Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Elçin el***@gmail.com ID: 6354
Mənim əsas məzuniyyətim 30 gün, staja görədə əlavə məzuniyyətim 6 gündür. İşdən çıxanda istifadə olunmamış məzuniyyətə görə kompensasiya 30 gündən hesablanır yosa 36 gündən?
22/04/2022 Oxunub: 148 Orta qiymət: 3

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Hüseynov Murad Nəriman hu***@gmail.com ID: 6351
Salam. Mənim adıma VÖEN var. Taksi xidməti üçün açmışdım, sonra fikrimi dəyişdim, istifadə etmədim və bilmək istəyirəm ki, buna görə mənə borc yazılırmı?
22/04/2022 Oxunub: 140 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Həmçinin bildiririk ki, vergi ödəyicisinin qeyd olunan fəaliyyəti həyata keçirmədiyi halda vergi borcunun yaranması mümkün deyil. Belə ki, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış sadələşdirilmiş vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir. 

Bunlarla yanaşı vergi uçotunuz və öhdəlikləriniz haqda daha ətraflı və dəqiq məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 218-ci və 221-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Valeh Qurbanov Elşad oğlu va***@gmail.com ID: 6226
Salam. 18.05.2021-ci il tarixindən 18.03.2022-ci il tarixinədək *** qrupunda fəaliyyət göstərmişəm. Vergidən yayınmaq üçün şirkət əmək haqqının 300 manatı rəsmiləşdirdi və qalan hissəsini əldən-ələ verirdi. Fevral ayının maaşını 30.03.2022 tarixində verdilər, rəsmi olan məbləği verdilər digər vergidən yayınmaq üçün əldən-ələ verdikləri məbləği isə işdən ayrıldığım üçün hec bir əsas olmadan vermədilər. Rəsmi və qeyri rəsmi verilən məbləqlə bağlı fakt olmasına baxmayaraq yenə yayınırlar. Bu mövzudan bağlı şikayətimi daha ətraflı necə edə bilərəm? Əvvəlcədən təşəkkürlər.
21/04/2022 Oxunub: 230 Orta qiymət: 5

Bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz 

Vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Əsas: Vergi Məcəlləsinin 24-cü, 50-ci və 58-ci maddələri.

5/5 (8 Orta qiymət)
Qiymət ver:
Elsevən Səfərov Fərhad oğlu el***@mail.ru ID: 6350
Salam. Satış dövriyyəsi dedikdə, onun tərkibinə ƏDV daxil kimi nəzərə alınmalıdırmı? Satış dövriyyəsindən (xidmət sahəsində) vergi çıxılmalıdırmı? Bu barədə məlumat verməyinizi xahiş edirəm.
21/04/2022 Oxunub: 73 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur.

Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

Vergi Məcəlləsində vergitutma məqsədləri üçün satış dövriyyəsinin xüsusi anlayışı nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq, müraciətdə göstərilən iş üzrə əhəmiyyət kəsb edən hallar barədə ətraflı məlumat verildiyi halda sorğuya münasibət bildirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Süleymanova Kəmalə İsmayıl qızı su***@gmail.com ID: 6169
Salam Bu sualla 1 dəfə müraciət etmişdim. Sualım nəqliyyat vasitələrinin icarəsi ilə bağlə idi. İlk verdiyim sual Təsisçi və direktor fərqli subyektlər idi. Lakin bu dəfə təsisçi və direktor eyni şəxs olduğu halda təsisçiyə məxsus olan yük nəqliyyat vasitələrinin istifadəsini direktoru olduğu şirkətə hansı formada təqdim edə bilər? Yəni təsisçi özü ilə icarə müqaviləsi bağlamalıdı? Və bu hallda icarə haqqı necə qeyd olunacaq? daha sora mənfəət vergi bəyannaməsində süni xərc artımı kimi qeyd ounmayacaq ki?
21/04/2022 Oxunub: 282 Orta qiymət: 5

Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. 

Eyni zamanda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablanır.

Qeyd olunanlara əsasən, fiziki şəxs tərəfindən ona məxsus əmlak təsisçisi olduğu hüquqi şəxsə əvəzsiz olaraq verildikdə tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli və ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir. 

İcarə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir. 

Həmçinin bildiririk ki, yuxarıda qeyd olunan icarə xərcləri gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 108-ci, 124-cü və 150-ci maddələri. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İsa Behbudov is***@gmail.com ID: 6212
Salam. 30.03.2021 tarixində saat 19:37-də qeyd etdiyim mobil nömrəmə VERGİLER195 adından SMS gəmişdir. İsmarıcın mətnində qeyd olunmuşdur ki, VOEN1401687911! 01.01.2022-dek yaranan debitor ve kreditor borcları barede melumat forması 31.03.2022-ci ilden gec olmayaraq teqdim edilmelidir. Elaqe tel; 195. Müraciətimin mahiyyəti ondan ibarətdir ki, mən heç bir vaxt VÖEN açdırmamışam. Bu mesajın mənə gəlməsinin səbəbini öyrənmək istərdim. Əvvəlcədən təşəkkür edirəm.
21/04/2022 Oxunub: 193 Orta qiymət: 5

Telefon nömrəsinə mesaj səhvən gəldikdə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Camal Əliyev Qurban oğlu qa***@gmail.com ID: 6348
VM-sinə son edilən dəyişikliklərlə, ödəniş edərkən ödəniş tapşırığında bir sıra məlumatların qeyd olunması zəruri hesab edilmişdir. Həmin məlumatlar arasında, bağlanılmış müqavilənin nömrə və tarixini də qeyd etmək lazım olduğu qeyd olunub. Bilmək istərdim ki, əgər bağlanmış müqavilə nömrəsizdirsə, bu zaman ödəniş tapşırığında müqavilə tarixini qeyd etmək kifayətdirmi?
21/04/2022 Oxunub: 80 Orta qiymət: 3

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi olan şəxslər arasında Vergi Məcəlləsinin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə ödəniş aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını aparan digər şəxslərə təqdim edilən ödəniş tapşırığında elektron qaimə-fakturanın seriya və nömrəsi göstərilir. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə  tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi barədə məlumatlar da əks etdirilir.

Əsas: Vergi Məcəlləsi, 16.11-ci və 71-1.5-ci maddələri.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Murad Fərzəliyev Sahib mf***@mail.ru ID: 6347
Salam. Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs mülkiyyətində olan torpaq sahəsini təqdim etdikdə hansı vergi öhdəlikləri yarana bilər? Satış məbləği cəmi 10000 manatdır.
21/04/2022 Oxunub: 165 Orta qiymət: 3

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2020-ci il tarixli 247-VIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən hüquqi şəxslər tərəfindən torpaq sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilmişdir. 

Buna əsasən, hüquqi şəxs tərəfindən mülkiyyətində olan torpaq sahəsinin satışından əldə olunan gəlir mükəlləfiyyətinə uyğun olaraq sadələşdirilmiş vergiyə və ya mənfəət vergisinə cəlb olunur.

Eyni zamanda məlumat üçün bildiririk ki, ƏDV məqsədləri üçün torpaq mal sayılmadığından hüquqi şəxslər tərəfindən torpaq sahələrinin təqdim edilməsi ƏDV-yə cəlb edilən əməliyyat sayılmır.

Belə ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinin müddəalarına əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 150-ci və 218-ci maddələri.

3/5 (1 Orta qiymət)
Qiymət ver:
Səbinə Osmanova sq***@mail.ru ID: 6346
Salam. Bilmək istərdim ki, şirkət nəzdində törəmə şirkət yaratmaq üçün hansı prosedur qaydalardan keçməliyəm?
20/04/2022 Oxunub: 65 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan elektron qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nuriyyə Aydın İskəndər qızı nu***@gmail.com ID: 6345
Salam. İşçi işdən çıxdığında son haqq-hesab zamanı istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə hesablanan kompensasiya zamanı necə güzəşt olunur? Əgər işçiyə verilən son ilin kompensasiyası tam iş ili üçün deyilsə (məsələn: 10 gün üçün 270 manat) bu zaman həmin məbləğə (270 manat) ayrıca güzəşt olunur? Yoxsa əmək haqqı ilə birlikdə toplanıb güzəştə cəlb edilir? Əgər əmək haqqı məbləği ilə birlikdə cəlb edilirsə bu zaman əmək haqqı məbləği 0 (sıfır) olarsa 200 manat güzəşt tətbiq edilir ((0+270-200)*14%) yoxsa bütün məbləğ (270*14%) vergiyə cəlb edilir?
20/04/2022 Oxunub: 197 Orta qiymət: 4

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

4/5 (1 Orta qiymət)
Qiymət ver:
Mütəllifova Mehri Ədalət qızı le***@mail.ru ID: 6342
Salam. Bilmək istəyirdim ki, kirayə müqaviləsi bağlanan zaman mən neçə faiz vergi ödəməliyəm?
20/04/2022 Oxunub: 122 Orta qiymət: 0

Bildiririk ki, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərinə aiddir. Bu zaman həmin gəlirlərdən ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin müddəalarına əsasən icarəyə verən fiziki şəxs olduğu halda, vergi ödəyicisi tərəfindən ona ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.

Eyni zamanda icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən Vergi Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb 14 faiz dərəcə ilə vergini hesablayır və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergi məbləğlərini dövlət büdcəsinə ödəyir.

Əsas: Vergi Məcəlləsinin  33-cü, 99.3.3-cü,  124-cü, 149-cu və 150-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tural Hüseynzadə Tokay oğlu hu***@gmail.com ID: 6339
Şirkətə mal idxal etdikdə, idxal ediləcək mallar barədə məlumat formasında sifarişin məbləğini invoys dəyəri xarici valyutada olduqda manatla yazmalıyıqmı? Və manatla yazmalıyıqsa, xarici valyutanın hansı məzənnəsi ilə götürülməlidir? Qısa idxal bəyannaməsi yazılan tarixdəki məzənnəsi iləmi? Məsələ ondadır ki, qısa GB-də məbləğ xarici valyuta ilə qeyd edilir, manatla deyil. Məsələn, ayın 15-i avro ilə gələn malımız üçün qısa GB yazılıb. Ayın 15-nə olan avro məzənnəsi ilə göstərməliyikmi? Yoxsa gözləməliyik əsas GB yazılsın?
19/04/2022 Oxunub: 146 Orta qiymət: 0

Bildiririk ki, "Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat formasında" malların sifariş əsasında gətirildiyi hal istisna olmaqla, malların dəyərinin yazılması tələb olunmur. 

Mallar sifariş əsasında gətirildiyi halda, sifariş verən şəxslər və hər bir sifarişçi üzrə sifarişin məbləği müvafiq xanalarda qeyd olunmalıdır. Bu halda, sifarişin məbləği hesab-fakturada (invoys) göstərilən formada qeyd olunmalıdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sənani Cəlilov Fərhad sa***@gmail.com ID: 6337
Salam. Mən VÖEN açdırıb xidmət sahəsində (proqramçı kimi) fiziki şəxs qismində çalışmaq istəyirəm. Bunun üçün hansı vergilərə cəlb olunacaq (sosial vergilər də daxil), hansı məbləğdə vergi ödəməli olacaq və hansı dövri hesabatlar təqdim etməli olacağam? Bir də hansı hüquqi sənədlər əldə etməliyəm. Mümkünsə, hərtərəfli məlumat (bankda hesab açmaq, asan imza əldə etmək və s.) verərdiniz. Təşəkkür edirəm.
19/04/2022 Oxunub: 192 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz halda,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Eyni zamanda, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 101.3-cü, 102.1.30-cu,  218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mahir İbrahimov Qiyas ma***@mail.ru ID: 8036
Salam mən ƏDV-dən qeydiyyatdan keçmişəm, Kapital bankla daxil ola bilirəm, amma beynəlxalq bankla qeydiyyatdan keçmək istəyirəm, keçə bilmirəm. Mənə köməklik edərdiniz, zəhmət olmasa.
19/04/2022 Oxunub: 36 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka  (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nahidə Ağazadə Şirzaid mp***@mai.ru ID: 6334
Salam. Mənim sualim kompensasiyadan gəlir vergisinin tutulması ilə bağlıdır. İşçiyə ay ərzində 11 iş gününə 400 manat əmək haqqı hesablanıb və işdən çıxması ilə bağlı 350 manat məzuniyyətə görə kompensasiya hesablanıb. Bu zaman gəlir vergisi necə tutulmalıdır? Vergi Məcəlləsində qeyd olunmayıb ki, kompensasiya məbləğdən ayrıca 200 çıxıb 14% tətbiq eləmək lazımdır. Xahiş edirəm, sualıma ətraflı cavab verərdiniz (mənə koməklik göstərərdiz).
18/04/2022 Oxunub: 133 Orta qiymət: 0

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseynov Həsən Gülməmməd oölu hg***@gmail.com ID: 6332
Hüquqi şəxslə mal-material alınmasına dair müqavilə və qiymətlərin razılaşma protokolu yazılaraq imza və möhürlə təsdiqlənmişdir. Hüquqi şəxslər arasında mal-materialların satışı üzrə sənədləşmə (hansı ciddi hesabat blanklarından istifadə olunmaqla) və ödəniş qaydalarını təfsilatı ilə izah etməyinizi xahiş edirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
18/04/2022 Oxunub: 159 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. 

Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Eyni zamanda, topdansatış ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən həyata keçirilir.

Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi olan şəxslər arasında Vergi Məcəlləsinin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə ödəniş aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını aparan digər şəxslərə təqdim edilən ödəniş tapşırığında elektron qaimə-fakturanın seriya və nömrəsi göstərilir. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə  tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi barədə məlumatlar da əks etdirilir.

Əsas: Vergi Məcəlləsi 16-cı, 71-1-ci,  130-cu, 134-cü, 135-ci, 136-cı maddələri və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əli Nadirli Zabil na***@gmail.com ID: 6331
Salam. 102.2.5-ci maddədə qeyd edilib ki, vəfat etmiş döyüşçülərin övladlarına işlədikləri halda gəlir vergisindən 400 AZN məbləğində güzəşt edilə bilər. Döyüşçülər dedikdə, kimlər nəzərdə tutulur? Atam 1-ci Qarabağ veteranı olub. 2015-ci ildə vəfat edib. Hazırda məktəbdə işləyirəm. Bu güzəşt mənə aid edilə bilərmi? Əgər mümküsə, hansı sənədlər lazımdır? Diqqətiniz üçün təşəkkür edirəm.
17/04/2022 Oxunub: 92 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən əsas iş yerinə təqdim edilməli olan müvafiq güzəşt hüququnu təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərar ilə təsdiq edilmişdir. 

Buna əsasən, sorğuda qeyd olunan halda Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt sizə aid edilir. Güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş müharibə iştirakçısı olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yusubova Səbinə Şahid qızı vu***@inbox.ru ID: 6329
Salam. Torpaq mülkiyyətçisi olan vergi ödəyicisi 450 000 manat dəyərində olan kənd təsərrüfatı malını (buğda, qarğıdalı) 2021-ci ildə digər vergi ödəyicisinə təqdim edib. Bu halda ƏDV qeydiyyatına düşməlidirmi?
16/04/2022 Oxunub: 147 Orta qiymət: 0

Bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilmişdir.

Qeyd olunanlara əsasən ƏDV-dən azad olunan əməliyyatlar aparan şəxslərin ƏDV-dən azad olunan əməliyyatlarının həcmindən asılı olmayaraq ƏDV-nin məqsədləri üçün qeydiyyat öhdəliyi yaranmır.

Bununla yanaşı, həmin şəxs tərəfindən ƏDV-dən azad olmayan sahibkarlıq fəaliyyəti üzrə əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatı keçdiyi halda  ƏDV qeydiyyatına dair ərizə təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.61-ci, 155-ci, 157-ci və 164-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hebibli Elnur Şakur qa***@mail.ru ID: 6325
Fəaliyyətimi dayandırdığım üçün, elektron qaimə ilə aldığım malı aldığım MMC malları geri qaytarmaqdan imtina edir. Mövcud malı necə rəsmi qaydada digər bir MMC-yə vergi öhdəliyi yaranmadan verə bilərəm?
15/04/2022 Oxunub: 104 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsidir. 

Gəlir vergisi və ya sadələşdirilmiş vergi ödəyicisi olmağınızdan asılı olaraq, qeyd olunan təqdimetmə ümumi qaydada vergiyə cəlb olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Balaqadaşov Sahib Kərim sb***@mail.ru ID: 5936
“A” MMC-nin 2 təsisçisi vardır.Nizamnamə kapitalında payların 85 faizi 1-ci təsisçiyə və 15 faizi isə 2-ci təsisçiyə məxsusdur.Bu MMC-nin təşkilati hüquqi formasını dəyışməklə Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrilməsi zərurəti yaranmışdır.Bununla bağlı aşağıdakı məsələlərə aydınlıq gətirməyinizi xahiş edirik: 1. QSC-yə çevrilmək üçün hər 2 təsisçinin razılığı mütləqdirmi? Əgər Nizamnamədə payının miqdarı 15 faiz olan təsisçi müəssisənin yenidən təşkilinə müəyyən səbəblərə görə razılıq vermədikdə, payların böyük əksəriyyətinə - 85 faizə sahib olan təsisçi səs çoxluğundan istifadə etməklə çevrilmə barədə təkbaşına qərar qəbul edə bilərmi? 2. “A” MMC-nin təsisçilərindən biri (85 faiz miqdarında payın sahibi) müəssisənin əmlakından ona çatan payını ayıra və digər özəl hüquqi şəxsə (MMC,ASC,QSC və s.) verə bilərmi, yaxud digər fiziki və hüququ şəxslərə sata bilərmi? Əvvəlcədən təşəkkür edirik.
15/04/2022 Oxunub: 307 Orta qiymət: 5

Bildiririk ki, Mülki Məcəllənin 92.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər.

Qeyd olunanlara əsasən bildiririk ki, “A” MMC-nin təsisçilərindən biri tərəfindən Cəmiyyətin yenidən təşkil edilməsi haqqında təkbaşına qərar qəbul etməsi yolverilməzdir.

Mülki Məcəllənin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Mülki Məcəllənin 55.2-ci maddəsinə əsasən Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.

Mülki Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır.

Mülki Məcəllənin 93.2-ci maddəsinə əsasən cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir.

Mülki Məcəllənin 93.3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər.

Qeyd olunanlara əsasən bildiririk ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada “A” MMC tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkil edilə, həmçinin təsisçisinin payı (onun bir hissəsi) üçüncü şəxslərə özgəninkiləşdirilə bilər.

5/5 (5 Orta qiymət)
Qiymət ver: