Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Azərbaycan" qəzetində məqaləsi

Prezident İlham Əliyevin daxili və xarici siyasəti Azərbaycan xalqının və dövlətinin inkişafında və qüdrətlənməsində tarixi nailiyyətlərin əldə olunmasını təmin edib

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə taleyüklü məsələlərin həllini mümkün edib. Uğurlarımızın əsasında bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyaları dayanır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ağır problemlər məngənəsində olan ölkəmiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında dirçəlməyə başladı, bütün sferalarda çevik islahatlar aparıldı, sabitlik təmin edildi, dövlət proqramları qəbul olundu, bazar iqtisadiyyatı formalaşdı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edildi. 
Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq institut və korporasiyalarla səmərəli əlaqələr quruldu, inkişaf üçün vacib olan neft strategiyası gerçəkləşdirildi, davamlı iqtisadi artımın əsası qoyuldu, rifahın yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Bütün qeyd edilənlər isə gələcək iqtisadi uğurların möhkəm təməllərini formalaşdırmış oldu. 
Cənab İlham Əliyev birinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilərkən beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam və şərtsiz bərpasını öz siyasi proqramının ali məqsədi olaraq bəyan etmişdi. Bu gün biz cənab Prezidentin bu siyasi proqramı təntənəli şəkildə reallaşdırdığının şahidiyik. Tarixi əhəmiyyətli Zəfərin əldə olunması zərgər dəqiqliyi ilə seçilən strateji planlaşdırma və ölkəmizin əsas inkişaf proqramlarının yerinə yetirilməsi sayəsində mümkün oldu. Müasir ordu quruculuğu, parlaq diplomatiya, vətənpərvər gənc nəslin yetişdirilməsi, ictimai-siyasi sabitliyin qorunub saxlanması və daha da gücləndirilməsi kimi zəruri elementlər ölkəmizi şanlı Qələbəyə aparıb. Bununla da müasir Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və yeni strateji dövrdə davamlı inkişaf üçün əsaslı zəmin yaranıb.
Qeyd edilən uğurlarla yanaşı, iqtisadi inkişaf və tərəqqi Qələbəmizin təməlini təşkil edib, ona zəruri maliyyə və maddi resurslar yaradıb. Bu resurs çağdaş dövrün ən görkəmli siyasətçisi tərəfindən ölkənin iqtisadi və hərbi üstünlüyünə, xalqımızın tarixi nailiyyətinə çevrilib. Beləliklə, dahi strateq məharəti və xalqımızın öz liderinə sarsılmaz inamı, həddi-hüdudu olmayan motivasiyası sayəsində Azərbaycan misilsiz Qələbə qazandı. 
Bununla da ölkəmizin təhlükəsiz gələcək inkişafı təmin olunub və yeni tərəqqi dövrü başlanılıb.

Sosial-iqtisadi inkişaf strategiyasının uğurları yeni mərhələdə

Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edir. Ölkə iqtisadiyyatının pandemiya və qlobal böhranlara yüksək immunitetinin təmin edilməsi və bu böhranların mənfi təsirlərinin minimallaşdırılması məhz möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modelinin dayanıqlılığı ilə izah olunur. 
Bu inkişaf modelinin mərkəzində isə Azərbaycan vətəndaşının rifahı dayanır. Sosial sahədə həyata keçirilən siyasət yeni mərhələdə sistemli şəkildə davam etdirilir. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial layihələr minlərlə insanın rifahının yaxşılaşması üçün yeni imkanlar açır və həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfə verir.
Ölkənin sosial-iqtisadi sferasında əldə edilən nailiyyətlər dəqiq göstəricilər və rəqəmlərlə ifadə edilə bilər. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 
4 dəfə artıb. 

Adambaşına ÜDM 769 ABŞ dollarından 7.798 ABŞ dollarına yüksəlib. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb.

Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib.

İxracın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb. 

Qeyri-neft ixracı 0,26 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib. 

Xarici ticarətin profisiti 0,5 milyard ABŞ dollarından 23,6 milyard ABŞ dollarınadək artıb. 2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb.
Ölkəmizin strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 58,5 milyard ABŞ dollarına yüksəlib. 2002-ci il ilə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 46,7%-dən 5,5%-ə enib. 
Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir. 

Azərbaycan: qlobal və strateji layihələr müəllifi 

Transmilli enerji və nəqliyyat-kommunikasiya dəhlizləri sahəsində uğurlu siyasət sosial-iqtisadi inkişaf göstəricilərini yüksəldib. Ölkəmiz Avropanın enerji təminatında strateji və etibarlı tərəfdaşa çevrilib. 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəməri, 2018-ci ildə rəsmi açılışı olan "Cənub qaz dəhlizi" bu baxımdan xüsusi qeyd edilməlidir. Enerji əməkdaşlığının yeni mərhələsi üçün 2022-ci ildə Avropa və digər tərəfdaş ölkələrlə energetika sahəsində strateji əməkdaşlığa dair Memorandum və Saziş imzalanıb. Həmin sənədlər qaz nəqlinin artırılmasını, bərpa olunan mənbələrdən elektrik enerjisinin və maye hidrogenin Avropaya ixracını, habelə ötürmə üçün infrastrukturun qurulmasını nəzərdə tutur. Ölkəmiz qlobal enerji keçidi çağırışlarına uyğun olaraq, xarici investorlarla əməkdaşlıq çərçivəsində bərpaolunan enerji mənbələrinin səmərəli istehsalını təşkil edir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanı Krallığının "Acwa Power" şirkətləri ilə külək və günəş enerjisinin istehsalı layihələri uğurla icra edilir. Bununla yanaşı, bp şirkəti ilə birlikdə 240 meqavatlıq günəş-elektrik stansiyasının tikintisi planlaşdırılır. Digər bir sıra enerji şirkətləri ilə birgə həm quruda, həm də dənizdə günəş və külək enerjisi istehsalı layihələrinin icrası nəzərdə tutulur. 
"Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan yalnız tranzit ölkə kimi yox, eyni zamanda bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2017-ci ildə istismara verilib. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. Azərbaycanın təşəbbüskarı olduğu digər bir mühüm layihə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası ilə bağlıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə ötən il ümumi yükaşırmanın həcmi 15% artaraq 6,4 milyon ton təşkil edib. Bunun 90%-ə qədəri tranzit yüklərin payına düşür. Tranzit potensialının artırılması üçün limanın 2-ci fazasının tikintisi ilə bağlı əsaslı işlərə başlanılıb.
Ələt Azad İqtisadi Zonası yerli və xarici investorları cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmətlər istehsalını təşkil edəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, yükdaşımaları artıracaq. 
Orta dəhlizin artan imkanlarından optimal şəkildə yararlanmaq üçün nəqliyyat infrastrukturu təkmilləşdirilir. Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz də Orta dəhliz marşrutunun şaxələnməsini təmin edəcək. 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf strategiyasında da ölkəmizin regional haba və e-ticarət mərkəzinə çevrilməsi, tranzit yükdaşıma və logistika əməliyyatlarının həcminin artırılması nəzərdə tutulur.

İnnovativ yanaşmaların tətbiqi ilə investisiya cəlbediciliyinin artırılması 

Ölkəmizdə davamlı makroiqtisadi və maliyyə sabitliyi daxili və xarici investisiya fəallığını şərtləndirir. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırır. Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli biznes mühiti, güzəştlər, imtiyazlar və stimullar ölkə iqtisadiyyatına qoyulan investisiyaların artmasını, yeni istehsal sahələri və iş yerlərinin yaradılmasını təmin edib. Beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələrinə görə, ölkəmizdə biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir. 154,1 milyard ABŞ dolları xarici investisiya olmaqla, 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard ABŞ dolları təşkil edib.

2002-ci ildə iqtisadiyyata yönəldilən investisiyaların həcmi 2,8 milyard ABŞ dolları idisə, 2022-ci il üzrə bu rəqəm 17,1 milyard ABŞ dolları təşkil edib.

2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların (BXİ) həcmi 100,7 milyard ABŞ dolları olub.
Ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması yönündə müxtəlif tədbirlər həyata keçirilir. Xarici investorlar üçün "vahid pəncərə" prinsipi tətbiq edilir və onlara müxtəlif istiqamətlər üzrə dəstək göstərilir. Həmçinin birbaşa xarici investisiyaların təşviqinə dair strategiya hazırlanır.

İxracın artırılması əsas hədəflərdəndir 

Bu dövrdə ölkəmizin ticarət tərəfdaşlarının sayı artaraq 2022-ci ildə 55 ölkədən 185-ə çatıb. Ötən il Azərbaycandan 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunub. Qeyri-neft-qaz ixracı sahəsində coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin şaxələnməsi üzrə də uğurlu nəticələr əldə olunub. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və "Made in Azerbaijan" brendinin xaricdə tanıdılmasına dəstək və sair tədbirlər də ixracın artımını stimullaşdırır. 
Hazırda xarici ölkələrdə Azərbaycan məhsullarının və mətbəxinin təqdim olunduğu 11 ticarət evimiz fəaliyyət göstərir. Ölkəmizin iqtisadi-ticarət əlaqələrini genişləndirmək, bu sahədə maraqlarını qorumaq və təmsil etmək məqsədi daşıyan ticarət nümayəndəliklərinin fəaliyyəti genişlənir. 
Hazırlıq mərhələsində olan ixracın coğrafiyasının genişləndirilməsinin stimullaşdırılması mexanizmlərindən biri - logistikanın subsidiyalaşması ölkə ərazisindən keçən tranzit yüklərin qiymətinin enməsi, bununla da ölkəmizin tranzit sahəsində rəqabət qabiliyyətinin artırılmasına dəstək məqsədi daşıyır. 
Hazırlanan Milli İxrac Strategiyasında qısa və orta perspektivdə mövcud məhsulların yeni bazarlara, uzunmüddətli perspektivdə isə yeni məhsulların yeni bazarlara ixracı hədəflənir. 2021-ci illə müqayisədə 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının 85%, yəni təxminən 5 milyard ABŞ dolları səviyyəsində artırılması nəzərdə tutulur. 

Özəl sektor iqtisadiyyatda həlledici mövqeyə yüksəlib 

Məşğulluğun, qeyri-neft ixracının artırılması və digər strateji məsələlərdə özəl sektor həlledici rola malikdir. Azərbaycanda azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ötən dövr ərzində ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar. Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur. Özəl bölmənin ÜDM-də payı 83,5%, məşğulluqda payı isə 78%-ə yaxındır.

2003-2022-ci illər ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin 42.703 investisiya layihəsinin maliyyələşdirilməsinə 2,83 milyard manat güzəştli kredit verilib.
Maliyyələşdirilmiş layihələr hesabına 178 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb.

Bakı və Abşeron iqtisadi rayonu istisna olmaqla, ayrılmış güzəştli kreditlərin 62,2%-i (1,76 milyard manat) regionların payına düşür. Kreditlərin 50,7%-i kənd təsərrüfatı məhsullarının istehsalına, 49,3%-i isə müxtəlif növ sənaye məhsullarının istehsalı, emalı, o cümlədən aqrar məhsulların emalı və digər sahələrin inkişafına yönləndirilib. 
Sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinə əlçatanlığını asanlaşdırmaq üçün tələb olunan sənədlərin sayı minimuma endirilib, sənədlərin notarial təsdiq olunması şərti ləğv edilib və 200 min manatadək kreditlər üzrə biznes plan tələbi aradan qaldırılıb. 2018-ci ildə isə güzəştli kreditlərin illik faiz dərəcəsi 5%-ə endirilib. 
Sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması məqsədilə, bir sıra hallar istisna olmaqla, yoxlamalar 2015-ci ildən 1 yanvar 2024-cü il tarixədək dayandırılıb. 
Pandemiya dövründə sahibkarlara göstərilən dəstək dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir. Bu tədbirlər sahibkarların iqtisadi fəallığının bərpası və artmasına, iqtisadi inkişafın sürətlənməsinə imkan verib. Bu, regionda ÜDM-ə nisbətdə ən böyük dəstək paketi idi. Pandemiya dövründə maliyyə dəstəyi almış sahibkarların sayı 132 mindən çox, ümumi ödənilmiş maliyyə vəsaitinin həcmi isə 364 milyon manata yaxın olub. Sahibkarlara həcmi 115 milyon manatdan çox olan vergi güzəşti paketi təqdim edilib. Bununla yanaşı, pandemiyanın təsirlərindən zərər çəkən sahibkarlar üçün dəyəri 1,5 milyard manat olan kredit-zəmanət və mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmlərini xüsusilə qeyd etmək lazımdır. Sahibkarların işinin sadələşdirilməsi, onlara dəstək mexanizminin artırılması dövlət əmlakının icarəyə verilməsi sahəsində də həyata keçirilib. 
Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6%-i mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektləridir. KOB-ların iqtisadiyyatda rolunun, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, dövlət xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində müxtəlif dəstək mexanizmləri həyata keçirilir. Bir sıra şəhər və rayonlarda sahibkarlara yerində xidmət göstərən "KOB dostu" ofislərinin, biznes biliklərinin artırılmasına dəstək olan KOB inkişaf mərkəzlərinin, sahibkarlara vahid məkanda dövlət və özəl xidmətlərin göstərildiyi "KOB evləri"nin fəaliyyəti, KOB-lara təhsil, elm, tədqiqat və dəstək sahələrində qrantın verilməsi, "Startap" şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılmasına, ticarət şəbəkələrinə və sərgilərə çıxışa dəstək mexanizmləri buna misal ola bilər. 
Sənaye zonalarında sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması, səmərəli işin təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi də özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindəndir. 
İnnovativ sahibkarlığın inkişafında bilik iqtisadiyyatının, 4-cü Sənaye İnqilabının elementlərinin tətbiqi, qlobal dəyər zəncirinə inteqrasiya, klasterləşmə, sənayenin rəqəmsal transformasiyası, "ağıllı biznes" modellərinin yaradılması kimi məsələlər əsas hədəflərdəndir. 
Lisenziyalar və icazələrin alınması sahibkarlıq fəaliyyəti üçün əsas şərtlərdəndir. Bu prosesi sadələşdirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən, dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, sahibkarlara lisenziyaların "ASAN xidmət" mərkəzləri və "KOB evləri" vasitəsilə verilməsi davam etdirilir. Həmçinin lisenziya və icazələr elektron qaydada "Lisenziyalar və icazələr" portalı vasitəsilə verilir. 
Biznes mühitinin yaxşılaşdırılması üçün davamlı islahatların nəticəsi beynəlxalq hesabatlarda qeyd olunur. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik İndeksi" hesabatında ölkəmiz 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yer alıb, həmçinin Cənubi Qafqaz regionunda birinci olub. Bu hesabatda "biznesin dinamikliyi" üzrə Azərbaycan 8 pillə irəliləyərək dünya sıralamasında 23-cü yerdə qərarlaşıb ki, bununla ölkəmizin biznes mühitinin inkişafı istiqamətində apardığı intensiv islahatlar bir daha təsdiqini tapır.

Sənayenin yeni üsullarla inkişaf etdirilməsi, yerli məhsul istehsalının artırılması

İqtisadi diversifikasiyada sənayenin innovativ üsullarla inkişafı və şaxələndirilməsi önəmli rol oynayır. İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması bu kontekstdə dəyərləndirilə bilər. 
Son 20 il ərzində sənayedə məhsul istehsalının həcmi 4,0 milyard manatdan 86,4 milyard manata çatıb.

 Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 2002-ci ildə 54,9% olduğu halda, 2022-ci ildə 87,6% təşkil edib.

2002-2022-ci illərdə ölkənin qeyri-neft-qaz sənayesində istehsalın həcmi 1,6 milyard manatdan 17,7 milyard manata çatıb ki, bu da 4,3 dəfə real artımdan xəbər verir.

Sənayenin inkişafına yönəlmiş əhəmiyyətli mexanizmlərdən biri dövlət başçısının təşəbbüsü ilə sənaye zonalarının - sənaye parkları və məhəllələrinin yaradılmasıdır. Ölkədə 7 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları, 5 sənaye məhəlləsi - Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri yaradılıb. 
Sənaye zonalarında ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. Cari ilin birinci yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 33,2%-i, yəni 470,6 milyon manatlıq hissəsi ixracın payına düşür.
2023-cü ilin birinci yarısında sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 16,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 20,7 faiz (470,6 milyon manat) olub. Sənaye zonalarında istehsal edilən məhsullar 50-dən artıq ölkəyə ixrac olunur. 
Sahibkarların biznes fəaliyyətini stimullaşdıran, onların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaradan və 2016-cı ildən tətbiq edilən investisiya təşviqi mexanizmi çərçivəsində 7 ildən artıq müddət ərzində 583 layihə təşviq olunub. 

Layihələrin icrası nəticəsində iqtisadiyyata 5,6 milyard manatdan artıq investisiya yatırılması, 38,6 mindən çox iş yerinin yaradılması nəzərdə tutulub. İndiyədək dəyəri 1,8 milyard manatdan artıq olan texnika, texnoloji avadanlıq və qurğular güzəştli şərtlərlə ölkəyə idxal edilib və müasir istehsal sahələri qurulub. Təşviq edilmiş layihələrin icrası nəticəsində ölkədə yeni məhsullar istehsal edən müəssisələr yaradılıb. Cənab Prezidentin 20 dekabr 2022-ci il tarixli fərmanı ilə əvvəlki illərin təcrübəsi nəzərə alınmaqla investisiya təşviqi mexanizmi təkmilləşdirilib. İnvestisiya təşviqi sənədi 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları və müvafiq ərazilərdə həyata keçirilən layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyən edilən istiqamətlər üzrə strateji layihələrə verilir. Yeni meyarlara ekoloji nöqteyi-nəzərdən əhəmiyyətli olan tullantıların təkrar emalı fəaliyyət sahəsi əlavə olunub, turizm istiqamətli fəaliyyət sahələri genişləndirilib. Mexanizm çərçivəsində layihələr üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların əhatə dairəsinin dəqiqləşdirilməsi məqsədilə mal mövqelərinin siyahısı təsdiq edilib. Hazırda strateji layihələr üzrə istiqamətlərin müəyyən olunması ilə bağlı işlər aparılır.
Ərzaq məhsullarının istehsalının artmasında, özünütəminetmə səviyyəsinin yüksəlməsində aqroparklar effektiv mexanizmlərdəndir. Dövlət başçısının tapşırığına əsasən, aqroparkların yaradılması zəruri xarici infrastrukturun dövlət vəsaiti hesabına qurulması, güzəştli kreditlərin və investisiya təşviqi sənədlərinin verilməsi yolu ilə dövlət tərəfindən dəstəklənir. Ötən dövr ərzində respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər həyata keçirilib. Həmin aqroparklardan 46-sı artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır. Aqroparkların yaradılmasına indiyədək sahibkarlar tərəfindən 1,5 milyard manatdan çox investisiya qoyulub. İnnovativ texnologiyaların tətbiqi nəticəsində aqroparklarda hər hektara düşən orta məhsuldarlıq respublika üzrə orta göstəricini təqribən 2 dəfə üstələyib. 
Ümumilikdə dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri nəticəsində 2003-2022-ci illər ərzində iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər real olaraq 4,7 dəfə artıb. 
"Yaşıl iqtisadiyyat"a keçid və "yaşıl texnologiya"ların tətbiqi istiqamətində irəliləyişlərə nail olmaq üçün sənayenin strukturunun yenilənməsi istiqamətində addımlar atılır.

Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafı şərtləndirir 

Dünya iqtisadiyyatında sürətli rəqəmsallaşma və bu xüsusda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Bu baxımdan dövlət rəqəmsal infrastrukturun təkmilləşdirilməsinə investisiya qoyuluşunu artırıb. Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi, inkişaf üçün tənzimləyici mexanizmin, əlverişli infrastrukturun yaradılması nəzərdə tutulur. Bununla yanaşı, innovativ texnologiyaların tələblərinə uyğun bilik və bacarıqları olan insan kapitalının formalaşdırılması da zəruridir və bu sahəyə xüsusi diqqət göstərilir. Rəqəmsal texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən təhsil, səhiyyə və digər sferalarda tətbiqi dayanıqlı inkişaf drayverlərinin hərəkətə gətirilməsini, ölkəmizin yeni qlobal trendlərə uyğunlaşmasını təmin edəcək. 
Azərbaycanda fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də məhz yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq məqsədinə xidmət edir. Mərkəz rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların, layihələrin təhlili və koordinasiyası üzrə işlər görür. 

Paytaxtla regionlar arasında inkişaf fərqi azalır 

Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bölgələrdə infrastrukturun yenilənməsindən, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir. 
Ümumilikdə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. 
2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, əhalinin nominal gəlirləri isə 10,5 dəfə artıb. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb.
2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, 
43 Olimpiya İdman Kompleksi tikilib, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. İstehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir. Hazırlanan növbəti dövlət proqramı da regionların inkişafının müasir tələblərə uyğunlaşdırılmasına hesablanıb. 
Dövlət başçısının tapşırığına əsasən, Naxçıvanın sosial-iqtisadi inkişafına dair proqram və strateji layihələrin icrasına başlanılıb ki, bu da regionda rifahın yüksəlməsinə, biznes fəaliyyətinin genişlənməsinə münbit şərait yaradır. 

Azad edilmiş ərazilərin sürətli reinteqrasiyası yeni imkanlar açır

Azad edilmiş torpaqlarımızın dirçəlişi və reinteqrasiyası iqtisadi potensialımızın artmasına geniş imkanlar vəd edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bölgədə müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 2021-ci ildən bu günədək 12 milyard manata yaxın vəsait ayrılıb. Bununla yanaşı, bərpa və quruculuq işlərinə özəl investisiya cəlb olunması əsas məqsədlərdəndir. İnvestisiya cəlbi ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məhsuldar ərzaq istehsalına əsaslanan dayanıqlı təcrübələrin tətbiqi, turizmin təşviqi və digər tədbirlər gerçəkləşdirilir. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə buraya yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir. Bölgədə fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub. Sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması məqsədilə kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması ilə bağlı elektron platforma hazırlanır. 
Qlobal iqtisadiyyatda "yaşıllaşma və karbonsuzlaşma" meyilləri qeyri-resurs iqtisadiyyatının inkişafı üçün imkanlar yaradır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyətli potensialı var və bu, xarici investorların marağını cəlb edir. Artıq bu sahədə xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb. 
Reinteqrasiya kompleks xarakter daşıyır və ərazilərin iqtisadi dirçəlişi ilə yanaşı, sosial inkişaf da diqqət mərkəzindədir. Burada yaşayış üçün rahat şərait təmin edilir, sosial müdafiənin gücləndirilməsi, xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunması və məşğulluğun artırılmasına mühüm diqqət yetirilir. Artıq soydaşlarımız azad edilmiş ərazilərdə salınan yeni yaşayış məskənlərində məskunlaşmağa başlayıblar. "Ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir. 

İqtisadi səmərəliliyin artmasına və vətəndaş məmnunluğuna xidmət edən islahatlar

Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə həyata keçirilən islahatların məqsədi iqtisadi səmərəliliyin və rifahın təmin olunması prinsiplərinə söykənir. 
İqtisadi şəffaflaşma, biznes mühitinin cəlbediciliyinin artırılması, "kölgə iqtisadiyyatı"nın minimallaşdırılması, haqsız rəqabətin aradan qaldırılması, intizamlı biznes üçün mühitin təmin edilməsi vergi siyasətinin əsas istiqamətləridir. Son bir neçə ildə biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində əhəmiyyətli nəticələr əldə olunub. Əgər 2018-ci ilə, yəni vergi sistemində "yeni keyfiyyət başlanğıcı" adlandıra biləcəyimiz dövrün əvvəlinə qayıtsaq, son illərdə istər vergi sistemində, istərsə də biznes-dövlət münasibətlərində və biznesin fəaliyyəti kontekstində böyük dəyişiklikləri müşahidə edə bilərik. 

2022-ci ildə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolması təmin edilib. Əgər dövlət büdcəsinə vergi daxilolmalarının həcmini 2002-ci illə müqayisə etsək, iqtisadiyyatımızla yanaşı, dövlətimizin maliyyə imkanlarının nə qədər böyüdüyünün şahidi ola bilərik. Belə ki, 2002-ci illə müqayisədə vergi daxilolmalarında artım 23 dəfəyə yaxın, qeyri-neft-qaz sektorundan daxilolmalar isə 23,4 dəfəyədək artıb. Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi nəticəsində bölgələrdən daxilolmalar son 20 il ərzində 35,8 dəfə artıb. Vergi daxilolmalarının əhəmiyyətli artımı ölkəmizin maliyyə imkanlarının genişlənməsinə mühüm dəstək olub. 

İqtisadi artım işgüzar aktivliyin və sahibkarların sayının ildən-ilə artmasına səbəb olub. Əgər 2002-ci ildə ölkədə cəmi 180 minə yaxın sahibkarlıq subyekti mövcud idisə, 2022-ci ilin sonuna qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1,4 milyondan çox olub, aktiv vergi ödəyicilərinin sayı isə ötən ilin sonuna 712 min təşkil edib. 

Əmək bazarının "ağardılması" məqsədilə əməkhaqları üzrə 2019-cu ilin əvvəlindən tətbiq olunan vergi güzəştləri sayəsində qeyri-neft özəl sektorunda əmək müqavilələrinin sayı həmin dövrlə müqayisədə 340 mindən çox artıb. Bu, islahatın ortamüddətli dövrdə səmərəliliyinə dəlalət edir. Əmək müqavilələrinin sayının artması ilə əməkhaqqı fondunun böyüməsi sosial sığorta haqlarının yığım bazasının genişlənməsinə səbəb olur. Qeyri-neft-qaz özəl sektorun əmək müqavilələrində payı islahatın başlanğıcında olan 38,5%-dən 49,8%-ə yüksəlib.

Qarşıdakı dövrdə vergi sahəsi ilə bağlı əsas hədəflər ilk növbədə iqtisadi təşviq, effektiv nəzarət, rəqəmsallaşma prinsipləri əsasında reallaşdırılacaq. İqtisadi diversifikasiya və investisiyaların cəlbində vergi siyasətinin tənzimləyici rolu davam etdiriləcək. "Kölgə iqtisadiyyatı" ilə sistemli mübarizə yenə əsas prioritet olaraq qalır. 

Dövlət əmlakının idarə edilməsi və özəlləşdirmə proqramlarının reallaşdırılması prosesi müasir təcrübələr əsasında optimallaşdırılıb. Əsas prioritet özəlləşdirmənin sosial ədalət prinsipi rəhbər tutulmaqla həyata keçirilməsi, prosesə geniş maliyyə imkanlarına və təcrübəyə malik investorların cəlbidir. 2003-cü ildən sonrakı dövrdə özəlləşdirmə prosesi çərçivəsində 23 mindən artıq kiçik müəssisə və obyekt özəl mülkiyyətə keçib. Orta və iri dövlət müəssisələrinin bazasında yaradılmış 1600-ə yaxın açıq səhmdar cəmiyyətindən 1100-ə yaxını məhz həmin dövr ərzində özəlləşdirilib. Təkcə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 900 milyon ABŞ dollarına yaxın investisiya yatırılıb, rəqabətqabiliyyətli və ixracyönümlü, həmçinin idxalı əvəzləyən bir sıra məhsulların istehsalı üçün imkan yaradılıb. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində bu dövrdə 300 mindən artıq iş yeri açılıb, 220 mindən çox şəxs səhm sahibi olub. ÜDM-də özəl sektorun payının çoxalmasında dövlət əmlakının özəlləşdirilməsinin mühüm rolu var.

Dövlət müəssisələrinin korporativ idarəetmə prinsipləri əsasında fəaliyyəti, iqtisadi effektivliyin yüksəldilməsi, maliyyə dayanıqlılığının yaxşılaşdırılması iqtisadi inkişafa töhfədir. Bu məqsədlə yaradılan Azərbaycan İnvestisiya Holdinqinə dövlət müəssisələrinin idarəçiliyinin həvalə olunması, müəssisələrdə yaradılan müşahidə şuraları vasitəsilə fəaliyyətin optimal tənzimlənməsi - məsuliyyətin bölüşdürülməsi, hesabatlılığın təmin edilməsi dövlət müəssisələrinin iqtisadi dividendlərini artırıb, zərərdən mənfəətə keçməyə, büdcəyə ödəmələr edən kommersiya əsaslı strukturlara çevrilməyə əsaslı zəmin yaradıb.

Bu ilin 6 ayı ərzində isə artan tendensiya qorunmaqla dövlət müəssisələrinin ümumi dövriyyəsi 44 milyard manatdan yüksək olmaqla, toplam əməliyyat mənfəəti təqribən 5,5 milyard manat təşkil edib. 

Yeni idarəetmə metodu həm də iri dövlət müəssisələrinə özəl investisiyaların cəlbini asanlaşdırır. Dövlət başçısının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirləri nəzərdə tutan sərəncamı əsasında mühüm sektorları əhatə edən iri dövlət şirkətlərində institusional islahatlar davam etdiriləcək və onlarda dövlətin iştirak payı tədricən azaldılacaq. Kapital bazarlarının canlandırılmasına şərait yaradacaq bu yenilik dövlət müəssisələrinin idarə edilməsində vətəndaşların iştirakını və həmin müəssisələrə özəl investisiyaların yatırılması imkanlarını genişləndirəcək. Əldə olunacaq təcrübənin digər sahələrdə fəaliyyət göstərən təsərrüfat subyektlərinə də tətbiqi gözlənilir.

İqtisadiyyatın bütün sahələrində dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi və özəl sektorun iqtisadi inkişafda rolunun artırılması sahəsində həyata keçirilən tədbirlər, o cümlədən qabaqcıl təcrübəyə əsaslanan yeni qanunun qəbul edilməsi də xüsusi önəm kəsb edir. Qanunun tətbiqi ilə ölkə iqtisadiyyatında investisiya fəallığının həm dinamikası, həm də keyfiyyətində yeni bir səhifə açılıb. Bu gün dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində innovativ və prioritet layihələr həyata keçirilməyə başlanıb. 

Şəffaflığın artırılması istiqamətində digər addım 14 iyul 2023-cü il tarixdə dövlət başçısı tərəfindən "Dövlət satınalmaları haqqında " Qanunun imzalanmasıdır. Yeni qanun dövlət satınalmaları sahəsində şəffaflığı və intizamlılıq səviyyəsini artırmağı, çeviklik tələblərini nəzərə almağı, dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadəni və elektron satınalmalara keçidi təmin etməyi, nəzarət imkanlarını genişləndirməyi hədəfləyir. 

Sağlam rəqabət ölkədə iqtisadi inkişafı təmin edən əsas amillərdəndir. Ədalətli rəqabətdən, qiymətlərin azalmasından, məhsul çeşidinin genişlənməsindən təkcə sahibkarlar, dövlət deyil, həm də istehlakçılar, sadə vətəndaşlar qazanırlar. Bu baxımdan Rəqabət Məcəlləsinin qəbul olunması ölkədə özəl sektorun inkişafını dəstəkləyən əlverişli biznes mühitinin inkişaf etdirilməsinə imkan yaradacaq, inhisarçılığın məhdudlaşdırılmasına, yerli təsərrüfat subyektlərinin daxili və xarici bazarlarda rəqabətqabiliyyətliliyinin artırılmasına, dövlətin iqtisadi tənzimləmə səmərəliliyinin yüksəldilməsinə, iqtisadi artım və inkişafın sürətlənməsinə əhəmiyyətli töhfə verəcək.

Ölkədə idarəetmənin insan amili üzərində təmərküzləşməsi, vətəndaşlara xidmətin texnoloji yeniliklər və müasir trendlər əsasında qurulması prinsipləri rəhbər tutulur. Vətəndaşlara, o cümlədən sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlara uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən 260-dan çox xidmət göstərilir. Həmin xidmətlərdən artıq 194-ü elektronlaşdırılıb.

Həyata keçirilən islahatlar müstəqil Azərbaycanı növbəti böyük dönüş astanasına gətirib. Yeni mərhələdə dayanıqlı inkişaf tədbirlərinin uğurla həyata keçirilməsi, o cümlədən iqtisadiyyatın innovativ üsullarla inkişaf etdirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi, rəqəmsal ekosistemin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, habelə iqtisadi və sosial sahələrdə nəticəyönümlü islahatların davam etdirilməsi öz növbəsində daha yüksək sosial-iqtisadi nailiyyətləri və artımı təmin edəcəkdir. 

Beləliklə, dövlət başçısının xalqımızın rifahı və dövlətimizin qüdrətlənməsi naminə gördüyü böyük işlər Azərbaycan tarixinin parlaq səhifəsidir. Bu gün yeni strateji hədəflərə nail olmaq üçün bütün səmərəli artım mənbələrindən istifadəni dəyərləndirən Azərbaycan yeni reallıqlar şəraitində qalib və güclü iqtisadi potensialı olan dövlət kimi dünyada mövqelərini daim möhkəmləndirir. Cənab Prezidentin müdrik və uzaqgörən siyasəti bundan sonra da onilliklər ərzində xalqımızın rifahına böyük töhfə verəcəkdir.