Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Nuridə Rəhimova Səfər mu***@gmail.com ID: 4237
Otellərə kassa aparatı qoyulurmu?
19/02/2021 Oxunub: 108 Orta qiymət: 5

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi bəzi fəaliyyət növlərini istisna etməklə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsini təsbit edir.

Müvafiq olaraq sorğunuzda qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmaları ciddi hesabat blankları ilə rəsmiləşdirməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci və 16.1.9-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Sara Əhmədova Nadir sa***@gmail.com ID: 4236
Birbank vasitəsilə ƏDV geri alda 89.31 AZN dəyərində çeki oxutmağa çalışdım lakin artıq oxunduğu yazıldı. N7333 nomreli cekin araşdırılması üçün yardımçı olardınız zəhmət olmasa.
19/02/2021 Oxunub: 94 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  ""Onlayn müraciətlər"" bölməsinin  ""Dövlət Vergi Xidmətinə müraciət"" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
ilgar Mirzəyev Mürsəl oglu il***@mail.ru ID: 4235
Mən VÖEN 3100445492 ləğv elətdirmişəm. Amma mənə mesaj gəlir ki elektron poçtumda məktub var. Xahiş edirəm izah edin.
19/02/2021 Oxunub: 87 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz. Sorğunuzda qeyd olunan VÖEN ləğv edilməmişdir. Ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Dünyamalı Musazadə, Alı du***@gmail.com ID: 3961
Vergi orqanlarına imtahan nə vaxt olacaq?
19/02/2021 Oxunub: 179 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi 13.03.2021-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. İmtahana daxil olmaq üçün namizəd şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini özü ilə gətirməlidir.

Ətraflı məlumatla internet səhifəmizin "İşə qəbul" bölməsində tanış ola bilərsiniz.

5/5 (7 Orta qiymət)
Qiymət ver:
Hasil Əliyev dq***@mail.ru ID: 3960
Muessise terefinden xarici ölkədə istehsal edilmiş mühasibat üzrə proqram təminatı xarici şirkətdən alınarkən vergitutma ilə bağlı 2 sualım var: 1. Proqram təminatı qeyri-maddi aktiv hesab edilməklə, ona görə xarici dövlətə ödənilən vəsaitdən ƏDV-nin hesablanırmı? 2. Proqram təminatı qeyri-maddi aktiv hesab edilməklə, ona görə xarici dövlətə ödənilən vəsaitdən ödəmə mənbəyində vergi tutulurmu? Qeyd edək ki, qeyri-maddi aktivlər Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən əlavə dəyər vergisinin məqsədləri üçün mal sayılmır. Bununla belə, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi xidmət sayılmasına baxmayaraq adından da göründüyü kimi qeyri-maddi aktivlər satılarkən xidmət sayıla bilməz, çünki aktiv xidmət hesab edilmir. Həmçinin qeyd edək ki, qeyri-maddi aktivlərin satışı Vergi Məcəlləsinin 13.2.23-cü maddəsində göstərilən royalti anlayışı ilə də əhatə edilmir. Çünki royalti istifadə hüququnun verilməsinə görə alınan haqq hesab edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq suallarıma əsaslı cavab verməyinizi Sizdən xahiş edirəm.
19/02/2021 Oxunub: 410 Orta qiymət: 4

Bildiririk ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir.

Qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Eyni zamanda, proqram təminatının alğı-satqısı üzrə qeyri-rezidentə ödənilən məbləğdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalı və dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 159-cu, 168-ci və 169-cu maddələri.

4/5 (13 Orta qiymət)
Qiymət ver:
Əli Əsədov Məhərrəm Al***@gmail.com ID: 4234
Salam. "Edvgerial" QR kodunu daxil etdikdə pərakəndə və ictimai iaşə obyektlərinə uyğun deyil yazılır. Mən bilmək istərdim ki, həqiqətənmi uyğun deyil ya vergiden yayınırlar? "Edv geri al" çekini mənə "Bakı clinic" ödəniş əsasında təqdim edib. Zəhmət olmasa, bir məlumat verərsiz.
19/02/2021 Oxunub: 70 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Samir İmanov Natiq sa***@gmail.com ID: 3943
Salam. Muzdlu işdən gəlir əldə edən şəxslərin əmək qabiliyyətinin itirilməsi ilə bağlı gəlirlərindən tibbi sığorta haqqının tutulması nəzərdə tutulubmu və ya icbari tibbi sığorta haqqına cəlb edilməyən gəlirlər hansılardır? Birdəfəlik müavinətlər kimi.
19/02/2021 Oxunub: 326 Orta qiymət: 4

Bildiririk ki, icbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır.

Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər, Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən tərəfindən ödənilən müavinətlər, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri, habelə işçilərə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilən müavinətlər icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb edilmir.

Əsas: Əmək Məcəlləsinin 157-ci və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10-cu maddələri.

4/5 (9 Orta qiymət)
Qiymət ver:
Murad Nəcəfov Malik em***@gmail.com ID: 4233
Salam. Mənim mülkiyyətimdə və hal-hazırda istifadəmdə olan, Dövlət Reyestr Xidmətindən çıxarışla 99 illik kənd təsərrüfatı təynatli torpaq var. Həmin torpağın illik vergisini necə və hansı hesaba ödəməliyəm? Təşəkkür edirəm.
18/02/2021 Oxunub: 101 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş  “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 206-cı maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vaqif Xəlilov Hüseyn oğlu va***@mail.ru ID: 4127
Şirkətimizim əməkdaşı xarici ölkəyə ezam olunur. Əməkdaşımız öz adına olan bank kartından qeyri-rezident avia şirkətə ödəniş edərək avia bilet əldə edir və sonra həmin məbləği şirkətimiz ona ödəyir. Belə olan halda şirkətimizin adına heç bir ödəniş sənədi (invoys) olmur. Həmin avia biletin dəyərini şirkətimiz mənfəət vergisi hesablanan zaman xərclərə aid edə bilərmi ? Bundan əlavə qeyri-rezidentdən alınan avia biletin dəyəri ödəmə mənbəyində vergiyə cəlb olunmalıdırmı?
17/02/2021 Oxunub: 371 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Eyni zamanda işəgötürən tərəfindən ezamiyyəyə göndərilən işçinin ezamiyyə xərclərinin ödənilməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar 2012-ci il tarixli 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” ilə tənzimlənir.

Həmin Qərara əsasən nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.

Qeyd olunanlara əsasən şirkət tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı xarici ölkələrə ezamiyyələr zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilən norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin ezam olunma yerinə getmək və qayıtmaq xərclərini təsdiq edən sənədlər əsasında işçiyə ödənilən nəqliyyat xərcləri gəlirdən çıxılan xərclərə aid edilir.

Əlavə olaraq ölkədaxili və xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə müəyyən edilmişdir.

İkinci sualla bağlı bildirirk ki, qeyri-rezidentə ödənilən aviabiletlərin dəyəri Azərbaycan mənbəyində gəlir olmadığı üçün ödəmə mənbəyində vergiyə cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar 2012-ci il tarixli 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı.

5/5 (8 Orta qiymət)
Qiymət ver:
Fərid Yusublu Yazgül fa***@yahoo.com ID: 4232
Debitor borcdan endirim və ya kredit nota verildikdə necə rəsmiləşdirilir və vergi hesablarına təsiri necədir?
17/02/2021 Oxunub: 147 Orta qiymət: 5

Bildiririk ki, tərəflər arasında bağlanılmış müqavilə əsasında vergi ödəyicisinə verilən endirimlər (credit note) vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilməklə, ümumi qaydada vergiyə (sadələşdirilmiş və ya gəlir/mənfəət) cəlb edilir.

Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsi üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə".

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Abdullayev Hikmət Salamulla oğlu hi***@gmail.com ID: 3382
Salam. Cəmiyyətimiz 46901 fəaliyyət növü kodu ilə Plastik boruların topdan və pərakəndə satışı ilə məşğuldur.Bu fəaliyyət növü pandemiyadan zərər çəkmiş,fəaliyyəti qismən dayandırılan fəaliyyət sahəsinə aiddir. Belə olan halda, bilmək istərdim VM də mənfəət vergisini hesablayarkən 75 (VM məcəllə 222.5.9) faizlik güzəştdən yararlanmaq hüququmuz var mı?
17/02/2021 Oxunub: 180 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrini (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) həyata keçirən şəxslərə Vergi Məcəlləsinin XVIII fəslinin müddəaları şamil edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir.

Bildiririk ki, vergi ödəyicisinin fəaliyyətinin pandemiyadan zərər çəkən fəaliyyət sahələrinə adi edilib-edilməməsinin faktiki uçot məlumatları əsasında müəyyən edilməsi üçün aidiyyəti sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 222-ci və 224-cü maddələri.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Şakir Sarvanov s.***@mail.ru ID: 3840
Salam. Mənim belə bir sualım var. Xahiş edirəm cavab yazasınız. Mən, hüquqi şəxsin təmsilçisi olaraq 30 dekabr 2020 -ci il tarixində təmsilçisi olduğum firmanın bank hesabından mal almaq üçün qarşı firmaya 20000 manat pul məbləğində vəsaiti köçürmüşəm. Lakin malı 05 yanvar 2021 -ci il tarixində almışam. Sualım ondan ibarətdir ki, 30 dekabr 2020 -ci il tarixində mal almaq üçün köçürdüyüm 20 000 manat pul vəsaitini 2020 -ci ilin mənfəət vergisi bəyannaməsinin "xərclər" bölməsində "malın dəyəri" hissəsində qeyd edə bilərəm? Və həmən pul vəsaitini mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində "kreditor" və ya "debitor" borc olaraq göstərə bilərəm? Təşəkkür edirəm.
17/02/2021 Oxunub: 213 Orta qiymət: 5

Bildiririk ki, hüquqi şəxs tərəfindən gələcək hesabat dövründə malların alınması üçün avans olaraq aparılmış ödənişlər həmin ödənişin aparıldığı dövrün xərclərinə deyil, avans ödəmələrinə aid edilir. Alınmış malların dəyəri həmin malların təqdim edildiyi hesabat dövrünün gəlirdən çıxılan xərclərinə aid edilir.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Şakir Sarvanov s.***@mail.ru ID: 3887
Salam. Çox xahiş edirəm cavab yazasınız. Benzin Aİ92, Premium Ai95 və Dizel yanacağının illik təbii itki norması nə qədərdir? (Pərakəndə satış üzrə) Təşəkkür edirəm.
17/02/2021 Oxunub: 220 Orta qiymət: 4

Bildiririk ki, yanacağın təbii itki normasının müəyyən edilməsi və hesablanma qaydası Vergi Məcəlləsi ilə tənzimlənmir. Qeyd edilən məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

4/5 (5 Orta qiymət)
Qiymət ver:
Nəsibli Elvin Cuma oğlu Ne***@gmail.com ID: 4229
Salam. Mən Edvgerial xidmətindən istifadə edirəm. Bəzi edvgerial çeklərin 1 aylıq gözləmə statusu vaxtı keçsə də hələ balansa yüklənməyib. Bu nədəndir? Zəhmət olmasa cavab yazardız.
17/02/2021 Oxunub: 56 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün yeni nəsil kassa aparatı çekinin məlumatlarını əlavə etməklə internet səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Alşanov Vüsal Elşad oğlu av***@mail.ru ID: 3292
Salam hörmətli vergi əməkdaşları! Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncam imzalayıb. Təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını nəzərdə tutulmuşdur. Odur ki, Vergilər məcəlləsinin 102.4.3. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər üçün gəlir vergisindən güzəşti tətbiq etmək olarmı? Və yaxud Səfərbəyliklə hərbi xidmətə getmiş işçiyə iş yeri və orta əmək haqqı saxlanıldığı üçün gəlir vergisindən azad olma nəzərdə tutulubdumu? Əvvəlcən öz minnətdarlığımı bildirirəm.
17/02/2021 Oxunub: 202 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.4.3-cü maddəsinə əsasən Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 45.1-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Həmin qanunun 52.1-ci maddəsinə əsasən toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər.

Əmək Məcəlləsinin 179-cu maddəsinin g bəndinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda onun iş yeri və orta əmək haqqı saxlanılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.12-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı, hərbi hissənin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisənin arayışları, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.4.3-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.   

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncəmına əsasən ehtiyatda olan hərbi vəzifəlilər təlim-yoxlama toplanışlarına çağırıldığı halda müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edildikdən sonra onların hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, Əmək Məcəlləsinin 179-cu maddələri, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Rauf Ibrahimov ma***@list.ru ID: 4036
Salam ! Mənim İD3791 nömrəli sualıma Sizin tərəfinizdən verilmiş məlumata uyğun edvgerial.az portalından mobil tətbiqləri yükləmədən , https://edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidi vasitəsilə edvqerial qeydiyyatdan keçdim və şəxsi kabinetimdən istifadə etmək imkanını əldə etdim. Köməyinizə görə, çox sağ olun ! Lakin mənim əvvəlki edvgerial şəxsi kabinetimdəki məlumatlar, o cümlədən qaytarılan və gözlənən məbləğlər barədə məlumatlar yeni açılmış ABB edvgerial kabinetima miqrasiya olunmamışdırlar. Bunun üçün mən nə etməliyəm ?
17/02/2021 Oxunub: 106 Orta qiymət: 5

Bildiririk ki, edvgerial.az portalından mobil tətbiqləri yükləmədən də edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidləri vasitəsilə istifadə edə bilərsiniz.

Qeyd olunan tətbiq və ya portal vasitəsilə qaytarılan ƏDV faizləri ancaq həmin tətbiq və ya portal çərçivəsində əks olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 3740
Müəssisə mənfəət vergisi ödəyicisidir. Sahibkarlığın İnkişafı Fondunun xətti ilə yerli bankların birindən biznes krediti əldə etmişdir. Kredit müqaviləsinə əsasən kreditin aylıq ödənişi əsas və faiz hissələrinin cəmindən ibarətdir. Faiz hissə 2 yerə bölünmüşdür : 50% məbləği müəssisə ödəyir, digər 50% məbləğ subsidiya formasında Fond tərəfindən müəssisənin bank hesabına mədaxil olur və sonra bank tərəfindən bütün ödəniş kimi silinir. 1. Müəssisə bu aylıq faiz məbləğini tam olaraq xərclərinə daxil etməlidir yoxsa özü ödədiyi hissəsini? 2. Fond tərəfindən subsidiya formasında daxil olan kreditə uyğun faiz məbləği mənfəət vergisinin hesablanması zamanı gəlirə daxil edilməlidirmi?
17/02/2021 Oxunub: 297 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir.

Buna əsasən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondu tərəfindən Koronovirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kredit təşkilatlarından aldıqları kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün sahibkarın bank hesabına mədaxil edilərək banka köçürülən vəsaitlər vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilir. Fondun vəsaiti hesabına bank tərəfindən silinən faizlər vergi ödəyicisinin borc öhdəlikləri üzrə həmin faizlərin ödənildiyi hesabat dövrünün gəlirdən çıxılan xərclərinə aid edilir.

 

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Rufullayeva Lalə Vasif qızı la***@gmail.com ID: 3939
Hörmətli Dövlət Vergi Xidməti, bir neçə dəfə çağrı mərkəzinizə müraciət edib fərqli cavablar aldığım üçün sualımı sizə ünvanlayıb, rəsmi formada cavab almaq istəyirəm. Sualım bundan ibarətdir ki, gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi 2018-ci il üzrə bölüşdürülməmiş mənfəətdən götürəcəyi dividendi 2020-ci ildə 12 ay üzrə hissə-hissə götürmüşdür. Bu dividend gəliri vergiyə cəlb olunurmu?
17/02/2021 Oxunub: 187 Orta qiymət: 5

Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisə tərəfindən həmin müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərə ödənilən dividendlər 2019-cu il yanvarın 1-dən etibarən müvafiq olaraq gəlir və mənfəət vergisindən azaddır. Buna əsasən, 1 yanvar 2019-cu il tarixədək formalaşan bölüşdürürlməmiş mənfəət hesabına dividendin ödənilmə tarixindən asılı olmayaraq vergiyə cəlb edilir. 1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 106-cı maddələri.

5/5 (10 Orta qiymət)
Qiymət ver:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 3417
Rezident mənfəət vergisi ödəyicisi olan (İcraçı) hüquqi şəxs qeyri rezident hüquqi şəxslə yüklərin daşınması üzrə xidməti müqavilə bağlayıb. Müqavilə şərtlərinə əsasən qeyri rezidentin sifararişi əsasında rezident hüquqi şəxs xaricdən Respublikası ərazisinə Azərbaycan Respublikasında yerləşən digər rezident şəxslərə yüklərin daşınmasını və gömrük rəsmiləşdirilməsini həyata keçirir. Bu xidmətlər zamanı İcraçı gətirdiyi şəxslərin adına yazılan yük gömrük bəyannamələrinə əsasən rüsum və vergiləri özü ödəyir, qeyri rezident hüquqi şəxs isə bütün bu ödənişləri və müəssisənin xidmət haqqının ödənişini cəm şəklində İcraçıya həyata keçirir. Sual : 1. müəssisə bu YGB lərə görə ödədiyi ödənişləri mənfəət vergisi hesablanan zaman xərc kimi göstərə bilərmi? 2. əgər xərc kimi göstərə bilməzsə, o zaman vergitutma bazası müəyyənləşdirilərkən həmin xərclərin məbləği həcmində qeyri rezidentin ödənişindən çıxıb bəyannamədə qeyd edə bilərmi?
17/02/2021 Oxunub: 198 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Eyni zamanda malların təchiz edilməsi ilə bağlı çəkilən xərclər, o cümlədən malların idxalına görə çəkilən gömrük rüsumları və vergilər üzrə çəkilən xərclər idxal edilən malların dəyərini təşkil edir və cəmiyyətin xərcləri hesab edilmir. Cəmiyyətə malların idxalı ilə bağlı ödənilən məbləğ ilə malların idxalına görə çəkilən xərclər arasında yaranan fərq cəmiyyətin göstərdiyi xidmətlərin dəyərini müəyyən edir və həmin məbləğ ƏDV-yə cəlb edilir. Malın dəyərini təşkil edən malların yüklənməsi, daşınması, boşaldılması və idxalı ilə bağlı xərclər kompensasiyalı xərclər olmaqla xərcləri təsdiq edən sənədlər əsasında sifarişçi tərəfindən qarşılanır.

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Şakir Sarvanov s.***@mail.ru ID: 4031
Salam. Çox xahiş edirəm cavab yazasınız. Mən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan fiziki şəxsəm və 10500 litr, Benzin Aİ92 markalı neft məhsulunu almaq üçün ümumilikdə 9864 manat 74 qəpik pul vəsaiti xərcləyirəm (8174.24 əsas, 1471.36 ƏDV, 213.48 yol vergisi, 5.66 bank xərci) və həmən 10500 litr Benzin Aİ92 markalı neft məhsulunu hər litri 1.00 manat olmaqla pərakəndə satış qaydalarına uyğun olaraq satıram və malların satılmasından 10500 manat gəlir əldə edirəm. Mənim gəlirim 10500 manat, xərcim 9864 manat 74 qəpik təşkil edir (ƏDV daxil). Sualım ondan ibarətdir ki, mən nə qədər ƏDV və Gəlir Vergisi ödəməliyəm? Təşəkkür edirəm.
17/02/2021 Oxunub: 163 Orta qiymət: 5

Bildiririk ki, vergi qanunvericiliyinə uyğun olaraq ƏDV tutulan əməliyyatın dəyəri yol vergisi nəzərə alınmadan müəyyən edilir. ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.

Eyni zamanda mənfəət vergisinin məqsədləri üçün yol vergisi əməliyyatın dəyərinə əlavə edilərək malların maya dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilir.

Belə ki, Vergi Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

5/5 (2 Orta qiymət)
Qiymət ver: