Kütləvi tədbirlər zamanı karantin rejiminin qayda və tələblərinə əməl etmək vacibdir
Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə indiyədək 2260 obyektdə monitorinq aparılıb.
Şənlik məkanlarının keçirilməsində ümumi azalma müşahidə olunsa da, belə mərasimlərin təşkil olunduğu obyektlərdə yenə də bəzi qayda pozuntusu hallarına rast gəlinir. Bunlar, əsasən, məkan sahiblərinin şənlik mərasimlərini icaze.e-gov.az portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədiyi halda daha çox qonaq üçün sifariş qəbul edilməsi, toylarda qonaqların say və masalararası məsafə ilə bağlı tələb edilən məhdudiyyətinin pozulması, şənlik mərasimlərinə gələn şəxslərin müvafiq sənədlərə malik olmamasıdır.
Bu günədək monitorinq aparılan tədbirlərdə iştirak edən 276 mindən çox qonağın müvafiq sənədlərinə baxılıb, 27 mindən yuxarı şəxsin sənədində nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 1350 nəfərinin tələblərə əməl etmədiyi müəyyən olunub.
Monitorinqlər zamanı məkan və toy sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll edilə bilən pozuntu halları aradan qaldırılıb, tədbirlərin qaydalara uyğun həyata keçirilməsi təmin olunub.
Bir daha bildiririk ki, tədbirlərin təşkili zamanı vətəndaşlar tərəfindən karantin rejiminin qayda və tələblərinə ciddi əməl edilməli, xidmət personalının vaksinləşməsinə xüsusi diqqət yetirilməlidir.