Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Karantin rejiminin tələblərinə tam əməl edilməlidir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərində sanitar-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Ticarət obyektlərində aparılmış növbəti monitorinqlər zamanı tibbi maskalardan istifadə, sosial məsafənin qorunması və sanitar-gigiyena qaydalarına riayət olunması ilə bağlı tələblərə əməl edilməsi vəziyyəti yoxlanılıb.

Bu günədək 13.400 ticarət obyektində monitorinqlər aparılıb və 1.758 halda pozuntulara yol verildiyi aşkar edilib. Monitorinqlər zamanı 455 nəfərin obyektlərə qoruyucu maskasız daxil olduğu, 1.303 halda isə ticarət obyektlərinin işçilərinin maskadan istifadə etmədiyi müəyyənləşdirilib. Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndirilərək, İnzibati Xətalar Məcəlləsinə əsasən, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq olunub.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, karantin dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə - vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər isə 600 manat məbləğində cərimə edilir. Bir il ərzində bu pozuntunun təkrar yol verilməsinə görə vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər isə 1200 manat məbləğində cərimə edilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha sahibkarların nəzərinə çatdırır ki, pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl olunmasına nəzarət tədbirləri bundan sonra da davam etdirəcək.