Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vətən sənə çox sağ ol deyir!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Ordumuzun sücaəti sayəsində topraqlarımız işğaldan azad olundu və Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazandı. 44 gün davam edən və dövlətimizin tarixi qələbəsi ilə nəticələnən bu şərəfli mübarizə 30 illik həsrətə son qoydu. Azərbaycan xalqı bu mübarizədə həm döyüş meydanlarında, həm də arxa cəbhədə əzmkarlıq göstərdi. Dövlətimizin hərbi potensialının genişlənməsində iqtisadi inkişaf və onun mühüm amili olan dövlət büdcəsinin imkanlarının artması böyük əhəmiyyətə malikdir. Bu baxımdan vergi ödəyiciləri ölkəmizin tərəqqisində və dövlətimizin iqtisadi qüdrətinin artmasında bilavasitə iştirak edirlər.

Böyük Qələbəmizdə payı olan vergi ödəyicilərinə təşəkkür etmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən videoçarx hazırlanıb. “Vətən sənə çox sağ ol deyir!” adlı videoçarxda Azərbaycan əsgərinin döyüş ruhu, xalqımızın həmrəyliyi və zəfər təntənəsi tərənnüm edilir. Burada vergi ödəməyin əhəmiyyəti məsuliyyətli davranış və sosial məsuliyyət kimi ifadə olunur. Vergiləri ödəmək dövlətimizin inkişafı və cəmiyyətin firavan gələcəyi naminə şərəfli missiyadır. Vergiləri vaxtında və tam ödəyən hər bir vətəndaşa təşəkkür edirik! Bu böyük Qələbədə sənin də payın var.