Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

BMT İnkişaf Proqramı ilə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT İnkişaf Proqramının (UNDP) Azərbaycan Respublikasındakı Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

Mikayıl Cabbarov Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini, bir sıra sənədlərin imzalandığını və birgə layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Bu il martın 1-də BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalandığını xatırladan iqtisadiyyat naziri sənədin ölkəmizdə aparılan sosial-iqtisadi islahatlara, Milli Prioritetlərə uyğun inkişaf hədəflərinə nail olmağa və Davamlı İnkişaf Məqsədlərinin (DİM) icrasına töhfə verəcəyini bildirib.

Görüşdə pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökumətinin həyata keçirdiyi tədbirlər barədə məlumat verilib, UNDP-nin  bu istiqamətdə dəstəyinin yüksək qiymətləndirildiyi vurğulanıb. Qeyd edilib ki, UNDP 2020-2021-ci illərdə koronavirusun Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB) təsirinin qiymətləndirilməsi ilə bağlı sorğular keçirib, pandemiya və müharibə nəticələrinin aradan qaldırılması istiqamətində KOB üçün rəqabət paketinin hazırlanmasına dəstəyini təklif edib.

BMT İnkişaf Proqramının Azərbaycan Respublikasındakı Rezident Nümayəndəsi Alessandro Frakassetti təmsil etdiyi qurumun ölkəmizlə bir sıra sahələr üzrə səmərəli əməkdaşlığını diqqətə çatdırıb, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin həyata keçirilməsi prosesinə UNDP tərəfindən dəstək göstərilməsinin planlaşdırıldığını bildirib.

Görüşdə pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması tədbirləri, DİM-ə nail olmaq istiqamətində görülən işlər və s. məsələlər müzakirə olunub.