Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Normativ Hüquqi Aktların Reyestrinə daxil edilmiş “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları”nın 8.3-cü bəndinə əsasən vergi orqanları transfer qiymətlərinin müəyyən edilməsi üçün müqayisə edilə bilən əməliyyatların tapılması məqsədi ilə xüsusi beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazalarına qoşulduğu halda, bu barədə vergi ödəyicilərinin məlumatlandırılması üçün zəruri tədbirləri görür.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnformasiya bazasına çıxış və məlumatların yenilənməsi xidmətlərinin göstərilməsi”nin satın alınması üçün “Bureau van Dijk” şirkəti ilə müvafiq müqavilə imzalayıb. Bununla, Dövlət Vergi Xidməti dünyanın 50-dən artıq ölkəsinin vergi orqanı tərəfindən transfer qiymətləri ilə əlaqədar həyata keçirilən vergi yoxlamaları üzrə müqayisəli təhlillərin və hesablamaların aparılması üçün istifadə edilən 4 fərqli məlumat bazasından istifadə hüququ əldə edib.

1. Transfer qiymətinin neçə üsulu var və hansılardır?

Cavab: Transfer qiymətinin tətbiqinin 5 üsulu vardır:

  • Qiymətlərin müqayisəli üsulu;
  • Sonrakı (təkrar) satış qiyməti üsulu;
  • Dəyərin toplanması üsulu;
  • Rentabellilik üsulu;
  • Mənfəətin bölgüsü üsulu.

2. Transfer qiymətinin tətbiq edilməsi hansı sənədlərlə tənzimlənir?

Cavab:
- Vergi Məcəlləsinin 14-1-ci və 18-ci maddələri;
- Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları”;
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Transmilli şirkətlər və vergi orqanları üçün transfer qiymətləndirmə Qaydaları”.

3. Qarşılıqlı sürətdə asılı olan şəxslər kimlərdir?

Cavab: Vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. Vergi Məcəlləsinin 18-ci maddəsinin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır:
- bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə;
- bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir;
- şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər;
- şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər;
- Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri.

4. Nəzarət olunan əməliyyatlar hansılardır?

Cavab: Nəzarət olunan əməliyyat – aşağıdakı şəxslər arasında həyata keçirilən əməliyyatlardır:

- Azərbaycan Respublikasının rezidenti ilə qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər, habelə həmin rezidentin başqa dövlətlərdə (ərazilərdə) yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında;
- qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında;
- Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında;
- yuxarıda göstərilən hallar istisna olmaqla, Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə qeyri-rezident şəxslər arasında, bu şərtlə ki: şəxslər beynəlxalq əmtəə birjalarında ticarət olunan məhsullar üzrə əməliyyat aparmış olsunlar və (və ya) Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin vergi ili ərzində ümumi gəlirləri 30 milyon manatdan çox və hər bir qeyri-rezident şəxslə apardığı əməliyyatların həcminin ümumi gəlirlərdə (xərclərdə) xüsusi çəkisi 30 faizdən artıq olsun.

5. “Nəzarət olunan əməliyyatlar barədə Arayış”ı kimlər təqdim etməlidir?

Cavab: Nəzarət olunan əməliyyatlar aparan şəxslər üzrə transfer qiymətləri əsas götürülməklə apardığı əməliyyatların ümumi dəyəri 500.000 manatdan artıq olduqda həmin şəxslər “Nəzarət olunan əməliyyatlar barədə Arayış” vergi orqanına təqdim etməlidirlər.

6. “Nəzarət olunan əməliyyatlar barədə Arayış”ın təqdim edilmə vaxtı nə zamandır?

Cavab: “Nəzarət olunan əməliyyatlar barədə Arayış” mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə, yəni hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına təqdim edilir. Mənfəət (gəlir) vergisi bəyannaməsinin verilməsi müddəti üç ayadək uzadılarsa, bu zaman Arayışın təqdim edilmə müddəti də uzadılır.

7. Transfer qiymətlərin əvvəlcədən razılaşdırılması (APA) nədir?

Cavab: Nəzarət olunan əməliyyatlar üzrə müəyyən dövr üçün transfer qiymətlərinin əvvəlcədən razılaşdırılması prosesidir.

8. Vergi ödəyicisi hər hansı nəzarət olunan əməliyyat aparılmazdan əvvəl transfer qiymətlərinin üsulunun əvvəlcədən razılaşdırılması (APA) üçün hər hansı müraciət forması mövcuddurmu?

Cavab: Vergi ödəyicisi hər hansı nəzarət olunan əməliyyat aparılmazdan əvvəl transfer qiymətlərinin üsulunun əvvəlcədən razılaşdırılması üçün müvafiq müqavilə ilə birlikdə əməliyyatın bütün təfsilatları barədə məlumatları təqdim etməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə təsdiq edilmiş ərizə ilə vergi orqanına müraciət edə bilər.

9. Kvartillərarası məqbul interval nədir?

Cavab: Kvartillərarası məqbul interval - bütün müqayisə edilən əməliyyatlardan seçilmiş müvafiq göstəricilərin (qiymət, marja və ya xüsusi çəki) aşağı kvartilinin medianı ilə yuxarı kvartilinin medianı arasındakı intervaldır. Transfer qiyməti kvartillərarası məqbul intervaldan kənarda olarsa, bu zaman vergi həmin intervalın medianından istifadə edilməklə hesablanır.

10. Qiymətlərin əvvəlcədən razılaşdırılmasının (APA) neçə növü var və hansılardır?

Cavab: Qiymətlərin əvvəlcədən razılaşdırılmasının 3 növü var: birtərəfli – Vergi ödəyicisi və vergi orqanı arasında; ikitərəfli – 2 vergi ödəyici arasında həyata keçirilən əməliyyat üzrə həmin vergi ödəyicilərin qeydiyyatdan keçdikləri yurisdiksiyalardakı vergi orqanları və vergi ödəyiciləri arasında; çoxtərəfli – 3 və ya daha çox vergi ödəyici arasında həyata keçirilən əməliyyat üzrə həmin vergi ödəyicilərinin qeydiyyatdan keçdikləri yurisdiksiyalardakı vergi orqanları və vergi ödəyiciləri arasında.

11. “Nəzarət olunan xarici müəssisə” anlayışı nədir?

Cavab: Vergi Məcəlləsinin 14-2.1-ci maddəsinin tələblərinə uyğun olan və vergitutma məqsədləri üçün qeyri-rezident müəssisə

Vergi Məcəlləsinin 14-2.1-ci maddəsi:
14-2.1. Vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab edilməyən, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəəti aşağıdakı hallarda Azərbaycan Respublikasında vergiyə cəlb olunur:
14-2.1.1. Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxs özü və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə birbaşa və ya dolayısı ilə xarici müəssisədə 50 faizdən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50 faizindən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50 faizindən çox hissəsini əldə etmək hüququna sahibdirsə və;
14-2.1.2. nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi bu Məcəlləyə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisinin 75 faizinə və ya daha aşağı hissəsinə bərabər olarsa və;
14-2.1.3. xarici müəssisənin illik gəlirlərinin 30 faizindən çox olan hissəsi aşağıdakı gəlirlərdən ibarət olarsa:
14-2.1.3.1. maliyyə aktivlərindən əldə edilən faiz;
14-2.1.3.2. əqli mülkiyyətdən əldə edilən royalti;
14-2.1.3.3. səhmlərin və iştirak paylarının satışından əldə edilən gəlir;
14-2.1.3.4. maliyyə lizinqindən əldə edilən gəlir;
14-2.1.3.5. sığorta, bankçılıq və digər maliyyə əməliyyatlarından əldə edilən gəlir;
14-2.1.3.6. heç bir iqtisadi dəyər yaratmayan mal və xidmətlərdən gəlir əldə edən müəssisələr üzrə gəlir.

12. Nəzarət olunan xarici müəssisənin mənfəətinin Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin vergi tutulan gəlirlərinə daxil edilməsi qaydası necədir?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 19 aprel tarixli 8 nömrəli Qərarı ilə “Nəzarət olunan xarici müəssisənin mənfəətinin Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin vergi tutulan gəlirlərinə daxil edilməsi qaydası, habelə nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və Qaydası” təsdiq edilib. Bu Qayda ilə nəzarət olunan xarici müəssisənin mənfəətinin Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin vergi tutulan gəlirlərinə daxil edilməsi qaydası müəyyən olunub və misallar şəklində nümunələr əlavə edilib.