Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Əmlak vergisi üzrə vergitutma bazasının genişləndirilməsi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə çatdırmaqda davam edir. Məcəllədə edilmiş növbəti dəyişiklik əmlak vergisi üzrə vergitutma bazasının genişləndirilməsi ilə bağlıdır. Dəyişikliyin əsas məzmunu fərdi sahibkarların balanslarında olan daşınar əsas vəsaitlərin əmlak vergisinə cəlb edilməsi və dövlət büdcəsinə ödənilməsindən ibarətdir.

Mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər öz mülkiyyətində olan daşınmaz əmlaklara görə əmlak vergisini Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablayıb bələdiyyə büdcəsinə ödəyirlər. Lakin hüquqi şəxslərdən fərqli olaraq, fərdi sahibkarlar balanslarında olan daşınar əsas vəsaitlərə görə əmlak vergisinin ödəyicisi deyillər. Vergi Məcəlləsində edilmiş son dəyişikliklə fərdi sahibkarlarla hüquqi şəxslərin əmlak vergisi üzrə vergitutma obyektlərinin bərabərləşdirilməsi nəzərdə tutulub. Belə ki, 2022-ci il yanvarın 1-dən etibarən fərdi sahibkarlar balanslarında olan daşınar əsas vəsaitlərə (sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri istisna olmaqla) görə əmlak vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidirlər. Fərdi sahibkarlar tərəfindən əmlak vergisinin hesablanması, bəyan edilməsi, ödənilməsi, o cümlədən cari vergilərin ödənilməsi, hesabatın təqdim edilməsi, habelə müvafiq vergi güzəştlərindən istifadə olunması hüquqi şəxslər üçün müəyyən edilmiş ümumi qaydada yerinə yetiriləcək. Bunun üçün hər hansı digər əlavə rejim tətbiq olunmur.