Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət qurumları şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda monitorinqləri davam etdirir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il iyulun 1-dən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə icazə verilib.

Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkili məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət qruplar müvafiq məkanlarda monitorinqləri davam etdirirlər.

İyulun 8-də aparılmış monitorinqlər zamanı şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyəti araşdırılıb və həmin şərt və tələblərin pozulması hallarının qarşısı alınıb.

Monitorinq qrupları şənlik mərasimləri keçirilən məkanların ərazisi, stollar ətrafı və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi, mərasimlərdə iştirak edənlərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələləri nəzarətdə saxlayıblar. Monitorinqlər zamanı bir sıra obyektlərdə tələblərin pozulması halları müəyyən edilib. Məkan və toy sahibləri ilə aparılmış danışıqlarla müvafiq qaydalar bir daha onların diqqətinə çatdırılıb, yaranmış hallar yerindəcə aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub. Monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim olunub.