Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib

Aprelin 12-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, eləcə də işçi qrupa daxil olan konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin rüblük icra vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini, işçi qrupun rəhbəri İlkin Vəliyev tədbir iştirakçılarına “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində 2023-cü ilin 1-ci rübündə görülmüş işlər, vergitutma qaydalarının keyfiyyəti, vergi administrasiyası tərəfindən təqdim edilən xidmətlər, vergi yükü və vergi sistemlərinin səmərəliliyi alt indikatorları üzrə həyata keçirilmiş tədbirlər barədə məlumat verib.

İclasda Yol Xəritəsi ilə bağlı özəl sektordan daxil olan təkliflər müzakirə edilib. İşçi qrupun üzvləri Yol Xəritəsinin icrası çərçivəsində görülən işlər barədə məlumat verib, vergi qanunvericiliyinin müddəalarının aydınlığının təmin edilməsi, vergitutma qaydalarının sabitliyi, şəffaflığı, tətbiq ediləcək yeni vergi xidmətləri, riskəsaslı audit, mübahisələrin həlli mexanizmləri və vergi idarəçiliyinin şəffaflığı ilə bağlı olan işlər ətrafında, həmçinin açıq qalan məsələlərin həlli istiqamətində müzakirələr aparıblar. Tədbirdə rəqəmsal həllərin tələb olunduğu bir sıra tədbirlər üzrə işlərin sürətləndirilməsi zərurəti qeyd olunub.

İlkin Vəliyev işçi qrupun üzvlərinə Yol Xəritəsi ilə bağlı təqdim edilmiş təkliflərə görə təşəkkürünü bildirib, özəl sektor və konsaltinq şirkətləri ilə sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb, tədbirlərin icrası istiqamətində işlərin intensivləşdirilməsi ilə bağlı DVX-nin müvafiq strukturlarına tapşırıqlarını verib.