Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdədir

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi, həmçinin İslam İnkişaf Bankı və Dünya İqtisadi Forumu ilə tərəfdaşlıq məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin inkişafı, həmçinin beynəlxalq qurumlar çərçivəsində tərəfdaşlığın qlobal trendlərə uyğunlaşdırılması üçün birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri, energetika sahəsində ortaq təşəbbüslərin perspektivləri nəzərdən keçirilib.

“Saudi Aramco” şirkətinin prezidenti və baş icraçı direktoru Amin Hassan Nasserlə görüşdə tərəflər ölkəmizdə xarici sərmayədarlar üçün yaradılmış şərait, energetika sektorunda birgə fəaliyyət imkanları və hasilat layihələri üzrə əməkdaşlıq potensialı barədə müzakirələr aparıblar.

Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşdə Azərbaycanın qlobal iqtisadi çağırışların təmin edilməsində fəal mövqeyi, aşağı karbonlu biznes həllərinin tətbiqi, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri, əlverişli işgüzar mühit, özəl sektorun inkişafı trendləri barədə danışılıb.

Səudiyyə Ərəbistanı Krallığında Dünya İqtisadi Forumunun "Qlobal əməkdaşlıq, inkişaf və enerji inkişafı" tədbiri çərçivəsində "Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı - yüksək səviyyəli nahar: Qlobal təhlükəsizlik və inkişaf gündəliyinin planlaşdırılması" və “İnsanlar, Siyasət, Maliyyə: Ədalətli enerji keçidinin həyata keçirilməsi” mövzularında sessiyalar keçirilib. Qlobal inkişafa dair müzakirələrin aparıldığı sessiyalarda Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində COP29-la bağlı dəyirmi masa keçirilib. İqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələrin aparıldığı tədbirdə “yaşıl” artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər, qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi, bərpa olunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması məsələləri diqqət mərkəzinə gətirilib.

Azərbaycan nümayəndə heyəti həmçinin, İslam İnkişaf Bankının yaradılmasının 50-ci ildönümünə həsr edilmiş “Qızıl Yubiley” tədbirində iştirak edib. Tədbirdə Bankın Azərbaycanla uzunmüddətli və çoxtərəfli tərəfdaşlığının yüksək qiymətləndirildiyi və birgə təşəbbüslərin uğurla davam edəcəyindən əminlik ifadə olunub.

Nümayəndə heyətimizin Səudiyyə Ərəbistanı Krallığına səfəri davam edir.