Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

AYİB ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru xanım Katarina Byorlin Hansenlə görüşüb.

Qeyd edilib ki, Azərbaycanla AYİB arasında əməkdaşlıq yüksək səviyyədədir, ölkəmiz Bankla əlaqələrin inkişafına önəm verir. Beynəlxalq maliyyə institutları, o cümlədən AYİB-lə birgə həyata keçirilən layihələrdə qabaqcıl təcrübənin, müasir texnologiya və yeniliklərin ölkəmizdə tətbiqi xüsusilə əhəmiyyətlidir.

Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində Azərbaycan İnvestisiya Holdinqi, Sahibkarlığın İnkişafı Fondu və  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə AYİB arasında əməkdaşlıq imkanları diqqətə çatdırılıb. İqtisadiyyat naziri bildirib ki, AYİB ilə müxtəlif sahələr, xüsusilə dövlət-özəl tərəfdaşlığı, “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialı böyükdür.

AYİB-in Qafqaz üzrə regional direktoru xanım Hansen Bankın Azərbaycanla səmərəli və uzunmüddətli əməkdaşlığını qeyd edib, ölkəmizin iqtisadi perspektivlərinin əlaqələrin inkişafına şərait yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-AYİB əməkdaşlığının genişləndirilməsi istiqamətləri, Bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.