Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətində yeni işə qəbul olunmuş əməkdaşlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) vergi orqanlarına yeni işə qəbul olunmuş əməkdaşlarla görüş keçirilib. Xidmətin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil olunmuş tədbirdə İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev gənc kadrların potensialından düzgün istifadə və onların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Stajçılar üçün “Peşə fəaliyyətinin ümumi əsasları” istiqaməti üzrə təlimlərin keçirildiyini bildirən C.Mehdiyev əməkdaşların gələcək karyera və vəzifə yüksəlişində bu təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb. İştirakçılara təlimlərin məqsədi, əhəmiyyəti və tədris edilən mövzular barədə izahat verilib.

Qeyd edək ki, son işə qəbul prosesi əvvəlki illərdə keçirilən müsabiqələrdən fərqli formatda təşkil olunub. Məqsəd yüksək intellektə, məntiqi düşünmə bacarığına və geniş dünyagörüşünə malik gənclərin müəyyən edilərək dövlət vergi orqanlarına işə qəbulunu həyata keçirməkdir. Bu səbəbdən hüquq ixtisası tələb edilən vəzifələr istisna olmaqla digər vakant vəzifələr üzrə namizədlər üçün ixtisas məhdudiyyəti aradan qaldırılıb, qanunvericiliklə müəyyənləşdirilmiş tələblər çərçivəsində ali təhsilə malik bütün vətəndaşların müsabiqədə iştirakına açıq və bərabər imkan yaradılıb. Eyni zamanda, əvvəlki illərdən fərqli olaraq, vergilər və vergitutma üzrə suallar bütün ixtisaslar üzrə test imtahanının sual bankından çıxarılıb, əvəzinə namizədlərin dünyagörüşünü, məntiqi düşünmə bacarığını ölçən testlərdən ibarət yeni sual bazası formalaşdırılıb. DVX Dövlət İmtahan Mərkəzi ilə birgə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq, vergi orqanlarında işləmək istəyən namizədlər üçün 20 noyabr 2022-ci il tarixində yeni formatda test imtahanı keçirib. İmtahanda müvəffəqiyyət qazanmış şəxslər arasından ilkin olaraq stajçı kimi vəzifəyə təyin edilmiş 36 əməkdaş 18 aprel -13 iyun 2023-cü il tarixlərində Xidmətin Tədris Mərkəzində “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda təlimlərə cəlb olunublar.