Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ticarət obyektlərində işçi heyətin tibbi maskadan istifadə etməməsi halları müşahidə olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması məqsədilə monitorinqləri davam etdirir. Əsas məqsəd işçilərin fərdi qoruyucu vasitələrlə təmin olunması, müştərilər arasında sosial ara məsafəsinin saxlanılması, eləcə də tibbi maskadan istifadə etməyən alıcıların ticarət məntəqələrinə daxil olmamasının qarşısının alınmasıdır.

Lakin aparılan monitorinqlərə və müvafiq xəbərdarlıqlara baxmayaraq, karantin qaydalarının pozulması halları hələ də davam edir. Ticarət obyektlərini əhatə edən növbəti monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi və sosial ara məsafəsinin gözlənilməsi halları yoxlanılıb. Vergi orqanı əməkdaşları tərəfindən 24.255 təsərrüfat subyektində aparılmış müşahidələr nəticəsində 2901 belə pozuntu halları müəyyən edilib. Təəssüf doğuran odur ki, qeydə alınmış pozuntu hallarının böyük hissəsi işçi heyətin tibbi maskadan  istifadə etməməsidir. Belə ki, aşkar edilmiş ümumi pozuntu hallarının 2053-ü məhz ticarət obyektlərinin daxilində işçi heyətin karantin qaydalarını pozması ilə bağlıdır. 848 halda isə vətəndaşların tibbi maskasız təsərrüfat subyektlərinə daxil olması qeydə alınıb. Qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektlərinə 804.600 manat məbləğində inzibati cərimə tətbiq edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha sahibkarların nəzərinə çatdırır ki, pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl olunmasına nəzarət məqsədilə ticarət məntəqələrində monitorinqlər davam etdiriləcək, pozuntu hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlər görüləcəkdir.