Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Məmmədov Ramil Natiq oğlu ra***@gmail.com ID: 5304
Dövlət müəssisəsində işləyən işçi (Gəlir vergisi VM-nin 101.1 maddəsinə əsasən tutulur) işdən azad olunur və ona dövrlər üzrə kompensasiya ödənilir. Hesablanmış son haqq hesabı cari ay üzrə 1 000 manat və Kompensasiya məbləği cəmi dövrlər üzrə 15 000 (2019-5000, 2020-5000, 2021-5000) manat ümumilikdə 16 000 manat təşkil edir. İşçi son haqq hesabın VM-nin 102.1.8 maddəsinə əsasən 7200 manatını həyatın yığım sığortasına yönləndirir. Bu halda gəlir vergisinin tətbiqi hansı şəkildə aparılacaq? Zəhmət olmasa, suala misal üzərindən aydın şəkildə cavab verin. Əvvəlcədən təşəkkürlər.
14/10/2021 Oxunub: 203 Orta qiymət: 4

Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları müvafiq olaraq gəlir vergisindən azaddır.

Eyni zamanda, işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əmək haqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman işçiyə hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində nəzərdə tutulan vergi güzəşti tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Əliyeva Nüşabə nu***@gmail.com ID: 5303
Salam. İşçi respublika ərazisi daxilində 2 fərqli regiona ezam olunduqda, birinci ezamiyyətdən qayıtdığı və ikinci ezamiyyətə yollandığı gün eyni günə təsadüf edirsə, o zaman həmin günün ezamiyyə xərci necə hesablanmalıdır (1 yoxsa 2 ezam günü kimi)? Təşəkkür edirəm.
14/10/2021 Oxunub: 121 Orta qiymət: 0

Bildiririk ki, ezamiyyənin rəsmiləşdirilməsinə dair izahatın verilməsi Dövlət Vergil Xidmətinin səlahiyyətlərinə aid olmadığından, ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlyazov Renat Rafaelyeviç re***@gmail.com ID: 5302
Здравствуйте. Необходимо ли иметь сертификат о прохождении вакцинации при подаче налоговой отчетности по упрощенной форме (до 20 числа этого месяца)?
13/10/2021 Oxunub: 70 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzlərində vətəndaşların qəbulu üçün COVID-19 xəstəliyi əleyhinə "Peyvənd sertifikatı" tələb olunmur.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ceyhun Zeynalov Adil gu***@gmail.com ID: 5219
Salam, zəhmət olmasa 7200292362 nömrəli VÖEN-im üzrə 2019 və 2020-ci illər üzrə vergi borcu haqqında dəqiq məlumat verəsiniz.
13/10/2021 Oxunub: 206 Orta qiymət: 5

Bildiririk ki, Zeynalov Ceyhun Adil oğlunun (VÖEN: 7200292362) 13.10.2021-ci il tarixə dövlət büdcəsinə 4 414,44 (dörd min dörd yüz on dörd manat, 44 qəpik) manat məbləğində vergi borcu vardır.

Vergi borcu ilə bağlı məlumat qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, onlardan istifadə edilməklə “İnternet Vergi İdarəsi”dən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla da əldə edilə bilər.

Eyni zamanda, şəxsi hesab vərəqəsindən çıxarışı uçotda olduğunuz vergi orqanına xidmət mərkəzinə gələrək və ya elektron kabinetiniz vasitəsilə müraciət edərək əldə edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 30.2.5-ci maddəsi, Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Mövludlu Əflatun Qalib oğlu af***@gmail.com ID: 5298
Salam, muzdlu və qeyri-muzdlu işlə əlaqədar Vahid bəyyannaməni tərtib edərkən səhvə yol verdim. Hal hazırda qaralamalar hissəsində qalıb, amma ləğv etmək olmur. Nə etməliyəm?
13/10/2021 Oxunub: 91 Orta qiymət: 0

Bildiririk ki, "Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə"ni (Vergi, MDSS, İS, İTS) təqdim edən zaman istifadəçi “Qaralamalar” səhifəsində hesabat sətrinin ən sağ hissəsində yerləşən “Əməliyyatı seçin” düyməsini sıxır. Burada “Dəyişdir”, “Ləğv et” və “Yoxla” əməliyyatları görünür. İstifadəçi hazırlağığı hesabatı ləğv etmək üçün “Ləğv et” düyməsinə sıxır. Sığortaedən “Ləğv et” düyməsinə sıxdıqda “Bəyannaməni ləğv etmək istəyinizdən əminsinizmi?” mesajı göstərilir. Sığortaedən “Ləğv et” düyməsinə sıxarsa, hesabat Qaralamalar bölməsindən silinəcək.

Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı metodiki üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Piriyev Abdulla Vaqif ab***@gmail.com ID: 5296
Salam, Azərbaycan Republikası qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən və ƏDV məqsədləri üçün qeydiyyata alınmış “ABC” MMC toyuq və toyuq ətinin topdan satışı ilə məşğuldur. Belə ki, “ABC” MMC satış məqsədləri üçün tədarük etdiyi kəsilmiş, dondurulmuş və ya dondurulmamış toyuq məhsullarını, yəni bütov halda toyuq və eyni zamanda toyuq budu, filesi və s. kimi məhsulları təqdim edir. AR VM-nin 164.1.37-ci maddəsinə və eləcə də, VM-nin 164-cü maddəsinin qeyd hissəsinə əsasən bu formada quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad əməliyyatlar hesab olunur. Sual: “ABC” MMC tərəfindən tədarük edilmiş kəsilmiş halda olan bütöv toyuq məhsulu müəssisənin daxili imkanları çərçivəsində hissələrə ayrıldığı halda, yəni bötüv toyuq məhsulu bud, qanad, file və s. hissələrə ayrılmaqla, həmçinin toyuq məhsulunun ətinin sümüklərdən təmizlənərək təqdim edilməsi ƏDV-dən azad əməliyyat hesab olunurmu?
12/10/2021 Oxunub: 258 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsində edilmiş və 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minmiş Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il 1 yanvar tarixindən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. Bu maddənin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir.

Buna əsasən sorğuda qeyd olunan təzə və ya soyudulmuş toyuğun hissələrinin (qanad, file, bud) satışı Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə uyğun olaraq ƏDV-dən azad olunur. Digər toyuq əti məhsulları emal prosesinə (kəsilmə və dondurulma əməliyyatları istisna olmaqla) məruz qaldıqları halda onların satışı ümumi qaydada ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 164-cü, 175-ci maddələri və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elçin el***@gmail.com ID: 5294
İstifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləğinə Məcburi Dövlət Sosial Sığorta, İşsizliyin sığortası və Tibbi sığorta hesablanırmı. Hesablanmırsa, xahiş edirəm qanunvericilikdə bu məsələ öz əksini hansı qanunda tapır göstərəsiniz.
12/10/2021 Oxunub: 169 Orta qiymət: 0

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və  məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta haqlarına cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və Əmək Məcəlləsinin 154-cü, 157-ci maddələri, “Tibbi sığorta haqqında", "Sosial sığorta haqqında",  "İşsizlikdən sığorta haqqında"  Azərbaycan Respublikasının Qanunları. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kamal Məmmədov ka***@mail.ru ID: 5378
Salam, edvgerial üzrə səhvən çek əlavə etmişəm. Onu sistemdən silmək mümkündür?
12/10/2021 Oxunub: 87 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Arzuman Məmmədov Çingiz az***@gmail.com ID: 5288
Salam. Mən evimi kirayə vermək istəyirəm. Aylıq misal olaraq, 350 AZN kirayə haqqı alsam vergi ödəməliyəmmi? Və ya müqavilə bağlamadıqda cəriməsi olurmu? Təşəkkürlər.
11/10/2021 Oxunub: 228 Orta qiymət: 5

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir. 

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergi ödəyicilərinin vəzifəsidir. Əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilə bilər.

Xatırladırıq ki, vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 57-ci, 58-ci, 99.3-cü, 101-ci, 124-cü və 150-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Yalçın Tayıbov Ənvər yt***@gmail.com ID: 5223
Xaçmaz vergi idarəsi neçə saylı vergi idarəsi sayılır?
11/10/2021 Oxunub: 141 Orta qiymət: 5

Bildiririk ki, Quba, Qusar, Xaçmaz və Şabran rayonları 3 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə aid edilir. Eyni zamanda, adıçəkilən rayonların hər birində vergi ödəyicilərinə xidmət mərkəzləri fəaliyyət göstərir. Xidmət mərkəzlərimiz haqda məlumatla buradan tanış ola bilərsiniz.  

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Vüsal Əhmədli Şövkət oğlu vu***@gmail.com ID: 5231
Salam. Mən II Qarabağ müharibəsi iştirakçısıyam. Hal-hazırda dövlət orqanında işləyirəm. Veteranlıq vəsiqəsinin verilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı əsasında əmək haqqından tutulan vergi güzəşti hüququndan istifadə edə bilərəmmi? Zəhmət olmasa qanunla əsaslandırın.
11/10/2021 Oxunub: 198 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.7-ci bəndinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin güzəşt hüququ müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları əsasında müəyyənləşdirilir.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.2.7-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Əsas: Vergi Məcəlləsinin 102.2.7-ci, 102.8-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Aslanov Murad Çingiz oglu as***@gmail.com ID: 5287
Salam. Bu yaxınlarda VÖEN-i bağlamaq prosesini başlamışdım. Dəqiqləşdirmək istərdim, VÖEN bağlanıbmı? VÖEN - 1202061792
11/10/2021 Oxunub: 104 Orta qiymət: 0

Bildiririk ki, Aslanov Murad Çingiz oğlu (VÖEN 1202061792) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir.

Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunacaq və bu barədə uçotda olduğunuz vergi orqanı tərəfindən Sizə məlumat veriləcəkdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlqar Hacıyev Hacı oğlu hi***@gmail.com ID: 5286
Salam. Sualım belədir, hüquqi şəxsin təsisçisi yeni istehsal sexi yaradır və sex üçün avadanlıqları hüquqi şəxsin adından müqavilə bağlayaraq xarici ölkədən alır. Bilmək istəyirəm, hüquqi şəxsin adından alınan avadanlıqlar yeni sahibkarlıq subektinin balansına necə verilməlidir?
11/10/2021 Oxunub: 110 Orta qiymət: 0

Əsas vəsaitlərin balansa daxil edilməsi üzrə sənədləşmə proseduru ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. 

Eyni zamanda bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal əməliyyatlarının rəsmiləşdirilməsi haqda ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aslanova Elnara el***@mail.ru ID: 5225
Salam. İcarə müqaviləsinin şərtlərinə uyğun olaraq, icarəçi tərəfindən icarəyə götürülmüş və istifadə nəticəsində korlanmış cihazların və avadanlıqların (qalıq qiymətlər bəlli deyil) təmiri icarəçinin öhdəliyindədir. Təmir edən şirkət icarəçiyə e-qaimə təqdim edib. Sual: Təmirə xərclənmiş vəsait icarəçinin xərclərinə daxil edilə bilər mi??
11/10/2021 Oxunub: 281 Orta qiymət: 4

Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı və 115-ci maddələri.

 

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Qafar Quliyev Elxan oğlu qa***@gmail.com ID: 5284
Salam. Məlumat üçün bildirmək istəyirəm ki, 21-ci əsrin qabaqcıl və inkişaf edən sahələrindən biri də Sosial Media Marketinq (bundan sonra SSM) sahibkarlıq fəaliyyəti kodları arasında tapmaq mümkün deyildir. Xahiş edirəm, fəaliyyət kodlarının düzgün işlənməsi üçün bu yeniliyi əlavə etməyiniz hal-hazırki biznes bazarı üçün çox əhəmiyyətlidir. Əvvəlcədən təşəkkür edirəm.
10/10/2021 Oxunub: 134 Orta qiymət: 5

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı vergi ödəyicilərindən daxil olan təkliflər ümumiləşdirilir və həmin təkliflərə aidiyyəti strukturlar tərəfindən baxılır.

Bununla bağlı təkliflərinizi səhifəmizin "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur. 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Salehzadə Xəzri ilham xe***@gmail.com ID: 5283
Azərbaycan memarlıq və İnşaat universitetini bitirmişəm. İxtisasım texnoloji maşın avadanlıqlarıdır. Mən vergidə işləyə bilərəmmi?
10/10/2021 Oxunub: 97 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik Azərbaycan Respublikası vətəndaşlarının müsabiqədə iştirak etmək hüququ vardır. 

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) qaydada  müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mehmanə İsmayılova Mehman me***@gmail.com ID: 5282
Salam. Sualım odur ki, yeni açılmış fərdi iş yerlərində mühasib hansı işləri görməlidir? Onun öhdəliklərinə nələr daxildir?
09/10/2021 Oxunub: 166 Orta qiymət: 5

Bildiririk ki, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.

Eyni zamanda, baş mühasib vəzifəsinə təyin edilən, habelə bu vəzifələri icra edən şəxs  – mühasibat uçotu subyektində mühasibat uçotunun aparılmasını təmin edən, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsinə, habelə uçotun formalaşdırılmasına və mühasibat uçotu sənədlərinin saxlanılmasına cavabdeh olan vəzifəli şəxsdir.

Həmçinin bildiririk ki, mühasibat uçotu haqda ətraflı məlumat üçün mühasibat uçotunun təşkili və aparılması sahələrində tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əşrəf Ələkbərov Umud oğlu a.***@mail.ru ID: 5281
Salam. Fiziki şəxslər üçün əmlak vergisi hansı quruma ödənməlidir?
09/10/2021 Oxunub: 134 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi həmin əmlakın ümumi sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə müvafiq bələdiyyələr tərəfindən hesablanır və verginin ödənilməsi barədə tədiyə bildirişi hər il 1 avqust tarixinədək mənzilin mülkiyyətçisinə çatdırılır. Mənzilin mülkiyyətçisi isə hesablanmış əmlak vergisinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.

Əsas: Vergi Məcəlləsinin 8-ci, 197.1.1-ci, 198.1.1-ci, 199.1-ci və 200-cü maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Fidan Məmmədova co***@edemgroup.az ID: 5279
Salam. Fəaliyyət göstərən MMC-nin adının dəyişdirilməsi mümkündürmü? Misal olaraq: "Edem Group" MMC adını "Edem Construction" MMC adı ilə əvəz oluna bilərmi? VÖEN məlumatı və digər məlumatları saxlamaq şərti ilə.
09/10/2021 Oxunub: 160 Orta qiymət: 5

Bildiririk ki, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” formasında edilir. Bu zaman müraciət edən ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və kommersiya hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını) və VÖEN-nin, habelə nizamnamənin dəyişiklik edilmiş məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilməlidir.

Aparılan dəyişiklik nəticəsində qurumun adı və ya hüquqi ünvanı dəyişikliyə məruz qalırsa, bu halda reyestrdən çıxarışla birgə qeydiyyat şəhadətnaməsi də vergi orqanı tərəfindən yenidən hazırlanıb təsdiq olunur.

Cəmiyyətin yeni adının dövlət qeydiyyatına alınması üçün qeyd edilənlər nəzərə alınmaqla hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən,  kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” altbölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Bayramov Nəriman Fərahim ne***@mail.ru ID: 5278
Salam. Vergiyə borcum olub ödəmişəm. Ölkədən çıxmaqa qadağalar olub. Bilmək istəyirəm bu qadağalar götürülüb? Bir də təmizlik haqqında arayış verəsiniz.
08/10/2021 Oxunub: 149 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.

Eyni zamanda, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.

Maddənin tələbindən göründüyü kimi fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi yalnız həmin məhdudlaşdırmaya səbəb olmuş əsaslar aradan qalxdıqda mümkündür.

Məlumat üçün bildiririk ki, şəxsiyyət vəsiqənizin FİN kodunu və ya seriya və nömrəsini daxil etməklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqda məlumatı əldə edə bilərsiniz. Xidmətdən istifadə üçün bu linkdən istifadə edə bilərsiniz. https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet

Həmçinin, fəaliyyətinizlə bağlı arayışları qeydiyyatda olduğunuz vergi orqanına müraciət edərək əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 23-cü və 24-cü maddələri.
  

0/5 (0 Orta qiymət)
Qiymət ver: