cü bəndində elektron qaimə-fakturada əks etdirilməli məlumatlar öz əksini tapmışdır və malın (işin, xidmətin) vahidinin satış qiyməti və cəmi dəyəri (manatla, ƏDV və yol vergisi istisna olmaqla) elektron qaimə-fakturada əks etdirilir.

Buna əsasən alınmış avans ödənişlər üzrə mallar, işlər və xidmətlər təqdim edildikdə tərtib olunan “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturada malların, işlərin və xidmətlərin tam dəyəri əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 9088
Salam, Hər hansı bir şəxs A və B müəssisələrin təsiscisidir. A müəssisəsi B müəssisəsinə 1(bir) illik 20000 manat borc verə bilər ya yox. Əgər borc verilərsə bu borc hansı vergiyə cəlb olunar. Qabaqcadan təşəkkür edirəm.
17/02/2024 Oxunub: 444 Orta qiymət: 4

Bildiririk ki, bazar qiymətinin tətbiq olunduğu hallar Vergi Məcəlləsinin 14.3-cü maddəsində qeyd olunmuşdur. Həmin hallardan biri təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi haldır. Vergitutma məqsədləri üçün, qarşılıqlı surətdə asılı olan şəxslər Vergi Məcəlləsinin 18.2-ci maddəsində qeyd olunmuşdur. Şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətində olduqları halda, həmin şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunur.

Eyni zamanda qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bununla yanaşı, bağışlanmış borcun məbləği vergi ödəyicisinin qeyri-sahibkarlıqdan əldə etdiyi gəlir hesab olunur və vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 99.3.5-ci və 123.1-ci maddələri.

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Ramin Tağızadə Əşrəf ra***@gmail.com ID: 9083
Salam. Yeni tikili olan mənzil almağı planlayıram, xahiş edirəm məlumat verərdiniz ƏDV-nin geri qaytarılması Bakı şəhərində bütün MTK-lara şamil olunur?
16/02/2024 Oxunub: 262 Orta qiymət: 5

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Aynure ay***@yourconsulting.az ID: 9081
Salam. Sualım qeyri rezidentə konsultasiya xidməti göstərən və xaricdən gəlir əldə fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisinə aid edilirmi? Öncədən təşəkkürlər.
15/02/2024 Oxunub: 414 Orta qiymət: 5

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Məlumat üçün bildiririk ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
vuqar abakerov qurban oglu ab***@gmail.com ID: 9078
Salam. Mən fəaliyyət sahəsi kodunu itirmişəm necə əldə edə bilərəm?
15/02/2024 Oxunub: 162 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisinin fəaliyyyət növü haqda məlumat vergi sirri hesab edilir və “Sual-cavab” bölməsində kommersiya (vergi) sirri təşkil edən məlumatlar verilmir.

Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin vergi uçotundan çıxarılıb-çıxarılmaması, vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvan haqqında məlumat səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət orqanlarına (qurumlarına) verilə bilər. 

Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə) haqqında məlumat hesabların açılması məqsədilə bank əməliyyatı aparan şəxslərə verilə bilər.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Zakirli Şükrüyə za***@gmail.com ID: 9075
Salam. Sualım ondan ibarətdir ki. Tutaq ki mən 2023 cü ildən Gəlir vergisi ödəyicisiyəm və Pambıq becərilməsi ilə məşğulam. Göndərilmiş qaimələrim var amma kənd təsərrüfatı ilə məşğul olduğum üçün Gəlir vergisi ödəməkdən azadam. Fəaliyyət sahəsinə uyğun vergi orqanında qeydiyyatda olduğum təsərrüfat subyekti olmadığı halda bu güzəştdən istifadə etmək hüququmu itirirəm? Əgər daha sonra dərhal subyekt qeydiyyatından keçsəm bu zaman 2022 ci ildəki Gəlir bəyannaməsinə dəqiqləşmə verib güzəşt hüququndan yararlana bilərəm mi?
15/02/2024 Oxunub: 168 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) olduğu təqdirdə, həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Belə ki, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunan təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınması qanunvericiliyin tələbidir.

Vergi ödəyicisi tərəfindən təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınmamasının vergi ödəyicisinin gəlir vergisindən azadolma hüququnu məhdudlaşdırması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Bununla belə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə Vergi Məcəlləsində nəzərdə tutulmuş müvafiq azadolmalardan yararlanmaq üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədləri), habelə kənd təsərrüfatı məhsullarının ailə kəndli təsərrüfatından istehsal edildiyi halda bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti və digər zəruri sənədlər mövcud olmalıdır.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 58.15-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü və 58-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Füzuli fi***@gmail.com ID: 9072
Salam. VM-nin 114.4 maddəsində göstərilən "Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər." maddəsində növbəti vergi illərində dedikdə həmin illərin hər hansı məhdudiyyəti varmı? Yəni qeyd edilən qayda üzrə toplanmış amortizasiya məbləği 10 il sonra xərc kimi tanına bilər?
14/02/2024 Oxunub: 125 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Qeyd olunanlara əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə olunmaqla müddət məhdudiyyəti qoyulmadan gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
ismayılov təhmasib le***@gmail.com ID: 9062
Salam. VÖEN-nin fəaliyyətinin onlayn dayandırılması ilə bağlı məlumat verərdiniz.
09/02/2024 Oxunub: 278 Orta qiymət: 5

Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ilə əlaqədar yerinə yetirilməli olan proseduralarla bağlı ətraflı məlumat əldə etmək üçün qeyd olunan linkə daxil ola bilərsiniz https://www.youtube.com/watch?v=HCXDfORFvnk

Müraciətiniz barədə ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
NURLAN HACİYEV VAQİF OGLU qa***@mail.ru ID: 9057
Salam. Mənim "Youtube"dan əldə etdiyim gəlirlər üzrə hansı vergi öhdəliklərim var?
07/02/2024 Oxunub: 166 Orta qiymət: 0

Salam. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;

Əlavə olaraq gəlir vergisindən azadolmalar və güzəştlər üçün Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan meyarlardan yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əhmədova Leyla Bəylər le***@gmail.com ID: 9056
Salam. VÖEN şəhadətnaməsinin kodunu necə əldə edə bilərəm?
07/02/2024 Oxunub: 67 Orta qiymət: 0

Fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin müraciəti əsasında 2 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Xidmət mərkəzində şəhadətnamənin yeni nüsxəsi ilə bağlı müraciətlər emal olunduqda, yeni nüsxə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. Bu zaman verilən nüsxənin üzərində fiziki şəxsin uçotu haqqında şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. 

Fiziki şəxsin uçotu haqqında şəhadətnamənin itirilməsinə görə hər hansı cərimə və ya ödəniş nəzərdə tutulmamışdır. 

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Naib İsmayılov Cabbar oğlu na***@gmail.com ID: 9055
Mən torpaq vergisini 6 aylıq bütöv ödəmişəm marta ayına qədər mənə sabit qəbz lazımdır. Ünvanlı sosial yardım ücün mən aylıqları marta kimi aylara necə bölə bilərəm?
06/02/2024 Oxunub: 148 Orta qiymət: 1

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, bu haqda ətraflı məlumat almaq üçün Çağrı Mərkəzinə (195-1), xidmət mərkəzlərinə və ya Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsində "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsinə müraciət etməyiniz tövsiyə olunur.

Rəsmi qaydada müraciət üçün link: "Dövlət Vergi Xidmətinə müraciət"

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Tural Nifteliyev Fazil oglu br***@gmail.com ID: 9049
Salam, ölkədən çıxışıma məhdudiyyət varmı?
05/02/2024 Oxunub: 54 Orta qiymət: 0

Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.

Məlumat üçün bildiririk ki, şəxsiyyət vəsiqənizin FİN kodunu və ya seriya və nömrəsini daxil etməklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqda məlumatı əldə edə bilərsiniz. Xidmətdən istifadə üçün bu linkdən istifadə edə bilərsiniz. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
qoshqar agayev ag***@gmail.com ID: 9046
Salam. Mən hüquqi şəxslərə printerlərin, kartriclərinin təmiri və doldurulması xidməti göstərirəm və (Fiziki şəxs) e-qaimə ilə ödəniş edilir. Bu halda mənim hansı vergi öhdəliklərim var?
05/02/2024 Oxunub: 151 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Müraciətinizdə qeyd olunanlara əsasən, fiziki şəxs tərəfindən göstərilən xidmətin alıcısı əhali deyil, vergi ödəyicisi kimi uçotda olan şəxslər  olduğu üçün müəssisənin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur. Qeyd olunan fəaliyyət mənfəət vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Bildiririk ki, mikro sahibkarlıq subyekti dedikdə dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur. 

Vergi Məcəlləsinin 106.1.20 maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinə güzəşt tətbiq olunur. 

Əsas: Vergi Məcəlləsinin 104-cü, 106-cı, 218.5.10-cu və 218.6.2-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Shahbazova Konul Nureddin qizi sh***@gmail.com ID: 9042
Salam. 07.03.2024-cu il tarixdə mağazadan alış-veriş etdikdən sonra çeki ƏDV-ni yüklədikdə artıq yüklənmiş kimi qeyd edildi.Çekin kim tərərfindən yükləndiyini bilmək istəyirəm. Zəhmət olmasa köməklik göstərəsiniz.
04/02/2024 Oxunub: 89 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Dursun Seyfeddin oglu Abdullayev du***@mail.u ID: 9041
Salam. Mənim atam 1-ci Qarabağ müharibəsi iştirakçısı olub. Döyüşdən sonrakı dövrdə vəfat edib. Valideynim veteran olduğu üçün mənə əmək haqqımdan tutulmalarda hər hansı güzəştlər tətbiq oluna bilər?
03/02/2024 Oxunub: 103 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan tətbiq olunur.

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyeva Leyla Mehdi ar***@mail.ru ID: 9039
Salam. Mən dərziyəm və evimdə xidmət göstərirəm. VÖEN açmalıyam? Zəhmət olmasa məlumat verərdiniz.
02/02/2024 Oxunub: 185 Orta qiymət: 0

Bildiririk ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən dərzi fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. 

Buna əsasən həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək, Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. 

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. 

Eyni zamanda vergi qanunvericiliyinin tələbinə əsasən vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər sahibkarlıq fəaliyyətində istifadə etdikləri təsərrüfat subyektlərinin uçota almasını təmin etməlidir. Vergi ödəyicisi tərəfindən təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 34-cü, 218-ci, 220-ci maddələri və Vergilər Nazirliyinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Lalə Seyidova la***@gmail.com ID: 9038
Salam, Fərdi sahibkarın ezamiyyətinin rəsmiləşdirilməsi necə həyata keçirilir? Bildiyim qədər ezamiyyə normaları ilə deyil, təqdim etdiyi təsdiqedici sənədlər əsasında vəsaitlər ödənilə bilər və həmin xərclər də gəlirdən çıxılır. Təqdim edilməli olan sənədlər hansılardır?
01/02/2024 Oxunub: 154 Orta qiymət: 0

Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsin fəaliyyəti ilə əlaqədar olaraq digər əraziyə getməsi isə ezamiyyə hesab olunmur.

Bununla yanaşı bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Bu səbəbdən vergi ödəyicisi gəlirin əldə olunması ilə bağlı olan xərclərini müvafiq qaydada rəsmiləşdirməklə gəlirdən çıxa bilər. 

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver: