Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə Bakı Ali Neft Məktəbi arasında memorandum imzalanıb

Oktyabrın 28-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi və Bakı Ali Neft Məktəbi (BANM) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. BANM-nin rektoru Elmar Qasımov və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımovun imzaladığı sənəd iki qurum arasında tədris, təlim və elmi-tədqiqat sahələrində əlaqələrin yaradılması, əməkdaşların iqtisadiyyat, maliyyə, mühasibat uçotu və vergi sahələri üzrə bilik, ixtisas və peşə hazırlığı səviyyələrinin yüksəldilməsi, aktual mövzular üzrə birgə elmi tədqiqatların aparılması, innovativ layihələrin həyata keçirilməsi və digər məsələləri əhatə edir.

İmzalanma mərasimində çıxış edən Elmar Qasımov DVX-nin Tədris Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətli olacağına əminliyini bildirib, birgə tədbirlərin keçirilməsi ilə yanaşı, Mərkəzdə BANM-nin tələbələri üçün ustad dərslərinin təşkilinin faydalı olacağını vurğulayıb. Bu baxımdan, rəhbərlik etdiyi təhsil ocağının  tələbə və  mütəxəssislərinin bilik və bacarıqlarının praktiki hazırlıqlarının artırılması üçün Tədris Mərkəzində müvafiq təlimlərə cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb. Öz növbəsində Mirəli Kazımov iki qurum arasında əməkdaşlıq əlaqələrinin yaradılmasından məmnunluğunu bildirərək, bunun həm Bakı Ali Neft Məktəbi, həm də Tədris Mərkəzinə töhfə verəcəyinə əminliyini ifadə edib.