Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Ayxan Oruclu Elbəyi ay***@gmail.com ID: 9362
Hər vaxtınız xeyir. Mən taksi fəaliyyəti üçün VÖEN açdıqdan sonrakı prosseslər barədə məlumat almaq istəyirdim. Aylıq tələb olunan sadələşdirilmiş vergi, icbari sosial sığorta və icbari tibbi sığorta ödənişlərin hara etmək lazımdır? Birdə son olaraq, VÖEN-i taksi şirkətinə təqdim etdikdən sonra bankda VÖEN-ə bağlı hesab açmamışam. Bankda hesab açılması zəruridir mi? Öncədən təşəkkürlər.
18/05/2024 Oxunub: 354 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə uyğun olaraq ölkə ərazisində fərdi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən şəxlər sadələşdirilmiş vergi ödəyiciləridir.

Həmin şəxslər fəaliyyət göstərdikləri hər ay üçün müvafiq qaydada fərqlənmə nişanı almalı, əldə etdikləri gəlir məbləğindən asılı olmayaraq dövlət büdcəsinə sabit məbləğdə aylıq ödəniş etməlidirlər.
Vergi Məcəlləsinin 220.5-ci maddəsinin tələblərinə uyğun olaraq taksi xidməti göstərənlər hər ay bir ədəd nəqliyyat vasitəsi üçün 9 manat məbləği əsasında müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış vergi məbləğini büdcəyə ödəməlidirlər. Həmin əmsallar aşağıdakı qayda üzrə müəyyən edilmişdir:

-Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2 əmsal;

-Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla) istisna olmaqla) - 1,5 əmsal;
-digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərləri istisna olmaqla) – 1 əmsal.

“Sosial sığorta haqqında” qanunun 14.5.1-1.10-cu maddəsinə əsasən fərqlənmə nişanı almış vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqının 6 faizi məbləğinin müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış sosial sığorta məbləğini büdcəyə ödəməlidirlər. Bu əmsallar aşağıdakı qaydada müəyyən edilmişdir:

-Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2 əmsal;

-Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5 əmsal;

-Digər şəhər və rayonlarda – 1 əmsal.

“İcbari tibbi sığorta haqqında” qanunun 15-10.1.3-cü maddəsinə əsasən, fərqlənmə nişanı əldə edərək fəaliyyət göstərən vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqı məbləğinin 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər. Göründüyü kimi, bu sığorta növünün hesablanması zamanı heç bir əmsal tətbiq edilmir.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Məmmədov Məhəmməd Araz oğlu me***@gmail.com ID: 9361
Salam xaricdən satmaq üçün mal gətirdikdən sonra hansı əməliyyatları həyata keçirməliyəm?
17/05/2024 Oxunub: 318 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

Əlavə olaraq bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Samir Karimov sa***@gmail.com ID: 9360
ABC şirkəti Beynəlxalq şirkətinin Azərbaycan Respublikasindaki nümayindəliyidir. ABC şirkəti, Azərbaycan Respublikasının ərazisində heç bir sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul deyil. Şirkət ƏDV qeydiyyatından keçib və Mənfəət Vergisi ödəyicisidir. Mənfəət vergisi şərti üsulu ilə, Nazirlər Kabinetinin 55 nömrəli qərarın 3.1.2 bəndin əsasında, yəni xərclər əsasında hesablanır. Sual: müvafiq qərarın 3.1.2 bəndinə uyğun olaraq mənfəət vergisi hesablanması məqsədləri üçün gəlirdən çıxılmayan xərclər nəzərə almaq lazimdir?
17/05/2024 Oxunub: 223 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin (gəlirin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” əsasında hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 83.9-cu maddəsi 2024-cü ilin 1 yanvar tarixindən ləğv edilmişdir.

Eyni zamanda, həmin Qaydaların 3.1-ci bəndində qeyd olunmuşdur ki, xarici hüquqi şəxsin Azərbaycan Respublikasında fəaliyyəti ilə əlaqədar əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini şərti üsullardan biri ilə müəyyən edilir.

Müraciətdə sorğu edilən hal üzrə işin faktiki halları, o cümlədən çəkilmiş xərclərin tərkibi, xərclərin rəsmiləşdirilib-rəsmiləşdirilməməsi və digər zəruri məlumatları təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim olunması tövsiyə olunur.

Əsas: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli 1033-VIQD nömrəli Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Şəfa Rəhmanova sh***@gmail.com ID: 9359
Salam, mənim xalam dağlıq bir yerdə yaşayır və hər dəfə torpaq vergisini ödəmək üçün rayon mərkəzinə getməli olur. Ona görə də mən onlayn olaraq o vergini ödəmək istəyirəm. Bir neçə sualım var: 1.Onlayn ödəmə edərkən əlimdə çekim olmur , necə bilə bilərəm ki, ödənişim sistemə oturub? 2. Xalam pul ödədikdən sonra ona sadələşdirilmiş vergi üzrə sabit məbləgin ödənilməsi haqda qəbz verilir, əgər onlayn ödəmə edirəmsə bu qəbzi necə əldə edə bilərəm? 3. Onlayn pul ödəyərək həm də onlayn qəbz almaq istəyirəmsə bunun üçün ilk növbədə sadələşdirilmiş qəbz üçün onlayn muraciət hissəsində ərizəni doldurub daha sonra ordan avtomatik olaraq hökümət ödəniş portalina keçib ödəniş etməliyəm mi? 4. "sadələşdirilmiş vergi üzrə sabit məbləgin ödənilməsi haqda qəbz" hər ay üçün ayrıca alınmalıdırmı yoxsa bir neçə ay ödəniş etdikdən sonra bir dənə qəbz almalıyammı ? Öncədən təşəkkür edirəm.
17/05/2024 Oxunub: 264 Orta qiymət: 5

Siz banka getmədən onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə vergilərinizi və digər icbari ödənişlərinizi ödəyə bilərsiniz. 

Gücləndirilmiş elektron imzanızdan (o cümlədən Asan İmza) istifadə etməklə rəsmi internet saytımızın “Vergiləri necə ödəyək?” bölməsində göstərilmiş “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz. 

Bu barədə daha ətraflı məlumatı səhifəzimin “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.  http://www.taxes.gov.az/az/page/vergileri-nece-odeyek

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Emil Təhməzov em***@gmail.com ID: 9355
Salam, 10 nefer tikinti fehlesi olan fiziki şəxs göstərdiyi xidmətə görə hansı vergi ödəyicisi olmalıdır? Bununla bağlı hansi fəaliyyət kodunu seçməlidir?
15/05/2024 Oxunub: 318 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

Əlavə olaraq bildiririk ki, qeyd etdiyiniz fəaliyyət sahəsinin müxtəlif növləri olduğuna görə buradan müvafiq fəaliyyət kodunu seçə bilərsiniz.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Həsənova Həmayıl Müseyib q ha***@rambler.ru ID: 9354
Salam, mənə məxsus bağ evini günlük icarəyə verirəmsə, bunun üçün hansı vergi öhdəliklərim yaranır? Əvvəlcədən Təşəkkür edirəm
14/05/2024 Oxunub: 430 Orta qiymət: 4

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Sorğunuzda qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait icarəyə verən şəxsə ödənilməlidir.

Eyni zamanda, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 12-ci abzasına əsasən muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

Əsas: Vergi Məcəlləsinin  99.3.3-cü və 124-cü maddələri,  “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu. 

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Ehmedzade Semra xanlar qızı Se***@icloud.com ID: 9353
Salam. Ədv ləğv olunub necə geri ala bilərəm?
14/05/2024 Oxunub: 202 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ƏDV-nin müvafiq qaydada qaytarılması Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə aid edilir.

Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Eyni zamanda bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur

Rəsmi qaydada müraciət üçün link

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əliyev Əli Tofiq al***@gmail.com ID: 9351
Salam. Dekabr ayında görülən işlərə görə(yükdaşıma) yanvarın 28 -də elektron qaimə kəsilmişdir. Həmin qaiməni keçə n ilin hesabatına aid etmək olarmı?
13/05/2024 Oxunub: 245 Orta qiymət: 0

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 

Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. 

Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.

Bildiririk ki, kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt sayılır.

Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır.

Əlavə olaraq nəzərinizə catdırırıq ki, kassa və hesabalama metodunda  borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İbrahimov Ziya İbrahim zi***@mail.ru ID: 9350
Sualım Kənd təsərrüfatı ilə bağlıdır. Cəmiyyət hesablama metodu ilə ucot aparır. Cari dövrdə xərcləri (gübrə, elektrik enerjisi, toxum alışı, əmək haqqı) var hansıki o xərclə uyğun gəlir. Lakin gəlir növbəti il məhsul bicildikdən sonra əldə ediləcək. Vergitutma məqsədi üçün Cəmiyyət cari ildə xərcləri xərc bölməsinə yazıb cari ildə ziyana çıxmalı yoxsa xərcləri (gübrə, elektrik enerjisi, toxum alışı, əmək haqqı) kapitallaşdırıb gəlir əldə etdikdən sonra M.V.-si bəyannaməsinin 221.4 sətrində bir xərc maddəsi kimi qeyd olunmalıdır?
13/05/2024 Oxunub: 171 Orta qiymət: 0

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 

Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. 

Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Qeyd edilənlərə əsasən, müəssisə gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə apardığını nəzərə alaraq, xərcin çəkildiyi və gəlirin əldə edildiyi  vaxta  uyğun olaraq   mənfəət vergisi bəyannaməsində əks olunmalıdır.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədzadə Fərhad Rəhman oglu re***@mail.ru ID: 9349
Salam. Bizim rayonda tibbi hazırlıq kursu kimi fəaliyyət göstərən MMC yaratmışıq. Anam MMC-nin həm təsisçisi, həm də direktorudur. Bilmək istəyirəm ki, mən Bakı şəhərində yaşadıgım üçün həmin MMC-nin Bakı şəhərində filialını yarada bilərəmmi və bunun üçün nə etməli və hara müraciət etməliyəm. Cavablandırdıgınız görə əvvəlcədən təşəkkürümü bildirirəm.
11/05/2024 Oxunub: 340 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanından  kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. 

Vergi ödəyicisinin təsərrüfat subyektlərinin sayından asılı olmayaraq, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) dəyişmir və eyni VÖEN-lə bir neçə iki və daha çox təsərrüfat subyektinin (obyekti) olmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”  elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Əhmədov Cavid Telman ah***@mail.ru ID: 9345
Salam, mikro sahibkarın 2024-cü ildə iki rüb əzrində iki ay işçi olmadan bank hesabına avans olaraq pul köçürülüb. Sahibkar may ayından işçi qəbul eləyib. Bilmək istəyirəm ki, illik hesabatı verəndə həmin sahibkara güzəşt tətbiq edilirmi?
08/05/2024 Oxunub: 156 Orta qiymət: 0

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə   şəxsin  mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət və ya gəlir vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Sorğunuza  cavab olaraq bildiririk ki, güzəşt hüququ tədbiq olunarkən orta aylıq işçi sayı nəzərə alınır. 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Babek Suleymanov ba***@gmail.com ID: 9344
Salam, Mən VÖEN yeni almışam və hələ ki heç bir gelirim yoxdur. Zəhmət olmasa etməli olduğum hərəkətlər barədə məlumat verərdiniz.
08/05/2024 Oxunub: 186 Orta qiymət: 0

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Anar İsmayılov an***@gmail.com ID: 9343
Salam. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə xəbərdarlıq müddəti əvəzinə ödənilən orta aylıq əməkhaqqından gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulmalıdır?
08/05/2024 Oxunub: 327 Orta qiymət: 5

Bildirik ki, İşçilərin sayı və ya ştatlar ixtisar olunduqda əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməzdən əvvəl işəgötürən tərəfindən işçi əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

- işçinin əmək stajı bir ilədək olduqda - azı iki təqvim həftəsi;

- bir ildən beş ilədək olduqda - azı dörd təqvim həftəsi;

- beş ildən on ilədək olduqda - azı altı təqvim həftəsi;

- on ildən çox olduqda - azı doqquz təqvim həftəsi.

Bildiririk ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.
bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında.

Əmək müqaviləsi Əmək Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.14-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Həmçinin ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb olunmur.

Nəzərinizə catdırırıq ki, Vergi Məcəllləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Qeyd olunanlara əsasən, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödənilən işdənçıxarma müavinəti vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Hüsniyyə Abdullayeva İlqar hu***@gmail.com ID: 9340
Salam. Mən əl işləri ilə məşğul olan sənətkaram. Bu məhsulların satışı ilə məşğul olsam vöen açdırsam vergilər hansı şəkildə hesablanacaq? Hansı müddətdə vergi orqanında uçota alınmalıyam ? Təqaüd yaşı ilə bağlı sənətkarlıqda fərqlilik varmı, yoxsa bütün təqaüdçülər kimi standart qaydalarla hesablanır?
07/05/2024 Oxunub: 206 Orta qiymət: 0

 

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməli və vergi orqanına bəyannamə təqdim etməlidir.

Nəzərinizə catdırırıq ki, vergi məcəlləsinin 102.1.12-ci maddəsinə əsasən sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri gəlir vergisindən azaddır. 

Əlavə olaraq bildiririk ki, vergi məcəlləsində sənətkarlığın bu sahələrində fəaliyyət göstərən vergi ödəyicilərinə  digər güzəşt əmlak vergisi ilə bağlıdır. Vergi məcəlləsinin 199.2-ci maddəsinə əsasən  misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir. 

Onu da qeyd edirik ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifəsidir. 

Vergi məcəlləsinin 58.15 -ci maddəsinə əsasən  nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bununla yanaşı,  sahibkarlıq fəaliyyətindən ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 25 faizi həcmində müəyyən edilmişdir. Əlavə olaraq Sosial sığorta haqqında qanunda qeyd olunan zona əmsalları tədbiq edilir.   

Həmçinin, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqqı ödənilməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İbrahimov Zaur Əzim oğlu za***@gmail.com ID: 9337
Salam, xahiş edirəm mənə turistik firmanın qeydiyyatı üçün hansı sənədlərin hazırlanması, hansı qaydada və hara müraciət etməyim barədə məlumat verəsiniz.
06/05/2024 Oxunub: 85 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan  fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyəti başlayana qədər vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalısınız.  

Hüquqi şəxs vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilər. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığda müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 104-cü maddələri, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Muradova Olqa Murad qizi ol***@mail.ru ID: 9336
Salam, zəhmət olmasa "Büdcə gəlirlərinin təsnifatı" kodları barədə məlumat verərdiniz.
06/05/2024 Oxunub: 167 Orta qiymət: 4

Bu keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə təsnifat kodları ilə tanış ola bilərsiniz.

 

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Şinğarov Şinğar Nurulla sh***@mail.ru ID: 9335
Salam. Mənim sualım belədir. ƏDV ödəyicisi olan şəxs fəaliyyəti dayandırır. Fəliyyətinin dayandırdığı tarixə, götürək ki, 250000 manat (ƏDV-siz) mal qalığı vardır. Fəaliyyəti dayandırdıqdan sonra həmin mal qalığının 18% ƏDV-sini 45000 manatı vergiyə ödəmişdir. Müəyyən vaxtdan sonra vergi ödəyicisi fəaliyyətini davam edir və mal qalığını pərakəndə və ya topdan təqdim edir. Belə olan halda həmin vergi ödəyicisi hansı vergini ödəməlidir? Onun sahibliyində qalan malın 18% ƏDV-sini ödəmişdir.
06/05/2024 Oxunub: 255 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinin  qeydiyyatının ləğv olunması  və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən, vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim olunan mallar kimi qiymətləndirilir. Vergi ödəyicisi əgər ləğv olunmamışdan əvvəl ƏDV-yə cəlb edilən mal alıb və ƏDV-ni əvəzləşdiribsə, ləğvolunma zamanı həmin malların dəyəri vergitutma obyekti sayılır. 

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən . Malları ƏDV-yə cəlb olunan əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun qaydada ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməyibsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.  Mallar alınarkən ƏDV məbləği ödənilməsinə baxmayaraq ödənən ƏDV-ni vergi ödəyicisinin əvəzləşdirmə hüququ yoxdursa, həmin mallar ədv-yə cəlb olunmur.

 

 

 

 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şirinov Yasin Rza oğlu ya***@mail.ru ID: 9334
Borc müqaviləsinə görə Sizə ünvanladığım çoxsaylı (17.02.2024; 05.04.2024; 30.04.2024, 05.05.2024) müraciətimlə bağlı sonda verdiyiniz cavab heç qaneedici olmadı. Araşdırdım ki, bu sualaın cavabı nöqtə-vergülünə qədər hamıya eyni olmuşdur və yanlışdır. Bildirirəm ki, mən müraciətin məgzini fərqli qoymuşam və konkret misalla praktik hesablama aparılmasını xahiş etmişəm. Xahiş edirəm sorgum, peşəkarlar tərəfindən diqqətlə incələnsin və praktik olaraq cavablandırılsın. Sorgumu təkrar göndərirəm: “Borc müqaviləsinə əsasən Təsisçi tərəfindən müəssisənin hesabına vəsait qoyulur, müqavilədə təyinatı “yaranmış cari borcların (əmək haqqı, vergi, mdss və s) ödənilməsi, yaxud müəssisənin təsərrüfat fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi olmaqla, faizsiz rəsmiləşdirilmişdir. Müəssisənin hesabına vəsait daxil olduğu zaman müqavilə şərtləri pozulmadan vəsaitin həmin həcmdə geri qaytarılması bərpa edilir. Sual: Alınmış (qaytarılmış) borc vəsaiti vergi öhdəliyi yaradırmı? Əgər Vergi öhdəliyi yaranırsa kimin üçün – təsisçimi, yaxud hüquqi şəxs üçünmü yaranır və konkret olaraq hansı qanunvericilik aktı əsasınada yaranır? Xahiş edirəm cavabınızı, bəlli bir rəqəm, misal olaraq 1000 manatın üzərində (hesaba qoyulub 15.10.2022-ci il tarixdə 1000 manat, təsisçiyə qaytarılıb 25.12.2023-cü il tarixdə 1000 manat, faiz ödənilməmişdir) praktik hesablama ilə əsaslandırasınız! “ Əvvəlcədən minnətdarlığımı bildirirəm!
06/05/2024 Oxunub: 313 Orta qiymət: 3

Bildiririk ki, Mülki Məcəllədə 2023-cü ilin oktyabrın 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən həmin Məcəllənin 37-ci fəslinin yeni redaksiyasında “Borc müqaviləsi” və “Kredit müqaviləsi” ayrı-ayrı paraqraflarda əks etdirilmişdir.

Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

Kredit müqaviləsinə dair müddəalar isə Mülki Məcəllənin 743-745-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

Qeyd olunanlara əsasən borc öhdəliklərinin faizlə və ya faizsiz şərtləndirilməsindən asılı olaraq Vergi Məcəlləsinin tələblərinə əsasən vergilərin hesablanması həyata keçirilir və faizlə şərtləndirilməyən borclara münasibətdə gəlir yaranmır.

Əsas: Mülki Məcəllənin 739-cu, 740-cı və 743-cü maddələri.

3/5 (5 Orta qiymət)
Qiymət ver:
Şirinov Yasin Rza oğlu ya***@mail.ru ID: 9333
Bir nüans barədə artıq dördüncü (17.02.2024; 05.04.2024; 30.04.2024, 05.05.2024) dəfədir ki, “Suallar və cavablar” bölməsinə sorgu göndərirəm, nədənsə cavablandırılmır. Sorgunun məğzini dəyişmədən Xahiş edirəm peşəkarlar tərəfindən diqqətlə incələnsin və praktik olaraq cavablandırılsın. Sorgum belədir: “Borc müqaviləsinə əsasən Təsisçi tərəfindən müəssisənin hesabına vəsait qoyulur, müqavilədə təyinatı “yaranmış cari borcların (əmək haqqı, vergi, mdss və s) ödənilməsi, yaxud müəssisənin təsərrüfat fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi olmaqla, faizsiz rəsmiləşdirilmişdir. Müəssisənin hesabına vəsait daxil olduğu zaman müqavilə şərtləri pozulmadan vəsaitin həmin həcmdə geri qaytarılması bərpa edilir. Sual: Alınmış (qaytarılmış) borc vəsaiti vergi öhdəliyi yaradırmı? Əgər Vergi öhdəliyi yaranırsa kimin üçün – təsisçimi, yaxud hüquqi şəxs üçünmü yaranır və konkret olaraq hansı qanunvericilik aktı əsasınada yaranır? Xahiş edirəm cavabınızı, bəlli bir rəqəm, misal olaraq 1000 manatın üzərində (hesaba qoyulub 15.10.2022-ci il, təsisçiyə qaytarılıb 25.12.2023-cü il) praktik hesablama ilə əsaslandırasınız! “ Əvvəlcədən minnətdarlığımı bildirirəm!
05/05/2024 Oxunub: 460 Orta qiymət: 3

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

3/5 (7 Orta qiymət)
Qiymət ver:
Famid Əliyev Əbülfət oğlu fa***@gmail.com ID: 9332
Salam, mən "Kristal Abşeron 1" yaşayış kompleksindən mənzil almışam. Alqı-satqı zamanı mənə şirkət tərəfindən bildirildi ki, ƏDV-nin bir hissəsi qaytarılacaq. Lakin 1 il keçməsinə baxmayaraq heç bir vəsait qaytarılmayıb. Xahiş edirəm mənə kömək edərdiniz.
05/05/2024 Oxunub: 322 Orta qiymət: 5

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

5/5 (1 Orta qiymət)
Qiymət ver: