Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Film istehsalçıları və kinoteatr şəbəkələri təmsilçiləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və aradan qaldırılması məqsədilə dialoq formatında görüşlərin keçirilməsini və birgə əməkdaşlığı davam etdirir.

Növbəti belə görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə kinofilm istehsalı, dublyaj və animasiya sahəsində fəaliyyət göstərən əsas istehsalçılar və kinoteatrlar şəbəkələri ilə onlayn formatda keçirilib.

Görüş dövlət başçısının 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"ndan irəli gələrək mədəniyyət sahəsi üzrə inkişafın stimullaşdırılması, investisiya və kapital qoyuluşu həcminin artırılması üçün verilə biləcək vergi təşviqlərinin dairəsinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilib.

Görüşdə ölkəmizdə kinematoqrafiya sektorunda çalışan şəxslər üçün əlverişli şəraitin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən milli kinofilmlərin istehsalı və yayımı üzrə sahibkarlıq subyektlərinin fəaliyyətinə təşviqlərin verilməsinə dair təkliflər dinlənilib, xüsusi əhəmiyyət daşıyan sahəvi qanunvericilik aktları və qaydalarında mümkün dəyişikliklərin vacibliyi iştirakçılar tərəfindən qeyd olunub.

Sonda dövlət – biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.