Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

IOTA-nın 24-cü Baş Assambleyasının iki günlük sessiyası keçirilir

İyunun 24-də Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 24-cü Baş Assambleyasının iki günlük sessiyası öz işinə başlayıb. Rəqəmsal formatda ilk dəfə təşkil edilən builki sessiya “Pandemiya sonrası vergi administrasiyalarının dayanıqlığı” mövzusuna həsr olunub.

İyunun 25-də isə Assambleyanın texniki sessiyası keçiriləcək. Sessiyada COVID-19 pandemiyası və onun vergi inzibatçılığına mənfi təsirlərinə qarşı tədbirlərə dair İsveç, Rusiya, Fransa və İtaliyanın təqdimatları nümayiş etdiriləcək. Bununla yanaşı, tədbir iştirakçılarına İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi İnzibatçılığı üzrə Forumu (Forum on Tax Administration - FTA) tərəfindən COVID-19 pandemiyası ilə bağlı üzv ölkələrə göstərilən dəstəyə dair məlumat veriləcək.

Baş Assambleyada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Qeyd edək ki, 28-30 oktyabr 1996-cı ildə Varşavada keçirilən Mərkəzi və Şərqi Avropa və Baltikyanı ölkələrin vergi administrasiyalarının 3-cü konfransı zamanı əsası qoyulmuş IOTA-nın məqsədi üzv ölkələrə vergi inzibatçılığının təkmilləşdirilməsində kömək göstərməkdir. Hazırda 44 ölkənin üzv olduğu IOTA-nın Katibliyi Macarıstanın paytaxtı Budapeştdə yerləşir.

2002-ci ildən IOTA-nın sıralarına qoşulan Azərbaycan Respublikası təşkilatın fəal üzvlərindən hesab edilir.