Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Loğman Adıgözəlov Nizami lo***@gmail.com ID: 2095
Salam mən aprel ayında 250 manat kompensasiya aldım. Ancaq 2 ci ay ödəniş olmadı. Nə etməliyəm?
31/05/2020 Oxunub: 71 Orta qiymət: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cabir Sultanov Mircabar ca***@gmail.com ID: 2094
Huquqi şəxs onlayn formada dovlət qeydiyyatindan keçmişdir. Qeydiyyat sənədləri onlayn formada karguzarlığa daxil olmuşdur. Məlumat almaq istəyirdim ki, əlavə rusum ödəmək şərtilə qeydiyyat sənədlərinin kağız sənəd formasında ala bilərikmi?
31/05/2020 Oxunub: 58 Orta qiymət: 5

Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Eyni zamanda dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir.

Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ülvi ul***@rambler.ru ID: 2093
Salam, bəzi hallarda mal alarkən, çekin üzərində fiskal ID yazarkən, Edvgerial posrtalına səhv olduğunu göstərir. O zaman nə etmək lazımdır? Təşəkkürlər.
31/05/2020 Oxunub: 56 Orta qiymət: 0

Belə hal müxtəlif səsbəblərə görə baş verə bilər. Məsələn, nəzarət qurğusunun müvəqqəti olaraq internetə çıxışı olmadığından  məlumat sistemə ötürülməmiş ola bilər, çek məlumatları daxil edilərkən alıcı hər hansı səhvə yol verilə bilər, çek məlumatları alıcının özü və ya digər şəxs tərəfindən sistemə artıq daxil edilmiş ola bilər, sistemdə texniki nasazlıqlar baş verə bilər və s.

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. 

Əlavə məlumat üçün, “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Asim Nəbiyev Tapdıq oğlu as***@mail.ru ID: 2092
Fərdi sahibkar yanında baş mühasib işləyirəm. Özümün ASAN İMZA (iş üçün) sertifikatım var. Fərdi sahibkar bütün xidmətlər üçün notarial qaydada etibarnamə verib. Vergi xidməti üzrə səlahiyyətlərin idarə edilməsini təsdiqləyib. Sualım ondan ibarətdir ki, e-sosial və Dövlət Gömrük Komitəsinin portalına mənə aid olan ASAN İMZA ilə daxil olmaq üçün sahibkar hansı hərəkəti etməlidir. Yəni səlahiyyət necə verilməlidir? Xahiş edirəm köməklik edəsiniz.
31/05/2020 Oxunub: 61 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan elektron sistemlər haqqında ətraflı məlumat üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) və  Dövlət Gömrük Komitəsinə (195-6) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Büllur Mehdi Zadə Azər qızı bi***@professionalsupport.center ID: 2089
“Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.1-ci maddəsində bildirilir ki, pərakəndə, topdansatış və həmçinin ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyatda olmayan və ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda bu malların alınmasına aid Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilir. Lakin alış əməliyyatı aparılan bir sıra müəssisələr sadəcə elektron qaimə-faktura göndərməklə kifayətlənir. Bilmək istərdik ki,müəssisə ilə bağlanmış müqavilə və müvafiq elektron qaimə-fakturaların olması tərəfimizdən həmin alışların xərc kimi təsdiqlənməsi üçün kifayətdirmi?
31/05/2020 Oxunub: 102 Orta qiymət: 0

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.

Göründüyü kimi, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Büllur Mehdi Zadə Azər qızı bi***@professionalsupport.center ID: 2088
Satış həyata keçirildikdən sonra mallar yararlılıq müddətinin bitməsinə və digər səbəblərə görə geri qaytarıldıqda (alqı-satqı müqaviləsinə uyğun olaraq), tərəflər arasında “Malların qaytarılması aktı” tərtib edilir. Lakin qaytarılma qaiməsinin göndərilməsi üçün 3 günlük müddət verildiyindən, çox vaxt faktiki olaraq daha böyük məbləğdə malın qaytarılmasına baxmayaraq, vergi bazasında qaytarılan mallar üzrə göndərilmiş malların tam və ya qismən qaytarılması qaimələri üzrə məbləğ daha az görünür (yəni ciddi hesabat blankı ilə mallar qaytarılır, lakin qaytarma EQF-si gec yazılır). Bu da ƏDV hesabatı təqdim edilərkən artıq vergi öhdəlik məbləğinin hesablanması ilə nəticələnir və biznes fəaliyyətinə ciddi zərər vurur. Malların qaytarılması ilə bağlı təsdiqedici sənəd olan “Malların qaytarılması aktı” ilə qaytarılan malları dəqiqləşdirilən dövriyyə hissəsində göstərə bilərikmi?
31/05/2020 Oxunub: 134 Orta qiymət: 0

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən alınmış mallar geri qaytarıldığı halda, malları qaytaran alıcı tərəfindən malları təqdim edən qarşı tərəfə malların qaytarılması barədə elektron qaimə-faktura təqdim edilir. Malların qaytarılması zamanı tərtib edilən elektron qaimə-fakturada malların zay və ya xarab olması, son istehlak müddətinin bitməsi, yaxud satışa yararlı vəziyyətdə olması barədə qeyd aparılmalıdır.

Həmçinin Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.
Əsas: Vergi Məcəlləsinin 71-1.5.2-ci və 72.5-ci maddələri. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abdullayev nureddin tofiq oqlu si***@hotmail.com ID: 2087
VÖEN-im var, kassam da. Sadəcə onu ayrı obyektə yönəltmək lazımdır, nə etməliyəm?
30/05/2020 Oxunub: 57 Orta qiymət: 0

Bildiririk ki, nəzarət kassa-aparatının vergi orqanında qeydiyyata alınması üçün ilk növbədə təsərrüfat fəaliyyətinin həyata keçirildiyi subyekt (obyekt) vergi uçotuna alınmalıdır.

Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqdan sonra NKA-nın qeydiyyata alınması məqsədilə vergi orqanına müvafiq “Nəzarət - kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında Ərizə” verilməlidir.

Həmçinin bildiririk ki, vergi ödəyicisinin gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) və nəzarət-kassa aparatının onlayn qeydiyyatı mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı” və “Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması” elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qabil Cəfərov Məmməd Qa***@hotmail.com ID: 2086
Azərbaycan vətəndaşı ABŞ-da yerləşən qiymətli kağızlar üzrə qanuni broker şirkətinin veb səhifəsində səhmlərlə ticarət etmək üçün onlayn hesab açır. Qanuni broker şirkəti ilə müqavilə imzalanır. Eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı və rezidenti olması ilə bağlı xüsusi sənəd forması doldurulur və təqdim edilir. Suallar aşağıdakı kimidir: 1) Həmin hesaba məbləğ yatırmaq üçün, bank hesabından ödəniş zamanı mənbədə hər hansı vergi tutulur? 2) Bankın bu əməliyyatı icra etməmək hüququ var və ya məbləğ limiti var? 3) Səhm satışından və ya dividend ödənişindən əldə edilən gəlirlə bağlı ABŞ-da ödənilən vergi, Azərbaycanda ikiqat vergitutmanın aradan qaldırılması üzrə müqaviləyə əsasən əvəzləşir? 4) Belə gəlirdən vergi necə və hansı dərəcə ilə hesablanır? 5) Dövr ərzində əldə edilmiş zərər gəlirdən çıxılır? 6) Hesabat təqdim etmək və vergini ödəmək üçün VÖEN olmalıdır?
30/05/2020 Oxunub: 134 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız. 

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Vergi Məcəlləsinin 127-ci maddəsinin müddəalarına uyğun olaraq rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu zaman nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xəyal xe***@gmail.com ID: 2085
Çek edvgerial.az portalında tapılmır.
30/05/2020 Oxunub: 47 Orta qiymət: 0

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şəhriyar Qarayev Yaqub Ha***@bk.ru ID: 2084
Salam. Mən lombard açmaq üçün necə müraciyət edim?
29/05/2020 Oxunub: 122 Orta qiymət: 0

Bildiririk ki, lombard fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı, bu fəaliyyət üzrə təsərrüfat subyektini (obyekti) vergi uçotuna qoymalıdır.

Əlavə olaraq bildiririk ki, lombardların sadələşdirilmiş vergi sistemini tətbiq etmək hüququ olmadığından gəlir vergisinin ödəyicisi hesab olunurlar.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 218.5.2-ci maddəələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseynov Nadir Sabir oğlu na***@mail.ru ID: 2083
21.05.2020-ci il tarixində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən marketdən alış-veriş etmişəm. Marketdən verilən ƏDV-nin geri qaytarılması barədə çeki www.edvgerial.az saytında yaradılmış şəxsi kabinetimdə qeydiyyatdan keçirməyə cəhd etmişəm, lakin "Çek tapılmadı. Fiskal ID yanlışdır və ya çek məlumatları bazaya hələ əlavə edilməyib" yazılır. Bu barədə nə etməli olduğumuz haqqında ətraflı məlumat verməyinizi sizdən xahiş edirəm.
29/05/2020 Oxunub: 55 Orta qiymət: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
samir tağıyev sadik sa***@mail.ru ID: 2082
Salam. Müəssənin təsisçisi əvvəllər fiziki şəxs kimi vergi ödəyicisi olub, sonra vöen fəaliyyətini dayandırıb. Hal-hazırda MMC-nin təsisçisidir, sualım ondan ibarətdir ki, təsisçisi olduğu müəssisəyə nağd şəkildə borc pul verə bilərmi?
29/05/2020 Oxunub: 111 Orta qiymət: 0

Bildiririk ki, müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi halda verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi və borcun alındığı müddət nəzərə alınmaqla faizlər borcun qüvvədə olduğu günlər üçün hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə və ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar.

Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əsas:  Vergi Məcəlləsinin 14.3-cü, 18-ci,  110-cu, 123.1-ci və 150-ci maddələri, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elnur Abbasov Hüseynəli el***@gmail.com ID: 2081
Salam. Mən bilmək istəyirəm fiziki şəxs olaraq özüm üçün VÖEN aça bilərəm?
28/05/2020 Oxunub: 48 Orta qiymət: 0

Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar. "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədyar Mayılov Namiq ma***@mail.ru ID: 2080
Salam, Vergi ödəyicisinin fəaliyyət kodu "95220-MƏİŞƏT TEXNİKASININ VƏ BAĞ TƏSƏRRÜFATI AVADANLIQLARININ TƏMİRİ"-dir. Bu fəaliyyət kodu üzrə aparılan əməliyyatlar necə tənzimlənir? Mükələfiyyətlər siyahısında sadələşdirilmiş vergi ödəyicisi olduğu göstərilib. Kassa aparatı qoyulmalıdırmı?
28/05/2020 Oxunub: 98 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Eyni zamanda, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə  əsasən, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Bildiririk ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən göstərilən xidmətin müqabilində ciddi hesabat blankı olan və ödənişi təsdiqləyən mədaxil qəbzi verilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-9-cu, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Samirə Əbişzadə Rəhman sa***@mail.ru ID: 2079
ƏDV-nin geri qaytarılması üçün bütün satış obyektləri (məs. Baku Electronics) müasir kassa aparatları ilə nə zaman təmin olunacaq?
27/05/2020 Oxunub: 60 Orta qiymət: 5

Vergilər Nazirliyinin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub və 2019-cu ilin 2-ci rübündən  başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”, eyni zamanda yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Tağı Tağı-zadə Kamal t.***@gmail.com ID: 2078
Salam. Sual icarəyə götürülən obyektin təmiri və onun əvəzləşdirilməsi ilə bağlıdır. Belə ki, hüquqi şəxslə (ƏDV ödəyicisi) fiziki şəxs (vergi ödəyicisi OLMAYAN) arasında icarə müqaviləsi bağlanır. Müqaviləyənin məbləği şərti 100 azn-dir. İcarə müqaviləsinə əsasən obyekt təmirsiz olaraq verilir. Təmir icarəyəgötürənin öhdəliyindədir, lakin icarə haqqı ilə əvəzləşdiriləcəkdir. Bütün bu deyilənlər icarə müqaviləsində öz əksini tapmışdır və obyekt sonda icarəyəgötürənə qalmayacaqdır. Belə ki, İcarəyə götürülmüş və uçota alınmamış əsas vəsaitlər icarəçi tərəfindən təmir olunduqda, faktiki təmir xərclərini təsdiqləyən bütün sənədlər icarəyə verənə təqdim edilir. SUAL. Əgər ki, müqavilədə göstərilməsinə baxmayaq icarəyəgötürən faktiki təmir xərclərini təsdiqləyən sənədləri təqdim edə bilmədiyi halda onu hansı cərimə və məsuliyyət gözləyir.
27/05/2020 Oxunub: 109 Orta qiymət: 0

Bildiririk ki,  balansda uçota alınmayan əsas vəsaitlərə çəkilən təmir xərci yalnız icarə haqqı ilə əvəzləşdirilir, bu zaman çəkilən xərc icarə haqqı şəklində gəlirdən çıxılır,  yaxud icarəyə verəninin vəsaiti ilə həyata keçirilir ki, bu da əvəzi alınan pul olduğu üçün gəlirdən çıxılmır. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda — alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 58.8.3-cü və 115-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Asəm Eyvazov an***@gmail.com ID: 2077
Sumqayıt şəhəri Birləşmiş məhəllə (7-8-12 ev 17 A) Fəxri market dən 28,48 AZN məbləğində alış veriş etmişəm mənə təqdim edilmiş kassa çekində ƏDV ödənişi göstərilməmiş və EDVGERİAL portalında həmin çek ƏDV ödənilməmiş kimi göstərilib.
27/05/2020 Oxunub: 57 Orta qiymət: 0

Alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, müvafiq xəta mətni əks olunur. Həmçinin ƏDV ödəyici olmayan satıcılar tərəfidən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil.

Əlavə olaraq bildiririk ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz: 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elçin İsrafilov Şakir oglu el***@gmail.com ID: 2075
Salam. Pandemiya ilə əlaqədar sahibkarlara dəstək məqsədilə nəzərdə tutulmuş yardım vesaitinin ikinci ay üçün olan hissəsi bir aydan artıq vaxt keçməsinə baxmayaraq hələ kocurulmeyib. Bu gecikmə nə ilə əlaqədardir? Səbəb nədir?
27/05/2020 Oxunub: 48 Orta qiymət: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cahangirov Tural Oktay tu***@yahoo.com ID: 2073
Müəssisə ictimai iaşə fəaliyyət kodu üzrə fəaliyyət göstərir. Belə ki, isti içkilərin satışını həyata keçirir. Satış həyata keçirərkən daimi müştərilərə hər isti içki satışı zamanı kart təqdim olunur. Müştəri hər dəfə içki aldığı zaman xüsusi möhürlə kartın üzərinə işarə vurulur. İşarələrin sayı 10-a çatdıqda isə 1 ədəd içki müştəriyə pulsuz təqdim edilir. Sual ondan ibarətdir ki, bu halda pulsuz təqdim edilmiş içkiyə bazar qiyməti tətbiq edilməlidirmi? Xahiş edirik ki, onu da nəzərə alın ki, 100 faiz endirim 11 -ci içkiyə verilmir, 10 ədəd içki alındığı təqdirdə verilir. Ikinci sual isə odur ki, VM-nin 14.3.3 və 14.6.1.1-ci maddələrini bu hala tətbiq etmək mümkündürmü?
27/05/2020 Oxunub: 162 Orta qiymət: 4

Bildiririk ki, vergi ödəyicisi tərəfindən dövriyyənin artırılması məqsədilə müəyyən edilmiş sayda (məbləğdə) edilmiş alış-veriş zamanı müştərilərə müəyyən məbləğlərin qaytarılmasına, o cümlədən müştərilərə yığılmış bonuslar müqabilində müəyyən endirimlərin edilməsinə və ya hədiyyələrin verilməsinə görə şəxsin vergi öhdəliyi yaranmır.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Cəfərli Nərgiz Yunus q. na***@hotmail.com ID: 2072
Salam, soruşmaq istəyirdim ki, bu çeklərdəki fiskal İD bəziləri keçmir. 4 gündür yazıram deyir ya səhfdir, ya da sistemə vurulmayıb. Nə etmək lazımdır?
27/05/2020 Oxunub: 40 Orta qiymət: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır.

Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver: