Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Tikinti sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və bununla əlaqədar təkliflərinin öyrənilməsi istiqamətində əməkdaşlığı və görüşləri davam etdirir. Növbəti belə görüş DVX-nin Vergi siyasəti baş idarəsinin təşkilatçılığı və aidiyyəti strukturlarının  iştirakı ilə tikinti sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin nümayəndələri ilə keçirilib.

Görüşdə çıxış edən Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, vergi qanunvericiliyinin tətbiqi zamanı sahibkarların qarşısına çıxan çətinliklərin öyrənilməsi, bu istiqamətdə dövlət vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı əməkdaşlığa əsaslanan horizontal münasibətlərin qurulması vergi siyasətinin prioritet istiqamətlərindəndir. Vergi ödəyiciləri ilə keçirilən görüşlər müxtəlif fəaliyyət sahələrində mövcud vəziyyətin dəyərləndirilməsi, sektoral məsələlərin dinlənilməsi, təşviqlərin istiqamətlərinin müəyyənləşdirilməsi, qanunvericilikdə və inzibatçılıqda olan çatışmazlıqların müəyyən edilərək aradan qaldırılması baxımından faydalıdır. Bildirilib ki, hazırda hər bir sahənin fəaliyyət prioritetləri davamlı iqtisadi artımın təmin edilməsinə istiqamətlənib. Tikinti sektoru iqtisadi inkişafın və xüsusən də iqtisadiyyatın dayanıqlığının təmin olunmasında xüsusi paya malikdir. Bu baxımdan, tikinti sektorunun inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. N.İmanov “kölgə iqtisadiyyatı” ilə mübarizə, dövriyyələrin şəffaflaşdırılması və uçot sisteminin təkmilləşdirilməsinin ədalətli rəqabət mühitinin formalaşdırılması üçün əhəmiyyətini vurğulayıb və bu istiqamətdə görülmüş işlər barədə iştirakçılara məlumat verib.

Görüşdə vergi qanunvericiliyində edilmiş dəyişikliklərin tikinti sektoruna təsirləri müzakirə edilib. Tikinti sahəsinin təmsilçiləri sənədləşmə prosesi, “ƏDV geri al” mexanizmi, riskli vergi ödəyiciləri ilə əməliyyatlar zamanı yaranan suallar, regionlarda tikinti işlərinin aparılması və alğı-satqının rəsmiləşdirilməsi zamanı qarşıya çıxan çətinliklər barədə məlumat veriblər və bu halların aradan qaldırılması ilə bağlı bir sıra təkliflər səsləndiriblər. Qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib, iştirakçıların sualları cavablandırılıb. Sahibkarların təkliflərinin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.