Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Tacikistanla iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub

Tacikisitan sənaye parklarının yaradılmasında Azərbaycanın təcrübəsindən istifadə etməkdə maraqlıdır.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə görüşündə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib. Belə ki, bu ilin aprelində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri çərçivəsində keçirilmiş görüşlər, imzalanmış sənədlər əməkdaşlığımızın genişləndirilməsinə təkan verib.

Görüşdə Azərbaycanın uzunmüddətli strateji təşəbbüslərindən bəhs edilib, regional və qlobal enerji layihələri, habelə reallaşdırılan investisiya layihələri barədə məlumat verilib, iki ölkə arasında potensial əməkdaşlıq imkanları, o cümlədən Azərbaycan ilə Tacikistan arasında alüminium sənayesinin inkişafı, sənaye parklarının yaradılması və fəaliyyətinin dəstəklənməsi ilə bağlı Tacikistanın müvafiq qurumlarına metodoloji və praktiki dəstəyin göstərilməsi istiqamətində əməkdaşlıq nəzərdən keçirilib.

Tərəflər nəqliyyat-kommunikasiya sahəsində Azərbaycanın və Tacikistanın da maraqlı olduğu Orta dəhliz təşəbbüsünün regional əməkdaşlığımızın inkişafında xüsusi rol oynayacağına əminlik ifadə ediblər.

Şerali Kabir ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Nazir bildirib ki, ölkəsi sənaye parklarının yaradılmasında Azərbaycanın təcrübəsindən istifadə etməkdə maraqlıdır.

Səfər çərçivəsində Tacikistan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olublar. Qonaqlara ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq reallaşdırılan sənaye parkları, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verilib.