Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması haqqında ərizə forması” təsdiq edilib

Beynəlxalq vergitutma sahəsində dəyişən tendensiyaların nəzərə alınması, beynəlxalq vergitutma prinsiplərinin tətbiqi, transfer qiymətləri ilə bağlı sövdələşmələrin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və vergidən yayınma sxemlərinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”na bir sıra dəyişikliklər olunub. Dəyişikliklər, əsasən, “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi”nin (BEPS) 13-cü Fəaliyyət Planında əksini tapan bir sıra məsələləri əhatə edir. Bunlar:

  • transfer qiymətləri üzrə sənədləşməyə dair tələblərin daxil edilməsi;

  • nəzarət olunan əməliyyatlar üzrə qol uzunluğu qiymətlərinin müəyyən edilməsi üçün yenilənmiş hesablama mexanizminin tətbiqi;

  • ikiqat vergitutma riskinin azaldılması;

  • transfer qiymətləri üzrə audit yoxlamalarının effektivliyinin artırılması və bu sahədə mübahisələrin yaranma ehtimalının azaldılması ilə bağlıdır.

Eyni zamanda, dəyişiklik vergi ödəyicisi ilə vergi orqanı arasında transfer qiyməti üsulunun əvvəlcədən müəyyənləşdirilməsi (APA) yanaşmasının təkmilləşdirilməsi məsələsini əhatə edir. Belə ki, Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsi ilə “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nda nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Tələb olunan sənədlərin siyahısına müəssisə qrupu, yoxlanılan müəssisə və nəzarət olunan əməliyyatlar barədə məlumatlar, eləcə də lokal, master fayllar və digər aidiyyəti sənədlər daxildir.

Qaydaların 9.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi hər hansı nəzarət olunan əməliyyat aparmazdan əvvəl transfer qiymətlərinin üsulunun əvvəlcədən razılaşdırılması üçün müvafiq müqavilə ilə birlikdə əməliyyatın bütün təfsilatları barədə məlumatları təqdim etməklə ərizə ilə vergi orqanına müraciət edə bilər. “Transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması haqqında ərizə forması” artıq Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilib.

Vergi ödəyicisi transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması ilə bağlı müraciət etdiyi halda, nəzarət olunan əməliyyatın transfer qiymətinin müəyyənləşdirilməsinə dair hazırlanmış transfer qiyməti təhlil sənədini təqdim etmirsə, müraciətə Ərizə formasında göstərilmiş sənədlərin əlavə olunması zəruridir.

Vergi ödəyiciləri “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”, eyni zamanda “Transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması haqqında ərizə forması” ilə Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Beynəlxalq vergi münasibətləri” bölməsində tanış ola bilərlər.