Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Aksizli malların dövriyyəsinə nəzarət tədbirləri davam etdirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi üzərində nəzarəti davam etdirir.

Fərdi sahibkar Aslanov Natiq Gülmirzə oğlunun tütün məmulatlarının topdansatış mərkəzlərindən belə məhsulları əldə edə bilməməsi ilə bağlı müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hərtərəfli və obyektiv araşdırılıb. Araşdırma nəticəsində müəyyən edilib ki, vergi ödəyicisi N.Aslanov tərəfindən 2020-ci il ərzində elektron qaimə-faktura ilə cəmi 22,6 min manat (ƏDV ilə) dəyərində mallar alınıb ki, bunun da 10,34 min manatı tütün məmulatları olub. 2021-ci ildə isə vergi ödəyicisi tərəfindən əldə edilmiş tütün məmulatlarının həcmi kəskin artıb. Belə ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura ilə 206,5 min manat (ƏDV ilə birlikdə) dəyərində mallar alınıb ki, bunun da 203,14 min manatını tütün məmulatları təşkil edib. Həmçinin vergi ödəyicisinin oğlu, vergi orqanlarında fərdi sahibkar kimi uçotda olan Aslanov Şahin Natiq oğlu tərəfindən də 2021-ci ildə (may-iyun aylarında) elektron qaimə-faktura ilə 155,4 min manat (ƏDV ilə birlikdə) dəyərində mallar alınıb ki, bunun da hamısını tütün məmulatları təşkil edib. Tütün məmulatlarının alışının böyük həcmdə olmasına baxmayaraq, həmin dövrdə hər iki vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura tərtib edilmədən mallar təqdim olunduğu müəyyən edilib.

“Aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları” haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi ilə bağlı tələblər müəyyənləşdirilib. Həmin tələblərin 3.2-ci bəndinə əsasən, markalanmalı malların (pərakəndə satış istisna olmaqla) satılması və satış məqsədilə alınması zamanı malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi ödəyicisi vergi orqanlarında uçotda olan şəxslərə mal, iş və xidmətlər təqdim etdikdə elektron qaimə-faktura göndərməlidir.

Araşdırmalar zamanı müəyyən edilib ki, fərdi sahibkar N.Aslanov və oğlu Ş.Aslanov tərəfindən topdansatış mərkəzlərindən əldə edilmiş aksizli malların sonradan nağd qaydada və elektron qaimə-faktura tərtib edilmədən satışı həyata keçirilib ki, bu da mövcud qanunvericiliyin tələblərinə ziddir və fərdi sahibkarın, həmçinin malları satdığı subyektlərin vergidən yayınması üçün şərait yaradır.

Topdansatış mərkəzləri fərdi sahibkarların malları pərakəndə satış qaydasında deyil, topdan nağd qaydada satışına yönəltmələri ilə bağlı əsaslı şübhələr yaranması səbəbindən, həmin şəxslərə tütün məmulatlarının satışını məhdudlaşdırıb və qanunvericiliyin tələblərinin pozulması, haqsız rəqabət mühitinin formalaşdırılması ilə əlaqədar İqtisadiyyat Nazirliyinə müraciət ediblər. Hazırda hər iki fərdi sahibkarın fəaliyyəti, aksizli malların dövriyyəsi və satışı zamanı yol verilmiş hallar araşdırılır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət edərək bildirir ki, aksiz markası ilə markalanmalı malların satılması və satış məqsədilə alınması zamanı mövcuq qanunvericiliyin tələblərinə riayət edilməli, topdansatışın həyata keçirilməsi zamanı mallar elektron qaimə-faktura əsasında təqdim edilməli, hesablaşmalar nağdsız qaydada aparılmalıdır. Vergi ödəyiciləri lüzumsuz sanksiyalarla qarşılaşmamaq üçün qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər.