Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini cənab Yaqub Eyyubov tərəfindən 22 avqust 2022-ci il tarixində Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi təsdiq edilmişdir.
2022-ci ilin 18 iyul tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsi ilə əlaqədar işçi qruplarının tərkibi yenidən formalaşdırılmışdır. “Vergi və hesabatlılıq” işçi qrupunun yeni tərkibdə iclası 20 sentyabr 2022-ci il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təşkil olunmuşdur. Həmin iclasda işçi qrupunun yeni üzvlərinin təqdim olunması ilə yanaşı Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi müzakirəsi edilmiş, qarşıda duran vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılmışdır.
23 noyabr 2022-ci il tarixində işçi qrupunun Zoom platforması üzərindən növbəti iclası təşkil olunmuşdur. Həmin iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin rüblük icra vəziyyəti, yaranmış problemlər və icra olunmasında rast gəlinən çətinliklərlə bağlı məsələlər müzakirə olunmuşdur.
Keçirilmiş hər iki iclas protokollaşdırılmış və tədbirlər haqqında pres-reliz hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi təmin edilmişdir.
“Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin illik icra vəziyyətinə dair hazırlanmış məlumat Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.