Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər edib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bosniya və Herseqovinaya səfəri çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı perspektivlərinin reallaşdırılması məsələləri müzakirə edilib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər edib.

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədri xanım Boryana Krişto ilə görüşən Mikayıl Cabbarov Azərbaycanın bu ölkə ilə əlaqələrə önəm verdiyini, iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. Ölkəmizdə investisiya fəaliyyətinin təşviq edilməsi ilə bağlı görülən işlər, xarici investisiyalar üçün yaradılmış əlverişli mühit diqqətə çatdırılıb, Bosniya və Herseqovina şirkətləri fəal əməkdaşlığa dəvət olunub.

Boryana Krişto Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı ölkəmizin göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. Söhbət zamanı Bosniya və Herseqovina şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı ifadə olunub. 

Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraçla görüşdə qarşılıqlı sərmayələrin və biznes dairələri arasında birbaşa təmasların artırılması barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, ölkələrimiz arasında investisiya, nəqliyyat-logistika, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, əczaçılıq və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanlar var. Nazir Mikayıl Cabbarov Azərbaycanda sahibkarlığın stimullaşdırılması və rəqabət qabiliyyətinin artırılması üçün görülən işlər, kiçik və orta biznesə dəstək mexanizmləri və digər tədbirlər nəticəsində qeyri-neft ixracında əldə olunmuş uğurları diqqətə çatdırıb, ixrac coğrafiyasının genişləndirilməsi baxımından Bosniya və Herseqovina bazarının Azərbaycan sahibkarları üçün cəlbedici və yeni imkanlar açdığını vurğulayıb. Staşa Koşaraç ikitərəfli iqtisadi münasibətlərin gücləndirilməsi perspektivləri, investisiyaların təşviqi, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Bosniya və Herseqovina Federasiyasının Baş naziri Fadil Novaliç ilə görüşündə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişaf perspektivləri müzakirə edilib. İşğaldan azad olunmuş ərazilərimizin inkişafı, Qarabağ regionunda icra edilən infrastruktur layihələri, bərpa-quruculuq işləri, həmçinin bu ərazilərin investisiya potensialı və zəngin təbii ehtiyatları, sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, güzəştlər və sektoral imkanlar barədə məlumat verilib.

Fadil Novaliç ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Bosniya və Herseqovina Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələrini Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından yüksək qiymətləndirir. Söhbət zamanı Bosniya və Herseqovinanın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb.

Bosniya və Herseqovinanın Serb Respublikasından olan nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanla iqtisadi münasibətlərin prioritet istiqamətləri, investisiyaların və ticarət əlaqələrinin təşviqi sahəsində perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Bosniya və Herseqovinanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Bosniya və Herseqovina Xarici Ticarət Palatasının Prezidenti Zdravko Marinkoviç imzalayıblar. Sənəd iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlavə imkanlar yaradacaq.