Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Böyük Britaniya Vergi və Gömrük Administrasiyasının təlimlərinin birinci mərhələsi yekunlaşıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası (HMRC) arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi və təcrübə mübadiləsi çərçivəsində HMRC mütəxəssisləri tərəfindən 31 oktyabr - 4 noyabr tarixlərində Bakıda vergi orqanları əməkdaşları üçün təlimlər keçirilib.

Təlimlərin ilk mərhələsinin yekun mərasimində çıxış edən Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev vergi sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycanın vergi sistemini qabaqcıl mütərəqqi təcrübələrə və beynəlxalq standartlara uyğun inkişaf etdirmək məqsədilə bir çox əhəmiyyətli platformalarla sıx əməkdaşlıq qurulub. Yeni iqtisadi çağırışların yaratdığı mühitdə xarici və daxili sərmayələrin təşviqi ölkəmizdə aparılan vergi siyasətinin əsas istiqamətlərindəndir. Xarici investisiyaların cəlb edilməsinin təşviqi üçün bu prosesin beynəlxalq təcrübədən yararlanmaqla tənzimlənməsi zəruridir. Bir tərəfdən daxili qanunvericliyin təkmilləşdirilməsi, digər tərəfdən isə beynəlxalq vergitutma sahəsində ikitərəfli əməkdaşlıq mexanizmlərinin ölkəmizdə tətbiqi bu istiqamətdə fəaliyyətin daha səmərəli təşkilinə təkan verəcək.

Tədbirdə qeyd olunub ki, son illər ərzində transfer qiymətlərinin tətbiqi, ölkədə fəaliyyət göstərən qeyri-rezident və rezident şəxslər üçün beynəlxalq vergitutma baxımından ədalətli və əlverişli sistemin yaradılması istiqamətində qanunvericiliyə dəyişikliklər olunub və bu proses hazırda davam edir. Sərmayələrin və aktivlərin sərbəst axınının tənzimlənməsi məqsədilə beynəlxalq səviyyədə qəbul olunan mexanizmlərin tətbiqi nəzərdə tutulur. İ.Vəliyev Böyük Britaniyanın bu sahədə zəngin təcrübəyə malik olduğunu və qarşılıqlı bilik mübadiləsinin əməkdaşlığın genişləndirilməsinə fayda verəcəyini vurğulayıb.

Tədbirdə iştirak edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Dövlət Vergi Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib, bu təlimlərin iki qurum arasında əməkdaşlıq üçün məhsuldar və faydalı platforma olduğunu diqqətə çatdırıb. Səfir ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri, investisiya imkanları barədə fikirlərini səsləndirib. Fergus Auld Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya şirkətlərinin fəaliyyətinə də toxunub və qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün əlverişli şəraitin mövcudluğunu diqqətə çatdırıb.

Böyük Britaniya Vergi və Gömrük Administrasiyasının ölkələrarası hesabatlılıq üzrə mütəxəssisi Saymon Kimber və məlumat mübadiləsi üzrə mütəxəssis Con Sverdlov təlim barədə təəssüratlarını bölüşüb, tədbir çərçivəsində vergi orqanlarının əməkdaşları ilə aparılan fikir mübadiləsinin faydalı olduğunu vurğulayıblar.

Görüş iştirakçıları birgə əməkdaşlığın inkişafına töhfə verən təşəbbüslərin davamlı olacağını qeyd ediblər.