Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Kiçik və orta bisnesə dəstək: "Yevlax Pilot Aqropark"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, ölkəmizdə sahibkarlığın, o cümlədən aqrar biznesin inkişafı, aqrar-sənaye kompleksinin modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilir, müasir texnologiyalara əsaslanan aqroparklar yaradılır. Bu baxımdan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Yevlax Pilot Aqropark” layihəsi kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli platformadır.

Dekabrın 4-də iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin iştirakı ilə "Yevlax Pilot Aqropark"ın rəmzi açılışı keçirilib. İqtisadiyyat naziri aqropark haqqında məlumat və stendlərlə tanış olub. Aqroparkda sahibkarlarla görüş keçirilib, müzakirələr aparılıb, onların təklifləri dinlənilib. Sonra aqroparkdakı meyvə bağında sahibkarlarla birlikdə ağaclar əkilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə yaradılan və ümumi ərazisi 2.855 hektar olan "Yevlax Pilot Aqropark"ın 1.147 hektarlıq hissəsində 20 hektarlıq parsellərə bölünmüş sahələr olmaqla 100 ailə fermer təsərrüfatının, o cümlədən, 40-dan çox orta sahibkarlıq təsərrüfatının yaradılması və özünüməşğulluq proqramı çərçivəsində 60 aztəminatlı ailə üçün 60 hektar ərazidə sosial bağların salınması planlaşdırılır. Bundan əlavə, aqroparkın 1.133 hektarını yemlik bitkilər və şəkər çuğunduru əkini sahəsi, 236 hektarını pambıqçılıq və taxılçılıq, 129 hektarını emal və sosial zonalar, 3 min başlıq ətlik istiqamətli heyvandarlıq kompleksi təşkil edəcək.

"Yevlax Pilot Aqropark” layihəsinin ümumi dəyəri 103 milyon manatdir. Bunun 29 milyon manatı dövlət vəsaiti, 74 milyon manatı isə özəl investisiya hesabına formalaşacaq. Aqroparkda 500 nəfər daimi, 1000 nəfər isə mövsümi işlə təmin ediləcəkdir.

"Yevlax Pilot Aqropark"da dövlət vəsaiti hesabına infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və “Vahid pəncərə” sisteminin tətbiqi nəzərdə tutulur.

Aqroparkda nar, badam, xurma, zeytun, gilas, ərik, şaftalı və s. bağlar salınacaq. Emal zonasında qida sənayesi üzrə emal müəssisələri yaradılacaq. Bu müəssisələrdə qablaşdırma məhsulları, meyvə qurusu, cem, ət və süd məhsulları, makaron, konservləşdirilmiş məhsullar, meyvə tingləri, toxum (arpa və buğda), heyvan yemləri və gübrə, istixana şəraitində tərəvəz bitkiləri və s. istehsal edilməsi planlaşdırılır. Bununla yanaşı, aqroparkın ərazisində qeyri-ənənəvi bağçılıq, əkinçilik və digər innovativ istehsal sahələri də inkişaf etdiriləcək.

Aqroparkda “ağıllı” idarəetmə sisteminin tətbiqi (iqlim stansiyası, feromon kamerası, əkin sahələrinin dronla monitorinqi, torpaq sensoru, dr. agro tətbiqı), aqronom və biznes-konsaltinq xidmətlərinin təşkili planlaşdırılır.

“Ağıllı” idarəetmə sistemi əkin işləri üçün əlverişli zamanın təyin olunması, xəstəliklərlə bağlı xəbərdarlıq, əkinin monitorinqi, torpağın nəmliyinin ölçülməsi, aqrotexniki qulluq və s. məsələlər üçün yeni texnoloji həll imkanları yaradacaq.

İstehsal olunan məhsulların satış bazarının diversifikasiyası məqsədilə istehsalın beynəlxalq sertifikatlaşdırılmasına da dəstək göstəriləcəkdir.