Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Orxan Məmmədli Fikrət o.***@flyinn.az ID: 4271
Hörmətli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, ƏDV bəyannaməsinin 306.1-ci sətrində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliiyatlar bölməsində qeyri-rezident tərəfindən təqdim edilən hesab və təhvil-təslim aktında qeyd olunan tarixə həmin günün məzənnəsinə əsasən AZN ekvalentində göstərilir. Bildiyimiz kimi, qeyri-rezidentə görə yaranmış ƏDV büdcəyə qeyri-rezidentə ödəniş edildiyi vaxt ödənilməlidir . Sual? Büdcəyə ödəniləcək qeyri-rezidentə görə yaranmış ƏDV borcu hesab (invoice)-da qeyd olunan tairixə əsasən məzənnə diqqətə alınmalıdır yoxsa ödənilən zamankı məzənnə ? Misal : 28.01.2021 tarixində qeyri-rezident 100.00 AVRO xidmət göstərmişdir (28.01.2021-2.0554 AZN) mən Yanvar bəyannaməsində 306.1 sətirdə (100.00*2.0554=205.54 AZN) göstərmişəm. Ödəniş edilib 25.02.2021 günün məzənnəsi 2.0697 əsasən 100*2.0697=206.97 AZN. Mən indi büdcəyə ödəyəcəyim ƏDV 205.54 AZN yoxsa 206.97 AZN-dən hesablamalıyam?
31/03/2021 Oxunub: 241 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. 

Buna əsasən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV həmin xidmətlərin dəyərinin qeyri-rezidentə ödənildiyi günün məzənnəsinə uyğun hesablanır və ödənişin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilir.
Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.  

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Əli Həsənov al***@gmail.com ID: 4435
Salam. Avtonəqliyyat vasitəsilə yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hər ay üçün fərqlənmə nişanı almaqla fəaliyyətlərini həyata keçirirlər. Eyni zamanda məcburi dövlət sosial sığorta haqqını 14.5.1-1.10. maddəsinə uyğun aylıq olaraq ödəyirlər. Əgər şəxs yuxarıda qeyd olunan fəaliyyət növü ilə fiziki şəxs kimi (VÖEN-lə), həm də muzdlu şəxs kimi çalışarsa o zaman MDSS haqqını necə ödəməlidir? Əvvəlcədən təşəkkür edirəm.
31/03/2021 Oxunub: 158 Orta qiymət: 0

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

“Sosial sığorta haqqında” Qanuna əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir

Həmin şəxs, eyni zamanda muzdlu işçi kimi fəaliyyət göstərdikdə sığortaedən tərəfindən ödənilən əməkhaqqından sosial sığorta haqqı tutulmalı və ödənilməlidir. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq  gəliri 200 manat və az olarsa məbləğin 3 faiz, 200 manatdan çox olduqda 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. 

Əsas: Vergi Məcəlləsinin 218-ci, 220-ci, 221-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.  

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əkbərov Etibar Sabir oğlu fa***@gmail.com ID: 4434
Ölkə daxilində malların satışı üzrə vasitəçilik fəaliyyəti necə tənzimlənir və ƏDV ödəyicisi olan MMC üçün hansı vergi öhdəlikləri yaranır?
31/03/2021 Oxunub: 120 Orta qiymət: 5

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi, yəni xidmət haqları 200.000 manatdan artıq olduğu halda vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci, 159-cu, 172-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Süleymanova İradə Eldarovna je***@gmail.com ID: 4433
Sosial borcun ödənilməsi.
31/03/2021 Oxunub: 151 Orta qiymət: 0

Bildiririk ki, Siz banka getmədən onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə vergilərinizi və digər icbari ödənişlərinizi ödəyə bilərsiniz. 

Vergi ödəyicisi www.gpp.az saytına daxil olub "Büdcə ödənişləri" hissəsindən müvafiq qurumu seçərək ( "Dövlət Vergi Xidməti", "Dövlət Sosial Müdafiə Fondu", "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi") özünə məxsus VÖEN-i daxil edib, fəaliyyət növünə uyğun Təsnifat kodunu əlavə edərək kart məlumatları əsasında vergi, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəyə bilər.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin İbişov el***@gmail.com ID: 4270
Salam, yeni biznes qurmaq istəyirəm, vergilər barədə hardan necə məlumat ala bilərəm ki, fəaliyyətə başlamazdan öncə məlumatlı olum və bütün qanun qaydalara riayət edim? Sizdə hər hansı maarifləndirici treyninq və ya hansisa hazır video çarx, yazılı bir şey varmı tam açıq şəkildə məlumat ala bilək. Öncədən təşəkkür edirəm.
31/03/2021 Oxunub: 151 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Fərid Cəfərov Məhəmməd fe***@gmail.com ID: 4269
Vergi Məcəlləsinin 98.2.2-ci maddəsində işəgötürən tərəfindən verilən hədiyyələr işçinin muzdlu işdən gəliri kimi göstərilmiş və ona 14% dərərcə ilə vergi hesablanmış, lakin Vergi Məcəlləsinin gəlir vergisindən azadolmalar hissəsində 102.1.3.1-ci maddəsində hədiyyələrin istisnasız olaraq 1000 manatadək olan hissəsi vergidən azad olunmuşdur. Bu bir-birinə zidd olan maddələrlə bağlı aidiyyatı qurumdan cavab verməyinizi xahiş edirəm.
31/03/2021 Oxunub: 251 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işdən əldə olunan gəlirə aid edilir.  Eyni zamanda, il ərzində alınan hədiyyənin 1000 manatadək hissəsi gəlir vergisindən azad edildiyi üçün, işçinin aldığı hədiyyənin 1000 manatdan artıq olan hissəsindən ümumi qaydada vergi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
NAĞIZADƏ İLAHƏ AYDIN QIZI na***@yandex.ru ID: 4432
Gəlir vergisi ödəyicisi olan mikrosahibkar pandemiya ilə əlaqədar olaraq aldığı yardımdan vergi ödəməlidirmi? İllik gəlir vergisi bəyannaməsinin hansı hissəsində həmin məbləğ əks etdirilməlidir.
31/03/2021 Oxunub: 141 Orta qiymət: 5

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əməkhaqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Fərdi sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardımlar isə gəlir vergisindən azaddır. Buna əsasən həmin məbləğlər gəlir vergisinin bəyannaməsinin müvafiq vergidən azadolma sətrində əks etdirilməklə bəyan edilir. Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 104-cü maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Əliyev İlham Apo il***@mail.ru ID: 4430
Mən amazondan Günəş paneli dəsti evim ücün gətirtmək istəyirəm.(https://www.amazon.com/XINPUGUANG-Flexible-Monocrystalline-Charger-Controller/dp/B07PLR8C76/ref=sr_1_9?dchild=1&keywords=solar+panel&qid=1617106961&sr=8-9 ) baxa bilərsiniz. Gömrük xərcim nə qədər olacaq?
31/03/2021 Oxunub: 101 Orta qiymət: 0

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Polad İsmayılov po***@gmail.com ID: 4262
Salam. Bizim uşağın səhhəti ilə bağlı müxtəlif klinikalarda reabilitasiya keçirik. LOQOS-psixoloji və nitq inkişaf mərkəzində (İnşaatçılar) POS- terminal var, lakin müasir kassa aparatı isə yoxdur. CP Academy-də (H.Əliyev 79) isə nə POS-terminal var, nə də müasir kassa aparatı. Mənim kartla ödənişdən bonuslarım və ƏDV geri alım batır. Xahiş edirəm zəruri tədbirlər görəsiniz.
31/03/2021 Oxunub: 231 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Qeyd olunanlara əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində yalnız pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi geri qaytarılır. Sorğuda göstərilən halda fiziki şəxslər tərəfindən tibbi və ya digər xidməltətə görə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi bəzi fəaliyyət növlərini istisna etməklə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsini təsbit edir.

Müvafiq olaraq sorğunuzda qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmaları nəzarət-kassa aparatı ilə deyil ciddi hesabat blankları ilə rəsmiləşdirməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Valeh Əhmədov Əmirxan va***@bk.ru ID: 4272
"Spark" ümumiləşdirilmiş proqramı vasitəsilə Rusiya və Qazaxıstanda olduğu kimi Azərbaycanda da kontragentlərin etibarlılığı haqqında məlumatları əldə etmək üçün hansısa proqram mövcuddurmu? Belə proqram mövcud deyilsə, o zaman kontragentlər barədə məlumatları necə əldə etmək olar?
31/03/2021 Oxunub: 168 Orta qiymət: 0

Bildiririk ki, Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanı yaradılmışdır və vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında məlumat kommersiya (vergi) sirri hesab edilmir. Riskli vergi ödəyiciləri ilə bağlı məlumatlandırma riskli ödəyicilərin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Çünki vergi ödəyicisinin riskli vergi ödəyicisi ilə əməliyyatlar aparması onun özü üçün də riskin artması deməkdir. Bu, həm səyyar vergi yoxlaması, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən müddəalarına əsasən riskli vergi ödəyicilərinə münasibətdə bir sıra məhdudiyyətlər tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə müəyyən edilir və Qərar 29.07.2020-ci il tarixdən qüvvəyə minmişdir.

Eyni zamanda, vergi ödəyicisi digər bir vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısında olub-olmadığı haqda məlumatı əldə etmək üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub, "Riskli vergi ödəyicilərinin axtarışı" xidmətindən istifadə edə bilər. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal Alşanov Elşad oğlu av***@mail.ru ID: 4264
Salam hörmətli vergi əməkdaşları. Əmək məcəlləsi Maddə 77 Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 7-ci bəndində İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Sual. Əmək məcəlləsinin müvafiq maddəsinə əsasən işçi vəfat etdikdə onun vərəsəsinə orta əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir, bu zaman gəlir vergisi və digər məcburi tutulmalar tutulmalar necə aparılmalıdır?
31/03/2021 Oxunub: 244 Orta qiymət: 5

Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 4-cü abzasının müddəalarına əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqlarından azaddır.

Qeyd olunan müavinət Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunmur.

Əsas: Əmək Məcəlləsinin 77-ci, 154-cü maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
İlhamə Məmmədova Eldar il***@mail.ru ID: 4429
Salam. Mən DİM eksperti kimi fəaliyyət göstərirəm və bu məqsədlə fiziki şəxs kimi vergi uçotuna durmalıyam. VÖEN alan zaman fəaliyyət sahəsi kimi hansı kodu qeyd etməliyəm.
30/03/2021 Oxunub: 104 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsi nəzərə alınmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Sorğunuza əsasən, gəlirlərinizin vergi ödəyicisi kimi qeydiyyatda olan şəxslər tərəfindən ödənildiyi və fərdi sahibkar olaraq digər hüquqi (publik) şəxsə xidmət etdiyinizi nəzərə alaraq sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən, mikrosahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Qeyd etdiyiniz fəaliyyəti (8560001 TƏHSİL SAHƏSİNDƏ MƏSLƏHƏTLƏR) fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nicat Baxşizadə ni***@gmail.com ID: 4427
Salam. Mənim Astarada balaca torpağım var. Orda 4x4(metr) -ə hövuz düzəldib balıq yetişdirmək istəyirəm, kommersiya məqsədi daşıyır. Bunun üçün hansı sənədim olmalıdır? Və vergi verərkən hansı meyarlar əsas götürüləcək? Bir neçə il onun qazanc gətirməsi mümkün deyil, çünki gəlir xərcdən az olacaq , o necə tənzimlənəcək? Bu sahə ilə bağlı nəzarət edici qurum hansıdır ?
30/03/2021 Oxunub: 120 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Məlumat üçün bildiririk ki, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 218-ci və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin Cəbrayılzadə Rövşən el***@bk.ru ID: 4426
Ev şəraitində istehsal etdiyim hər hansısa məhsulu səyyar və sifariş əsasında satışa cıxarmazdan əvvəl bu prosesi qanunauyğun şəkildə reallaşdırmaq üçün nə etməliyəm? Yəni satış zamanı yerindəcə hesablaşma oıduğu üçün dövlət bundan necə vergi tutur? Mənə VÖEN açılır? Bu suallara zəhmət olmasa aydınlıq gətirin! Təşəkkürlər!
30/03/2021 Oxunub: 117 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir.
Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Eyni zamanda, səyyar qaydada pərakəndə satış fəaliyyəti üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsi tətbiq edilmədən həyata keçirilən fəaliyyət növlərinə aiddir. Bu zaman malsatan müəssisə alıcıya qəbz və ya digər ciddi hesabat blankı təqdim etməli və həmin ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 218-ci və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fərhad Əmirxanov Natiq oğlu ib***@gmail.com ID: 4423
Salam, mən kiçik sahibkaram. Asan imza nömrəsi ilə kart sifariş vermək istəyirəm, sistem nömrəni təyin etmir. Azercell şirkətinə müraciət etdim, sizə yönəltdilər.
30/03/2021 Oxunub: 60 Orta qiymət: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat müraciət zamanı çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəsibov Şahin Suliddin oğlu ni***@bk.ru ID: 4422
Torpaq mülkiyyətini təsdiq edən sənəd Seriyası JN, Nömrəsi 0074. Sığortaedənin SUN -u :20530077952 Seriyası :JN Nömrəsi :0074 Adı :Dadaşov Vahid Ağaməmməd oğlu. Mənim adıma olan torpaqda niyə bu ad çıxır?
29/03/2021 Oxunub: 101 Orta qiymət: 0

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı məlumat üçün aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Мамедов Тагир Газанфар ve***@mail.ru ID: 4418
У меня один вопрос: по почте если отправят из России медали юбилейные какие то проблемы возникнут или нет?
29/03/2021 Oxunub: 142 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan yubiley medalları hədiyyə olduğu təqdirdə bildiririk ki, təqvim ili ərzində əldə edilən hədiyyələrin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.  Dəyəri 1000 manatdan yuxarı hədiyyə əldə edən fiziki şəxslər vergi orqanında uçota alınaraq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 14 faiz dərəcə ilə gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.

Belə ki, Vergi Məcəlləsinin 99.3.7-ci maddəsində əsasən təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (işəgötürən öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hal istisna olmaqla) fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aid edilmişdir.
Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulur.

Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Qeyd olunan medalın ölkə ərazisinə gətirilməsi barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 99-cu, 101-ci və 102-ci maddələri. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mehraliyeva Gülnaz Oruc za***@yandex.ru ID: 4417
Salam. Sizin saytınızdan onlayn növbə götürə bilmirik. Qeydiyyatdan keçərkən FİN-lə ad, soyad ata adının uyğun olmadığını yazır. Amma bir pasportdan alınan məlumatları qeyd edirəm. Necə edə bilərik? Köməklik göstərmənizi xahiş edirik. Öncədən təşəkkürlər.
29/03/2021 Oxunub: 63 Orta qiymət: 0

Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. 

Onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur). Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq.

Onlayn növbəyə yazılmaq üçün qeyd olunan mobil nömrə müraciət edən şəxsin adına qeydiyyatda olmalıdır. Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əbilov Orxan Səhrab oğlu or***@gmail.com ID: 4416
Milli Gəlirlər Baş idarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisinin adı, ata adı və soyadını öyrənmək istəyirəm. Ərizə ilə müraciət etmək üçün.
29/03/2021 Oxunub: 60 Orta qiymət: 0

Bildiririk ki, hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, Baş İdarə rəisinin 1-ci müavini - Ağakişiyev Elçin Nadir oğludur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zahir Zülfüqarov Nizam oğlu za***@mail.ru ID: 4415
Salam. Bilmək isəyirəm niyə mənim eyni mağazadan aldığım malların bəzilərinin ədv -si qaytarılır, bəzilərininki isə ləğv edilir. Səbəb nədir? Məbləğ biraz cox olan kimi ləğv olunur, səbəb nədir?
28/03/2021 Oxunub: 113 Orta qiymət: 0

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Sorğunuzda qeyd olunan NKA çekinin Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün ləğv oluna bilər. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver: